Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1035/2024 28.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli əsaslarla əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(118)- 1283/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi). H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının təqdim etdiyi ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx"-nin (sonradan "xxxx" ASC, "xxxx" ASC) İstehsalat-Təmir Müəssisəsinin Qazan Təmiri Sexinin Qazan Avadanlıqarının Təmiri sahəsində çilingər vəzifəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.2006cı il tarixədək isə “Ratio TV” sahibkarlıq şirkətində usta vəzifəsində işləmişdir. İddiaçı ilk dəfə 14 yanvar 2020-ci il tarixdə, daha sonra isə 15 iyul 2023-cü il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-İ/2-İ-189085/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ******* nömrəli əmək kitabçasında xx.xx.1996-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Ratio TV” sahibkarlıq şirkətində işlədiyi qeyd olunmuşdur. Həmin şirkətdə işlədiyi dövrlə bağlı “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında aparılmış araşdırmaya əsasən müəyyən edilmişdir ki, müəssisə tərəfindən məcburi dövlət sığorta haqları ödənilməmiş və müəssisə Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatdan keçməmişdir. Qeyd olunan səbəblərdən iddiaçının sözügedən müəssisədə işlədiyi dövrlər mübahisələndirilərək sosial sığorta stajına daxil edilməmiş və iddiaçının sosial sığorta stajı 25 ildən az (17 il 6 ay 17 gün (xx.xx.1979-xx.xx.1981-ci il və xx.xx.1981-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2022-ci il üzrə 2 ay)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona hüququnun yarandığı 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur, hazırda 62 yaşı vardır, onun ümumi əmək stajı 25 ildən artıqdır ki, bunun da 12 il 6 ayından də artıq bir hissəsi zərərli iş sahəsi hesab olunur. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması məqsədi ilə cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh iddiaçının haqlı müraciətini təmin etməmiş və ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda onun 2006-cı ilədək topladığı ümumi əmək stajının 25 ildən az olduğunu bildirmişdir (7 il 6 ay 17 gün). İddiaçı bu imtina ilə razı olmamışdır. Belə ki, o, 1979-1981-ci illərdə hərbi xidmətdə olmuş və 1981-1996-cı illərdə Azərenerji İstilik təmir müəssisəsində çilingər və qaynaqçı vəzifələrində işləmiş və iş şəraiti və vəzifəsi işlədiyi sahənin zərərli iş sahəsinə aid edilməsinə əsas vermişdir. 1996-cı ildən 2006-cı ilədək isə “Ratio TV” şirkətində usta vəzifəsində işləmiş və öz xahişilə işdən çıxmışdır. Lakin cavabdeh təşkilat iddiaçının bu şirkətdəki əmək stajını hesaba almamış və müraciətinə əsassız imtina cavabı vermişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(118)-1283/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, xx.xx.1961-ci il təvəllüdlü iddiaçıya hüququnun yarandığı vaxtdan – 57 yaşından (xx.xx.2018-ci ildən) güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim İmran Burcayev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdehin mübahisələndirdiyi xx.xx.1996-xx.xx.2006-cı illərdə “Ratio TV” sahibkarlıq şirkətində işlədiyi müddətdə müəssisə tərəfindən məcburi dövlət sığorta haqlarının ödənilməməsi və Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatdan keçməməsi ilə məsələyə münasibətdə məhkəmə qeyd edir ki, həmin hal iddiaçının təqsiri olmamaqla, onun gözlənilən sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının güzəştli stajına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən həmin hal mübahisələndirilməmişdir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər - iddiaçının 57 yaşına çatması, azı 25 il iş stajının olması və bu müddətin 12 il 06 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıda qeyd olunmuş işlərdə çalışması iş materialları ilə təsdiq olunur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, 1996-cı ildən 01 yanvar 2006-cı ilədək sığorta ödənişlərinin tutulma qaydası fərqli olmuşdur. Məlumatların “Ratio TV” sahibkarlıq şirkətinin sisteminə yerləşdirilməməsi və yaxud aidiyyəti üzrə göndərilməməsi vətəndaşın günahı deyil. İddiaçının əmək kitabçası onun əmək stajını təsdiq edən sənəddir. Əmək kitabçasında həmin dövrlə bağlı müvafiq qeydlər aparılmış və qeydlər cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir. İddiaçının nümayədəsi (vəkili) apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası:
4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; ... 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...
“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 57 yaşının tamam olduğu 13 yanvar 2018-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 12,5 il güzəştli iş stajının mövcud olması. Kollegiya ilk növbədə iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edir ki, onun 12,5 il güzəştli iş stajına malik olması cavabdeh tərəfindən mübahisələndirilmir. Bununla belə kollegiya güzəştli iş stajına münasibətdə qeyd edir ki, iddiaçının əmək kitabçası məlumatlarından, eləcə də, "xxxx" ASC tərəfindən iddiaçı barəsində verilmiş 11 sentyabr 2017-ci il güzəştli arayışdan görünür ki, o, xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx"-nin (sonradan "xxxx" ASC, "xxxx" ASC) İstehsalat-Təmir Müəssisəsinin Qazan Təmiri Sexinin Qazan Avadanlıqarının Təmiri sahəsində çilingər vəzifəsində elektrik stansiyalarında və təsərrüfatlarında sıradan çıxan və təmirə ehtiyacı olan qazanxana, turbin avadanlığını təmiri işlərində tam iş günü ərzində işləmişdir. Onun işlədiyi vəzifə üzrə avadanlıqların təmiri xüsusilə zərərlilik fonunda həyata keçirildiyindən xüsusilə zərərli işlər siyahısına aiddir. Güzəştli pensiya üçün iş stajı 15 il 04 ay 11 gün təşkil edir. İddiaçının həmin müəssisədə işlədiyi çilingər peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması ilə bağlı kollegiya qeyd edir ki, həqiqətən də, həmin peşə güzəştli arayışda qeyd edildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı bölməsinin 2140000a— 18455 kodu ilə (qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, .......... bütün adlardan olan elektrik çilingərləri) güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid edilmişdir. Ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, işdən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş (02 il 14 gün), xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx"-nin İstehsalat- Təmir Müəssisəsinin Qazan Təmiri Sexinin Qazan Avadanlıqarının Təmiri sahəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək isə “Ratio TV” sahibkarlıq şirkətində işləmişdir (xx.xx.2006-cı il tarixədək 24 il 06 ay 02 gün). Cavabdeh iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək isə “Ratio TV” sahibkarlıq şirkətində işlədiyi dövrü ümumi iş stajına daxil etməyək bu stajı mübahisələndirmişdir. Belə ki, cavabdehin bununla bağlı dəlilləri ondan ibarətdir ki, iddiaçının həmin şirkətdə işlədiyi dövrlə bağlı tərəflərindən “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında aparılmış araşdırmaya əsasən müəyyən edilmişdir ki, müəssisə tərəfindən məcburi dövlət sığorta haqları ödənilməmiş və müəssisə Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatdan keçməmişdir. Məcburi dövlət sığorta haqları ödənilməyən dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbi baxımından mümkün deyildir. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Habelə, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, həm iddiaçının işlədiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Mübahisələndirən dövrlər ərzində də iddiaçının “Ratio TV” şirkətində işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli, **********446800 nömrəli məktubdan və ona əlavə edilən hüquqi şəxslərin dövlət qeydiyyatının reyestrindən çıxarışdan görünür ki, “Ratio TV” şirkəti xx.xx.1993-cü il tarixdən dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, müəssisənin nizamnaməsi də sorğuya cavaba əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı isə kollegiyanın sorğusuna cavab olaraq 02 dekabr 2024-cü il tarixli, 3-17-1/2-295815/2024 nömrəli məktubunda Nazirliyin elektron informasiya ehtiyatlarında sığortaedən “Ratio TV” sahibkarlıq firmasının 2006-cı ilə dair məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatlarının aşkar edilmədiyini qeyd etmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində “Ratio TV” şirkətinin 1993-cü ildən fəaliyyətdə olan müəssisə olduğu, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək həmin müəssisədə işlədiyi müəyyən edilir. 2006-cı ilə qədər həmin müəssisə üzrə məcburi dövlət sığorta haqlarının ödənilməməsi isə kollegiya hesab edir ki, iddiaçının məsuliyyət sferasına aid edilə və həmin müəssisədə işlədiyinə dair əmək kitabçası məlumatlarının həqiqiliyini şübhə altına ala bilməz. Beləliklə, kollegiya qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Lakin, hazırkı iş üzrə iddiaçının “Ratio TV” şirkətində xx.xx.2006-cı il tarixədək işlədiyi dövr onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının yuxarıda qeyd edilən müddəalarında xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə isə işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddətinin fərdi uçot məlumatlarına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məcburi sosial sığorta ödənişlərini həyata keçirməli olan müəssisə tərəfindən müvafiq ödənişlər aparılmadığı təqdirdə dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə qarşı müvafiq tədbirləri görməlidir. Həmin qurum tərəfindən ödənişlərin aparılması ilə bağlı bildiriş göndərilməli, müəyyən edilmiş müddət ərzində sığortaedən borcu ödəmədiyi təqdirdə, onun hesablarına sərəncamlar qoyulmalıdır. İnzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Digər tərəfdən, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qanunvericiliyin tələbi, eləcə də formalaşmış vahid məhkəmə təcrübəsinə görə işin hazırkı vəziyyətində 1 yanvar 2006-cı il tarixədək iş dövrü sığorta haqqının işəgötürən tərəfindən ödənilməsindən asılı olmayaraq staja daxil edilir, həmin tarixdən sonrakı dövrlər isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən, yəni məcburi dövlət sosial sığorta haqları ödənildiyi təqdirdə daxil edilir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirilən iş yeri ilə bağlı nəzərə alınan sosial sığorta stajı 1 yanvar 2006-cı il tarixinə qədər hesablandığından və müəssisənin həmin tarixə qədər yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcları silindiyindən cavabdehin həmin dövrləri məcburi dövlət sosial sığorta haqlarının ödənməməsinə görə xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün iş stajına daxil edilməli olmaması ilə bağlı dəlilləri əsaslı sayıla bilməz. Göründüyü kimi iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək “Ratio TV” şirkətində işlədiyi dövr nəzərə alındığında, onun 25 ildən artıq sığorta stajına malik olduğu aşkar edilir. Bununla da, xx.xx.2006-cı il tarixədək iddiaçının 25 ildən artıq ümumi, 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. Odur ki, şikayətin dəlilləri əsassızdır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(118)-1283/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.