Məhkəmə qərarları › İş №2-1(105)-1054/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1054/2024

24.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1054/2024 24.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Axundov Toğrul Bəhruz oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3487/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE seryalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1946-cı il təvəllüdlüdür. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-112-5-303544/2023 nömrəli məktubundan görünür ki, 30 avqust 2004-cü il tarixində Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2023-cü il tarixli müraciətinizə əsasən xx.xx.1985-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində Əlcəzair və Liviyada müəllim kimi fəaliyyət göstərdiyiniz dövrlər nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanaraq -152,70 manatdan 483,31 manata artırılıb. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun Qanunun 32.1-1-ci maddəsinə əsasən "əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir". Əmək pensiyası üzrə keçmiş üç il müddət üçün ödənilməli olan 1016,86 manat fərq məbləği hesablanıb. Həmin 1016,86 manatfərq məbləği cari ilin oktyabr ayında birdəfəlik olaraq əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə ona xx.xx.1985- xx.xx.1987-ci illər arasındakı dövrdə Əlcazir və Liviyada müəllim kimi fəaliyyət gösdərdiyi dövrlərdəki əmək stajı nəzərə alınmaqla yenidən hesablanmış pensiya fərqinin 30 avqust 2004-cü ildən ona nəzər alınmaqla yenidən hesablanmış pensiya fərqinin 30 avqust 2004- cü ildən ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1945-ci il təvəllüdlüdür. Onun xidmətləri və əmək stajı nəzərə alınaraq 30 avqust 2004-cü ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunarkən xx.xx.1985xx.xx.1987-ci illər arasındakı dövrdə Əlcəzair və Liviyada müəllim kimi fəaliyyəti nəzərə alınmamış və bu səbəbdən cavabdeh orqana müraciət edərək həmin dövrü nəzərə almaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh orqan bu dəfə qeyd edilən dövrü nəzərə almaqla əmək pensiyasını yenidən hesablamaqla 452,70 manatdan 483,31 manata qaldırmışdır. Cavabdeh orqanın ona ünvanladığı məktubda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməlidir. Bu səbəbdən də, cavabdeh orqan keçmiş 3 il üçün ödənilməli olan 1016,86 manat vəsaitin oktyabr 2023-cü ildə kart hesabına köçürmüş, lakin əvvəlki illərin pensiya fərqini ödəməkdən imtina etmişdir. Cavabdehin bu hesablaması düzgün olmamış və bu məbləğ fərqi iddiaçıya pensiya təyin olunan vaxtdan, yəni xx.xx.2004-cü il tarixdən heablanaraq ödənilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçıya 09 sentyabr 2004-cü il tarixdə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li Siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 25 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 65%- i tələb olunan ümumi iş stajından artıq hər il üçün 2% olmaqla lakin 90%-dən çox olmamaqla hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci abzasına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. İddiaçıya pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə qeyd olunanlara əsasən ümumi iş stajı 9 sentyabr 2004-cü il tarixədək 41 il 10 ay 17 gün təşkil edir. İddiaçının əmək pensiyası əmək haqqına əsasən hesablanarkən, tələb olunan 25 ildən artıq iş stajı 16 il olduğundan pensiyası orta aylıq əmək haqqının 90%-i miqdarında müəyyən edilmişdir. Belə ki, iddiaçının əmək pensiyası xx.xx.2004-cü il tarixə orta aylıq əmək haqqına uyğun hesablanaraq 229500 AZM müəyyənləşdirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 32.1-1-ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün ona ödənilməli olan 1016,86 manat fərq məbləği hesablanmışdır. Həmin 1016,86 manat fərq məbləği cari ilin oktyabr ayında birdəfəlik olaraq iddiaçının əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3487/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının sosial sığorta stajı yoxlanılaraq, son üç illik dövr əhatə edilməklə əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanun: Maddə 1.0.1.əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... Maddə 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; ... Maddə 1.0.12. əmək pensiyasının sığorta hissəsi - əmək pensiyalarının ikinci pilləsi olmaqla, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; Maddə 1.0.13. əmək pensiyasının yığım hissəsi - əmək pensiyalarının üçüncü pilləsi olmaqla, fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; Maddə 1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir; Maddə 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; ... Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: Maddə 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Maddə 37.7 (2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş redaksiyada) keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 -ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddiaçının iddia tələbi ona xx.xx.1985- xx.xx.1987-ci illər arasındakı dövrdə Əlcazir və Liviyada müəllim kimi fəaliyyət gösdərdiyi dövrlərdəki əmək stajı nəzərə alınmaqla yenidən hesablanmış pensiya fərqinin 30 avqust 2004-cü ildən ona ödənilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2023-cü il tarixli müraciəti əsasında xx.xx.1985-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində Əlcəzair və Liviyada müəllim kimi fəaliyyət göstərdiyiniz dövrlər nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanaraq, artırılmış, keçmiş üç il müddət üçün ödənilməli olan fərq məbləğinin hesablanıb ödənilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində 30 avqust 2004-cü il tarixdə yaşa görə əmək pensiyası ödənilmişdir. İddiaçı xx.xx.1985- xx.xx.1987-ci illər arasındakı dövrdə Əlcazir və Liviyada müəllim kimi fəaliyyət gösdərdiyi dövrlərin nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanaraq, yaranmış fərqin 30 avqust 2004-cü il tarixdən ona ödənilməsini istəyir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən iddia tələbinin əsaslılığının müəyyən edilməsi üçün iddiaçının 2017-ci il 1 iyul tarixdən öncə qeyd edilən tələblə bağlı müvafiq inzibati orqana müraciət edibetməməsi, habelə etmədiyi halda müraciət etməməsinin səbəbləri müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana hazırki tələblə bağlı 2017-ci ilin 1 iyul tarixinədək müraciəti olmamışdır. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana əvvəlki tarixlərdə də müraciət etdiyini qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının pensiya məbləğinin yenidən hesablanıb yaranmış fərqin məhz xx.xx.2004-cü il tarixdən ödənilməsi barədə tələbi əsassız olmuşdur. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə əsaslı olmuş, iddiaçının şiayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının cavabdeh inzibati orqana xx.xx.2018-ci il tarixli müraciətinin olduğu müəyyən edilmişdir. İndiki halda isə iddiaçının hüquqi marağı məhz pensiya məbləğinin 2004-cü il tarixdən yendiən hesablanıb, ödənilməsi ilə bağlı olmuşdur. İddiaçı pensiya məbləğinin məhz 2018-ci il tarixdən əvvəlki üç il müddət üçün ödənilməsi ilə bağlı cavabdehə müraciəti olmamışdır. Bu baxımından məhkəmə kollegiyası iddiaçının diqqətinə onu çatdırır ki, iddiaçı məhz 2018-ci il tarixli müraciətini əsas götürülməklə, həmin tarixdən əvvəlki üç il müddət nəzərə alınmaqla, pensiya məbləğinin hesabalanıb, ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana yenidən müraciət etmək, bu müraciətinə baxılmasından imtina olunduğu halda, həmin tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3487/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar