Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-105/2025 11.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X21 qızının katibliyi, İddiaçı X5, Üçüncü şəxslər X8, X9 X6, X15 və X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “üçüncü şəxsin adına verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2-1(118)-2872/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli, 12 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı, X2, X3, X12 və X10 Xaçmaz rayonunun Armudpadar kəndindən ayrılmış 1,47 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair Xaçmaz rayon torpaq şöbəsi tərəfindən onların adına 03 mart 1997ci il tarixli, JN-2126 KOD 30209048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir.
2. Eyni zamanda, Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən 1,47 ha torpaq sahəsinə dair X1 adına DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən 2006-cı il tarixli, JN- 9068 KOD 30209048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmiş və aktın tərtib edilməsinə əsas olaraq Qusar Rayon Məhkəməsinin 07 fevral 2006-cı il tarixli, 2-626a/2006 nömrəli qətnaməsi göstərilmişdir.
3. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən 1,47 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-6724/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən JN-2126 nömrəli, KOD 30209048 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 1,47 ha torpaq sahəsinin faktiki yeri vahid məlumat bazasında (DWG) dövlət reyestrindən digər şəxsin adına verilmiş çıxarışda göstərilən torpaq sahəsinin cizgisi ilə kəsişir.
5. Daha sonra iddiaçı yenidən xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh orqana müraciət edərək 1,47 ha torpaq sahəsinə dair adına dövlət reyetsrindən çıxarış verilmiş şəxs barədə ona məlumat verilməsini xahiş etmişdir.
6. Müraciətə cavab olaraq cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2- 9288/2023 nömrəli məktubla bildirilmişdir ki, müraciət olunan torpaq sahəsinə dair Qusar Rayon Məhkəməsinin 07 fevral 2006-cı il tarixli, 2-626a/2006 nömrəli qətnaməsinə əsasən X1 adına DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən 2006-cı il tarixli, JN-9068 KOD 30209048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir.
7. xx.xx.2023-cü il tarixli imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxs X4 1,47 ha torpaq sahəsinə dair verilmiş JN-9068 KOD 30209048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının etibarsız hesab edilməsi və Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində yerləşən 1,47 ha torpaq sahəsi üzərində onun və ailə üzvlərinin hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə dair çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia olunan 1,47 ha torpaq sahəsi ona və ailə üzvlərinə ayrıldığı 1997-ci ildən bu günədək istifadəsindədir. Tərəflərindən vəkil sorğusuna cavab olaraq Qusar rayon məhkəməsi tərəfindən 10 avqust 2023-cü il tarixli, G(029)- 352/2023 saylı məktubla bildirilmişdir ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin, statistik kartoçkalarınm qeydiyyatında 2-626a/2006 saylı iş mövcud deyildir. Bu səbəbdən həmin iş üzrə hər hansı bir sənədin verilməsi qeyrimümkündür. Onun və ailə üzvlərinin adına olan JN-2126 KOD 30209048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1,47 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan ölçüsü sənədinin verilməsinə mane törədən yalnız X1 adına verilmiş JN-9068 KOD 30209048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktıdır. X25 Qusar rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-626a/2006 saylı qətnaməsinə əsasən işlənmiş, göstərilən qətnamə isə Qusar rayon məhkəməsində qeydiyyatdan keçməyən “qətnamə” dir. Yəni, X25 mövcud olmayan (saxta) qətnamə əsasında verilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2-1(118)-2872/2024 nömrəli qərardadı ilə X8 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2-1(118)-2872/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Ceyhun Məmmədov)
11. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən Qusar Məhkəməsinin mövcud olmayan qətnaməsinin əsasında torpaq sahəsinə üzərində mülkiyyət hüququnun yaranmasının qanunsuz olmasına münasibətdə nəzərə almaq lazımdır ki, üçüncü şəxs tərəfindən torpaq sahəsinə çıxarışın alınması və buna dair etirazının olmaması onun iradə ifadəsini nümayiş etdirir. Qeyd olunan torpaq sahəsinin üçüncü şəxsin istifadəsində 10 ildən artıq olması və həmin sahənin geri qaytarılması ilə bağlı hər hansı bir tələbinin olmaması yuxarıda qeyd olunan razılıq əlamətinin olmasına dəlalət edir. Hətta, qeyd olunan torpaq sahəsinə dair qanunsuz olaraq üçüncü şəxsin adına mülkiyyət hüququna dair çıxarışın verilməsi təsdiqlənsə belə, onun 10 ildən artıq torpaq sahəsinin üzərində fasiləsiz və etirazsız mülkiyyət hüququnun həyata keçirilməsi həmin əmlakın onun mülkiyyəti hesab edilməsinə əsas verir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.5-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydə almanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. İddiaçı tərəfindən təqdim edilən sübutlarla mübahisə predmetinə dair Torpaq Məcəlləsinin 73-cü maddəsində nəzərdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsaslarından hər hansı əsas müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.3-cü maddəsinə əsasən torpağa dair verilmiş şəhadətnamələr-daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Xaçmaz rayonu Yergüc Bələdiyyəsinin 10 sentyabr 2024-cü il tarixli, 45 nömrəli arayışı ilə təsdiq olunur ki, bələdiyyənin Armudpadar kəndi ərazisində JN-2126 nömrəli Dövlət Aktına əsasən 1,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinə məxsusdur. Torpaq sahəsinin 2021-ci ilə qədər olan bələdiyyə vergilərini iddiaçı ödəmişdir. Həmçinin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Xaçmaz X24 Mərkəzinin 16 sentyabr 2024-cü il tarixli, 3-22-3-27/2- Ə-12-xx-xx/2024 nömrəli arayışda qeyd olunur ki, iddiaçının Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində mülkiyyətində olan 1,47 ha torpaq sahəsi X14 İnformasiya Sistemində 2021-2022-ci bəyan ili üzrə qeydiyyatdan keçmiş, həmin bəyan üzrə ona subsidiya verilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, 1,47 ha torpaq sahəsi 2000-ci ildə onun tərəfindən 2500 dollar qarşılığında üçüncü şəxs X4 verilmiş, lakin, bununla bağlı aralarında alqı-satqı müqaviləsi bağlanmamışdır. Torpaq sahəsinə dair vergiləri davamlı olaraq özü ödəmiş və torpaq sahəsinə görə ona subsidiya verilmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək üçüncü şəxs X1 adına 1,47 ha torpaq sahəsinə dair verilmiş JN-9068 KOD 30209048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X9, X6, X15 və X13 şikayətin təmin edilməsini xahiş etmişdirlər.
16. Üçüncü şəxs X8 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı ailəsindən qalan 1,47 ha torpaq sahəsini 2500 dollar məbləğinə ona vermişdir. Həmin torpaq sahəsinə dair aralarında alqı-satqı müqaviləsinin bağlanması üçün iddiaçı ilə notariat orqanına müraciət etməmişlər, həmin dövrdə alqı-satqı notariat orqanında təsdiqlənmirdi, adətən, bununla bağlı kənd sovetindən arayış verilirdi. Üçüncü şəxs şikayətin təmin edilməməsini xahiş etmişdir.
17. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdirlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
22. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
24. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12-ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
25. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
26. Hazırda iddiaçının tələbi Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 1,47 ha torpaq sahəsinə dair üçüncü şəxs X1 adınna verilmiş JN-9068 KOD 30209048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ləğv edilməsi barədədir.
27. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.5ci maddəsinə istinad edərək, mübahisə predmeti olan 1,47 ha torpaq sahəsinin üçüncü şəxsin istifadəsində 10 ildən artıq olduğundan onun bu torpağın mülkiyyətçisi sayıldığını və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinin tələbi baxımından torpağa dair verilmiş şəhadətnamələrin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri olduğu hallarını əsas götürərək iddianı rədd etmişdir.
28. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq əvvəla onu qeyd edir ki, birinci instansiya məhkəməsi üçüncü şəxsin adına verilmiş X25nın mötəbərliyi istiqamətində araşdırma aparmamışdır.
29. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli, 12 nömrəli qərarın 49-cu bəndinin a) yarımbəndindən görünür ki, Armudpadar kəndində 9,6 ha torpaq sahəsi ayrılmaqla “Ələddin-Ə” kəndli fermer təsərrfüatının yaradılması barədə Yergüc sovxozunun AİK-nin xx.xx.1996-cı il tarixli qərarının təsdiq edilməsi qərara alınmışdır.
30. Sorğuya əlavə edilmiş Yergüc inzibati ərazi vahidinin nümayəndəsi tərəfindən təsdiq edilmiş Armudpadar kəndində yaşayan və pasport qeydiyyatında olan vətəndaşların siyahısının 805-809-cu bəndlərində iddiaçı və ailə üzvləri olan - X9, X11, X15 və X7 adları və 0,08 ha həyətyanı torpaq sahələri olduğu göstərilmişdir.
31. Xaçmaz rayon AİK-nin sözügedən 30 dekabr 1996-cı il tarixli, 12 nömrəli qərarı əsasında Armudpadar kəndində yerləşən 1,47 ha torpaq sahəsinə dair iddiaçı və onun ailə üzvləri olan üçüncü şəxslərin adına 1997-ci il tarixdə JN-2126 nömrəli, KOD 30209048 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir.
32. İddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müraciətinə cavab olaraq cavabdehin hazırkı qərarın 4-cü bəndində qeyd olunan məktubundan göründüyü kimi sözügedən torpaq sahəsinə dair üçüncü şəxs X1 adına 2006-cı il tarixdə JN-9068 KOD 30209048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir.
33. İddiaçı tələbinin əsası olaraq hazırda qüvvədə olan və məhkəmə araşdırması zamanı mötəbərliyi təsdiq edilən sözügedən 1,47 ha torpaq sahəsinə dair JN-2126 nömrəli, KOD 30209048 Dövlət Aktına istinad edərək, üçüncü şəxsin Dövlət Aktını mübahisələndirir.
34. İddiaçı və ailə üzvlərinin adına olan Dövlət Aktında göstərilən 1,47 ha torpaq sahəsi ilə üçüncü şəxsin adına olan Dövlət Aktında göstərilən eyni ölçüdə torpaq sahəsinin eyni torpaqlar olması isə işin tərəflər arasında mübahisələndirilməyən halıdır, üçüncü şəxs də məhkəmə iclasında izahatında bu halı təsdiq etmişdir.
35. Belə ki, üçüncü şəxs izahatında iddiaçı tərəfindən hazırda iddia olunan 1,47 ha torpaq sahəsinin 2500 dollar məbləğinə ona satıldığını və həmin torpaq sahəsinə dair adına Dövlət Aktı aldığını bildirmişdir.
36. Üçüncü şəxsin adına JN-9068 KOD 30209048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının tərtib edilməsinə əsas olaraq Qusar Rayon Məhkəməsinin 07 fevral 2006-cı il tarixli, 2-626a/2006 nömrəli qətnaməsi göstərilsə də, iddiaçının vəkili tərəfindən verilmiş vəkil sorğusuna cavab olaraq Qusar rayon məhkəməsinin 10 avqust 2023-cü il tarixli, G(029)-352/2023 nömrəli məktubundan görünür, məhkəmənin 2006-cı il üzrə arxivinin, həmçinin, statistik kartoçkalarının qeydiyyatında 2-626a/2006 nömrəli iş mövcud deyildir.
37. Həmçinin, məhkəmə kollegiyasının sorğuları nəticəsində də üçüncü şəxsin adına JN-9068 KOD 30209048 nömrəli Dövlət Aktının tərtib edilməsinə əsas olan sənədlər cavabdeh orqanın, eləcə də, "xxxx" MMC-nin arxivində aşkar edilməmişdir.
38. Beləliklə, 1,47 ha torpaq sahəsinə dair üçüncü şəxs X1 adına tərtib edilmiş JN- 9068 KOD 30209048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən məlumatların həqiqiliyi və Aktın mötəbərliyi müəyyən edilməmişdir.
39. Məhkəmə araşdırması nəticəsində mübahisələndirilən Dövlət Aktında göstərilən məlumatların həqiqiliyi – Qusar Rayon Məhkəməsinin 07 fevral 2006-cı il tarixli, 2- 626a/2006 nömrəli qətnaməsi ilə üçüncü şəxsə 1,47 ha torpaq sahəsinin ayrılması öz təsdiqini tapmamışdır.
40. “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı reyestrdəki qeydiyyatı əks etdirən sənəd olduğundan inzibati akt kimi qiymətləndirilə bilməz. X25 inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir.
41. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
42. Həmin Qanunun 67.6 və 67.6.2-ci maddəsinə görə maraqlı şəxs səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda etimadın qorunması hüququna istinad edə bilməz.
43. Hazırkı halda kollegiya hesab edir ki, üçüncü şəxsin adına JN-9068 KOD 30209048 nömrəli Dövlət Aktı mövcud olmayan məhkəmə qətnaməsi əsas götürülməklə tərtib edildiyindən, və bununla da, X25nın mötəbərliyi müəyyən edilmədiyindən üçüncü şəxs inzibati orqana qarşı etimadın qorunması hüququna istinad edə bilməz. Belə ki, etimad hüququ qanuni əsaslarla qəbul edilmiş inzibati və real aktlara münasibətdə tətbiq edilən anlayışdır.
44. Bunda əlavə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırkı işə Mülki Məcəlləsinin 178.5-ci maddəsinin tətbiqi ilə bağlı mövqeyi də yanlışdır, həmin norma hazırkı işin hallarına tətbiq edilə bilməz.
45. Belə ki, qeyd olunan maddəyə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır.
46. Göründüyü kimi şəxs 10 il ərzində faktiki sahiblik etdiyi torpaq sahəsinin mülkiyyətçisi o halda sayılır ki, torpaq sahəsinə dair reyestrdə adına aparılmış qeydiyyatın əsassız olduğunu bilməmiş olsun.
47. Hazırkı işin hallarından isə görünür ki, torpaq sahəsi üçüncü şəxsin faktiki istifadəsində olmuş olsa belə, həmin torpaq sahəsinə dair öz adına tərtib edilmiş JN- 9068 KOD 30209048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının mötəbər sənəd olmadığını bilirdi.
48. Belə ki, üçüncü şəxs məhkəmə iclasında izahatda həmin torpaq sahəsini Dövlət Aktında göstərildiyi kimi məhkəmə qətnaməsi əsasında deyil, iddiaçı tərəfindən 2500 dollar məbləğində pul qarşılığında ona faktiki olaraq satıldığını qeyd etmişdir.
49. Torpaq sahəsinə dair həqiqətən də belə alqı-satqının aparıldığına dair isə iş materiallarında sübut əhəmiyyətli sənəd (notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi) mövcud deyildir, üçüncü şəxs tərəfindən də məhkəməyə təqdim edilməmişdir.
50. Beləliklə, kollegiya işin sadalanan xüsusatlarını nəzərə alaraq qeyd edir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli, 12 nömrəli qərarına əsasən 1,47 ha torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinə ayrılmasına baxmayaraq, mövcudluğu və mötəbərliyi təsdiq edilməyən Qusar Rayon Məhkəməsinin 07 fevral 2006-cı il tarixli, 2-626a/2006 nömrəli qətnaməsi əsas göstərilərək həmin torpaq sahəsinə dair üçüncü şəxsin adına DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən 2006-cı ildə JN-9068 KOD 30209048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktı qanunsuz və əsassız olaraq tərtib edildiyindən və bununla da, iddiaçı və ailə üzvlərinin mülkiyyət hüququnun pozulmasına səbəb olduğundan, X25 ləğv edilməlidir.
51. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatlarının nəzərə almadan, iddia tələbini rədd etmiş bununla da, düzgün nəticəyə gəlməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 2-1(118)-2872/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən X1 adına verilmiş JN-9068 KOD 30209048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.