Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-104/2025 08.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim) Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “sığorta haqqında arayışın verilməsi, ərzaq pulunun və dəymiş ziyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2-1(118)- 5152/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, iddiaçıya 2011-ci ilin aprel ayından tutulmuş sığorta haqqında arayışın verilməsi, həmçinin, 2011-ci ildən hesablanaraq ərzaq pulunun verilməsi və maddi-mənəvi ziyana görə 64.000 manat ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh orqanın Quru Qoşunlarında 2011-2022-ci illərdə müqaviə əsasında gizir rütbəsində xidmət etmiş, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, xidmət etdiyi dövrdə dəfələrlə təltif olunmuş, 29 mart 2022-ci il tarixdə müqavilənin vaxtı bitdiyinə görə tərxis olunmuşdur. Lakin, 5 aprel 2022-ci il tarixdə ƏƏSMN-nin Qubadakı məşğulluq xidmətinə sənədlərini təqdim edərək qeydiyyat və işsizliyə görə sığorta ödənişinin alınması üçün müraciət etdikdə ona sistemdə iş stajı olmadığı bildirilmiş və buna görə ona işsizliyə görə müavinət təyin edilməmişdir. Halbuki, o, hərbi qulluqdan əvvəl də işləmişdir. Əvvəllər cavabdeh orqandan müqavilə ilə çıxan hərbçilərə məşğulluq xidmətindən işsizliyə görə müavinət verilmişdir. Xidmət etdiyi dövrdə dövlət tərəfindən ayrılmış ərzaq pulu 2014-cü ildən ona verilməmişdir, həmçinin, mənzillə də təmin olunmamışdır, hazırda da dövlət tərəfindən ona heç bir yardım göstərilmir. Tərəfindən cavabdeh orqana ödənilməmiş ərzaq pulunun ödənilməsi, ərzaq pulu və tutulmuş sığorta haqqında müraciət edilsə də, nəticəsi yoxdur. Bununla bağlı Məşğulluq Xidmətinə müraciətindən imtina edilərək ona bildirilmişdir ki, işsizliyə görə sığorta pulunu həmin orqan deyil, Müdafiə Nazirliyi ödəməlidir. Ona rəsmi arayış da verilmir, ərizələrinə də rəsmi cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2-1(118)-5152/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Məhkəmə araşdırılması ilə məlum olur ki, “iddiaçıya 2011-ci ilin aprel ayından tutulmuş sığorta haqqında arayışın verilməsi, həmçinin 2011-cü ildən hesablanaraq ərzaq pulunun verilməsi və maddi mənəvi ziyana görə 64.000 manat ödənilməsi” ilə bağlı iddiaçının iş üzrə cavabdeh inzibati orqana müraciəti olmamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı iddia tələbi üzrə mübahisə mövcud deyildir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd olunan tələblərlə bağlı tərəflərindən cavabdeh orqana müraciətlər edilmişdir. İddiaçıya cavabdeh tərəfindən travma haqqında arayış və şəhadətnamə verilməlidir, lakin, bununla bağlı müraciətlərinə imtina cavabı verilmişdir. Bu baxımdan, maddi və mənəvi ziyana görə kompensasiya tələb edir. İddiaçının nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ OLUNAN HÜQUQ: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 33. Ərizənin səlahiyyətli inzibati orqana göndərilməsi 33.1. Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. 33.2. Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı cavabdeh orqana müraciət edilmədiyi, bununla da hazırkı iddianın xüsusi mümkünlük şərtinin ödənilmədiyi əsası ilə iddianı mümkün saymamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ düzgün qiymətləndirilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qanunveriliyin tələbinə görə iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Yəni, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi 3 hissədən ibarətdir: 1) İddiaçıdan 2011-ci ilin aprel ayından tutulmuş sığorta haqları barədə arayışın verilməsi; 2) 2011-cü ildən hesablanaraq ərzaq pulunun verilməsi; 3) Maddi və mənəvi ziyana görə 64.000 manat kompensasiya ödənilməsi. Birinci instansiya məhkəməsi iddia tələbləri üzrə iddiaçı tərəfindən cavabdeh orqana müraciət edilmədiyi qənaətinə gəlsə də, həm iş materiallarında olan, həm də iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, iddiaçı tərəfdən hazırkı tələblərlə bağlı cavabdehə dəfələrlə müraciətlər edilmişdir. Belə ki, işdən görünür ki, iddiaçı ödənilmiş sığorta ödənişləri haqqında arayışın və ərzaq pulunun verilməsi barədə ərizəsinə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyində baxılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-25-11/2-3814/2023 nömrəli məktubu ilə müraciətə cavab olaraq bildirmişdir ki, qanunvericilik təşəbbüsü hüququ Müdafiə Nazirliyinə mənsub edilməmişdir. Müraciətin müvafiq pul təminatına dair hissəsinə baxılaraq qanunamüvafiq tədbirlər görülməsi üçün ərizənin surəti xx.xx.2023-cü il tarixli, 3- 25-11/2-3806/2023 nömrəli məktubla N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissə xx.xx.2023-cü il tarixli, 10596 nömrəli məktubu ilə müraciətin “Vətəndaşları müraciətləri haqqında” Qanunun 8.1.2-ci maddəsində göstərilən tələblərə cavab vermədiyini əsas gətirərək onu baxılmamış saxlamışdır. Daha sonra iddiaçı eyniməzmunlu ərizə ilə yenidən cavabdeh orqana müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli, 3-25-19/2-İ-6xx-xx/2024 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı (qərar məxfidir) ilə xx.xx.2008-ci il tarixdən ərzaq əvəzinə pul kompensasiyasının məbləği 64,0 manat müəyyən edilmişdir. Həmin vaxtdan bu məbləğ dəyişdirilməmişdir. Əlavə olaraq bildirilir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən işsizlikdən sığorta olunan şəxs Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilər hesab olunur. Əmək müqaviləsi Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işə qəbul edilən şəxslərlə bağlanır. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən həmin Məcəllə hərbi qulluqçulara şamil edilmir. Bu səbəbdən, hərbi qulluqçulardan işsizlikdən sığorta haqqı tutulmur. Hərbi qulluqçulardan yalnız sosial sığorta və icbari tibbi sığorta haqları tutulur. Tutulmuş sosial sığorta haqqı barədə məlumatı “e-sosial” portalı vasitəsilə əldə edilə bilər. İddiaçının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilən sənədlərdən də görünür ki, iddiaçı tərəfindən 1-ci və 2-ci tələblə, eləcə də, hərbi xidmət zamanı aldığı xəsarətlərə görə şəhadətləndirilməməsi ilə bağlı cavabehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona vurulmuş maddi və mənəvi ziyana görə 64.000 manat kompensasiya ödənilməsinə dair 3-cü tələblə bağlı cavabdeh orqana hələ xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir. Müraciət poçt xidməti vasitəsilə cavabdeh orqana göndərilmişdir. Göründüyü kimi iddia tələbində qeyd olunan hər üç tələb üzrə iddiaçı tərəfindən cavabdeh orqana müraciətlər edilmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hazırki iş üzrə iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciətin olmasına dair iddianın mümkünlük şərtinin ödənildiyi müəyyən edilir. Bu baxımdan, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2-1(118)-5152/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “sığorta haqqında arayışın verilməsi, ərzaq pulunun və dəymiş ziyanın ödənilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-104/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-104/2025
08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver