Məhkəmə qərarları › İş №2-1(105)-106/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-106/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-106/2021 10.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Şamaxı rayonu Məlhəm Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X5rşı “Torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X8 üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-63/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı Şamaxı rayonu Məlhəm Bələdiyyəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Şamaxı rayonu Məlhəm Bələdiyyəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1027/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Kadastr və X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağsu Layihə- Tədqiqat İdarəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsalandırılmışdır ki, Əngəxaran kənd sakini X7 xx xxxxxx 2016-cı il tarixdə Şamaxı rayonunun Əngəxaran kəndindən keçən “Şamaxı-Pirqulu magistral avtomobil yolunun kənarından sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 100 kv m torpaq sahəsinin alınması ilə əlaqədar Məlhəm bələdiyyəsinə müraciət etmişdir. Onun müraciəti əsasında xx xxxxxx 2016-cı il tarixli 56 saylı məktubla çıxarışın alınması ilə əlaqədar DƏDRX-nın 14 saylı ərazi idarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X8 xx xxxxxx 2018-ci il tarixli **********29 saylı məktubundan məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Kadastr və X3 Mərkəzi” MMS-nın Ağsu Layihə- Tədqiqat idarəsi tərəfindən tərtib olunmuş müayinə (baxış) aktında qeyd olunan 0.01 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına düşdüyü üçün icrasına imtina verilmişdir. Qeyd olunan imtina əsassız olduğu üçün xx xxxx 2019-cu il tarixli 08 saylı məktubla yenidən DƏDRX-nın 14 saylı ərazi idarəsinə çıxarışın alınması ilə əlaqədar müraciət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X8 xx xxxxx 2019-cu il tarixli **********20 saylı məktubu ilə 0.01 ha torpaq sahəsinə dair çıxarışın verilməsinə imtina verilmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, satılması nəzərdə tutulan 0.01 ha torpaq sahəsi yolun qorunma zolağını gözləməklə yolun kənarında yerləşməklə gilli torpaqdan ibarətdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq, iddiaçı tərəfindən təqdim olunmuş sahibkarlıq məqsədilə satışa çıxarılması nəzərdə tutulan 0.01 ha torpaq sahəsinin sənədləri torpaq sahəsinin müayinəsi və müvafiq müayinə (baxış) aktının tərtib olunması üçün tərəflərindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Kadastr və X3 Mərkəzi” MMC-nin X11 idarəsi tərəfindən tərtib olunmuş müayinə (baxış) aktında qeyd olunan 0.01 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına düşdüyü qeyd olunmuşdur. Torpaq sahəsi alqı-satqı predmeti olmadığına görə Şamaxı rayonunun Məlhəm Bələdiyyəsi tərəfindən rayonun Əngəxaran kəndi ərazisindən sahibkarlıq məqsədilə satışa çıxarılacaq 100 m2 torpaq sahəsi üzərində bələdiyyənin hüquqlarının qeydiyyata alınması qeyri-mümkün olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-63/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir (hakim İ.Quliyev). Qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-63/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar əsassız və qanunsuzdur. Belə ki, mübahisəli torpaq sahəsi (kod:41001038) 2004 - cü ildə tərtib edilmiş keçmiş Əngəxaran bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemi xəritəsində mübahisəli torpaq sahəsi bələdiyyənin ehtiyat fondu torpaqları kimi göstərilmişdir. Belə ki, satılması nəzərdə tutulan 0.01 ha torpaq sahəsi yolun qorunma zolağını gözləməklə gilli torpaqdan ibarət olmaqla örüş torpaq sahəsi deyil, bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir. İş üzrə ekspertin vermiş olduğu rəy ilə razı deyillər. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-63/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh imtinasında ona əsaslanmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Kadastr və X3 Mərkəzi” MMC-nin X11 idarəsi tərəfindən tərtib olunmuş müayinə (baxış) aktında qeyd olunan 0.01 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına düşdüyü qeyd olunmuşdur. Torpaq sahəsi alqı-satqı predmeti olmadığına görə Şamaxı rayonunun Məlhəm Bələdiyyəsi tərəfindən rayonun Əngəxaran kəndi ərazisindən sahibkarlıq məqsədilə satışa çıxarılacaq 100 m2 torpaq sahəsi üzərində bələdiyyənin hüquqlarının qeydiyyata alınması qeyri-mümkün olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və ona əsaslanmışdır ki, iş materialları ilə sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması təsdiqlənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərar üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; məntəqələrin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 27372 saylı ekspert rəyinə əsasən tədqiqatın nəticəsi üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli **********90 saylı mütəxəssis rəyinə əsasən, Şamaxı rayonu, Əngəxaran kəndində, Şamaxı-Pirqulu magistral avtomobil yolunun kənarında yerləşən, naturada ölçülmüş mübahisəli torpaq sahəsinin koordinatları ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Kadastr və X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş müayinə aktında qeyd olunan 0.01 ha torpaq sahəsinin koordinatlarının eynilik təşkil etdiyi və həmi torpaq sahəsinin Şamaxı rayonu, Məlhəm Bələdiyyəsinin mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olduğu müəyyən edilmişdir. Görünüdüyü kimi, sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Məcəllənin 12-ci maddəsinin 2-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. İş materiallarından görünür ki, iddiaçı Məlhəm Bələdiyyəsi cavabdeh inzibati orqana həmin torpaq sahəsini gələcəkdə sahibkarlıq məqsədilə satışa çıxarmaq üçün müraciət etmişdir. Kollegiya qeyd edir ki, torpaq sahəsi alqı-satqı predmeti olmadığına görə cavabdeh inzibati orqan Şamaxı rayonunun Məlhəm Bələdiyyəsi tərəfindən sahibkarlıq məqsədilə satışa çıxarılacaq 0.01 ha (100 kv.m) torpaq sahəsi üzərində bələdiyyənin hüquqlarının qeydiyyata alınmasından imtina etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-63/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da iddiaçı Şamaxı rayonu Məlhəm Bələdiyyəsinin apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Şamaxı rayonu Məlhəm Bələdiyyəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-63/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar