Məhkəmə qərarları › İş №2-1(105)-1028/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1028/2025

27.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1028/2025 27.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalının nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2475/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2025-ci il tarixli 2-1(118)- 2475/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar olaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdehin imtinası ilə qəti şəkildə razı deyil. Belə ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ var. Bu əmək kitabçasında və digər sənədlərdə də öz əksini tapır. Lakin aidiyyatı orqan ona pensiya təyin etməkdən qanunsuz olaraq imtina etmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, pozulmuş hüququ məhkəmə tərəfindən bərpa olunmalıdır. Bildirir ki, iddiaçının ümumi iş stajı 35 ildən, güzəştli iş stajı isə 13 ildən çoxdur. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı yazılı etirazında qeyd etmişdir ki, Mərkəzi Filiala təqdim edilən "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-48-DA-1QF/2-443-2024 nömrəli arayışında iddiaçının sözügedən müəsisədə işlədiyi müddətdə xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunub. Buna görə də iddiaçının yuxarıda qeyd edilən ödənişsiz məzuniyyətdə olduğu, işləmədiyi müddəti onun iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də İddiaçı ümumi iş stajı 25 ildən az (22 il 2 ay 17 gün (xx.xx.1982-20.04,1983cü il, xx.xx.1985-xx.xx.1995-ci il, xx.xx.1998-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2003-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda təgdim edilən sənədlərdə geyd olunan məlumatlara əsasən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 9 ay 17 gün (xx.xx.2009-xx.xx.2010-cu il, xx.xx.2010- xx.xx.2014-cü və xx.xx.2014xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan sığorta kapitalı cəmi 21.523,09 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətinin dəlilləri imtina məktubu ilə eynilik təşkil edir. Cavabdeh apellyasiya şikayətində ümumi stajı mübahisələndirməmiş, yalnız güzəştli is stajını mübahisələndirmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmişdir. Ərizə göndərək, işə onun iştirakı olmadan baxılmasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsası kimi bildirmişdir ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-48-DA-1QF/2-443-2024 nömrəli arayışında iddiaçının sözügedən müəssisədə işlədiyi müddətdə xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunduğundan, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddəti onun iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən, iddiaçının ümumi iş stajının 25 ildən az, yəni 22 il 2 ay 17 gün, güzəştli iş stajının isə 12 il 6 aydan az, yəni 8 il 9 ay 17 gün olmasını qeyd etmişdir. xx.xx.1964-cü il təvəllüdlü iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İş materiallarına əlavə olunmuş əmək kitabçasından görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün 25 ildən artıq (xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilədək; xx.xx.1982-ci ildən - xx.xx.1983-cü ilədək; xx.xx.1985-ci ildən xx.xx.1998-ci ilədək; xx.xx.1998-ci ildən - xx.xx.1999-cu ilədək; xx.xx.2000-ci ildən - xx.xx.2001-ci ilədək; xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək; xx.xx.2008-ci ildən - xx.xx.2009-cu ilədək; xx.xx.2009-cu ildən - xx.xx.2010-cu ilədək; xx.xx.2010-ci ildən - xx.xx.2014-cü ilədək; xx.xx.2014-cü ildən - xx.xx.2014-cü ilədək; xx.xx.2014-cü ildən xx.xx.2019-cu ilədək) 25 ildən artıq, yəni 31 il 01 ay 11 gün ümumi stajı vardır. Həmçinin cavabdeh orqan özü də xidməti məktubu ilə iddiaçının ümumi iş stajının 25 ildən çox olduğunu qeyd etmişdir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 01-PH/295 saylı məktubuna əsasən 1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2009-cu ildə (əmr № 57/18-kş, xx.xx.2009-cu il) "xxxx" ASC-nin Tikinti Məmulatlarının İstehsalı İdarəsinin 1 №-li Sumqayıt Tikinti sahəsinə qaz kəsicisi peşəsinə qəbul edilib, xx.xx.2009-cu ildə (Əmr №94/18-kş, xx.xx.2009-cu il) peşə və dərəcəsi saxlanılmaqla həmin İdarənin Metal kəsmə sahəsinə keçirilib və xx.xx.2010-cu ildə (Əmr №-35/18-kş, xx.xx.2010cu il) Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən işdən azad edilib. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr” fəslinə əsasən qaz kəsicilərinin işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cii il tarixli 320 saylı qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, XXXİİİ “Ümumi peşələr” Fəslinə (şifrə-********) əsasən 23200000- 11618 saylı şifrəsinə əsasən qaz kəsiciləri kodları ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 08 ay 01 gün təşkil edir. Məlumat üçün bildirilir ki, Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli 323 №-li sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 01- PH/248 saylı məktubuna əsasən xx.xx.1964-cü il təvəllüdlü İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən bildirilir ki, xx.xx.1985-ci ildən (Əmr № 68, xx.xx.1985-ci il) xx.xx.1998-ci ilədək (Əmr № 59c, xx.xx.1998-ci il) “Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 1 №-li X2 Trestinin 11 №-li Xüsusiləşdirilmiş Mexanikləşdirilmiş İdarəsində asfalt-beton döşəyən peşəsində işləmişdir. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinin “asfalt-beton döşəyənlər” bəndinə əsasən zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə əsasən 2290000a-11140 şifrəsi ilə qeyd edilmiş “asfalt-beton döşəyənlər” bəndinə əsasən asfalt-beton döşəyənlər peşəsi xüsusi zərərli əmək şəraitində işlərə aid edildiyindən güzəştli şərtlərlə pensiyası hüququna malikdir. Güzəştli pensiya üçün staj: 13 il 02 ay 09 gün təşkil edir. Məhkəmə kollgiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının ödənişsiz məzuniyyətdə olduğu bildirilərək, onun güzəştli stajına daxil edilməyən xx.xx.1995xx.xx.1998-ci il tarixləri arasındakı dövr nəzərə alınmasa belə, iddiaçının güzəştli stajı tələb olunan 12 il 6 aydan artıq olur. Çünki, cavabdeh iddiaçının güzəştli stajını 8 il 9 ay 17 gün kimi qəbul edir və bunun xx.xx.2009-xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2014-cü və xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasındakı dövrləri əhatə etdiyini qeyd edir. İddiaçının bu dövrdən əvvəlki illərdə olan güzətli iş stajı xx.xx.1985-ci ildən xx.xx.1998-ci ilədək 13 il 02 ay 09 gün təşkil edir. Ümumilikdə isə güzətli iş stajı 21 il 11 ay 26 gün təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının müvafiq bölmələrinə uyğun olaraq ümumilikdə 12 il 6 aydan çox güzəştli iş stajına malikdir. Eyni zamanda onun əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi ümumi əmək stajı 25 ildən çoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini aradan qaldıran sübut iş materiallarından müəyyən olunmur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (xx.xx.1992-ci il tarixli qanun xx.xx.2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2017-ci il tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri xx.xx.1997-ci ildən başlayaraq xx.xx.2000-ci ilədək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (xx.xx.2017-ci ildən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Göründüyü kimi, cavabdehin etirazın və apellyasiya şikayətində qeyd edilən dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçının tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh inzibati orqanın şikayətinin dəlilləri əsassızdır və iddianın rədd edilməsi üçün əsas deyildir. Bunun əksi qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən “qazanılmış hüquq” konsepsiyasına, ədalət və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə, iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qanuni və əsaslı qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2475/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar