Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-104/2023 19.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin təsdiqlənməmiş azalma sütununda öz əksini tapan 1609624,61 manat vergi məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, e-2-1(118)- 1383/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus şəxsi hesab vərəqəsində öz əksini tapmış təsdiqlənmiş azalma qrafasının ləğv edilməsi və həmin qrafada mövcud olan 1609624,61 manat məbləğin silinməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus şəxsi hesab vərəqəsinin təsdiqlənməmiş azalma sütununda öz əksini tapan 1609624,61 manat vergi məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, şəxsi hesab vərəqəsinin aşağı hissəsində təsdiqlənməmiş azalma adlı bir qrafa mövcuddur. Orada bir sıra hallarda fərqli vergi məbləğləri əks etdirilir və daha sonra vergi orqanı həmin qrafada olan məbləği vergi borcu olaraq qiymətləndirərək həmin vergi borcu ilə bağlı vergi ödəyicisinə vergi qanunvericiliyində nəzərdə tutulmuş məcburiyyət tədbirlərini, o cümlədən əmlakın siyahıya alınmasını, bankda olan hesablaşma hesablarına sərəncamların göndərilməsini və s. həyata keçirir. Hazırda cəmiyyətin şəxsi hesab vərəqəsində 1.609.624,61 manat təsdiqlənməmiş azalma məbləği mövcuddur. Şəxsi hesab vərəqəsində təsdiqlənməmiş azalma adlı qrafanın mövcudluğu və həmin qrafada olan məbləğə görə vergi ödəyicisinə məcburiyyət tədbirlərinin görülməsi tamamilə qanunszudur. Belə ki, vergi qanunvericiliyində təsdiqlənməmiş azalma anlayışı və ya bununla bağlı hər hansı mexanizm nəzərdə tutulmamışdır. Qeyd olunan qanunsuz hal ilə bağlı aidiyyəti üzrə cavabdeh vergi orqanına müraciət edilsə də, cavabdeh vergi orqanı tərəfindən hər hansı müsbət addım atılmamışdır. İddiaçı tərəfindən müxtəlif aylar üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən şəxsi hesab vərəqəsində azalma əməliyyatı həyata keçirilməli olduğu halda, həmin məbləğ əsassız şəkildə “Təsdiqlənməmiş azalmalar” qrafasına salınaraq iddiaçıya aktiv borc qismində əsassız vergi öhdəliyi yaradılır. Halbuki, Vergi Məcəlləsinin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Məcəllənin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi ödəyicisi Vergi Məcəlləsində nəzərdə tutulan müddətlərdə və qaydada vergi bəyannaməsi təqdim etməyə, həmin bəyannamədə hər hansı uyğunsuzluq aşkar edildikdə isə dəqiqləşdirilmiş vergi bəyanaməsi təqdim etməyə borcludur. Vergi orqanı isə təqdim edilmiş vergi bəyannaməsi ilə bağlı Vergi Məcəlləsinin 72.6-cı maddəsində nəzərdə tutulan hallardan hər hansı biri (və ya bir neçəsi) olduqda 3 iş günü ərzində vergi ödəyicisinə aşkar edilmiş dəqiqsizliklərin aradan qaldırılması barədə bildiriş göndərməli, hər hansı uyğunsuzluq aşkar edilmədikdə isə həmin bəyannaməni qəbul etməlidir. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən müxtəlif aylar üzrə təqdim edilmiş ƏDV bəyannamələrində Vergi Məcəlləsinin 72.6-cı maddəsində nəzərdə tutulan hallardan hər hansı biri olmadığı, eləcə də bəyannamədə aşkar edilən uyğunsuzluğun aradan qaldırılması barədə hər hansı bildiriş göndərilmədiyi halda, cavabdeh vergi orqanı qanunsuz olaraq iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələri qəbul etməmiş və həmin bəyannamələr üzrə aparılmalı olan azalmaları “Təsdiqlənməmiş azalma” qrafasına salaraq iddiaçıya əsassız vergi öhdəliyi yaratmışdır.
4. Cavabdeh etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 28 iyul 2020-ci il tarixli 265 saylı qərara əsasən iddiaçı xx.xx.2020-ci il tarixli **********352000 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edildiyindən şəxsi-hesab vərəqəsində yaranmış təsdiqlənməmiş azalmanın təsdiqlənməsi məqsədəmüvafiq hesab edilməmişdir. Belə ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarının 2.1.7-ci yarımbəndinə uyğun olaraq 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs üzrə risk meyarı (meyarları) müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.83-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Riskli vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər təqdim edildiyi təqdirdə vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması məsələsinə baxıla bilər.
5. Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, e-2-1(118)- 1383/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilərək, İddiaçınə məxsus şəxsi hesab vərəqəsinin təsdiqlənməmiş azalma sütununda öz əksini tapan 1609624,61 manat vergi məbləğinin silinməsi öhdəliyinin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
6. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 28 iyul 2020-ci il tarixli 265 saylı qərara əsasən iddiaçı xx.xx.2020-ci il tarixli **********352000 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edildiyindən şəxsi-hesab vərəqəsində yaranmış təsdiqlənməmiş azalmanın təsdiqlənməsi məqsədəmüvafiq hesab edilməmişdir. Belə ki, iddiaçı "xxxx" MMC-nin ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarının 2.1.7 yarımbəndinə uyğun olaraq 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs üzrə risk meyarı (meyarları) müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Vergi Məcəlləsi:
Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.
Maddə 72. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir. 72.3. Vergi hesabatını vergi ödəyicisi, yaxud onun müəyyən edilmiş qaydada vəkil edilmiş nümayəndəsi imzalamalıdır. 72.4. Qanunvericiliyə müvafiq olaraq vergi ödəyicisinin vergi hesabatının tərtib edilməsində müstəqil auditor iştirak edirsə o, vergi hesabatını imzalamalı, möhür vurmalı və öz vergi ödəyicisinin eyniləşdirmə nömrəsini göstərməlidir. Hesabatı bir nəfərdən çox tərtibatçı hazırlayırsa, onu ancaq baş tərtibatçı imzalayır. 72.4-1. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallarda vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. 72.5-1. Vergi ödəyiciləri tərəfindən könüllü açıqlama edildiyi halda bu barədə vergi orqanına forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hesabat təqdim edilir. 72.5-2. Könüllü açıqlama edildiyi halda təqdim edilmiş hesabat üzrə vergi ödəyicisi tərəfindən yalnız hesablanmış vergi məbləği, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ödənilir. 72.6. Vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir: 72.6.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; 72.6.2. vergi dövrü əks olunmadıqda; 72.6.3. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; 72.6.4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda. 72.6.5. Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələlərinə uyğun olmadıqda. 72.7. Bu Məcəlləyə və ya digər qanunvericilik aktlarına müvafiq olaraq vergi orqanına təqdim edilmiş vergi hesabatı bu Məcəllənin 72.6.1-72.6.5-ci maddələrində müəyyən edilmiş hallarda qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər aradan qaldırılaraq vergi orqanına təqdim edilməsi barədə bildiriş göndərilir.
Maddə 94. Sübut etmək vəzifəsi 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
15. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən 2 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cəmiyyətin şəxsi hesab vərəqəsində mövcud olan “təsdiqlənməmiş azalma” (və ya kameral yoxlanılmalı məbləğ) qrafasının ləğv edilməsi və həmin qrafada olan vergi məbləğinin silinməsi xahiş edilmişdir.
16. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********4 nömrəli bildirişindən görünür ki İddiaçı MMC-dən xx.xx.2022-ci il tarixə hesablanmış 2283519.90 manat, o cümlədən vergilər üzrə 1919030,43 manat maliyyə sanksiyaları üzrə 260 manat faizlər üzrə 364229,47 manat borcun 5 gün ərzində ödənilməsi tələb edilmişdir.
17. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş **********52000 nömrəli qərardan görünür ki, İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.
18. xx.xx.2018-ci il tarixli faiz hesablanması məqsədləri üçün şəxsi hesab vərəqəsinə əsasən, "xxxx" ASC-nin dövlət büdcəsinə olan vergi borcu ümumilikdə 1.839.290,77 manat, o cümlədən vergilər üzrə 1.618.322,70 manat, maliyyə sanksiyası üzrə 109.790,0 manat, faizlər üzrə isə 111.178,07 manat təşkil edir.
19. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı tərəfindən müxtəlif aylar üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən şəxsi hesab vərəqəsində azalma əməliyyatı həyata keçirilməli olduğu halda, həmin məbləğ əsassız şəkildə “Təsdiqlənməmiş azalmalar” qrafasına salınaraq iddiaçıya aktiv borc qismində əsassız vergi öhdəliyi yaradılır.
20. Cavabdeh isə iddiaya münasibətdə bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 28 iyul 2020-ci il tarixli 265 saylı qərara əsasən iddiaçı xx.xx.2020-ci il tarixli **********352000 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edildiyindən şəxsi-hesab vərəqəsində yaranmış təsdiqlənməmiş azalmanın təsdiqlənməsi məqsədəmüvafiq hesab edilməmişdir.
21. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən müxtəlif aylar üzrə təqdim edilmiş ƏDV bəyannamələrində Vergi Məcəlləsinin 72.6-cı maddəsində nəzərdə tutulan hallardan hər hansı biri olmadığı, eləcə də bəyannamədə aşkar edilən uyğunsuzluğun aradan qaldırılması barədə hər hansı bildiriş göndərilmədiyi halda, cavabdeh vergi orqanı qanunsuz olaraq iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələri qəbul etməmiş və həmin bəyannamələr üzrə aparılmalı olan azalmaları “Təsdiqlənməmiş azalma” qrafasına salaraq iddiaçıya əsassız vergi öhdəliyi yaratmışdır.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, 1609624.61 manat vergi öhdəliyinin hesablanması ilə bağlı cavabdeh vergi orqanı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq hər hansı inzibati akt qəbul edilməmişdir.
23. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadında qeyd edilir ki, Vergi Məcəlləsində şəxsi hesab vərəqəsinin anlayışı verilməsə də, “şəxsi vərəqə” ifadəsinə Məcəllənin mətnində - 87.2-ci maddədə rast gəlinir. Bununla yanaşı, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 83.1ci maddəsində həm də “vergi orqanının uçot sənədləri” ifadəsi işlənilir. Qeyd olunan normanın mənasına görə vergi ödəyicisinin ödəməli olduğu vergi məbləği barədə vergi orqanının uçot sənədlərində qeydiyyat aparılmalıdır. Bu qəbildən olan məlumatların vergi orqanı tərəfindən uçotunun aparılması vergi orqanının əsas vəzifələrinin icrasının lazımi qaydada təmin edilməsi zərurətindən irəli gəlir. Belə ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək (maddə 24.0.1), o cümlədən hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmaq və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək (maddə 24.0.4) Vergi Məcəlləsində vergi orqanının əsas vəzifələri sırasında göstərilmlişdir. Belə olan halda, şəxsi hesab vərəqəsini vergi orqanının vergilər və digər məcburi ödənişlərin hesablaşma vəziyyətini əks etdirən uçot sənədlərinə aid etmək olar. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır.
24. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə müdaxilə edərək, ona münasibətdə vergilərin və faizlərin hesablanması və ya maliyyə sanksiyasının tətbiq edilməsi formasında əlavə vergi öhdəliyi yaradırsa, bu zaman həmin hesablama ilə bağlı vergi orqanları tərəfindən inzibati akt qəbul edilməli və aparılmış hesablama həmin inzibati aktda əsaslandırılmalıdır.
25. Hazırkı işin hallarından isə görünür ki, cavabdeh vergi orqanı iddiaçının şəxsi hesab vərəqəsində 1609624.21 manat məbləğində əlavə vergi öhdəliyi yaratdığı halda, bununla bağlı hər hansı inzibati akt (qərar) qəbul etməmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquq və maraqlarının pozulması ilə nəticələnmişdir.
26. Cəmiyyətin riskli vergi ödəyicisi hesab edilməsi ilə əlaqədar şəxsi-hesab vərəqəsində yaranmış təsdiqlənməmiş azalmanın təsdiqlənməsinin məqsədəmüvafiq hesab edilməməsi barədə cavabdehin apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsində riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərinə qarşı bu cür tədbirlərin görülməsi, yəni bu əsasla şəxsi hesab vərəqəsində inzibati akt qəbul edilmədən “təsdiqlənməmiş azalma” adlı vergi öhədliyinin yaradılması da nəzərdə tutulmamışdır.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, e-2-1(118)-1383/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.