Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1028/2024 28.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(118)- 1956/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 29 dekabr 2020-ci il tarixli, 01/537 nömrəli alqı-satqı müqaviləsinə əsasən, "xxxx" QSC (satıcı) ilə iddiaçı (alıcı) arasında 2021-ci il üçün 14.489.000 manat məbləğində neft məhsullarının alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Müqavilələrin 3.1-ci bəndinə əsasən, alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X8 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır. İddiaçı tərəfindən cavabdeh inzibati orqana 2021-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilərək bəyannamənin 200-cü sətrinə əsasən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 9.654.091,62 manat, 221-ci sətrinə əsasən malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərclər 9.293.584,42 manat, 241-ci sətrinə əsasən vergiyə cəlb olunan mənfəət 360.507,20 manat, 243-cü sətrinə əsasən mənfəət vergisi 72.101,44 manat bəyan edilmişdir. Cavabdeh 4 saylı Ərazi Vergilər Baş İdarəsinin 07 sentyabr 2023-cü il tarixli, **********129900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2021-ci il üzrə üzrə İddiaçı MMC barəsində 58.326,74 manat mənfəət vergisi hesablanmışdır. Verginin hesablanmasına əsas Tarif Şurasının qərarına əsasən iddiaçının ümumi gəlirlərinin 9.713.427,68 manat, xərclərinin isə 9.060.684,42 manat olması, yəni 2021-ci il üzrə ümumi dövriyyənin 58.733,71 manat azaldılması (9.713.427,68 manat dövriyyə olduğu halda, 9.654.091,62 manat bəyan edilmişdir) və 232.900,0 manat daşınma xərcinin nəzərə alınmaması olmuşdur. İddiaçı həmin qərardan yuxarı inzibati orqan şikayət vermişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 06 oktyabr 2023-cü il tarixli, **********493100 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmiş, cavabdehin 07 sentyabr 2023-cü il tarixli, **********129900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı MMC cavabdeh DVX-nin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********129900 nömrəli qərarının ləğv edilməsi və kameral vergi yoxlaması ilə 2021-ci ilin mənfəət vergisi üzrə artıq hesablanmış 232900,00 manat vergi məbləğinin silinməsi qərarının ləğv edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıqla məşğul olduğu əsas fəaliyyət növü “neft məhsullarının pərakəndə satışı" fəaliyyətidir. “SOCAR PETROLEUM’’ QSC ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə 01/537 nömrəli Alqı-satqı Müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən avtobenzin, dizel, soba mazutuyanacağının və yağ məhsullarının alqı-satqısı razılaşdırılmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı qismində şirkət tərəfindən neft məhsullarının müəssisənin öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşınması ilə bağlı şərtlər qoyulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə cavabdeh tərəfindən kameral vergi yoxlaması zamanı 2021-ci il üçün gəlir vergisinin bəyannaməsində hesablama metodu tətbiq edilməklə müəssisə tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə 232900,0 manat nəqliyyat xərclərinin əks etdirildiyi müəyyən edilmiş və qeyd olunan hal yanlış olaraq, vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Daha sonra, 2021-ci il üçün hesablama metodu tətbiq edilməklə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin təqdim olunmasına baxmayaraq, qeyd olunan uyğunsuzluq vergi orqanı tərəfindən aradan qaldırılmamışdır. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisi olaraq iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktub göndərilmiş, həmin məktublara cavab olaraq iddiaçı tərəfindən əsaslı izahat, təsdiqedici sənədlər təqdim edilməsinə baxmayaraq, gəlir vergisi bəyannaməsi üzrə 2021-ci il üçün kameral vergi yoxlaması ilə əsassız artıq vergi hesablaması aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********817700 nömrəli Qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir. Daha sonra, təkrarən 2021-ci il üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin təqdim edilməsinə baxmayaraq, vergi orqanı tərəfindən əvvəlki hesablamalar ləğv edilərək dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi üzrə artıq və əsassız vergi hesablaması aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********640200 nömrəli qanunsuz Qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir. Vergi orqanı səhv mülahizələr nəticəsində əsassız və qanunsuz vergilər hesablamışdır. Daha sonra təkrarən iddaçı müəssisə tərəfindən xx.xx.2023-cü il tarixdə 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, qeyd olunmuş kənarlaşma ilə bağlı Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üçün 58326,74 manat mənfəət vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********129900 nömrəli Qərar qəbul olunmuşdur. İddiaçı cavabdeh orqana 2021-ci ildə alınmış neft məhsullarının daşınması ilə əlaqədar 232.900,0 manat məbləğində nəqliyyat xərclərinin tərəfindən faktiki çəkildiyini və Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılan xərclərə aid edildiyini bildirmişdir. Vergi orqanının da araşdırması zamanı, uçot-baza məlumatlarına əsasən 2021-ci il ərzində tərəfindən X3 (VÖEN: **********) 97400,00 manat dəyərində, X1 (VÖEN: **********) 53400,00 manat dəyərində və X2 (VÖEN:**********) 82100,00 manat dəyərində olmaqla,. ümumilikdə, 232900,00 manat dəyərində elektron qaimələrin əldə edildiyi və inzibati araşdırmaya təqdim edilmiş daşıma xidmətləri üzrə müqavilələrə əsasən qeyd olunan elektron qaimələrin neft məhsullarının daşınması ilə əlaqədar olaraq əldə olunduğu müəyyən edilmişdir. Belə ki, həmin şəxslər tərəfindən iddiaçının sifarişinə əsasən 2021-ci il ərzində məhz yanacaq-neft məhsullarının daşınması həyata keçirilmişdir. Bütün əməliyyatlar qaydalara uyğun olaraq vergi sistemi üzərindən və vergi uçotu sənədləri ilə də rəsmiləşdirilmişdir. Ödənişlər bank köçürməsi ilə həyata keçirilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı üzrə əlavə vergi məbləğləri vergi orqanı tərəfindən iddiaçının təqdim etdiyi 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral yoxlamalar aparılaraq hesablanmışdır. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində yanacaq daşınması ilə bağlı Bəyannamənin 221.15-ci sətrində (Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər) göstərilmiş 232900,00 manat məbləğində gəlirdən çıxılan xərc göstərildiyi müəyyən edilmişdir ki, bu hal gəlirlərin vergidən gizlədilməsi və vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixdə **********675300 nömrəli məktub göndərilərək yoxlamanın başa çatdırılması üçün vergi ödəyicisindən dəqiqləşmiş “Mənfəət vergisi bəyannaməsi” və təsdiqedici sənədlər əlavə olunmaqla izahat məktubunun 5 gün ərzində vergi orqanına təqdim olunması tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi və ya müvafiq izahat məktubu vergi orqanına təqdim edilmədiyindən, müvafiq dövr üçün kameral vergi yoxlaması keçirilməklə 58.326,74 manat əlavə mənfəət vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixdə **********817700 nömrəli Qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir. Daha sonra vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş yuxanda qeyd olunmuş kənarlaşma ilə bağlı Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üçün 58.326,74 manat mənfəət vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********129900 nömrəli Qərar qəbul olunmuşdur. “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən neft məhsullarının topdansatış tariflərinə aksiz və əlavə dəyər vergisi (ƏDV), eləcə də, tranzit tarifləri daxil edilmişdir. Təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclərin daxil edildiyi qərarın 2.5-ci bəndində əks olunmuşdur. Yəni, neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması (təchizatı) ilə bağlı xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmir və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş daşıma xərcləri gəlirdən çıxılmır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(118)-1956/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********129900 saylı qərarın ləğv edilməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının aldığı neft məhsullarının daşınması üçün sürücülərə ödədiyi daşınma xərci Vergi Məcəlləsinin 109-cu maddəsində sadalanan “gəlirdən çıxılmayan xərclər” in əhatə dairəsinə daxil deyildir. Bununla bağlı məhkəmə hesab edir ki, həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən 232900 manat məbləğində daşınma xərcinin müəssisənin ümumi gəlirindən çıxılmasında iddiaçı tərəfindən qanunvericiliyin pozulması halına yol verilməmişdir. Azərbaycan Respublikası Tarif Şurasının 26 iyul 2022-ci il tarixli, 4 nömrəli Qərarı ilə xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərar ləğv edilmiş, “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri” təsdiq edilmişdir. Yəni, qərara əsasən topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə qədər daşınması və saxlanması ilə bağlı xərclər, pərakəndə satış tariflərinə neft məhsullarının respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı xərclər daxil edilmişdir. Buna əsasən qərarın qüvvəyə mindiyi tarixdən etibarən neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların topdan qaydada alışı zamanı pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə çəkilən xərclər təchizat xərclərinə daxil edilmədiyindən, həmin vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılır. Göründüyü kimi, Tarif Şurası da 26 iyul 2022-ci il tarixdən qüvvədə olan 4 nömrəli Qərarında neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılmalı olduğunu bildirmişdir. Bu baxıman, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş 07 sentyabr 2023-cü il tarixli **********129900 nömrəli qərarın ləğv edilməsini tələb etməkdə iddiaçı haqlıdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, Tarif Şurasının 26 iyul 2022-ci il tarixli, 4 nömrəli Qərarı ilə xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərar ləğv edilmiş, “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri” təsdiq edilmiş və həmin qərarda neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılmalı olduğu göstərilmişdir. Məhkəmənin bu mövqeyinə münaibətdə bildirir ki, bilavasitə qeyd olunmasa da dəlilin mahiyyətindən aydın olurki məhkəmənin mövqeyinə görə, Tarif Şurasının yeni Qərarı hüquqi vəziyyəti yüngülləşdirdiyindən geriyə tətbiq olunmalıdır. Lakin, bildirir ki, Tarif Şurasının 26 iyul 2022-ci il tarixli, 4 nömrəli Qərarının geriyə yəni mübahisəli hüquq münasibətinin yarandığı 2021-ci ilə tətbiq olunmasının heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçı üzrə əlavə vergi məbləğləri vergi orqanı tərəfindən iddiaçının təqdim etdiyi 2021-ci ilin Mənfəət vergisi bəyannaməsi üzrə kameral yoxlama keçirilərək hesablanmışdır. Bəyannamənin 221.15-ci sətrində (Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər) göstərilmiş 232900 manat məbləğində gəlirdən çıxılan xərc (neft məhsullarının daşınması xərci) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli, 2 nömrəli Qərarının 2.5-ci bəndinə (Təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclərin daxil edilmişdir) uyğun olmadığı üçün vergi orqanı tərəfindən nəzərə alınmamışdır. “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli, 2 nömrəli Qərarı ilə ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri” təsdiq edilmiş və “Avtomobil benzini (Aİ-92)”, “Dizel yanacağı”, “Soba mazutu” üzrə hər ton məhsul üçün 15 manat (ƏDV-li) təchizat tarifləri (daşıma xərci) müəyyən edilmişdir. AVİS-dən kənar qaydada aparılan kameral vergi yoxlaması zamanı 2021-ci il üzrə vergi ödəyicisi tərəfindən vergi orqanının uçot-baza məlumatlarında olan e-qaimə faktura məlumatlarına əsasən 2.319.267,68 litr “Avtomobil benzini (Aİ-92)” yanacağı alınmış, alınan yanacağın pərakəndə satış dəyəri (ƏDV-siz yol vergili) 1.972.556,81 manat olması (2319767,68*0,8505849 (1 litr satış dəyəri ədv-siz)), 11.092.204 litr alınmış “Dizel yanacağı” nın pərakəndə satış dəyəri (ƏDV-siz yol vergili) 7.553.978,93 (11092204 * 0,6810169 manat olması (1 litr satış dəyəri ədvsiz)), alınmış 67.259 litr “Soba mazutu” nun pərakəndə satış dəyəri (ƏDV-siz yol vergili) 75.445,43 manat, “Yağ AK-15” və “Yağ S-11” yağlarının pərakəndə satış dəyəri (ƏDV-siz yol vergili) 110.844,46 manat olması ilə ümumilikdə satış dəyərinin 9.712.825,33 manat (1.972.556,81+7.553.978,93+75.445,43+110.844,46) olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergi bəyannaməsinə 9.654.091,62 manat dövriyyə bəyan etməklə və nəticədə 58.733,71 manat dövriyyəsini az göstərməklə 11.746,74 (9712825,33-9654091,62=58.733,71*20%) manat vergi məbləğini yayındırdığı müəyyən edilmişdir. Bundan əlavə, vergi ödəyicisi Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ilə neft məhsullarının topdan satış üzrə alışı zamanı hər ton neft məhsulu üçün 15 manat (ƏDVli) olmaqla alınmış malların pərakəndə satış yerinə çatdırılması üçün təcizat xərci ödəməklə, beləliklə 2021-ci il üzrə ümumilikdə 11 739,48 ton neft məhsulları və soba yanacağına 176 092,10 (ƏDV-li) (11 739,48 * 15) manat təcizat haqqı ödəməklə qeyd olunan dövr üzrə təqdim etdiyi ƏDV bəyannamələri üzrə 26 861,51 manat dəyərində əvəzləşmələr etmişdir. Lakin, vergi ödəyicisi 2021-ci il üzrə 232 900,0 manat daşma xərci üzrə e-qaimə faktura əldə edərək xərclərə salması nəticəsində vergi ödəyicisinin neft məhsullarının daşmaları üzrə xərclərə 2 dəfə olmaqla, 232.900,0 manat xərclərinin çox göstərməsi nəticəsində 46580 (232 900 * 20%) manat vergi məbləğinin dövlət büdcəsindən yayındırıldığı müəyyən edilmişdir. Göründüyü kimi vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixdə **********817700 nömrəli Qərarla hesablanmış 58.326,74 manat əlavə mənfəət vergisi, vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə ümumi dövriyyənin azaldılması (9.712 825,33 manat dövriyyə olduğu halda 9.654.091,62 manat dövriyyə bəyan edilməsi) nəticəsində 11.746,74 (9712825,33 - 9654091,62 = 58 733,71*20%) manat əlavə vergi məbləğinin və bəyan edilmiş 232.900,0 manat əsassız daşınma xərcinin vergi orqanı tərəfindən azaldılması nəticəsində 46.580 (232.900*20%) manat əlavə vergi məbləğinin hesablanmasından formalaşmışdır (11.746,74+46580=58.326,74). Məhkəmə isə bu halları araşdırmayaraq, etirazın dəlillərinə münasibət bildirməyərək vergi orqanının qərarını tamamilə ləğvinə dair qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək etirazı iddia ərizəsi lə eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ xx.xx.2023-cü il tarixli, **********129900 nömrəli qərarının 46.580 manat mənfəət vergisi hissəsində ləğv edilməsini məhkəmədən xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. ... Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Maddə 109. Gəlirdən çıxılmayan xərclər 109.1. Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. 109.2. Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. 109.3. Bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli xərclərinin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir ... 109.5. Əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır. ... 109.7. Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. 109.8. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən mallar, qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatlar, daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır. 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Maddə 136. Hesablama metodundan istifadə edilərkən xərcin çəkilməsi vaxtı 136.1. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeydşərtsiz ödənilməlidir. 136.2. Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddı 47. Sübutların qiymətləndirilməsi Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 26 iyul 2022-ci il tarixli, 4 nömrəli Qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 07 sentyabr 2023-cü il tarixli, **********129900 nömrəli qərar qəbul edilərək həmin qərarla ümumilikdə 58.733,71 manat mənfəət vergisi hesablanmışdır. Həmin qərarla vergi məbləği 2 əsas üzrə: 1) 2021-ci il üzrə iddiaçı tərəfindən ümumi dövriyyə azaldıldığından (9.712 825,33 manat dövriyyə olduğu halda 9.654.091,62 manat dövriyyə bəyan edilmişdir) 11.746,74 (9712825,33 - 9654091,62 = 58 733,71*20%) manat əlavə mənfəət vergisi; 2) İddiaçı tərəfindən bəyan edilmiş 232.900,0 manat daşınma xərci Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarına əsasən iddiaçının xərclərinə aid edilmədiyindən 46.580 (232.900*20%) manat əlavə vergi məbləği hesablanmışdır. 1-ci əsas üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla iddiaçıya hesablanmış 11.746,74 mənfəət vergisinin qanuniliyi hazırkı mübahisənin predmeti deyildir. Belə ki, iddia ərizəsində görünür ki, iddiaçı həmin qərarın yalnız 232.900 manat daşıma xərcinin nəzərə alınmaması hissəsində, başqa sözlə, bunun nəticəsində hesablanmış 46.580 (232.900*20%) manat mənfəət vergisi hissəsində ləğv edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir. Hazırda araşdırılmalı məsələ vergi orqanının qərarının 2-ci əsas üzrə, yəni hesablanmış 46.580 manat mənfəət vergisinə münasibətdə qanuniliyinin yoxlanılmasıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Tarif Şurasının 26 iyul 2022ci il tarixli, 4 nömrəli Qərarı ilə həm topdansatış, həm də pərakəndə satış tariflərinə neft məhsullarının daşınması xərclərinin də aid edildiyini, bu xərclərin Vergi Məcəlləsinin 109cu maddəsində sadalanan “gəlirdən çıxılmayan xərclər” in əhatə dairəsinə daxil olmadığını əsas gətirərək iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddiaçının tələbinə münasibətdə aşağıdakıları qeyd edir: İşin hallarından müəyyən edilir ki, iddiaçı neft məhsullarının pərakəndə satışı fəaliyyəti ilə məşğuldur. 46.580 manat mənfəət vergisinin hesablanması ilə bağlı hazırkı mübahisənin mahiyyəti iddiaçı tərəfindən "xxxx" QSC-dən alınan yanacağın daşınmasına çəkilən xərclərlə bağlıdır. Belə ki, “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı Qərarının tələblərinə görə, təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı xərclər də daxildir. Həmçinin, neft məhsullarının topdansatış tariflərində həmin məhsulların daşınaraq çatdırılması (təchizatı) ilə bağlı xərclər də nəzərdə tutulmuşdur. Cavabdeh, qeyd olunan normativ-hüquqi aktın tələbləri baxımından neft məhsullarının daşıma xərclərinin iddiaçının məhsulları satın aldığı "xxxx" QSC tərəfindən çəkilməli olduğunu əsas gətirərək iddiaçının neft məhsullarının ayrıca daşıma ilə bağlı xərclərini nəzərə almamışdır. Halbuki, QSC ilə iddiaçı arasında bağlanılmış 29 dekabr 2020-ci il tarixli, 01/537 nömrəli alqı-satqı müqaviləsinin 3.1-ci bəndində belə daşımaların həyata keçirilməsi məhz iddiaçının öz üzərinə qoyulmuşdur. İşdən görünür ki, iddiaçı müqavilənin tələblərindən irəli gələrək ayrı-ayrı fiziki şəxslər vasitəsilə satın aldığı neft məhsullarının daşıma xərclərini həyata keçirmişdir. Belə ki, iş materiallarında olan fiziki şəxs X6 adına verilmiş 2021-ci il tarixli, EBBA seriyalı, 060213, 060706, 061068, EBBB seriyalı 773232, EBBD seriyalı 733045, EBBF seriyalı 179510, EBBG seriyalı 774851, EBBH seriyalı 595438, EBBL seriyalı 451453, EBBM seriyalı 618907, EBBO seriyalı 221478, EBBP seriyalı 040551 nömrəli 13 ədəd elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən daşıma xərci kimi ona 2021-ci il ərzində 11.200 manat, 18.200 manat, 18.200 manat, 7.000 manat, 6.300 manat, 10.800 manat, 3.150 manat, 5.000 manat, 4.500 manat, 5.400 manat, 4.050 manat, 3.600 manat olmaqla, cəmi 97.400 manat pul vəsaiti ödənilmişdir. Fiziki şəxs X4 adına verilmiş EBBB seriyalı, 775052, EBBD seriyalı 734092, EBBF seriyalı 140306, EBBG seriyalı, 774954 nömrəli 4 ədəd elektron qaimələrdən görünür ki, idiaçı tərəfindən daşıma xərci kimi ona 2021-ci il ərzində 14.700 manat, 12.600 manat, 14.400 manat, 11.700 manat olmaqla, cəmi 53.400 manat pul vəsaiti ödənilmişdir. Fiziki şəxs X5 adına verilmiş EBBA seriyalı, 055565 EBBA seriyalı, 056062, EBBA seriyalı, 056596, EBBB seriyalı, 771296, EBBD seriyalı, 726679 EBBF seriyalı, 137045 nömrəli 6 ədəd elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən daşıma xərci kimi ona 2021-ci il ərzində 18.000 manat, 18.500 manat, 19.500 manat, 8.500 manat, 8.800 manat, 8.800 manat olmaqla, cəmi 82.100 manat pul vəsaiti ödənilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən 2021-ci il üzrə neft məhsullarının alışı zamanı fiziki şəxslər vasitəsilə ümumilikdə 232.900,0 manat daşınma xərci həyata keçirilmişdir. Bundan başqa, Tarif Şurasının yuxarıda göstərilən qərarı təcrübədə problemlər yaratdığına görə, Tarif Şurasının 26 iyul 2022-ci il tarixli, 4 nömrəli Qərarının 5-ci bəndi ilə topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə (ötürücü boru xətti ilə nəql istisna olmaqla) qədər daşınması və saxlanması ilə bağlı xərclər daxil edilmişdir. Halbuki, əvvəlki Qərarla pərakəndə satış yerlərinə qədər daşınma ilə bağlı bütün xərclər tariflə müəyyən olunan qiymətləri də ehtiva edirdi. Yeni, qərarın bu problemin həll olunması məqsədilə qəbul edildiyi hazırkı mübahisənin həlli zamanı nəzərə alınmalıdır. Həmçinin, qeyd olunan normativ-hüquqi aktın tələbləri hazırkı halda iddiaçının vəziyyətini yüngülləşdirdiyindən onun barəsində tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 147-ci maddəsinin Vİİ bəndinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, neft məhsullarının iddiaçının çəkdiyi 232.900,0 manat məbləğində xərclər hesabına daşınması qanunauyğun olmuşdur. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 109-cu maddəsində gəlirdən çıxılmayan xərclər göstərilmiş, hazırkı halda iddiaçı tərəfindən həyata keçirilən daşıma xərcləri bu xərclərə aid edilməmişdir. Həmçinin, analoji mübahisə üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(105)- 2027/2023 nömrəli qərarında da məhkəmənin eyni mövqeyi ifadə olunmuşdur. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh iddiaçı tərəfindən neft məhsullarının alışı zamanı çəkilən 232.900,0 manat məbləğində daşınma xərclərini nəzərə almadan iddiaçı barəsində 46.580 manat məbləğində mənfəət vergisi hesablayarkən haqlı olmamışdır. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********129900 nömrəli qərarının ləğv edilməsi və kameral vergi yoxlaması ilə 2021-ci ilin mənfəət vergisi üzrə artıq hesablanmış 232900,00 manat vergi məbləğinin silinməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyildir. Belə ki, iddia ərizəsinin dəlillərindən və işin hallarından müəyyən edilir ki, iddiaçı cavabdehin iddiaçı tərəfindən çəkilən 232900,00 manat daşıma xərclərinin nəzərə alınmaması ilə bağlı hərəkətlərindən (hərəkətsizliyi) narazıdır və onun bu hərəkətləri nəticəsində xx.xx.2023-cü il tarixli **********129900 nömrəli qərarla hesablanmış 46.580 manat mənfəət vergisini qanunsuz hesab edir. Yəni, iddiaçının hüquqi marağı cavabdehin həmin qərarının yalnız 46.580 manat mənfəət vergisi hissəsində ləğv edilməsidir. Həmçinin, apellyasiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ xx.xx.2023cü il tarixli, **********129900 nömrəli qərarının 46.580 manat mənfəət vergisi hissəsində ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bununla da, bir daha iddiaçının hüquqi marağının mübahisəli qərarın yalnız 46.580 manat mənfəət vergisi hissəsində ləğvi olduğu təsdiq edilir. Birinci instansiya məhkəməsi də cavabdehin qərarının qanuniliyini yalnız 46.580 manat mənfəət vergisi hissəsində yoxlayaraq bu hissədə qərarın qanunsuz olduğu qənaətinə gəlmiş, lakin, qərarın nəticəsində hissəsində vergi orqanının qərarının 46.580 manat məbləğində mənfəət vergisi hissəsində ləğv edilməsini deyil, bütövlükdə ləğv edilməsini qərara almışdır. Lakin, kollegiya hesab edir ki, həmin yanlışlıq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin düzgünlüyünə təsir etmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(118)-1956/2024 nömrəli qərarı – qərarın nəticə hissəsində “Cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********129900 saylı qərar ləğv edilsin” sözləri “Cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********129900 saylı qərar 46.580 manat məbləğində mənfəət vergisi hissəsində ləğv edilsin” sözləri ilə əvəz edilməklə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1028/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1028/2024
28.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver