Məhkəmə qərarları › İş №2-1(105)-1042/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1042/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1042/2024 18.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə qarşı "nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi" tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2-1(118)-2902/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: “Opel Vivaro” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, W0LF7BHA68V664305 ban nömrəli, ağ rəngli nəqliyyat vasitəsi ilk dəfə 20 avqust 2013cü il tarixdə X6 adına qeydiyyata alınaraq, avtomobilə **-SF-*** dövlət qeydiyyat nişanları təhkim edilməklə, AC seriyalı, 061846 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” verilmişdir. Sözügedən avtomobil alqı-satqı müqaviləsi əsasında X1 20 avqust 2013-cü il tarixdə sonuncunun adına qeydiyyata alınaraq, avtomobilin **-SF-*** dövlət qeydiyyat nişanları saxlanılmaqla, AC seriyalı, 012943 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” verilmişdir. Bundan sonra isə "xxxx" ASC ilə X8 arasında 20 avqust 2013-cü il tarixli, 1246 nömrəli kredit müqaviləsi bağlanmış, bu müqavilənin təminatı olaraq tərəflər arasında həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və bu müqavilə əsasında T.İ.Əliyevin mülkiyyətində olan “Opel Vivaro” minik markalı, W0LF7BHA68V664305 ban nömrəli nəqliyyat vasitəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, nəqliyyat vasitəsinin ipotekası haqqında sözügedən müqavilə daşınar əmlakın reyestrində də qeydiyyata alınmışdır. Növbəti dəfə avtomobilin qeydiyyat nişanları dəyişdirilərək ona 16 noyabr 2013-cü il tarixdə **-SU-*** dövlət qeydiyyat nişanları təhkim edilməklə, T.İ.Əliyevin adına AC seriyalı, 075115 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” verilmişdir. Daha sonra "xxxx" ASC ilə T.İ.Əliyev arasında mülki məhkəmə icraat qaydasında mübahisə olmuş, mübahisə üzrə qəbul edilmiş qətnamə əsasında Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 31 iyul 2018-ci il tarixli, 2(011)-5576/18 nömrəli icra vərəqəsinə əsasən X4 20 avqust 2013-cü il tarixli, 1246 saylı kredit müqaviləsi üzrə 6.549,75 ABŞ dolları əsas borc, 872,09 ABŞ dolları məbləğində faiz borcu, 150 ABŞ dolları məbləğində əldən çıxmış fayda cəmi 7.571,84 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulması, tutma kreditin təminatı kimi cavabdehə məxsus “Opel Vivaro” yük markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bundan sonra sözügedən avtomobil açıq hərraca çıxarılmış, "xxxx" MMC-nin “Hərracın yekunları barədə” 28 iyul 2022-ci il tarixli, 74 nömrəli protokoluna əsasən Xətai Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 2(011)-5576/2018 saylı icra vərəqəsi və Xətai rayon icra şöbəsinin 10 iyun 2022-ci il tarixli, xx/xx-21934/19 saylı sifariş məktubu əsasında keçirilmiş hərracda X7 məxsus **-SU-*** (**-SF-***) dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı satılmışdır. İddiaçı 14 noyabr 2023-cü il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə müraciət edərək, **-SU-*** dövlət qeydiyyat nişanlı “Opel Vivaro” markalı avtomobilə dair onun adına qeydiyyat hərəkətlərinin aparılaraq müvafiq qeydiyyat şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Cavabdeh 14 noyabr 2023-cü il tarixli, 3-13-16/2-M-146476 nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək qeyd etmişdir ki, “Opel Vivaro” markalı, ban nömrəsi: W0LF7BHA68V664305 olan avtomobil İsveç Krallığından oğurlanması səbəbindən “İNTERPOL” tərəfindən beynəlxalq axtarışda olan avtomobillərin siyahısına əlavə edilmişdir. Odur ki, məhkəmədə həmin nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və müvafiq qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi məsələsinə baxılması üçün məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Opel Vivaro” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (mühərrik nömrəsi C010136) onun adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "Yunayted Kredit Bank” tərəfindən hərrac vasitəsilə satılan “Opel Vivaro” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əldə etmişdir. Sonradan həmin nəqliyyat vasitəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunda olan məlumata əsasən axtarışda olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin 9 oktyabr 2023cü il tarixli qərarına əsasən cinayət işinin başlanmasından imtina edilmiş və “Opel Vivaro” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (mühərrik nömrəsi C010136) iddiaçıya təhvil verilmişdir. Tərəfindən həmin nəqliyyat vasitəsinin adına rəsmiləşdirilməsi üçün cavabdehə müraciət edilmişdir. Cavabdehin 14 noyabr 2023-cü il tarixli məktubu ilə müraciətin icrasından imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Belə ki, nəqliyyat vasitəsinin hərracda alınmasına dair bütün zəruri sənədlər təqdim edilməsinə baxmayaraq ona imtina verilmişdir. Bakı İnzibati Məhkəməsi işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2-1(118)-2902/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Könül Həbibova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, hazırki işdə iki hal mövcuddur: avtomobilin İsveç Krallığından oğurlanması səbəbindən “İNTERPOL” tərəfindən beynəlxalq axtarışda olan avtomobillərin siyasına əlavə edilmiş olması; - iddiaçının vicdanlı alıcı olması. Məhkəmə qeyd edir ki, iddiaçının vicdanlı alıcı olması onun tələbinin predmetinin oğurlanmış əmlak olması faktını dəyişdirmir. İstənilən halda, bu avtomobilin ölkədən kənara çıxarılması mümkün olmayacaq və ya çıxarıldığı halda müsadirə olunacaq. Başqa sözlə, oğurluq faktında iddiaçının təqsiri müəyyən edilməsə də, nəqliyyat vasitəsinin oğurluq (özgənin əmlakını gizli olaraq talama) olması cinayətinin predmetini təşkil etməsi halını aradan qaldırmır. İddiaçının həmin avtomobili hərracda alması ilə bağlı məhkəmə bildirmək istəyir ki, “vicdanlı əldə edən” (§34) anlayışı mülki icraatın predmetidir, yəni bərabərhüquqlu münasibətlərə aid olub, inzibati icraat üzrə tərəf olan cavabdehə münasibətdə yoxlanılmalı hal deyildir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, o, “Opel Vivaro” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini hərrac vasitəsilə satın alaraq əldə etmişdir. Həmin nəqliyyat vasitəsinin axtarışda olması barədə məlumatının olması mümkün deyildir. Belə ki, deyildiyi kimi həmin nəqliyyat vasitəsi oğurlanmışdırsa buna cavabdeh olan dövlət qurumları nəzarət edərək sərhəddən keçməsinə yol verməməli idi. Həmin nəqliyyat vasitəsini vicdanlı alıcı olaraq alandan sonra onun mülkiyyətinə keçirilməsinə maneə yaradılması onun mülkiyyət hüquqlarının pozulmasıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 182. Vicdanlı əldə edən 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. ... Vİ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin , yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. XİV. Təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri, habelə rəngi dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. ... XVİ. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsini qeydiyyata almaqdan imtina etdikdə, onun sahibinə imtinanın səbəbləri barədə yazılı məlumat verməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin “Opel Vivaro” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçının adına qeydiyyata alınaraq qeydiyyat şəhadətnaməsinin verilməsindən imtinası təşkil edir. İmtinanın səbəbi sözügedən avtomobilin İsveç Krallığından oğurlanması səbəbindən “İNTERPOL” tərəfindən beynəlxalq axtarışda olan avtomobillərin siyahısında olmasıdır. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsaslı sayaraq hazırkı halda iddiaçının vicdanlı alıcı olmasının tələb predmetinin oğurlanmış əmlak olması faktını dəyişdirmədiyini, eləcə də, vicdanlılıq məsələsinin mülki icraatın predmeti olduğunu qeyd edərək iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda qeyd edilən 14cü bəndinin normalarından anlaşılır ki, nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda, həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. İşdən isə görünür ki, qeyd olunan halla bağlı bağlı yoxlama aparılmış, lakin, yoxlama nəticəsində hər hansı cinayət və inzibati xəta tərkibi olan hal aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan hadisələrinə dair iş üzrə İstintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, mübahisə predmeti olan “Opel Vivaro” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin İNTERPOL xətti üzrə İsveç Krallığı tərəfindən axtarışa verilməsi faktı üzrə araşdırma aparılmışdır. Araşdırma nəticəsində sözügedən avtomobilin axtarışa verilməsi ilə onu hərrac yolu ilə almış İddiaçı və qeyrilərinin hərəkətləri arasında hər hansı əlaqə olmadığından, yəni İddiaçı hazırkı halda vicdanlı alıcı hesab edilərək əməlində oğurluq və digər cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla iddiaçı vicdanlı alıcı hesab edilmişdir Həmin qərardan müəyyən edilir ki, Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun 05 oktyabr 2023-ü il tarixli məktubuna əsasən İNTERPOL-un Baş katibliyindən alınan məlumata görə mübahisə predmeti olan avtomobil xx.xx.2013-cü il tarixdə İsveç Krallığında oğurlanmış və xx.xx.2020-ci il tarixdə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. İşin yuxarıda sadalanan hallarından isə görünür ki, həmin avtomobil oğurluq hadisəsinin törədildiyi 24 iyun 2013-cü il tarixdən sonra 20 avqust 2013-cü il tarixdə cavabdeh tərəfindən X5 adına qeydiyyata alınaraq, AC seriyalı, 012943 nömrəli qeydiyyat şəhadətnaməsi verilmiş, bundan sonra da avtomobilə yeni qeydiyyat nişanı (**-SU-***) təhkim edilərək T.İ.Əliyevin adına AC seriyalı, 075115 nömrəli şəhadətnamə verilmişdir. Daha sonra T.İ.Əliyevin Yunayted Kredit Bank” ASC qarşısında olan kredit öhdəliyinin təminatı olaraq kredit borcu üzrə tutma məhkəmə qətnaməsi əsasında sözügedən avtomobilə yönəldilmiş, avtomobil hərraca çıxarılmış və hərracın nəticəsində 28 iyul 2022ci il tarixdə iddiaçı tərəfindən əldə edilmişdir. Hazırda isə cavabdeh avtomobilin oğurlanma faktı üzrə axtarışda olduğunu əsas gətirərək iddiaçının adına qeydiyyatın aparılmasından imtina edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsi əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən edir. Bu prezumpsiyaya görə əldə edən onun vicdansız sahib olması sübut edilənədək, vicdanlı sahib hesab edilir. Mülki Məcəllənin 182.1-ci maddəsinin mənasına görə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Adıçəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Hazırkı halda, iddiaçının mübahisəli avotomobilə münasibətdə vicdanlı alıcı olduğu nəzərə alınaraq, kollegiya hesab edir ki, sonuncunun bundan irəli gələn hüquqlarının qorunması zərurəti vardır. Digər tərəfdən, kollegiya qeyd edir ki, cavabdeh “İNTERPOL”-dan avtomobilin oğurlanma faktı üzrə axtarışda olmasına dair məlumat aldığı zaman, “İNTERPOL”-la müvafiq yazışma aparmalı və sözügedən məsələnin təfsilatlarını öyrəndikdən sonra, inzibati icraat qaydasında tam və hərtərəfli araşdırma aparmaqla müvafiq qərar qəbul etməli idi. Lakin, cavabdeh tərəfindən belə bir araşdırma aparılmamışdır. Birinci instansiya məhkəməsi isə bu istiqamətdə araşdırma apararaq avtomobilin halhazırda axtarış olub-olmamasına dair DİN İNTERPOL-un Milli Mərkəzi Bürosuna sorğu ünvanlamış, həmin orqan məhkəmənin sorğusuna cavab olaraq VİN: W0LF7BHA68V664305 olan “Opel Vivaro” markalı avtomobillin axtarışda olması barədə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat olmadığını, “Opel Vivaro” markalı nəqliyyat vasitəsinin C010136 mühərrik nömrəsi 1 oktyabr 2008-ci il tarixdə X2rlanmış və 8 noyabr 2015-ci il tarixdə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmış VİN: VF1K012C72K509689, istehsal ili 2002-ci il olan 107VXP qeydiyyat nişanlı, “RENAULT” markalı nəqliyyat vasitəsinin mühərrik nömrəsi ilə eynilik təşkil etdiyini bildirmişdir. İşə baxan məhkəmə hazırda mübahisə predmeti olan W0LF7BHA68V664305 olan “Opel Vivaro” markalı avtomobillin İNTERPOL-un axtarış sistemində olmadığını müəyyən etməsinə baxmayaraq, bu faktı nəzərə almadan iddianı rədd etmişdir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin qeyd olunan xüsusatlarının nəzərə almadan iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2-1(118)-2902/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. “Opel Vivaro” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (mühərrik nömrəsi C010136) İddiaçı adına qeydiyyatının aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar