Məhkəmə qərarları › İş №2-1(105)-1039/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1039/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1039/2025 29.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim: X1, Hakimlər X2 və X3 ibarət tərkibdə, X7 katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və hərbi xidmət dövrü ilə əlaqədar təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-2955/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İş materiallarında olan iddiaçı barəsində tərtib edilmiş TSEK müayinələrindən görünür ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.

2. Azərbaycan respublikası Əmək və Əhakinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-7275/2024 nömrəli qərarından görünür ki, Quba rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2006-cı il tarixdə Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.13. bəndinə müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. (TSEK arayışının nömrəsi 177576). Vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1996-cı il tarixli 23 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Hər iki gözün refraksion ambliopiyası, mürəkkəb miopik astiqmatizm, sağda M 0,5 D solda M 2,5 D. Sol gözün miopiyası M 6.5 D olmaqla müştərək çəpgözlük’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmə, böyrək nahiyəsində olan ağrılardan şikayətlənmişdir. X4 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli 7967 nömrəli Tibbi rəyində diaqnoz “OU-Mürəkkəb hipermetropiya astiqmatizm. Sağda Hm 7.0 və 6.0 solda Hm 6.0 və 5.0. Başlanğıc katarakta. OS-xəstənin subyektiv görmə itiliyi obyektiv müayinə cavabları ilə uyğun gəlmir. OD-0.08 k/i 0.6, OS-0.08 k/i 0.2” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “OU-yüksək dərəcəli qarışıq astiqmatizm. Ambliopiya. OS-Daxili çəpgözlük. VİS OD=0.05 k/i 0.15, VİS OS=0.05 k/e” kimi qeyd olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhakinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçıya əlillik verilməsindən imtina edilmiş, səbəb “tam reabilitasiya olması” kimi qeyd edilmişdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən verilmiş 04.2025-ci il tarixli, T313/2025 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, vətəndaş İddiaçı məhkəmə tibbi müayinəsi zamanı “X4 adına Milli Oftalmologiya Mərkəzi” nə müayinəyə göndərilmiş və ona xx.xx.2025-ci il tarixdə “H25.0başlanğıc qocalıq kataraktası, H52.2- astiqmatizm” diaqnozu, xx.xx.2025-ci il tarixdə ATUnun X2 dosent oftalmoloq Rəhman Allahverdiyev tərəfindən müayinəsi zamanı “OU- Yüksək dərəcəli hipermetromiya. OS-Ambliopiya” diaqnozu, xx.xx.2025-ci il tarixdə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinə olunarkən ona “OU-H52.2- Astiqmatizm yüksək hipermetropiya. OS-Amblopiya” diaqnozu müəyyən edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində DTSERA-da əlavə əyani müayinəsi zamanı şəhadətnaməsində “Hər iki gözün refraksion ambliopiyası, mürəkkəb miopik astiqmatizm, sağda M 0,5 D, solda M 2,5 D. Sol gözün miopiyası M6.5 D olmaqla müştərək çəpgözlük” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilsə də, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmə, böyrək nahiyəsində olan ağrılardan şikayətlənmiş, “X4 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7967 nömrəli Tibbi rəyində diaqnoz “OU-Mürəkkəb hipermetropiya astiqmatizm, sağda Hm 7,0 və 6,0 solda Hm 6,0 və 5,0, başlanğıc katarakta. OS-xəstənin subyektiv görmə itiliyi obyektiv müayinə cavabları ilə uyğun gəlməmiş, OD-0.08 k/i 0.6, OS-0.08 k/i 0.2” kimi qeyd olunmuşdur. Oftalmoloq müayinəsinin nəticəsi “OU-yüksək dərəcəli qarışıq astiqmatizm, ambliopiya, OS-daxili çəpgözlük, VİS OD-O.05 k/i 0.15, VİS OS=0.05 k/e” kimi qeyd olunmuş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Qeyd edilən tibb müəssisələrində vətəndaş İddiaçı qoyulan diaqnozlar ziddiyyətli olduğundan qərarın 2 və 3-cü bəndlərində göstərilən sualların dəqiq həlli mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraicət edərək “İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin xx.xx.2024-cü il tarixdən bərpa edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən hərbi xidmət dövrü ilə əlaqədar təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin bərpa edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1974-cü ildə Quba şəhərində anadan olmuşdur. Hərbi xidmətdə olarkən gözlərində yaranmış problemə görə tibbi müayinəyə göndərilmiş və müəyyən edilmişdir ki, iddiaçıda hərbi xidmət dövründə qazanılmış gözlərində ciddi problem mövcuddur və qeyd edilən xəstəliklə iddiaçı dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövrü isə qismən yararlı hesab edilmişdir. Ona görə də iddiaçı xx.xx.1996-cı ildən hərbi xidmətdən xəstəliyinə görə tərxis olunmuşdur. Bununla da iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar gözdən əlil kimi 2-ci qrup əlillik təyin edilmişdir. 5 il müddətinə hər il yoxlanışdan keçməklə 1 illik ikinci qrup əlillik təyin edildikdən sonra xx.xx.2006-cı il tarixdən isə iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar gözdən əllilik səbəbindən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya əlillik təyin edilməsinə səbəb olan xəstəliyinin diaqnozu VİS OD-0.03 k/ilə =0,06 VİS OS=0.03 k/etmir. OU-yüksək dərəcədə mürəkkəb hipertenziya astiqmatizm müştərək, ambiopiya kimi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı növbəti tibbi yoxlanışa dəvət edilmiş və X4 adına Milli Oftalmologiya Mərkəzində tibbi müayinədən keçmişdir. Həmin müayinənin nəticəsində guya iddiaçının subyektiv görmə itiliyinin obyektiv müayinə cavabları ilə uyğun gəlmədiyi qeydi aparılmışdır. Həmin tibbi rəy iddiaçıya xx.xx.2024-cü il tarixdə təqdim edilsə də, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi elektron xidmətində iddiaçıya xx.xx.2024-cü il tarixli qiymətləndirmə əsasında əlilliyin müəyyən edilməsindən imtina edildiyi bildirilmişdir. İmtina səbəbi kimi isə guya tam reablitasiya olunması göstərilmişdir. Qeyd edilən qərarla və qiymətləndirmə nəticələri ilə qəti razı deyil. Belə ki. ona gözdən əlillik hərbi xidmət dövründə qazanılmış xəstəliklə bağlı verilmiş və o, sırf bu əsasla hərbi xidmətdən xəstəliyə görə tərxis olunmuşdur. Bundan sonra beş dəfə bir illik, sonra isə müddəisiz ll qrup əlillik təyin olunmuş və hər dəfə də müvafiq tibbi müayinələrdən keçmişdir. Necə ola bilər ki, 20 ildən artıq müddətdə sağalmayan xəstəliyi məhz 50 yaşında tam reablitasiya olunmuşdur. Belə ki, iddiaçının xəstəliyi müalicə ilə sağalan xəstəlik deyildir. Əgər sağalsaydı, müalicə alaraq hərbi xidmətini davam etdirərdi və ya da bu günə kimi eynəkdən istifadə etməzdi. Hesab edir ki, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik dərəcəsi əsassız və qanunsuz ləğv edilmişdir. İmtina əsası kimi qeyd edilən tam reablitasiya olunması həqiqəti əks etdirmir və hesab edir ki, sağlamlıq vəziyyəti ilə bağlı düzgün tibbi rəy verilməmişdir. Hesab edir ki, ona təyin edilmiş İİ qrup müddətsiz əlilliyin yenidən təftiş olunması və əyani müayinəyə cəlb edilməsi üçün də hər hansı əvvəlki qərarı şübhə altına alan hal da olmamışdır. Bununla bağlı inzibati orqan tərəfindən inzibati icraat düzgün aparılmamışdır. Eyni zamanda tibbi rəy iddiaçıya xx.xx.2024-cii i! tarixdə tərtib olunaraq təqdim edilsə də, ona təyin edilmiş əlillik xx.xx.2024-cü il tarixdən artıq ləğv edilmişdi. Hesab edir ki, cavabdeh qurum inzibati icraat haqqında qanunvericiliyin tələblərini də kobud şəkildə pozmuşdur. Ona görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bundan əlavə xx.xx.2024-cü il tarixdə o növbəti tibbi yoxlanışa dəvət edilmiş və X4 adına Milli Oftalmologiya Mərkəzində tibbi müayinədən keçəndə ona ətraflı və tam yoxlamamış, səhlənkar yanaşmış, həkimin oturduğu yerdən divarda olan rəqəm və hərfləri saymazcasına göstərmiş (əli ilə hərf və rəqəmləri göstərəndə, gözü telefonda idi və ona baxırdı), ona get demişlər. Halbuki, iddiaçının “sağalmağında” şübhələri var idisə, bunu ətraflı və tam, saymazcasına hərf və rəqəmləri göstərməklə yox, aparatlarla yoxlamalı idilər. Hal-hazırda müasir aparatlar insan görməsinin tam dəqiqliyi ilə yoxlaya bilir. Bu zaman heç nəyi gizlətmək olmur. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, məhkəmə tərəfindən ekspertiza təyin edilərsə, ekspertizaya cavabdeh orqanın deyil, digər xəstəxanaya və cavabdeh orqanla əməkdaşlıq etməyən həkimlərin yoxlanılmasına göndərilməsini istəyir.

8. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının inzibati orqan tərəfindən verilmiş qərardan məlumatı olduğundan 30 gün artıq müddət keçirdiyindən iddianı mübahisələndirmədiyi üçün iddanının mümkünsüz heab olunmasını xahiş edirlər. Bundan başqa Quba rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2006-cı il tarixdə Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.13. bəndinə müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1996-cı il tarixli 23 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Hər iki gözün refraksion ambliopiyası, mürəkkəb miopik astiqmatizm, sağda M 0,5 D solda M 2,5 D. Sol gözün miopiyası M 6.5 D olmaqla müştərək çəpgözlük” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmə, böyrək nahiyəsində olan ağrılardan şikayətlənmişdir. X4 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli 7967 nömrəli Tibbi rəyində diaqnoz “OU-Mürəkkəb hipermetropiya astiqmatizm. Sağda Hm 7.0 və 6.0 solda Hm 6.0 və 5.0. Başlanğıc katarakta. OS-xəstənin subyektiv görmə itiliyi obyektiv müayinə cavabları ilə uyğun gəlmir. OD-0.08 k/i 0.6, OS-0.08 k/i 0.2” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “OU yüksək dərəcəli qarışıq astiqmatizm. Ambliopiya. OS-Daxili çəpgözlük. VİS OD=0.05 k/i 0.15, VİS OS=0.05 k/e” kimi qeyd olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Qeyd edilən halları nəzərə alaraq iddianın təmin edilməməsini xahiş edirlər.

9. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-2955/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü ildən müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq.qoyulması qərara alınmışdır (hakim Leyla Mirəzyeva).

10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, əlilliyin təyin edilməsi üçün ekspert rəyi deyil, Agentlikdə olan əyani müayinə əsas götürülməlidir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, orqanın əməkdaşı iddiaçının qohumu olduğuna görə iddiaçıya təyin edilmiş əlilliyə şübhələr yaranmış, iddiaçı təkrar əyani müayinəyə cəlb edilmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. (-)

17. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7.Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

22. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının əlilliyinin faktiki olaraq dayandırıldığı zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi üçün inzibati orqan tərəfindən müəyyən prosedurun həyata kecirilməsini tələb edir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdeh tərəfindən həmin prosedura riayət edilməmiş, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

26. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2024-cü il tarixli qərar əsasında iddiaçıya əlillik verilməsindən imtina edilmiş, səbəb “tam reabilitasiya olması” qeyd edilmişdir.

27. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili, birinci instansiya məhkəməsinin işi ümumiyyətlə araşdırmayaraq, sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsidir.

28. Kollegiya qeyd edir ki, yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən əlilliyin olub-olmaması halı məhz əlilliyin qiymətləndirilməsinin müvafiq inzibati orqan tərəfindən aparılmaqla və həmin qiymətləndirilmənin nəticəsinə uyğun olaraq qəbul edilmiş qərar əsasında müəyyən edilir.

29. Həmçinin, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqan əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edildiyi və buna dair sübutlar olduğu halda, inzibati icraatı məhz həmin sübutlar əsasında təzələməli, inzibati icraat başlanılmalı, şəxs əyani müayinəyə cəlb edilməklə, qərar qəbul edilməlidir.

30. İndiki halda da cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müddətsiz əlillik təyin edilməsi ilə bağlı qərar qəbul etdiyi halda, sonradan onun barəsində əlilliyin olmaması qənaətinə gəlməsi halını da məhz iddiaçı barəsində bu cür qiymətləndirilmə aparılmaqla, onun nəticəsinə uyğun olaraq qərar qəbul etməklə edə bilərdi, əks halda əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olmadığı halda, özünün təkbaşına olaraq, heç bir qiymətləndirmə aparmadan bu qənaətə gəlməsi qanunvericilik normalarının tələbinin pozuntusu olmaqla, bu tələblərə birbaşa ziddir.

31. Başqa sözlə desək, cavabdeh inzibati orqan iddiaçı barəsində əilliyin ləğv edilməsi (etibarsız hesab edilməsi) məsələsini həll edərkən, yuxarıda istinad edilən əlilliyin müəyyən edilməsi meyarlarına dair, əlilliyin qiymətləndirilməsi qaydalarına dair müvafiq qanunvericilik normalarının, habelə inzibati icraat haqqında qanunvericilik normalarının tələblərini nəzərə almağa borcludur.

32. Kollegiya hesab edir ki, indiki halda aydınlaşdırılmalı olan hal cavabdeh inzibati orqan tərəfindən özünün qəbul etdiyi qərarın düzgünlüyünü şübhə altına alan əsasın nədən ibarət olmasıdır.

33. Cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli məhkəmə iclasında “əsaslı şübhə” qismində orqanın əməkdaşının iddiaçının qohumu olmasını, bu səbəbdən iddiaçıya təyin edilmiş əlilliyə şübhələr yarandığını bildirmişdir.

34. Kollegiya qeyd edir ki, şəxsin sağlamlıq vəziyyətinin əlilliyin qiymətləndirilməsi barədə qanunvericiliyin tələbləri baxımından yoxlanılması və onun nəticəsinə uyğun olaraq əlillik təyinatının aparılması səlahiyyəti TSEK-ə aid olmuş və onun tərəfindən belə bir qiymətləndirmə aparılaraq, iddiaçı barəsində müddətsiz əlillik təyinatı aparılmışdır.

35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan özünün səlahiyyətinə aid olan məsələ ilə bağlı və özünün qəbul etdiyi qərar əsasında əlillik təyinatı apardığı halda, heç bir səbəb, əsaslı şübhə olmadan, Orqanın əməkdaşının iddiaçının qohumu olmasına istinad edərək, özünün qəbul etdiyi qərarın mötəbərliyini şübhə altına alması qanunvericiliyin tələbinə ziddir.

36. Bu baxımdan qeyd edilməlidir ki, TSEK tərəfindən əlilliyi müəyyən edilmiş şəxsin əlilliyinin şübhə altına alınması halı inzibati icraatın təzələnməsinə əsas olan və qəbul edilmiş qərarın düzgünlüyünü şübhə altına alan “əsaslı şübhə” kimi çıxış etməmişdir.

37. Eyni zamanda qeyd edilməlidir ki, inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

38. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan özünün iddiaçı barsində əlilliyin təyin edilməsi barədə qəbul etdiyi əvvəlki qərarının düzgünlüyünü şübhə altına alsa da, onun əsaslarına dair heç bir mötəbər sübuta istinad etməmişdir. Halbuki, yalnız belə bir əsaslar olduğu halda, cavabdeh inzibati orqan əvvəlki inzibati icraatı təzələməli, aparlmış yeni inzibati icraatın nəticəsi olaraq iddiaçının əlillik vəziyyəti qiymətləndirilməklə, müvafiq qərar qəbul edilə bilərdi. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.

39. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı iddiaçının əlilliyi etibarsız hesab edilərkən yuxarıda qeyd olunan qaydalara və tələblərə cavabdeh tərəfindən əməl olunmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır.

40. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur.

41. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-2955/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar