Məhkəmə qərarları › İş №2-1(105)-1052/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1052/2024

24.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1052/2024 24.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Açar sözlər: mülkiyyət hüququnun qeydə alınması və dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Hacıyev Vahid Məcid oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt bələdiyyəsinin 24 may 2005-ci il tarixli, 17 saylı qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin "Novxanı" bağları ərazisində yerləşən sahəsi 1000 kv m olan bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-536/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 17 saylı protokol qərarından görünür ki, Novxanı bağları ərazisində sahəsi 1000 kv.m olan 4959v saylı bağ torpaq sahəsinin Ağayeva Nənəş Ədalət qızının mülkiyyətinə verilməsi qərara alınmışdır. Sumqayıt şəhər bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinin planından görünür ki, həmin sənəd N.Ağayevaya ayrılmış torpaq sahəsinə dair tərtib edilmişdir. DT və XK-nin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, Ağayeva Nənəş Ədalət qızına 4959V saylı bağın 1000 kv.m torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etmir. 23 noyabr 2024-cü il tarixli, 017353 saylı qəbzdən görünür ki, Ağayeva Nənəş Ədalət qızı Sumqayıt bələdiyyəsinin hesabına 6 000 000 manat torpaq pulu ödəmişdir. AZ-İ 457654 nömrəli nikah haqqqında şəhadətnamədən görünür ki, Ağayeva Nənəş Ədalət qızı xx.xx.2008-ci il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuş və ərinin soyadını qəbul etmişdir. MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4959V nömrəli 0,10 ha bağ sahəsi Ağayev Ədalət Kamal oğlunun mülkiyyətindədir. AA 000470 nömrəli torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd Ə.Ağayevə ayrılmış 0,10 ha torpaq sahəsinə dair tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli N.Ağayevaya ayrılmış 0,10 ha torpaq sahəsinin müayinə aktından görünür ki, texniki inventallaşdırma işləri aparıldı. Torpaq sahəsi daxilində tikinti yoxdur, torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətti keçmir. Cavabdehin imtina bildirişindən görünür ki, 24 may 2005-ci il tarixində Sumqayıt Bələdiyyəsinin müvafiq torpaq sahəsinin ayrılması barədə qərar qəbul etdiyi, lakin sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmadığı və sözügedən torpaq sahəsinə dair alqı-satqı aktının tərtib olunmadığı müəyyən olunmuşdur. Bundan əlavə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi rəy möhürlə təsdiqlənməmiş həmçinin “Torpaq sahəsinin plan və ölçüsü" sənədi ərizəyə əlavə olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Ağayev Ədalət Kamal oğluna ayrılmış 4959b saylı bağ torpaq sahəsi ilə qeydiyyata alınmış 4959v saylı bağ torpaq sahəsi eyni bağ sahəsidir. Sumqayıt Bələdiyyəsinin 24 may 2005-ci il tarxili, 17 saylı qərarı ilə Məmmədova (Ağayeva) Nənəş Ədalət qızının mülkiyyətinə verilmiş 4959v bağ torpaq sahəsinin koordinatları ilə Ağayev Ədalət Kamal oğlunun adına qeydiyyata alınmış bağ torpaq sahəsinin koordinatları ilə üstüstə düşmür. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2006-cı ildə tərtib edilmiş “Torpaq sahəsinin planı” sənədində torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından yerləşmə mövqeyinin uyğunluğunu müəyyən etmək mümkün olmamışdır. Sumqayıt Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 15 saylı protokoluna əsasən xx.xx.2005-ci il tarixli 17 saylı protokol ləğv edilmişdir. Bundan sonra Ağayev Ədalət Kamal oğluna 4959b nömrəli bağ torpaq sahəsi deyil 4959v nömrəli bağ torpaq sahəsi ayrılmışdır. Torpaq sahələrinin sxem üzrə ardıcıllıqları eyni olsa da, bağ torpaq sahələrinin ardıcıllıqla nömrələnməsi dəyişdirilmişdir. Sumqayıt Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, cavabdehin Sumqayıt Bələdiyyəsinin 24 may 2005-ci il tarixli, 17 saylı qərarına əsasən Məmmədova (Ağayeva) Nənəş Ədalət qızının mülkiyyətinə ayrılmış sahəsi 1000 kvadrat metr olan 4959V saylı bağ torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin 17 may 2007-ci il tarixli,15 saylı qərarı ilə Ağayev Ədalət Kamal oğluna ayrılması barədə bildirdikləri tamamilə əsassızdır və həqiqətə uyğun deyildir. Belə ki, Sumqayıt Bələdiyyəsinin 24 may 2005-ci il tarixli, 17 saylı qərarlarına əsasən Sumqayıt şəhəri, ’’Novxanı bağları” ərazisində yerləşən və bir-biri ilə həmsərəd olan sahəsi 1000 kvadrat metr olan bağ torpaq sahəsi 4959 nömrəsi altında Ağayev Ədalət Kamal oğlunun, sahəsi 1000 kvadrat metr olan bağ torpaq sahəsi 4959v nömrəsi altında qızı Məmmədova (Ağayeva) Nənəş Ədalət qızının,sahəsi 1000 kvadrat metr olan bağ torpaq sahəsi isə B-4959b nömrəsi altında oğlu X8 oğlunun mülkiyyətinə verilmişdir. Lakin adı çəkilən bələdiyyə qərarları qəbul edilərkən qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilmiş Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin rəyləri alınmadı üçün Ağayev Ədalət Kamal oğlu Sumqayıt Bələdiyyəsinin 24 may 2005-ci il tarixli, 17 saylı qərarı ilə mülkiyyətinə ayrılmış Sumqayıt şəhəri,’’Novxanı bağları" ərazisində yerləşən sahəsi 1000 kvadrat metr olan -959 nömrəli bağ torpaq sahəsini öz mülkiyyəti kimi dövlət qeydiyyatından keçirə cümədiyinə görə həmin torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada enidən sənədləşdirilməsi ilə bağlı Sumqayıt Bələdiyyəsinə müraciət etmişdir. Nəticədə Sumqayıt Bələdiyyəsinin 24 may 2005-ci il tarixli, 17 saylı qərarı ilə Ağayev Ədalət yenidən sənədləşmə işləri həyata keçirilmiş,həmin bağın ayrılması ilə bağlı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 27 sentyabr 2006-cı il tarixli,02/1877 saylı rəyi, torpaq sahəsinin planı alınmış və Ağayev Ədalət Kamal oğlu tərəfindən torpağın alqı-satqı dəyəri olaraq 2004-cü ilin 23 noyabr tarixində ödədiyi 1200 manatdan əlavə 600 manat ödənişin həyata keçirilməsi də təmin olunmuşdur. Bundan sonra Sumqayıt Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 15 saylı qərarının 1-ci bəndi ilə Sumqayıt Bələdiyyəsinin 24 may 2005-ci il tarixli, 17 saylı qərarı qanunvericiliyin tələblərinə uyğun olmadığına,yəni ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin rəyi alınmadan verildiyinə görə ləğv edilmiş,adı çəkilən yeni bələdiyyə qərarının 2-ci bəndi ilə də ləğv olunmuş Sumqayıt Bələdiyyəsinin 24 may 2005-ci il tarixli,17 saylı qərarı ilə daha öncə 4959 nömrəsi altında Ağayev Ədalət Kamal oğlunun mülkiyyətinə ayrılmış Sumqayıt şəhəri,"Novxanı bağlan” ərazisində yerləşən sahəsi 1000 kvadrat metr olan bağ torpaq sahəsi yenidən Ağayev Ədalət Kamal oğlunun mülkiyyəinə rəsmiləşdirilmişdir.Lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 27 sentyabr 2006-cı il tarixli, 02/1877 saylı rəyində Ağayev Ədalət Kamal oğlunun mülkiyyətinə ayrılması nəzərdə tutulmuş bağ torpaq sahəsinin nömrəsi ilkin olaraq 4959 şəklində qeyd edisə də,sonradan həmin rəydə 4959 nömrəsinin üstünə qələmlə “v” hərfi əlavə edilmişdir. Bu səbəbdən Sumqayıt Bələdiyyəsinin “vətəndaş Ağayev Ədalət Kamal oğlunun mülkiyyətinə bağ torpaq sahəsinin verilməsi haqqında” 17 may 2007-ci il tarixli, 15 saylı qərarının 5-ci bəndində mülkiyyətə verilmiş bağ sahəsinin nömrəsi 4959v olaraq göstərilmişdir.Lakin bir daha məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki,Sumqayıt Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 15 saylı qərarı ilə 4959v nömrəsi altında Ağayev Ədalət Kamal oğlunun mülkiyyətinə ayrılmış Sumqayıt şəhəri,"Novxanı bağlan” ərazisində yerləşən sahəsi 1000 kvadrat metr olan bağ torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin 24 may 2007-ci il tarixli, 17 saylı qərarı ilə 4959 nömrəsi altında Ağayev Ədalət Kamal oğlunun mülkiyyətinə ayrılmış Sumqayıt şəhəri,’’Novxanı bağları” ərazisində yerləşən sahəsi 1000 kvadrat metr olan bağ torpaq sahəsi ilə eyni bağ sahəsidir və həmin torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin 24 may 2005-ci il tarixli, 17 saylı qərarına əsasən 4959V nömrəsi altında Məmmədova (Ağayeva) Nənəş Ədalət qızının mülkiyyətinə ayrılmış Sumqayıt şəhəri,’’Novxanı bağları” ərazisində yerləşən sahəsi 1000 kvadrat metr olan bağ torpaq sahəsinə hər hansı aidiyyəti olmamaqla həmin bağ sahəsi ilə həmsərhəddir.Bu hal məhkəməyə təqdim olunan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 27 sentyabr 2006-cı il tarixli,02/1877 saylı rəyinə əlavə edilmiş torpaq sahəsinin planı,eləcə də Sumqayıt Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 15 saylı qərarı ilə Ağayev Ədalət Kamal oğlunun mülkiyyətinə ayrılmış 4959(4959v) saylı bağ sahəsinə dair 23 mart 2007-ci il tarixdə Sumqayıt Bələdiyyəsi tərəfindən tərtib edilmiş “Bağ sahəsinin planı” ilə də aydın olur. Belə ki, həmin planlarda Ağayev Ədalət Kamal oğlunun mülkiyyətinə ayrılmış bağ sahəsinin qonşuluğunda “C”-dən “D”-dək həmsərhəd bağ olaraq Məmmədova (Ağayeva) Nənəş Ədalət qızının mülkiyyətinə ayrılmış 4959V saylı bağ sahəsi göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt bələdiyyəsinin 24 may 2005-ci il tarixli, 17 saylı qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin "Novxanı" bağları ərazisində yerləşən sahəsi 1000 kv.m olan bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2004-cü ildə ərizə ilə Sumqayıt bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin Novxanı bag adlandırılan ərazisində sahəsi 1000 kv.m olan bağ torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. Müraciəti Sumqayıt bələdiyyəsi tərəfindən torpaq sahəsinin sənədləşdirilməsi işlərinə başlanılmışdır. Bundan sonra torpağın tələb olunan alqısatqı haqqı məbləği olaraq 6.000.000 manat məbləğində pulu Sumqayıt bələdiyyəsinin hesabına ödəmiş və Sumqayıt bələdiyyəsinin 24 may 2005-ci il tarixli, 17 saylı qərarı ilə Sumqayıt şəhərinin "Novxanı" bağları ərazidində yerləşən sahəsi 1000 kv.m olan 4959 saylı bağ torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Bir müddət əvvəl torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfin torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatının aparılmasından imtina edilmişdir. Belə ki, cavabdehin müraciətə verdiyi 30 yanvar 2023-cü il tarixli cavab məktubunda torpaq üzərində hüququnun qeydiyyatının aparılmasından imtina torpağı sənədləşməsinin guya qanunvericiliyin tələbinə görə yekunlaşmaması, torpağın ayrılması zamanı müvafiq icra hakimiyyəti orqanının rəyində möhürün olmaması eləcə də, eləcə də torpaqların alqı-satqısına dair aktın tərtib edilməməsi, torpaq sahəsinin planı və ölçüsünün ərizəyə əlavə edilməməsi ilə əsaslandırılmağa çalışılmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, 24 may 2005-ci il tarixində Sumqayıt bələdiyyəsinin müvafiq torpaq sahəsinin ayrılması barədə qərar qəbul etdiyi, lakin sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmadığı və sözügedən torpaq sahəsinə dair alqısatqı aktının tərtib olunmadığı müəyyən olunmuşdur. Bundan əlavə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi rəy möhürlə təsdiqlənməmiş, “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ərizəyə əlavə olunmamışdır. Ödəniş bank vasitəsilə aparılmamışdır. Eləcə də, Novxanı bağ massivində 4959V saylı torpaq sahəsi Ağayev Ədalət Kamal oğlunun adına **********67 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Həmçinin torpaq sahəsi Sumqayıt bələdiyyəsinin hüdudlarından kənarda yerləşir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-536/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt bələdiyyəsinin 24 may 2005-ci il tarixli 17 saylı qərarı ilə ayrılmış sahəsi 1000 kv m olan bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqısatqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Sözügedən torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən satılması iş materialları ilə təsdiq edilir. Alqı-satqı aktının tərtib edilməməsi, yerquruluşu planından çıxarışın DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş rəyin möhürlə təsdiq edilməməsi iddiaçının müraciətinin təmin olunmasından imtina üçün mötəbər dəlil hesab edilə bilməz. Həmin sənədlərin düzgün və qanunauyğun şəkildə tərtib edilməsi iddiaçının deyil, bələdiyyənin və müvafiq dövlər otqanlarının vəzifələrinə aid olmuşdur. Torpaq sahəsinin yerquruluşu planından çıxarış təqdim edilmişdir, həmin plan əsasında torpaq sahəsinin yerinin müəyyən edilməsi mümkündür. İşü zrə alınmış mütəxəssis rəyi ilə Ağayeva Nənəş Ədalət qızına və Ağayev Ədalət Kamal oğluna ayrılmış torpaq sahələrinin üst-üstə düşmədiyi, yəni ayrı-ayrı torpaq sahələri olması müəyyən edilmişdir. Torpaq sahələrinə eyni nömrə verilməsi yenə də iddiaçının məsuliyyət sferasına aid məsələ deyildir və bu hala görə o, mülkiyyət hüququndan məhrum edilə bilməz. Bundan başqa cavabdeh Sumqayıt bələdiyyəsinin hüdudlarından kənarda yerləşidiyini bildirsə də, bunu təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarından müəyyən edilir ki, Sumqayıt bələdiyyəsinin qərarı əsasında ayrılmış bağ torpaq sahəsi üzərində Ağayev Ədalət Kamal oğlunun mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aparılmış araşdırma nəticisində müəyyən olunmuşdur ki, 24 may 2005-ci il tarixində Sumqayıt Bələdiyyəsinin müvafiq torpaq sahəsinin ayrılması barədə qərar qəbul etdiyi, lakin sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmadığı və sözügedən torpaq sahəsinə dair alqı-satqı aktının tərtib olunmadığı müəyyən olunmuşdur. Bundan əlavə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi rəy möhürlə təsdiqlənməmiş həmçinin “Torpaq sahəsinin plan və ölçüsü" sənədi ərizəyə əlavə olunmamışdır. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Sumqayıt şəhər Bələdiyyəsi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməlidir. Hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi idarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən torpaq sahəsi ilə bağlı sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfimizdən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır da. Bundan başqa, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 7.Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: ....7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;... Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 1000 kv.m olan bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, 24 may 2005-ci il tarixində Sumqayıt Bələdiyyəsinin müvafiq torpaq sahəsinin ayrılması barədə qərar qəbul etdiyi, lakin sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmadığı və sözügedən torpaq sahəsinə dair alqı-satqı aktının tərtib olunmadığı müəyyən olunmuş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi rəy möhürlə təsdiqlənməmiş,“Torpaq sahəsinin plan və ölçüsü" sənədi ərizəyə əlavə olunmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyənin 24 may 2005-ci il tarixli 17 №li qərarı ilə iddiaçının adına 1000 kv.m olan 4959v saylı bağ torpaq sahəsi mülkiyyətinə verilmiş, torpaq sahəsinin dəyərinin ödənilməsinə dair qəbz mövcud olmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən torpaq sahəsinə dair plan sənədi tərtib edilərək, təsdiq edilmiş iddiaçının adına ayrılmasının məqsədəmüvafiq hesab edilməsi barədə rəy tərtib edilmişdir. İş materiallarından görünür ki, torpaq sahəsi cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki vəziyyətinə dair müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmununda torpaq sahəsinin sənəd üzrə və faktiki ölçüsünün 0,10 ha olduğu, üç tərəfdən mişar daşı ilə, bir tərəfdən şərti, üç tərəf qonşu bir tərəf yol olması, tikili və mübahisəli hal olmaması, üzərindən yüksək gərginlikli elektrik xətti keçmədiyi qeyd edilmişdir. İş materiallarında olan və tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, Ağayev Ədalət Kamal oğlunun adına ayrılmış bağ torpaq sahəsinin koordinatları iddiaçının adına ayrılmış bağ torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Həmçinin, iş materiallarında olan müvafiq bələdiyyə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, iddiaçı və Ağayev Ədalət Kamal oğlunun adına ayrılmış bağ torpaq sahələri ayrı-ayrə torpaq sahələri olmaqla, qonşu torpaq sahələridir, habelə həmin sənədlər qüvvədə olmaqla, ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. İş materiallarından görünür ki, Ağayev Ədalət Kamal oğlu iddiaçının aatası olmaqla, onun adına ayrılmış bağ torpaq sahəsinin nömrəsi 4959b olmaqla, yerləşmə mövqeyinə aid plan ölçü sənədi tərtib edilmiş, həmin sənəddə C-dən D-yə qədər olan qonşu bağ torpaq sahəsi kimi 4959v Ağayeva Nənəş Ə. kimi qeyd edilmiş, habelə onun adına torpaq sahəsi məhz müvafiq bələdiyyənin 17 may 2007-ci il tarixli 15 saylı qərarı əsasında ayrılmış, həmin qərarın məzmununda da Ağayev Ədalət Kamal oğlunun adına torpaq sahəsinin ayrılmaıs barədə 24 may 2005-ci il tarixli 17 saylı qərarın ləğv edilməsi qeyd edilmişdir. Göründüyü kimi, sözügedən torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmaqla, naturada mövcuddur, habelə həmin torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər hazırda qüvvədə olmaqla, lğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və apelllyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi sözügedən torpaq sahəsinə sənədləşmə prosedurunun tamamlanmamsı, alqı-satqı aktının tərtib edilməməsi, müvafiq rəyin möhürlə təsdiq edilməməsi halı iddiaçının təqsiri ilə əhatə olunamamaqla, onun hüquqi məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etməmişdir. Həmin sənədlərin qanunla müəyyən edilmiş qaydada tərtib edilməsi və arxiv nüsxələrinin saxlanılması halı məhz müvafiq inzibati orqan və qurumların səlahiyyətinə aid olmuşdur. Belə olan halda, məhz müvafiq qurumların öz öhdəliyini lazimi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, iddiaçının mövcud olan hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunvericiliyin mahiyyətinə, məqsədinə və prinsiplərinə zidd olmaqla yanaşı, iddiaçının konstitusion hüququnun əsassız olaraq mədudlaşdırılmasına gətirib çıxardır. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, sözügedən torpaq sahəsinin plan və ölçü sənədinin arxiv nüsxəsi mövcud olmuş, cavabdeh inzibati orqna inzibati məhkəmə icraatı qayadsında həmin sənədi tələb etmək imkanına malik odluğu halda, formal olaraq imtina əsası kimi həmin sənədin ərizəyə əlavə edilməməsi halına istinad etmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanının iddia tələbinə etirazın və şikayətin digər dəlilləri ilə bağlı onu qeyd edir ki, məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin Ağayev Ədalət Kamal oğluna məxsus olan torpaq sahəsi ilə eyni olmadığı, qonşu torpaq sahəsi olduğu müəyyən edilmişdir. Eyni zamanda qonşu torpaq sahəsi eyni hüquqmüəyyənedici sənəd əsasında ayrıldığı və həmin sənəd əsasında mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı halda, cavabdeh tərəfindən torpaq sahəsinin bələdiyyə hüdudlarından kənarda yerləşməsi halına istinad etməsi əsassız olmuşdur. Bundan əlavə, cavabdeh tərəfindən həmin hala dair heç bir sübut (sənəd, ortofoto görüntüsü və s.) təqdim edilməmiş, formal olaraq imtina əsası kimi həmin hala istinad edilmişdir. Bu baxımından məhkəmə kollegiyasi qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət vermişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-536/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar