Məhkəmə qərarları › İş №2-1(105)-103/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-103/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-103/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialının (cavabdeh qrumun əvvəlki adı Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialı) nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialına qarşı 10 avqust 1995-ci il tarixdən 12 iyun 2003-cü il tarixədək “Zəka L” kiçik müəssisəsində, 01 avqust 2003-cü il tarixdən 01 iyun 2005-ci il tarixədək "xxxx" MMC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2-1(118)-1066/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 avqust 1995-ci il tarixdən etibarən 12 iyun 2003-cü il tarixinədək olan dövr üzrə “Zəka L” kiçik müşssisəsində və 01 avqust 2003-cü il tarixdən etibarən 01 iyun 2005-ci il tarixinədək olan dövr üzrə "xxxx" MMC-dəki əmək fəaliyyətinin iş stajına hesablanmasını və 29.01.2021-ci il tarixli komissiyanın 20 saylı qərarının etibarsız hesab edilərək ona əmək pensiyasının təyin edilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 10 may 1995-ci il tarixdən 12 iyun 2003-cü il tarixədək “Zəka L” kiçik müəssisəsində, 01 avqust 2003-cü il tarixdən 01 iyun 2005-ci il tarixədək "xxxx" MMC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İdida tələbi onunla əsaslandırmışdır ki, 2021-ci ilin yanvar ayının 01 tarixində 65 yaşı tamam olduğu üçün o, qüvvədə olan əmək qanunvericiliyinə əsasən Quba regional ASAN Xidmət Mərkəzinə müraciət edərək ona əmək pensiyası təyin edilməyini xahiş etmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanuıda DSMF 2 saylı regional ərazi filialının 12 aprel 2021-ci il tarixli 2163099T669 nömrəli imtina məktubunda bildirilmişdir ki, Sizin 10.05.1995 - 12.06.2003-cü illərdə "Zəka L” kiçik müəssisəsində, 01.08.2003 - 01.06.2005-ci illərdə "xxxx" MMC-də işləməsi faktırını qarşılıqlı yoxlamaq mümkün olmadığına görə həmin müəssisələrdə işlədiyiniz müddəti sığorta stajı kimi hesablamaq mümkün olmamışdır. Ona görə də sizin tələb olunan 25 il sığorta stajınız olmadığına görə yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. O, vətəndaş olaraq dövlət orqanının bu cavabı ilə razı deyil, müvafiq dövlət orqanı lazım olan sənədlərin olmaması ilə əlaqədar onun konsitutision hüququnu kobud şəkildə pozmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2-1(118)-1066/2021 saylı qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir. İmtina məktubunda ona bildirmişlər ki, onun 1995-2003-cü illərdə "Zəka L" kiçik müəssisəsində, 2003-2005-ci illərdə "xxxx" MMC-də işləməyi ilə bağlı məsələləri yoxlamaq mümkün olmadığına görə həmin müəssisələrdə işlədiyi müddəti sosial sığorta stajı kimi hesablamaq mümkün olmamışdır. O, 1995-ci il tarixdən 2003-cü il tarixədək “Zəka L” kiçik müəssisəsində, 2003-cü il tarixdən 2005-ci il tarixədək "xxxx" MMC-də işləmiş və bu işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsini, ona yaşa görə əmək pensiyasının təyin edilərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZ Cavabdeh inzibati orqan apellyasiya şikayətinə yazılı etiraz etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən aslı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işiəyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəyi ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər müddətləri sığorta stajına daxil edilir. Həmçinin həmin vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində də məcburi şərt kimi “mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmələri şərti ilə” əmək pensiyası hüququ qazanılması qeyd olunmuşdur. Hər iki qanunvericiliyin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Quba rayon Dövlət Arxivinin 04.03.2021-ci il tarixli 126 nömrəli arayışına əsasən İddiaçı işləməsini iddia etdiyi “Zəka L” kiçik müəssisəsinin, həmçinin "xxxx" MMC-nin 2003-2006-cı ilə dair aid əmr kitabları, əmək haqqı sənədləri aşkar edilməmişdir. Ona görə apellyasiya şikayətinin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATİ Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialının (cavabdeh qrumun əvvəlki adı Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialı) nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2-1(118)-1066/2021 saylı qərarı ləğv edilməklə iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: - iddiaçının adına açılmış 23.04.1974-cü il tarixli əmək kitabçasından görünür ki, o, 10.08.1995-12.06.2003-cü illərdə “Zəka-L” kiçik müəssisəsində, 01.08.2003-01.06.2005-ci illərdə "xxxx" MMC-də işləmişdir. - ƏƏSMN tabeliyində DSMF 2 saylı Regional Ərazi Filialı tərəfindən verilmiş 12.04.2021-ci il tarixli **********9 saylı məktubundan görünür ki, iddiaçının 10.08.199512.06.2003-cü illərdə “Zəka-L” kiçik müəssisəsində, 01.08.2003-01.06.2005-ci illərdə "xxxx" MMC-də işləməsi faktını qarşılıqlı yoxlamaq mümkün olmadığına görə həmin müəssisələrdə işlədiyi müddəti siğorta stajı kimi hesablamaq mümkün olmamışdır. Ona görə də tələb olunan 25 il siğorta stajı olmadığına görə ona iddiaçıya əmək pensiyası təyin etmək mümkün olmamışdır. - ƏƏSMN tabeliyində DSMF 2 saylı Regional Ərazi filialı tərəfindən verilmiş 01.02.2021-ci il tarixli **********5 saylı məktubundan görünür ki, İddiaçı tələb olunan 25 il sosial siğorta stajı olmadığından pensiya təyin edən komissiyanın 29.01.2021-ci il tarixli 20 saylı qərarı ilə iddiaçının ərizəsi rədd edilmişdir. - X1 filialının 30.06.2021-ci il tarixli 635 saylı sorğuya cavab məktubundan görünür ki, “Zəka-L” kiçik müəssisəsinin heç bir il üçün sənədləri filiala təhvil verilməmişdir. "xxxx" MMC-nin Quba sahəsinin 2002-ci ildən sonrakı dövrlər üçün sənədləri filiala təhvil verilməmişdir. Ona görə də sorğuda qeyd edilən İddiaçı həmin təşkilatlarda göstərilən müddətlərdə işləməsi faktını təsdiq etməyə imkanları yoxdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki iş üzrə iddiaçı ona məxsus əmək kitabçasına əsasən 10 avqust 1995-ci il tarixdən 12 iyun 2003-cü il tarixədək “Zəka L” kiçik müəssisəsində, 01 avqust 2003-cü il tarixdən 01 iyun 2005-ci il tarixədək "xxxx" MMC-də işləmiş və bu işlədiyi müddət sosial sığorta stajına daxil edilməmiş və ona yaşa görə əmək pensiyasının təyin edilməmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Lakin ona imtina cavabı verilərək bildirmişdir ki, tələb olunan 25 il sığorta stajı olmadığına görə ərizə rədd edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Belə olan halda iddiaçı 10 avqust 1995-ci il tarixdən 12 iyun 2003-cü il tarixədək “Zəka L” kiçik müəssisəsində, 01 avqust 2003-cü il tarixdən 01 iyun 2005-ci il tarixədək "xxxx" MMC-də işləmiş və bu da onun əmək kitabçasında qeyd olunur. Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan, həmçinin Azərbaycan Respublikasının Qanunvericilik sisteminin əsasını təşkil edən Konstitusiyanın 7-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Dövləti hüquqi respublikadır və dövlətimizdə hər bir hüquq münasibəti mövcud hüquqi aktların tələblərinə müvafiq qaydada həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda ... sosial təminat hüququna malikdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsində deyilir ki, "Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır". Konstitusiyasının 26-cı maddəsinə əsasən isə bunun təminatını vətəndaşların qurduğu dövlətə verir: "Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir". İş materiallarına əsasən aydın olur ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İddiaçının 10 avqust 1995-ci il tarixdən 12 iyun 2003-cü il tarixədək “Zəka L” kiçik müəssisəsində, 01 avqust 2003-cü il tarixdən 01 iyun 2005-ci il tarixədək "xxxx" MMC-də işləməsi sənədlərinin arxivə verilməməsi və həmin sənədlərin müəsissənin özündə də saxlanılmaması cavabdeh inzibati orqan tərəfindən iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2-1(118)-1066/2021 saylı qərarı ləğv edilməklə iddia təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və yuxarıda qeyd olunan qanunvericilik normalarina əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2-1(118)-1066/2021 saylı qərarı ləğv edilməklə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilən apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2-1(118)-1066/2021 saylı qərarı ləğv edilsin. İddia təmin olunsun. İddiaçı 10 avqust 1995-ci il tarixdən 12 iyun 2003-cü il tarixədək “Zəka L” kiçik müəssisəsində, 01 avqust 2003-cü il tarixdən 01 iyun 2005-ci il tarixədək "xxxx" MMC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialının üzərinə qoyulsun. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar