Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-106/2020 17.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər X9 və X1 ibarət tərkibdə, X14 oğlunun katibliyi ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X6rşı Abşeron rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxx 1992-ci il tarixli, 609 saylı və Abşeron rayon İcra Hakimiyyəti başçısının Aşağı Güzdək kəndi üzrə nümayəndəsinin xx xxxxxx 1992-ci il tarixli, 13 saylı sərəncamları ilə X2 ayrılmış 1000 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsası ilə dövlət qeydiyyatına alınması öhdəliyinin DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-338/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X6rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Abşeron rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxx 1992-ci il tarixli, 609 saylı sərəncamına əsasən Abşeron rayonu Aşağı Güzdək kəndində (indiki qəsəbə) ona mənzil tikintisi üçün ayrılmış 1000 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsası ilə dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Aşağı Güzdək kəndi üzrə nümayəndəsinin xx xxxxxx 1992-ci il tarixli, 13 saylı sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1992-ci il tarixli 609 saylı sərəncamı əsas götürülərək Aşağı Güzdək kənd sakinlərinə, o cümlədən iddiaçının həyat yoldaşı X2 fərdi mənzil tikintisi üçün 1000 kv.metr olmaqla torpaq sahəsi ayrılmışdır. Həyat yoldaşı X4 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Əlavə olaraq bildirir ki, eyni vaxtda kənd sakinləri üçün ayrılmış evlər xüsusi mülkiyyət hüququ əsasında sənədləşdirilmişdir. Lakin iddiaçı həyat yoldaşının uzun sürən xəstəlikləri ilə əlaqədar digər üzrlü səbəblərdən tikdikləri fərdi yaşayış evini və 1000 kv.metr həyətyanı torpaq sahəsini sənədləşdirməmişdir. İddiaçı həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin xx xxxxxxx 2018-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Mübahisəni məhkəmədənkənar qaydada həll edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Abşeron rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxx 1992-ci il tarixli, 609 saylı və Abşeron rayon İcra Hakimiyyəti başçısının Aşağı Güzdək kəndi üzrə nümayəndəsinin xx xxxxxx 1992-ci il tarixli, 13 saylı sərəncamları ilə X2 ayrılmış 1000 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsası ilə dövlət qeydiyyatına alınması öhdəliyinin DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-338/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim İ.Quliyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul olunmalıdır. Belə ki, səlahiyyətsiz şəxs Abşeron Rayon İcra Hakimiyyəti başçısının Aşağı Güzdək kəndi üzrə nümayəndəliyinin xx.xx.1992-ci il tarixli 13 saylı sərəncamı ilə X3 Abşeron rayonu, Aşağı Güzdək kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin ayrıldığı aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Göründüyü kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərinin həll edilməsi İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir, səlahiyyətsiz şəxs Aşağı Güzdək kəndi üzrə nümayəndəliyinin xx.xx.1992ci il tarixli 13 saylı sərəncam verməsi həm də həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 59-cu maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Araşdırılan halda səlahiyyətli şəxs olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Aşağı Güzdək kəndi üzrə nümayəndəliyinə torpaq sahəsi ayrılması səlahiyyəti verməsi mümkünsüz idi, çünki yuxarıda göstərildiyi kimi, sözügedən torpaq sahəsinin ayrılması Abşeron Rayon İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi-hakim Z.Məmmədov, hakimlər N.Nəsibov və H.Babayeva) 2-1(105)-274/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 2-1(85)- 338/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X12 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (sədrlik edən məruzəçi-hakim N.Rəsulbəyova, hakimlər Z.Quliyev və İ.Hüseynov) 2-1(102)-2945/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-274/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İşə yeni apelyasiya qaydasında baxılarkən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yeni apelyasiya baxışı zamanı İddiaçı1 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə iddiaçının izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı1 Abşeron rayonu İcra Hakimiyyəti başçısının xx xxxxxx 1992-ci il tarixli, 609 saylı və Abşeron rayon İcra Hakimiyyəti başçısının Aşağı Güzdək kəndi üzrə nümayəndəsinin xx xxxxxx 1992-ci il tarixli, 13 saylı sərəncamları ilə X2 ayrılmış 1000 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsası ilə dövlət qeydiyyatına alınması öhdəliyinin DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan hüquq normalarının tələbləri baxımından işə baxan birinci instansiya məhkəməsi iddiaçıya yardım edərək iddia tələbinin dəqiqləşməsində köməklik göstərməli idi. Belə ki, hazırkı iddia tələbində iddiaçı mərhum həyat yoldaşı X2 ayrılmış 1000 kv.m torpaq sahəsinin mülkiyyət hüququ əsası ilə dövlət qeydiyyatına alınmasını xahiş etsə də, iddia tələbində mülkiyyət hüququnun kimin adına qeydiyyata alınmalı olduğunu göstərməmişdir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilə bilər. İşdən görünür ki, iddiaçı mərhumun miras əmlakına dair vərəsəlik şəhadətnaməsinə malik olmadığı üçün, vəfat etmişin ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun öz adına dövlət qeydiyyatına alınması üçün əvvəlcə sözügedən arayışın verilməsindən ötrü cavabdehə müraciət etməli olduğu halda bunu etməmişdir. Digər tərəfdən, o, yalnız bu arayış, ondan sonra vərəsəlik şəhadətnaməsini əldə etdikdən sonra və hər bir halda, hüquqların ölmüş şəxsin deyil, məhz öz adına qeydiyyata alınmasını cavabdehdən tələb edə bilərdi. Ali Məhkəmənin Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarı ilə iddianın mümkünlüyünün yoxlanılması zamanı ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, eyni zamanda iddiaçının hüquqi marağının, yəni, sadəcə marağının deyil, məhz hüquqi marağının olub-olmaması müəyyən olunması mütləq şərtdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxxx 2014-cü il tarixli qərarında məhkəmə özünün aşağıdakı hüquqi mövqeyini bildirmişdir: “ ...Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apelyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apelyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apelyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarı qəbul edərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından iddiaçıya iddia tələbinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən dəqiqləşdirilməsində yardım etməlidir Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərar qanunsuz olduğundan ləğv olunmalı, iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.7.1, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X12 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-338/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(105)-106/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-106/2020
17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver