Məhkəmə qərarları › İş №2-1(105)-103/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-103/2023

19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-103/2023 19.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1729/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1959-cu il təvəllüdlüdür.

2. X7 filial tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 187 saylı arxiv arayışından görünür ki, X6 xx.xx.1975-ci il tarixli 95 saylı əmrlə N.Nərimanov adına sovxozda işləmiş, xx.xx.1987-ci il tarixli 148 saylı əmrlə 19 iş günü müddətinə növbəti məzuniyyətə buraxılmışdır. 1975-1987-ci illərdə Şamaxı rayonu N.Nərimanov adına sovxozda işləmişdir.

3. 15.05.1980-ci il tarixdə bağlanmış nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X2 Həmid Ağaqulu oğlu ilə rəsmi nikaha daxil olmuş və ərinin soyadını qəbul etmişdir.

4. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Ə.Səfərovanın xx.xx.1984-cü il təvəllüdlü Nuranə, xx.xx.1986 təvəllüdlü Zivər, xx.xx.1988-ci il təvəllüdlü Vəli və Alı, xx.xx.1989-cu il təvəllüdlü Dilbər və xx.xx.1996-cı il təvəllüdlü Səriyyə adlı övladları vardır.

5. Məhkəmənin sorğusuna əsasən Dövlət Tibbi–Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2004-cü ildə ilkin təyin edilmiş ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2016-cı il tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Şəxsin əlillik müddətinin bitdiyi xx.xx.2021-ci ildən sonra informasiya sisteminin “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən yeni göndəriş (Forma-088) daxil olmamışdır.

6. Məhkəmənin sorğusuna əsasən X7 filial tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 242 saylı arxiv arayışından və əmək haqqı cədvəllərindən görünür ki, Səftərova (Nuriyeva) Əpruz Ağasəf qızı 1975-ci ilin may-iyul, sentyabr-dekabr ayları, 1976-cı ilin yanvar–iyul və sentyabr–dekabr ayları, 1977-ci ilin yanvar–iyul və sentyabr–dekabr ayları,1978-ci ilin yanvar-oktyabr ayları,1979-cu ilin aprel-iyul və sentyabr-dekabr ayları,1980-1981-ci illər, 1982- ilin mart-dekabr ayları,1983-cü il,1984-cü ilin yanvar-may ayları,1985-ci ilin martdekabr ayları,1986-cı ilin fevral-iyun avqust,oktyabr və dekabr ayları,1987-cilin yanvar-iyun , sentyabr-oktyabr və dekabr ayları Şamaxı rayonu N.Nərimanov adına sovxozda işləmiş və əmək haqqı alımışdır.

7. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

8. Cavabdeh 05 fevral 2022-ci il tarixli, **********1 saylı məktubu ilə ərizənin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinasında bildirmişdir ki, “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Sözügedən Qaydaların 3.2.-ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarın əsasən müəyyən edilir. Müraciətlə əlaqədar bildirilmişdir ki əmək kitabçası və əmək fəaliyyəti barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarını təqdim etdikdən sonra onun yaşa görə əmək pensiyasının yenidən hesablanmasına baxıla bilər. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaşənən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Eyni zamanda Qanunun 7-ci maddəsinə əsasən hal-hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şamaxı rayonu N.Nərimanov adına sovxozda 1975-ci ildən 1988-ci ilə kimi fəhlə vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək 1975-ci ilin mayiyul, sentyabr-dekabr ayları, 1976-cı ilin yanvar–iyul və sentyabr–dekabr ayları, 1977ci ilin yanvar–iyul və sentyabr–dekabr ayları,1978-ci ilin yanvar-oktyabr ayları,1979-cu ilin aprel- iyul və sentyabr-dekabr ayları,1980-1981-ci illər, 1982- ilin mart-dekabr ayları,1983cü il,1984-cü ilin yanvar-may ayları,1985-ci ilin mart-dekabr ayları,1986-cı ilin fevral-iyun avqust,oktyabr və dekabr ayları,1987-ci ilin yanvar-iyun, sentyabr-oktyabr və dekabr aylarında Şamaxı rayonu N.Nərimanov sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxaılmasını məhkəmədən xahiş etdi.

11. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il tarixdə Şamaxı rayonu Yekəxana kəndində anadan olmuş, çoxuşaqlı anadır, 6 uşaq dünyaya gətirib böyütmüşdür. İddiaçıya 2004-cü ildən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin əlilliyə görə təyin edilmiş əmək pensiyasının verilməsi 2021-ci il tarixdən dayandırılmışdır. O, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən ona xx.xx.2007-ci il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh orqan isə bundan imtina etmişdir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

12. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajı qanunla tələb olunan müddətdən az olduğu üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Şamaxı rayonu “Nərimanov” adına sovxozda işləməsinə dair arxiv arayışı təqdim etmişdir. Lakin həmin dövr onun əmək kitabçasında qeyd edilməmişdir. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

13. Sumqayıt İnzibati Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 1729/2022 nömrəli qərarı ilə iddianın təmin edilərək İddiaçı Şamaxı rayonu, N.Nərimanov adına Sovxozda 1975-ci ildən 1988-ci ilə kimi fəhlə vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası nın Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 27 oktyabr 2009-cu il tarixli 904-İİİQD saylı Qanunu qüvvəyə minənədək yaranmışdır. İddiaçının qazanılmış pensiya hüququnun reallaşdırılması ilə bağlı müraciətinin 01 yanvar 2010-cu il tarixdən sonraya (qanunvericiliyə edilmiş yeni dəyişikliklərin qüvvəyə minməsindən sonraya) təsadüf etməsi ona pensiya təyin edilməməsinə əsas verə bilməz. Belə ki, iddiaçının hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun normaları şəxsin müraciətinin məhz ona müvafiq hüquq verən müddəanın qüvvədə olduğu müddətlərdə edilməli olduğuna dair imperativ qayda nəzərdə tutmurdu, əksinə, qanunverici bunu şəxsin müraciəti ilə əlaqələndirməklə onun seçimindən asılı edirdi.

15. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, Sumqayıt İnzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam, hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılması zamanı qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajı qanunla tələb olunan müddətdən az olduğu üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən asılı olaraq imtina edilmişdir. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Şamaxı rayonu, “Nərimanov” adına sovxozda işləməsinə dair arxiv arayışı təqdim etmişdir. Bildirmişlər ki, “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət social sığortaolunanların (bundan sonar-sığortaolunan)onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət social sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd:Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

18. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Pensiya seçmək hüququ 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir.

21. Maddə 8.1 (xx.xx.2010-cu il tarixədək olan redaksiya)

22. Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası almaq hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; 4 uşağı olanlar - 50 yaşına çatdıqda; 5 uşağı olanlar - 49 yaşına çatdıqda; 6 uşağı olanlar - 48 yaşına çatdıqda; 7 uşağı olanlar - 47 yaşına çatdıqda; 8 uşağı olanlar - 46 yaşına çatdıqda; 10 uşağı olanlar - 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar - 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

25. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, 6 uşaq (xx.xx.1984-cü il təvəllüdlü Nuranə, xx.xx.1986 təvəllüdlü Zivər, xx.xx.1988-ci il təvəllüdlü Vəli və Alı, xx.xx.1989-cu il təvəllüdlü Dilbər və xx.xx.1996-cı il təvəllüdlü Səriyyə) doğub onları səkkiz yaşadək tərbiyə etmişdir.

30. İddiaçı 1975-1987-ci illərdə Şamaxı rayon N.Nərimanov adına sovxozda işləmiş, onun işə qəbul edilməsi əmrlə təsdiq edilmişdir. İşdən azad olunması barədə əmr aşkar edilməsə də, onun 124 ay (10 ildən artıq) , 1987-ci ilin dekabr ayınadək əmək haqqı alması əmək haqqı cədvəlləri ilə təsdiq edilir.

31. Tərəflər arasında mübahisə iddiaçının 1975-1987-ci illərdə işlədiyi dövrün əmək kitabçasında qeyd edilməməsi ilə bağlı həmin dövrün onun sosial sığorta stajına daxil etməkdən ibarətdir.

32. Apellyasiya şikayətinin müvafiq dəlilini əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, iddiaçının Şamaxı rayon N.Nərimanov adına sovxoza 1975-ci ildən işə qəbul edilməsi və 1987-ci ilin dekabr ayınadək əmək haqqı alması əmək haqqı cədvəlləri ilə təsdiq olunur. X7 filial tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 242 saylı arxiv arayışından və əmək haqqı cədvəllərindən görünür ki, Səftərova (Nuriyeva) Əpruz Ağasəf qızı 1975-ci ilin may-iyul, sentyabr-dekabr ayları, 1976-cı ilin yanvar–iyul və sentyabr–dekabr ayları, 1977-ci ilin yanvar–iyul və sentyabr–dekabr ayları,1978-ci ilin yanvar-oktyabr ayları,1979cu ilin aprel-iyul və sentyabr-dekabr ayları,1980-1981-ci illər, 1982- ilin mart-dekabr ayları,1983-cü il,1984-cü ilin yanvar-may ayları,1985-ci ilin mart-dekabr ayları,1986-cı ilin fevral-iyun avqust,oktyabr və dekabr ayları,1987-cilin yanvar-iyun, sentyabr-oktyabr və dekabr ayları Şamaxı rayonu N.Nərimanov adına sovxozda işləmiş və əmək haqqı alımışdır.

33. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu düzgün olaraq belə əsaslandırmışdır ki, iddiaçının çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası nın Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 27 oktyabr 2009-cu il tarixli 904- İİİQD saylı Qanunu qüvvəyə minənədək yaranmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının qazanılmış pensiya hüququnun reallaşdırılması ilə bağlı müraciətinin 01 yanvar 2010-cu il tarixdən sonraya (qanunvericiliyə edilmiş yeni dəyişikliklərin qüvvəyə minməsiondən sonraya) təsadüf etməsi ona pensiya təyin edilməməsinə əsas verə bilməz. Belə ki, iddiaçının hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun normaları şəxsin müraciətinin məhz ona müvafiq hüquq verən müddəanın qüvvədə olduğu müddətlərdə edilməli olduğuna dair imperativ qayda nəzərdə tutmurdu, əksinə, qanunverici bunu şəxsin müraciəti ilə əlaqələndirməklə onun seçimindən asılı edirdi.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyin müddəalarına və formalaşmış məhkəmə təcrübəsinə əsasən, cavabdehin imtinasında və apellyasiya şikayətində istinad etdiyi kimi, “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 7-ci və 8.1-ci maddəsinə istinad etməsi və hazırkı şərtlər daxilində iddiaçıya münasibətdə həmin normanın tətbiqi qanuni hesab edilə bilməz. Belə ki, iddiaçının 48 yaşına çatması, 5 ildən artıq sığorta stajına malik olması, 6 uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi 8.1-ci maddədə dəyişiklik edilənədək (2007ci ildə) baş vermiş, bununla da o, qanunda dəyişiklik edilənək altı uşaqlı ana kimi əmək pensiyası hüququ əldə etmişdir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının pensiya hüququ yarandığı dövrdə qüvvədə olan pensiya qanunvericiliyində altı uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların 48 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququnun olması nəzərdə tutulmuşdu.

35. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirilən dövrlər üzrə işləməsinə dair arxiv arayışlarını mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Belə ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

36. Beləliklə, iddiaçıya əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur.

37. Kollegiya eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya yaşa görə əmək pensiyasının xx.xx.2007-ci il tarixdən təyin olunsa da, xx.xx.2021-ci il tarixdən, yəni əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan ödənilməyə başlanılmalı olması barədə gəldiyi nəticə də “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda istinad edilən 31.1 və 5.1-ci, habelə 32.1-1-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1729/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar