Məhkəmə qərarları › İş №2-1(105)-1050/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1050/2025

12.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1050/2025 12.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “28 yanvar 2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2-1(118)-5004/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür (AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi).

2. H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.

3. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 17 iyul 1978-ci il tarixli, 417 nömrəli “attestat” a əsasən iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil almışdır.

4. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Bakı Mebel Kombinatında, xx.xx.1981-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı Mebel Hissələri Kombinatında (10 noyabr 1997-ci il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir), xx.xx.2019-cu il tarixdən hal-hazıradək "xxxx" ASC-də işləyir.

5. İddiaçı xx.xx.2025-ci il tarixində cavabdeh orqana yaşa görə əmək pensiyasının verilməsi tələbi ilə müraciət etmişdir.

6. Cavabdeh orqan 19 fevral 2025-ci il tarixli 3-17-1/2-Y-39147/2025 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş məlumatlara və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1978ci il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla, cəmi sığorta stajı 9 il 13 gün təşkil edir. Eyni zamanda, fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01. 2006-cı il tarixinədək 3 il 8 ay 13 gün sığorta stajına uyğun olaraq 3906,46 manat xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək 8054,14 manat olmaqla, ümumilikdə, 11960,60 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olan tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən 01.01. 2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1981-ci il tarixdən xx.xx.2001-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma zamanı Əmək Məcəlləsinə istinad olunub yazılmalı olduğu halda, xx.xx-1999-cu il tarixədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad olunaraq yazılmışdır. Həmçinin, işdən azadolma tarixi qeyri-iş gününə təsadüf edir) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

7. Verilən imtina qərarı ilə razılaşmayan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 28 yanvar 2025-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona yaşa görə pensiya təyin edilməsindən cavabdehin imtinası ondan ibarətdir ki, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1981-ci il tarixdən xx.xx.2001-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Cavabdehin mövqeyini əsassız hesab edir. Belə ki, əmək kitabçasının doldurulması işçinin səlahiyyətinə aid deyil. Digər tərəfdən, əmək kitabçasının necə doldurulmasından asılı olmayaraq qeyd edilən dövrdə işləmişdir. Əmək kitabçası qüvvədədir, bu baxımdan, orada yazılanlar həqiqi hesab edilməlidir. Cavabdehin məktubundan da göründüyü kimi, xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək əyani təhsil aldığı illər, xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla, cəmi sığorta stajı 9 il 13 gün təşkil edir. Əmək kitabçasında göstərilən xx.xx.1981-ci il tarixdən xx.xx.2001-ci il tarixinədək olan dövrlə birlikdə 2006-cı ilin yanvar ayının 1-dək sığorta stajı 28 il 7 ay 15 gün təşkil edir ki, bu da ona yaşa görə pensiya təyin edilməsi üçün əsas təşkil edir.

9. Cavabdeh iddia tələbinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Sumqayıt İnzibati Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2-1(118)- 5004/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçının 65 yaşının tamam olduğu 28 yanvar 2025-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Aynur Axundova).

11. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 05 may 2025-ci il tarixli, 3-21-2-1/2-7291/2025 saylı məktubu ilə müəyyən olunmuşdur ki, dövlət reyestrində "xxxx" X3 Cəmiyyəti barədə məlumatlar mövcuddur. Bundan əlavə, iddiaçıya münasibətdə “Bakı Mebel Hissələri Kombinatı” tərəfindən xx.xx.1993-cü il tarixli qərar, xx.xx.1993-cü il tarixli, 018856 nömrəli order, xx.xx.2009-cu il tarixli depo hesabından çıxarış verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Cavabdehin etirazında əsaslandırdığı hallar - işdən çıxma zamanı Əmək Məcəlləsinə istinad olunub yazılmalı olduğu halda, xx.xx.1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad olunaraq yazılması və işdən azadolma tarixinin qeyri-iş gününə təsadüf etməsi iddiaçının təqsiri kimi qiymətləndirilib, onun məsuliyyətinə səbəb ola bilməz. Mübahisəli dövrlər iddiaçının sosial sığorta stajına daxil edildiyi zaman onun 25 il ümumi iş stajı yaranmış olur.

12. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarında iddiaçının müvafiq müəssisədə işləməsini "xxxx" ASC-nin İdarə Heyətinin sədrinin imzası və müəssisənin möhürü ilə təsdiqlənmiş xx.xx.2025-ci il tarixli arayışla əsaslandırmışdır. Məhkəmənin mövqeyinə münasibətdə bildirirlər ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli 3-21-2-1/2- 7291/2025 nömrəli məktubuna əsasən "xxxx" ASC-nin sahibkarlıq fəaliyyətini dayandırması və vergi tutulan əməliyyatların olmaması barədə təqdim etdiyi arayışa əsasən uçot məlumat bazasında həmin Cəmiyyətin fəaliyyətinin xx.xx.2025-ci il tarixdən xx.xx.2035-ci il tarixədək dayandırılması barədə qeyd edilmişdir. Bununla əlaqədar olaraq, məhkəmə qərarında istinad edilən xx.xx.2025-ci il tarixli arayışın mötəbərliyi şübhəli hal kimi hesab olunmalıdır. xx.xx.2025-ci il tarixdən fəaliyyəti dayanmış müəssisənin heç bir sənədə istinad etmədən və səlahiyyəti olmadan xx.xx.2025-ci il tarixdə arayış təqdim etməsi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli Qərarının tələbləri pozulmaqla doldurulmuşdur. Belə ki, işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır və qeyd olunanlarla bağlı əmək kitabçasında qeyd olunan dövrlərin mötəbərliyinə əsaslı şübhələr olsa da, məhkəmə tərəfindən əlavə araşdırılma aparılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili şikayətin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdirlər.

TƏTBİQ EDİLƏN HÜQUQ:

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. ... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. ... 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1–22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.

18. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

20. “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası:

4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; ...

22. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

24. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

27. “Əmək pensiyaları haqqında” Qanununun yuxarıda qeyd edilən 22-1.1-ci, 22- 1.2.1-ci maddəsinin tələblərindən görünür ki, 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları avtomatlaşdırılmış qaydada təyin edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanmasının xüsusi qaydası müəyyən edilmişdir. Bu qaydaya görə 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.

28. Normanın tələbindən göründüyü kimi 2019-cu il yanvarın 1-dən etibarən təyin edilmiş əmək pensiyalarına münasibətdə sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 ildən az olduğu halda belə 25 il nəzərə alınır.

29. Hazırkı iş üzrə iddiaçının 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün Qanunun 7-ci maddəsinin tələblərinə əsasən iki şərt mövcud olmalıdır: 1) 65 yaşının tamam olması; 2) 25 il sığorta stajının mövcud olması.

30. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olduğu üçün 65 yaşına çatması işin mübahisə edilməyən halıdır.

31. İddiaçının hərbi xidmət (xx.xx.1979-xx.xx.1981-ci il), təhsil (xx.xx.1977xx.xx.1978-ci il) və əmək kitabçasının (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1981-xx.xx.2001ci il, xx.xx.2019-xx.xx.2025-ci il (65 yaşının tamam olduğu tarix)) yuxarıda qeyd olunan məlumatları nəzərə alındıqda onun sığorta stajı 29 il 03 ay 27 gün təşkil edir.

32. Cavabdeh iddiaçının əmək kitabçasında Bakı Mebel Hissələri Kombinatında (hazırkı "xxxx" ASC) işlədiyi qeyd olunan xx.xx.1981-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma qeydində Əmək Məcəlləsinə istinad edilməli olduğu halda, xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad olunaraq yazılmış və işdən azadolma tarixi qeyri-iş gününə təsadüf etmişdir) həmin dövrü iddiaçının sığorta stajına daxil etməmiş və apellyasiya şikayətinin dəlillərində də bu dövrü qəbul etmədiyini bildirmişdir.

33. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasının 6-cı səhifəsinin 3-4-cü qrafalarında onun "xxxx" ASC-dən müəssisənin xx.xx.2001-ci il tarixli əmri əsasında həmin tarixdə Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinə müvafiq olaraq öz xahişi ilə işdən azad edildiyi barədə qeyd yazılmışdır.

34. Cavabdeh bildirir ki, həmin dövrdə AR Əmək Məcəlləsi qüvvədə olduğundan işdən azad edilmə qeydində həmin Məcəlləyə istinad edilməli idi.

35. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, bu hal iddiaçının həmin idarədə işləməsini təkzib edən hal kimi qiymətləndirilməməlidir, belə ki, əmək kitabçasının düzgün və qanunauyğun şəkildə doldurulması işçinin deyil, işəgötürənin vəzifələrinə aid məsələdir.

36. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 may tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun doldurulması” Qaydalarında qeyd olunan məsələlər tənzimlənmişdir. Qaydaların: - 3.1-ci bəndinə əsasən əmək kitabçasının doldurulması işəgötürən, bu Qaydaların 3.4-cü bəndi ilə müəyyən edilmiş hallarda isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının dövlət dilində aparılır. - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: 3.2.2. 3-cü bölmədə – 1-ci qrafada daxil edilən qeydin sıra nömrəsi, 2-ci qrafada işçinin işə qəbul edildiyi, başqa daimi işə keçirildiyi və işdən çıxarılmasının əsası göstərilməklə əmək müqaviləsinə xitam verildiyi tarix (gün, ay, il), 3-cü qrafada başlıq formasında işəgötürənin tam adı, işçinin peşəsi (vəzifəsi), təyin edildiyi struktur bölmə, 4-cü qrafada qeydin əsası (sənəd, onun tarixi və nömrəsi). İşəgötürənin, onun struktur bölmələrinin, peşələrin (vəzifələrin) adlarında dəyişikliklər olduqda əmək kitabçasında müvafiq dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına, qərarına) əsasən aparılır. - 3.5-ci bəndinə əsasən əmək kitabçasında işə qəbul və başqa daimi işə keçirilmə barəsində bütün qeydlər işəgötürən tərəfindən müvafiq əmr (sərəncam, qərar) verildikdən 5 (beş) gündən gec olmamaq şərtilə əmək müqaviləsinə xitam verilmə haqqında isə işçinin əmək müqaviləsinə xitam verildiyi gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın, qərarın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. - 3.6-cı bəndinə əsasən işə qəbul və başqa daimi işə keçirilmə barəsində səhv və qeyri-dəqiq qeydlər aşkar edildikdə işəgötürən tərəfindən düzəliş aparılır. - 3.8-ci bəndinə əsasən əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyridəqiq qeyd aparmış dövlət orqanı (qurumu) ləğv edilmişdirsə, düzəlişlər onun hüquqi varisi tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır.

37. Sadalanan normaların tələbindən göründüyü kimi işçinin əmək kitabçasında müvafiq qeydlər məhz bununla bağlı işəgötürən tərəfindən edilmiş müvafiq əmr əsasında edilir. Bu qeydlərdə səhv olduqda isə kitabçaya işəgötürən tərəfindən, müvafiq qeyd aparmış dövlət orqanı ləğv edildiyi halda isə onun hüquqi varisi tərəfindən düzəliş edilir.

38. Əmək kitabçasına bununla bağlı düzəliş edilməsə də, birinci instansiya məhkəməsində icraat zamanı "xxxx" ASC tərəfindən verilmiş 07 may 2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrdə "xxxx" ASC-də işləmiş və əmək haqqı almışdır. Onun əmək kitabçasında işdən çıxma zamanı qüvvədə olan Əmək Məcəlləsinə deyil, xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad edilməsi və işdən azadolma tarixinin qeyri-iş günü kimi qeyd edilməsi kadrlar şöbəsinin əməkdaşının səhvidir. Kadrlar şöbəsinin əməkdaşı hüquqşünas olmadığı üçün əmək kitabçasında “Əmək Məcəlləsi” əvəzinə “Əmək Qanunları Məcəlləsi” qeyd etmişdir. İddiaçı qeyd edilən müddət ərzində Cəmiyyətdə işləmiş və öz ərizəsi ilə işdən azad olunmuşdur. Əmək kitabçasının qeydlərinin şübhə altına alınmasının heç bir əsası yoxdur, kitabçanın doldurulmasında onun heç bir rolu olmamışdır.

39. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 may 2025-ci il tarixli, 3-21-3/2-6368/2025 nömrəli məktubundan, eləcə də, Dövlət Vergi Xidmətinin 05 may 2025-ci il tarixli, 3-21-2-1/2-7291/2025 nömrəli məktubundan "xxxx" X3 Cəmiyyətinin Bakı Mebel Hissələri Kombinatının bazasında yaradıldığı və onun hüquqi varisi olduğu, həmçinin, qurumun xx.xx.1997-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində fəaliyyətdə olduğu görünür.

40. Göründüyü kimi iddiaçının işlədiyi Bakı Mebel Hissələri Kombinatının hüquqi varisi olan müəssisə tərəfindən onun mübahisələndirilən dövrdə həmin müəssisədə işlədiyi, əmək kitabçasının cavabdehin bildirdiyi kimi doldurulması qaydasının isə müəssisənin hüquqşünas olmayan əməkdaşının səhvi nəticəsində pozulduğu təsdiq edilmişdir.

41. Cavabdeh şikayətin dəlillərində əlavə olaraq bildirmişdir ki, "xxxx" ASC xx.xx.2025-ci il tarixədək fəaliyyətdə olduğundan onun tərəfindən bu tarixdən sonra 07 may 2025-ci il tarixdə verilmiş arayış mötəbər hesab edilməməlidir.

42. Kollegiya şikayətin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, DVX-nin yuxarıda qeyd olunan məktubundan, eləcə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə elektron informasiya sisteminin məlumatlarından görünür ki, ASC-nin fəaliyyəti passiv (dayandırılmış) olsa da, ********** VÖEN ilə hazırda da vergi uçotundadır, uçotdan çıxarılmamışdır. Passiv status o deməkdir ki, hazırda vergi öhdəlikləri (dövriyyə, əməliyyat, vergi bəyannaməsi) yoxdur və ya faktiki fəaliyyət göstərmir.

43. Hazırda vergi ödəyicisi kimi uçotda olan müəssisənin faktiki olaraq faəliyyət göstərməməsi isə onun tərəfindən verilmiş arayışın mötəbərliyini şübhə altına almaq üçün əsas deyildir.

44. Bundan başqa, işdən görünür ki, hətta iddiaçının işləmiş olduğu Bakı Mebel Hissələri Kombinatı tərəfindən iddiaçıya işlədiyi dövrdə yaşayış evi də verilmişdir.

45. Belə ki, Bakı Mebel Hissələri X1 Komitəsinin 02 aprel 1993-cü il tarixli, 99 nömrəli qərarına əsasən iddiaçıya 4 nəfərdən ibarət ailə üzvü ilə birlikdə (özü, arvadı, iki qızı) müəssisənin işçiləri üçün inşa edilmiş 1 nömrəli yaşayış binasının 145 nömrəli mənzili ayrılmış, bununla bağlı iddiaçının adına xx.xx.1993-cü il tarixli, 018856 nömrəli order də verilmişdir.

46. Kollegiya qeyd edir ki, sadalanan sübutlar iddiaçının xx.xx.1981-xx.xx.2001-ci il tarixləri arasındakı dövrdə Bakı Mebel Hissələri Kombinatında işlədiyini təkzibedilməz şəkildə təsdiq edir.

47. Odur ki, cavabdehin sözügedən dəlili iddiaçının həmin dövrdə qeyd olunan müəssisədə işlədiyinə şübhə yaradan hal deyildir.

48. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi formal tələblərdən sui-istifadəni inzibati orqanlara qadağan edir. Belə ki, həmin Qanunun 15.2 və 15.2-cü maddələrinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz.

49. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

50. Həmçinin, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu.

51. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

52. Habelə, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

53. Göründüyü kimi, həm iddiaçının işlədiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

54. Mübahisələndirən dövrlər ərzində də iddiaçının Bakı Mebel Hissələri Kombinatında işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmişdir.

55. Beləliklə, kollegiya qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.

56. Odur ki, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi dövr də nəzərə alındığında, onun 25 ildən artıq sığorta stajına malik olduğu aşkar edilir.

57. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2-1(118)-5004/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar