Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-103/2024 06.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, torpağın plan və ölçüsü sənədinin hazırlanması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz şəhəri ərazisində yerləşən Xaçmaz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 8 nömrəli protokol-qərarına əsasən verilmiş sahəsi 500 kv.metr torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının onun adına dövlət reyestrində qeydiyyata alınması və torpağın plan və ölçüsünün hazırlanması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 933/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli, 08 saylı qərarının surətindən görünür ki, Xaçmaz şəhəri, Qobuqıraq kəndi, Ağ çay arası ərazisindən fərdi yaşayış evi tikməsi məqsədilə İddiaçı 500 kv.metr torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin 717 saylı, 27 iyul 2007-ci il tarixli rəyindən görünür ki, Xaçmaz şəhəri, Qobuqıraq kəndi, ağ çay arası ərazisindən fərdi yaşayış evi tikməsi 500 kv.metr torpaq sahəsinin ayrılması qanunamüvafiq hesab edilmişdir. Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin sədri və Xaçmaz RİH-nin Tikinti-emarlıq şöbəsinin müdiri tərəfindən möhürlə təsdiq edilmiş yeruquluşu planından çıxarışdan görünür ki, torpaq sahəsinə dair İddiaçı adına yeruquluşu planından çıxarış tərtib edilmişdir. Torpaqların alqı-satqısına dair 30 dekabr 2007-ci il tarixli, 3005 nömrəli aktdan görünür ki, İddiaçı tərəfindən Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin 08 saylı, 31 iyul 2007-ci il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsi müqabilində Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin hesabına 180 (bir yük səksən) manat məbləğində pul vəsaiti köçürülmüşdür. 05 saylı, 06 iyun 2007-ci il tarixli ödəniş qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin hesabına 180 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, “Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz 0.05 ha torpaq sahəsi Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2007-ci il tarixdə qeydə alınmışdır. Həmin dövrdə 23 oktyabr 2007 tarixli 466-İİİQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və İcarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Xaçmaz Bələdiyyəsinin 31,07.2007-ci il tarixli iclasının 8 nömrəli protokol-qərarına əsasən İddiaçı verilmiş Xaçmaz şəhəri, Qobuqırağı kəndi, Ağ çay arası ərazisində yerləşən 500 kv.metr torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aid olmağla uqodiyası həyətyanıdır, faktiki istifadəsində olan torpaq sahəsinin (naturada) koordinatları müəyyən edildi. (Sxem tərtib olundu). İddiaçı verilmiş Xaçmaz şəhəri, Qobuqırağı kəndi, Ağ çay arası ərazisində yerləşən 500 kv.metr torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir. Xaçmaz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 8 nömrəli protokol-qərarına əsasən İddiaçı verilmiş Xaçmaz şəhəri, Qobuqırağı kəndi, Ağ çay arası ərazisində yerləşən 500 kv.metr torpaq sahəsi onun faktiki istifadəsində olan torpaq sahəsi ilə uyğundur. Qeyd edilən torpaq sahəsi digər şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin ölçüləri üst-üstə düşmür. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qeyd olunan torpaq sahəsi "xxxx" ASC-nin balansında olan yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Xaçmaz şəhər ərazisində yerləşən sahəsi 500 kv.metr torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması və torpağın plan və ölçüsünün hazırlanması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Xaçmaz şəhəri ərazisində yerləşən Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 8 nömrəli protokol-qərarına əsasən verilmiş sahəsi 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması və torpağın plan və ölçüsünün hazırlanması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2007-ci il tarixdə Xaçmaz Bələdiyyəsi ərazisində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması məqsədilə Xaçmaz Bələdiyyəsinə ərazi ilə müraciət etmişdir. Xaçmaz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 08 nömrəli protokol qərarına əsasən ona fərdi yaşayış sahəsi tikintisi üçün 500 kv.metr torpaq sahəsinin şəxsi mülkiyyətinə satılması qərara alınmışdır. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi onun istifadəsindədir. xx.xx.2007-ci il tarixdə torpaq satışı üçün tələb olunan məbləği ödəmişdir. Xaçmaz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 08 nömrəli protokol qərarına əsasən “torpaqların alqı-satqısına dair akt” DTXK-nin Xaçmaz rayon şöbəsində xx.xx.2007-ci il tarixdə 3005 nömrəli ilə qeydə alınmışdır. O cavabdehə müraciət edərək ona satılmış 500 kv.m həyətyanı torpaq sahəsinin onun adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, ona imtina cavabı verilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-933/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Xaçmaz şəhəri ərazisində yerləşən Xaçmaz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 8 nömrəli protokol-qərarına əsasən verilmiş sahəsi 500 kv.metr torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması və torpağın plan və ölçüsünün hazırlanması vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xamaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Hazırki işdə də iddiaçıya torpaq sahəsi torpaq sahəsinin ayrılması barədə qərar əsasında ayrılmışdır. Eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 180 manat məbləğində pul vəsaiti ödənilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən mülkiyyət hüququ müəyyən edilmiş daşınmaz əmlakla bağlı məhkəmə tikinti-texniki ekspertizasını təyin etməmişdir. Əlavə araşdırılma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən faktiki göstərilən və istifadə edilən torpaq sahəsinin konfiqurasiyası elektron məlumat bazasında olan xəritəyə əsasən bələdiyyə tərəfindən təsdiq edilmiş 1:1000,1:2000 miqyaslı sxemlərdə göstərilən torpaq sahəsinin yerindən fərqlidir. İnzibati aktın (imtina məktubu) xx.xx.2022-ci il tarixində qəbul edildiyi nəzərə alındığı halda həmin prosessual müddət buraxılmışdır. Bundan əlavə, 2-1(118)-933/2023 saylı inzibati işlə bağlı iddiaya qarşı münasibət bidirilməsi ilə bağlı sərəncam, o cümlədən iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmamışdır və nəticə olaraq cavabdeh tərəfindən iddia ərizəsinə münasibət bildirilməsi mümkün olmümışdır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47, 49, 60-cı maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının
5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; ..... Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər.
7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müvafiq bələdiyyə qərarı ilə iddiaçının adına ayrılmış 500 kv.metr torpaq sahəsi üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan müvafiq bələdiyyə qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2007-ci il tarixdə qeydə alınması, həmin dövrdə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsinin mümkün olması halına istinad edərək, sözügedən torpaq sahəsinə dair iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli, 08 saylı qərarı ilə Xaçmaz şəhəri, Qobuqıraq kəndi, Ağ çay arası ərazisindən fərdi yaşayış evi tikməsi məqsədilə İddiaçı 500 kv.metr torpaq sahəsinin satılması qərara alınmış, torpaqların alıq-satqısına dair akt tərtib edilmişdir. Həmçinin, iş materiallarında olan qəbzin məzmunundan görünür ki, İddiaçı tərəfindən müvafiq məbləğdə pul vəsaiti bələdiyyənin hesabına ödənilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, sözügedən torpaq sahəsi Xaçmaz şəhər baş planından çıxarışda qeyd edilməklə, memarlıq şöbəsinin və bələdiyyənin nümayəndəsi tərəfindən təsdiq edilmiş, torpaq sahəsinin sxematik planı tərtib edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərfində torpaq sahəsinin ayrılmasının məqsədəmüvafiq olması barədə rəy tərtib edilmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və apelllyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İndiki halda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədədir. Hansı ki həmin inzibati akt torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması üçün əsas hesab olunur. Nəticə etibarilə iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi sözügedən torpaq sahəsinə dair müvafiq alqı-satqı aktının tərtib edilmə tarixinin müvafiq bələdiyyə qərarının qəbul edilmə tarixindən fərqli olması halı iddiaçının təqsiri ilə əhatə olunamamaqla, onun hüquqi məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etməmişdir. Bu baxımından məhkəmə kollegiyasi qeyd edir ki,cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi hallar iş materialları əsasında təkzib olunmaqla, qeyd edilən hissədə əsassız olmuşdur. Həmçinin, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Xaçmaz Bələdiyyəsinin 31,07.2007-ci il tarixli iclasının 8 nömrəli protokol-qərarına əsasən İddiaçı verilmiş Xaçmaz şəhəri, Qobuqırağı kəndi, Ağ çay arası ərazisində yerləşən 500 kv.metr torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aid olmağla uqodiyası həyətyanıdır, faktiki istifadəsində olan torpaq sahəsinin (naturada) koordinatları müəyyən edildi. (Sxem tərtib olundu). İddiaçı verilmiş Xaçmaz şəhəri, Qobuqırağı kəndi, Ağ çay arası ərazisində yerləşən 500 kv.metr torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir. Xaçmaz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 8 nömrəli protokol-qərarına əsasən İddiaçı verilmiş Xaçmaz şəhəri, Qobuqırağı kəndi, Ağ çay arası ərazisində yerləşən 500 kv.metr torpaq sahəsi onun faktiki istifadəsində olan torpaq sahəsi ilə uyğundur. Qeyd edilən torpaq sahəsi digər şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin ölçüləri üst-üstə düşmür. Göründüyü kimi məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyi və digər sübutlar əsasında cavabdehin şikayətin dəlili kimi istinad etdiyi torpaq sahəsinin müayinə olunmaması, kateqoriyasının müəyyən edilməməsi, texniki hissəyə münasibət bildirilməməsi, konfiqurasiya fərqinin olması halları təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdehin şikayətinin digər dəlili ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamnaı sözügedən torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi halı müəyyən edilməmiş, nəticə etibarilə həmin hissədə də cavabdehin şikayətinin dəlilləri təkzib olunmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh şikayətin dəlili kimi həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun məhz hərrac və ya müsabiqə keçirilməsi yolu ilə əldə edilə bilməsinin mümkünlüyünü qeyd edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən torpaq sahəsinin iddiaçının adına ayrılmasına dair müvafiq bələdiyyə qərarı xx.xx.2007-ci il tarixdə qəbul edilmişdir. Cavabdehin istinad etdiyi norma isə xx.xx.2007-ci il tarixdən müvafiq qanunvericiliyə daxil edilməklə, məhz həmin tarixdən hüquqi qüvvəyə malik olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə də cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası şikayətin digər dəlili prosessual müddətin ötürülməsi ilə bağlı qeyd edir ki, hazırki iddia növü öhdəliyin icrası ilə bağlı olduğundan, qeyd edilən iddia tələbi üzrə müvafiq qanunla iddia müddət nəzərdə tutulmadığından, həmin hissədə də cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh şikayətin dəlili kimi birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin surətinin və iddiaya münasibət bildirilməsinə dair sərəncamın göndərilməməsi halına istinad etsə də, qeyd edilən hal iş materialları əsasında təkzib olunmuşdur. Bu baxımından həmin hissədə də cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina və apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası, eyni zamanda nəzərə alır ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsinin mətnində “...mülkiyyət hüquqlarının İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması və torpağın plan və ölçüsünün hazırlanması vəzifəsi...” sözləri əks olunsa da, “müvafiq çıxarışın verilməsi” sözlərinin qeyd edilməməsi halının texniki səhv olaraq qiymətləndirilməsi məqsədəmüvafiq olmaqla, həmin səhv birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin düzgünlüyünə təsir etmir. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsinin mətninə “...mülkiyyət hüquqlarının İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması və torpağın plan və ölçüsünün hazırlanması” sözlərindən sonra “müvafiq çıxarışın verilməsi” sözləri əlavə edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı yol verilmiş texniki səhv düzəldilməklə, dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-933/2023 nömrəli qərarıqərarın nəticə hissəsinin mətninə “...mülkiyyət hüquqlarının İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması və torpağın plan və ölçüsünün hazırlanması..” sözlərindən sonra “müvafiq çıxarışın verilməsi” sözləri əlavə edilməklə-dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.