Məhkəmə qərarları › İş №2-1(105)-105/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-105/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-105/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx xxxx 2020-ci il tarixli **********6919600 saylı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1050/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2019-cu il üçün əlavə hesablanmış mənfəət vergisi üzrə 2524.98 manat borcun və 20.16 manat faiz borcunun, cəmi 2545.14 manat borcun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı MMC-nin direktoru F.Məmmədov iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx xxxx 2020-ci il tarixli **********6919600 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib olunmuş və iddiaçı müəssisənin elektron poçt ünvanına göndərilmiş xx.xx.2020-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdə müəssisənin həmin tarixə olan vergi borcunun 1170.19 manat olduğu göstərilmişdir. MMC-nin vergi şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, vergi orqanı tərəfinfən xx.xx.2020-ci il tarixdə mənfəət vergisi üzrə kameral qaydada 2524.98 manat əlavə vergi və 20.16 manat faiz hesablanmış, lakin vergi orqanı tərəfindən bu verginin hansı üsullarla hesablanması barədə heç bir açıqlama və məlumat verilməmişdir. Bundan əlavə həmin borcun ödənilməsinin təmin edilməsi üçün vergi orqanı tərəfindən MMC-nin bank hesablarına sərəncam qoyulmuşdur. Cavabdehin əlavə zəruri sənədlərin tələb edilməsi haqqında xx.xx.2020-ci il tarixli məktubuna cavab olaraq iddiaçı tərəfindən təhvil-təslim aktının surəti və bank ödəniş tapşırığının surəti təqdim edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1050/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli **********919600 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. (hakim Vəfa Əzizova) Qərardan cavabdeh apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanı tərəfindən həyata keçirilmiş kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (135762,16 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların məbləği (121619,56 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0 manat) məbləği (+) qeyri-rezidentdən alınmış işlərin (xidmətlərin) ödənilmiş dəyərinin (0 manat) cəmi məbləğləri ( 121619,56 manat), çıxılsın (-) cari il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) müqayisəsi nəticəsində baza məlumatlarına əsasən 14142,60 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Qeyd edilənlərə əsasən, xx.xx.2020-ci il tarixli **********701700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 37.4.-cü maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini bu maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün tərəflərindən kameral vergi yoxlaması aparılaraq 2019-cu il mənfəət vergisi bəyannaməsi üzrə 2828,52 manat kameral qaydada vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının xx.xx.2020-ci il tarixli **********919600 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Məhkəmə qərarında hesab etmişdir ki, cavabdeh orqan kameral vergi yoxlaması zamanı “Vergilərin hesablanması barədə” qərarı 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyinə görə qanuni hesab edilməməli və ləğv edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2-ci maddəsində qeyd olunur ki, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. İddiaçı vergi orqanına mənfəət vergisi ilə bağlı dəqiqləşmiş vergi bəyannaməsini xx.xx.2020-ci il tarixdə təqdim etmiş, cavabdeh vergi orqanı 30 iş günü müddətini gözləməklə xx.xx.2020-ci il tarixli **********919600 nömrəli elektron kameral hesablama barədə qərar qəbul etmiş və heç bir müddət pozuntusuna yol verməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almamış, cavabdeh orqan kameral vergi yoxlaması zamanı “Vergilərin hesablanması barədə” qərarı 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyi nəticəsinə gəlmişdir ki, bu da işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsini iddianı təmin etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin göstərilən bəyannamənin təqdim olunduğu gündən 30 gün müddətində iddiaçının fəaliyyətini kameral qaydada yoxlamaq imkanının olmasına baxmayaraq cavabdeh qanunvericiliklə müəyyən edilmiş müddətdə həmin yoxlamanı keçirməmiş, bəyannamə təqdim edildikdən ən azı bir aydan sonra iddiaçını əlavə vergi məsuliyyətinə cəlb etmişdir. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. xx xxxx 2020-ci il tarixli **********701700 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, iddiaçı tərəfindən 2019-cu il üçün mənfəət vergisinin bəyannaməsi xx xxxxxx 2020-ci il tarixdə cavabdehə təqdim olunmuşdur. xx xxx 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı MMC xx.xx.2020-ci il tarixdə 2019cu ilin dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsinə əlavə etmişdir. xx xxx 2020-ci il tarixli ərizəyə əlavə edilmiş təhvil-təslim aktından görünür ki, “xxxx” MMC tərəfindən bir ədədi 34.92 manat olmaqla, 14142.60 manat dəyərində 405 ədəd həyət üçün zibil qutuları İddiaçı MMC-yə təhvil verilmişdir. xx xxx 2020-ci il tarixli ərizəyə əlavə edilmiş bank ödəniş tapşırığından görünür ki, xx.xx.2019-cu il tarixdə iddiaçı MMC tərəfindən “xxxx” MMC-nin hesabına 13968 manat məbləğində ödəniş edilmişdir. xx xxxx 2020-ci il tarixli **********919600 saylı qərardan görünür ki, 2019-cu ilin mənfəət vergisi kimi iddiaçıya 2788.71 manat vergi borcu hesablanmışdır. İş materiallarından görünür ki, iddiaçı barəsində aparılan kameral yoxlama zamanı cavabdehə 2019-cu ilin dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsini təqdim edərkən, təhvil-təslim aktını, eyni zamanda həmin bəyannamə üzrə xərclərin ödənilməsinə dair bank sənədlərini təqdim etsə də, cavabdeh iddiaçının təqdim etdiyi bəyannamə ilə baza məlumatları arasında uyğunsuzluq olduğunu göstərək, kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 iş günü ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri vergi orqanına təqdim etməyini tələb etmişdir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan normalardan görünür ki, kameral vergi yoxlaması vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Vergi yoxalamasının başa çatdırılması üçün lazımı sənədlərin tələb edilməsi də həmin müddət ərzində edilməlidir. Lakin, iş materiallarından görünür ki, vergi orqanı kameral vergi yoxlamasının keçirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddət keçdikdən sonra vergi ödəyicisindən kameral vergi yoxlamasının məqsədləri üçün sənəd tələb etmiş, yoxlamanı vergi bəyannaməsinin təqdim edildiyi gündən 30 iş günü ərzində keçirməmişdir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı barəsində kameral vergi yoxlaması həyata keçirilərkən, iddiaçının cavabdeh tərəfindən vergi məsuliyyətinə cəlb edilməsini şərtləndirəcək hər hansı pozuntuya yol verilməmişdir. Birinci instansiya məhkəməsi həmçinin qərarında göstərmişdir ki, mübahisələndirilən qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 59-cu maddələrinin tələblərinə uyğun tərtib edilməmiş, habelə həmin Məcəllənin 61.1-ci və 61.2-ci maddələrinin tələblərinə uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinə əsasən, inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən, yazı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Mübahisələndirilən qərarda isə yalnız təqdim edilmiş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində əlavə vergi məbləğinin hesablandığı qeyd edilmişdir. Cavabdeh inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandırmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1050/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar