Məhkəmə qərarları › İş №2-1(105)-1031/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1031/2024

15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1031/2024 15.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Quliyev İsmayıl Rza oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)- 2886/2024 nömrəli qərarından cavabdeh məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçıya məxsus ZE № ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı 1999-cu il tarixdə N.Tusi adına Azərbaycan Dövlət Pedeqoji Universitetinin Hərbi hazırlıq ixtisasını bitirmiş,1998-ci il tarixdə həmin universitetin hərbi kafedrasının tam kursunu bitirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1999-cu il tarixli əmri ilə leytenant hərbi rütbəsi almışdır. xx.xx.2002-xx.xx.2004-cü il tarixədək 706 saylı Hərbi Hissədə Tağım komandiri vəzifəsində xidmət etmişdir. Müdafiə Nazirliyinin xx.xx.2003-cü il tarixli əmri ilə baş leytenant hərbi rütbəsi almışdır. İddiaçıya məxsus №İ-182 saylı vəsiqənin surətindən görünür ki, o, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2373 nömrəli sərəncamı ilə “Laçının azad olunmasına görə” medalla təltif olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilərək, “ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1999-cu il tarixdə N.Tusi adına Azərbaycan Dövlət Pedeqoji Universitetinin Hərbi hazırlıq ixtisasını bitirmiş,1998-ci il tarixdə həmin universitetin hərbi kafedrasının tam kursunu bitirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1999-cu il tarixli əmri ilə leytenant hərbi rütbəsi almışdır. xx.xx.2002xx.xx.2004-cü il tarixədək 706 saylı Hərbi Hissədə Tağım komandiri vəzifəsində xidmət etmişdir. Müdafiə Nazirliyinin xx.xx.2003-cü il tarixli əmri ilə baş leytenant hərbi rütbəsi almışdır. İkinci Qarabağ müharibəsinin də aktiv iştirakçısı olmuşdur. Könüllü olaraq vətənin azadlığı və suverenliyi uğrunda döyüşlərə qatılmışdır. Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanının xx.xx.2020-ci il tarixli 2373 nömrəli sərəncamı ilə “Laçının azad olunmasına görə” medal ilə təltif edilmişdir. Lakin dəfələrlə cavabdeh orqana müharibə veteranı statusunun verilməsi barədə müraciət etsə də müraciətinə ümumiyyətlə cavab verilməmişdir. Bu səbədən pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qəran ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 10 və 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, habelə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı" adı verilir. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu əsasnamənin birinci hissəsinin 8-ci, 9-cu və 10-cu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuşmülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 726 nömrəli məktubundan görünür ki, ehtiyatda olan İddiaçı xx.xx.2020-ci il tarixdən 31,12.2020-ci il tarixədək hərbi hissənin 5-ci tabor, 14-cü bölüyündə taqım komandiri vəzifəsində xidmət etmiş, həmçinin döyüş əməliyyatları zamanı iddiaçının xidmət etdiyi bölüyün şəxsi heyəti ilə birlikdə (tam tərkibdə və iddiaçı da daxil) hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayonunun Sarov yaşayış məntəqəsində xidməti vəzifələrinin icrasına dair fəaliyyət göstərmiş, habelə döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqlar yerinə yetirməmiş və döyüş əməliyyatlarında iştirak etməmişdir. Bundan başqa sözügedən məktubda Laçın rayonu 1 dekabr 2020-ci il tarixdən etibarən döyüş əməliyatları aparılmadan Azərbaycan Respublikasının nəzarəti altına keçdiyi, ilk olaraq N nömrəli hərbi hissənin Laçın rayonuna daxil olduğu, bu səbəbdən döyüş əməliyyatlarında iştirak etməməsinə baxmayaraq həvəsləndirmə qaydasında ehtiyatda olan İddiaçı “Laçın rayonunun azad olunmasına görə” medalı ilə həvəsləndirildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hörmətli məhkəmə, hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-13.2 və 17). Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-2886/2024 nömrəli nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün düşməndən azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etməsi iş materiallarında sadalanan, ona məxsus ZE № ******* saylı hərbi biletin 8-ci səhifəsində SHXÇDX-nın Kəlbəcər rayon bölməsinin rəisi tərəfindən edilən qeydlə, eyni zamanda N nömrəli hərbi hissə komanidirnin N saylı, 30 oktyabr 2020-ci il tarixli və 368 saylı, 31 dekabr 2020-ci il tarixli əmrlərindən çıxarışlarla təsdiq olunur. Həmçinin o, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətini təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 9-ci yarımbənd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli qanunu ilə təsdiq edilmiş “Laçının azad olunmasına görə medalı haqqında” Əsasnamənin Maddə 1. Təltif edilən şəxslər “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təktif edən orqan “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının xidmət etdiyi hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayonunun Sarov yaşayış məntəqəsində xidməti vəzifələrinin icrasına dair fəaliyyət göstərməsi, habelə döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqlar yerinə yetirməmiş və döyüş əməliyyatlarında iştirak etməməsi, həvəsləndirmə qaydasında “Laçın rayonunun azad olunmasına görə” medalı ilə həvəsləndirilməsi halına istinad etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşayaraq aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif olunması haqqında” 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Laçın rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Laçının azad olunmasına görə” medalı ilə təltif edilsinlər:...baş leytenat İddiaçı... Həmçinin, iş materiallarında olan №İ-182 Azərbaycan Respublikası Medalının Vəsiqəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2373 nömrəli Sərəncamı ilə İddiaçı “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Məhkəmə kollegiyası işin mübahisəli halı ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqlarını yerinə yetirmiş hərbi qulluqçular, həmçinin, döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı məhz Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüşlərdə iştirak edərək, şəxsi igidlik və şücaət göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2373 saylı Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, həmin medalın verilməsinə əsas olan hal məhz Laçın rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüşlərdə iştirak edərək, igidlik və şücaət göstərilməsi halı çıxış etmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, cavabdhe inzibati orqan iddiaçı barəsində həmin medalın verilməsinə əsas olan hal kimi medalın həvəsləndirmə tədbiri kimi verilməsi halına istinad etməsi yuxarıda istinad edilən qanunvericiliyin tələbinə zidd olmuşdur. Belə olan halda, qeyd edilməlidir ki, iddiaçı məhz müvafiq döyüş əməliyyatlarında iştirak edərək, həmin medal ilə təltif olunmuşdur. Nəticə etibarilə iddiaçının müvafiq döyüş əməliyyatlarında iştirak etməsi halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Hansı ki iddiaçının həmin döyüş əməliyyatlarında iştirak etməsi halı özlüyündə yuxarıda istinad edilən qanunvericilik normasının dispozitiv şərtində ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsas qismində çıxış etmişdir. Bununla da, işin müəyyən edilmiş halları əsasında cavabdehin imtina, etirazın və aplleyasiya şikayətinin əsası kimi istinad etdiyi hal təkzib olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən isə iddiaçının müvafiq döyüş əməliyyatlarına cəlb olunmayan bölmədə iştirak etməsi, döyüş əməliyyatlarında iştirak etməməsi halına istinad edilsə də, həmin hala dair (o cümlədən işin müəyyən edilmiş hallarını təkzib edən) heç bir mötəbər sübuta istinad edilməmiş, formal olaraq, həmin hala istinad edilmiş, əsaslandırılmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2869/2023 nömrəli qərarında qeyd edilmişdir:…. Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2373 nömrəli Sərəncamına əsasən “Laçının azad olunmasına görə medalı ilə təltif edilməsini nəzərə almadan yanlış nəticəyə gəlmişdir…..iddiaçıya müharibə veteran adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır….” Nətiə etibarilə məhkəmə kollegiyası qeyd edir ki, indiki halda iddiaçının iddia tələbinə münasibətdə onun qanuni əsası qismində çıxış edən "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunun və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin dispoztiv şərtləri mövcud olduğundan, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, iddia tələbi əsaslı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal xarakter daşımışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-2886/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar