Məhkəmə qərarları › İş №2-1(105)-106/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-106/2022

17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-106/2022 17.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X8, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs X4 iştirakı ilə İddiaçı cavabdeh Quba rayon Zərdabi Bələdiyyəsinə qarşı “Quba rayon Zərdabi Bələdiyyəsinin 24 iyun 2020-ci il tarixli, 4 saylı qərarının X5 torpaq ayrılmasına dair hissədə ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(118)-1085/2021 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: X6 xx.xx.2020-ci il tarixli ərizə ilə Quba rayon Zərdabi Bələdiyyəsinə müraciət edərək, yaşadığı binanın arxa tərəfində yerləşən 143 kv.m həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə ona satılmasını xahiş etmişdir. Quba rayon Zərdabi Bələdiyyəsinin 24 iyun 2020-ci il tarixli, 4 saylı qərarına əsasən, K.Mirzəcaninin müraciəti məqsədəmüvafiq hesab edilmiş, bələdiyyə torpaqlarından 143 kv.m torpaq sahəsinin həyətyanı məqsədlə satılması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması üçün aidiyyatı qurumlara müraciət edilməsi qərara alınmışdır. Quba rayon Zərdabi Bələdiyyəsinin 31 avqust 2020-ci il tarixli, 06 saylı qərarı ilə Zərdabi bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqlarına aid alqısatqı predmeti olan 0,01 ha torpaq sahəsinin həyətyanı məqsədlə mülkiyyətə verilməsi ilə bağlı müsabiqə və ya hərracın keçirilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır. Bundan sonra hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,01 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Zərdabi Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Quba rayon Zərdabi Bələdiyyəsinin 25 dekabr 2020-ci il tarixli, 10 saylı qərarına əsasən, həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə müsabiqə və hərrac keçirilmədən X1 qərara alınmışdır. Daha sonra tərəflər arasında 29 dekabr 2020-ci il tarixdə notarial qaydada 0,01 ha torpağın AN seriyalı ******* nömrəli alqı-satqısı müqaviləsi bağlanılmış və X4 həmin torpaq sahəsinə dair hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla bununla bağlı xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, Quba rayon Zərdabi Bələdiyyəsinin 24 iyun 2020-ci il tarixli, 4 saylı qərarının X5 torpaq alqı-satqısına dair hissədə ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Quba rayonu Zərdabi qəsəbəsində yaşadıqları mənzil iki mərtəbəli səkkiz mənzilli binada yerləşir. Həmin binanın həyətində yerləşən 143 kv.m torpaq sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsində olmuşdur. Həmin sahədə ağaclar, gül-çiçək əkib-becərmişlər. Müxtəlif illərdə həmin sahənin iddiaçıya satılması və ya icarəyə verilməsi barədə Zərdabi Bələdiyyəsinə müraciət etsə də, bələdiyyə tərəfindən həmin sahə mübahisəli olduğu üçün icarə müqaviləsinin bağlanması təxirə salınmış və ümumi istifadədə olan sahə olduğu üçün alqı-satqı predmeti ola bilməməsi bildirilmişdir. Sonradan ona məlum olmuşdur ki, 2020-ci ildə X6 iddiaçının istifadəsində olan torpaq sahəsini bələdiyyədən icarəyə alıb, hətta tikili inşa edir. Bununla əlaqədar bələdiyyəyə müraciət etdikdə, bələdiyyədən ona bildirilmişdir ki, icarə müqaviləsi bir illik bağlanıb, müddət başa çatdıqdan sonra müraciətlərinə ədalətlə baxılacaqdır. İddiaçı qonşuluq münasibətlərini nəzərə alaraq həmin sahənin bərabər hissədə olmaqla ikisinin istifadəsinə verilməsinə etiraz etməmişdir. Müraciətlərinə baxılmadığından müxtəlif instansiyalara müraciət etdikdən sonra ona məlum olmuşdur ki, Zərdabi Bələdiyyəsinin 24 iyun 2020-ci il 4 saylı qərarı ilə 29 dekabr 2020-ci il tarixində Zərdabi Bələdiyyəsi ilə X6 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Hesab edir ki, yaşadıqları mənzilin ümumi istifadəsində olan torpaq sahəsi gizli formada və qanunsuz olaraq Könül Mirzəcaninin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin alqı-satqısı barədə bələdiyyə qərarı ilə hüquqları pozulmuşdur. Belə ki, "Bələdiyyə torpaqlarının idarə olunması” haqqında qanunun 7.2-cı maddəsinə əsasən, ümumi istifadədə olan...... torpaqlar xüsusi mülkiyyətə verilə bilməz”. Üçüncü şəxs iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, iddiaçı ilə bina qonşusudular. 20 ildən artıqdır ki, adı çəkilən binanın 1-ci mərtəbəsində yaşayır və mübahisəsi gedən torpaq sahəsi onun faktiki istifadəsindədir. Həmin torpaq sahəsi mənzilinin giriş-çıxışına aiddir, onun mənzilinin pəncərəsinin qarşısındadır. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə 20 ildən artıq istifadəsində olan torpaq sahəsini alqı-satqı yolu ilə ona satmışdır. İddiaçı onun evinin giriş-çıxışını bağlamaq və evinin pəncərələrinin önünü kəsmək istəyir. Dəfələrlə adı çəkilən torpaq sahəsinə görə iddiaçı ilə aralarında söz-söhbətlər olmuşdur. Hətta, iddiaçının oğlu ona xəsarət yetirdiyinə görə Quba rayon Məhkəməsi tərəfindən 20 gün həbs edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(118)-1085/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Quba rayon Zərdabi Bələdiyyəsinin 24 iyun 2020-ci il tarixli, 4 saylı qərarı X5 torpaq ayrılması ilə bağlı hissədə ləğv edilməsi qərara alınmışdır (hakim İ.Quliyev). Cavabdeh və üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdilər. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə X6 ona 143 kv.m həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə verilməsi barədə ərizə ilə Zərdabi bələdiyyəsinə müraciət etmişdir. Zərdabi Bələdiyyəsinin sabiq sədri Aygün Sadıqova bununla əlaqədar sənədləşmə işi aparmış və 29 dekabr 2020-ci il tarixində X5 yuxarıda qeyd edilən və yaşadığı evin arxasında olan 0,01 ha torpaq sahəsi alqı-satqı yolu ilə satılmışdır. Məhkəmə, özünün 27 avqust 2021-ci il tarixli qərarında qeyd edir ki, Könül Mirzəcaniyə satılmış 0,01 ha torpaq sahəsi ümumi istifadədə olan torpağa aiddir. Qeyd edir ki, məhkəmənin gəldiyi bu nəticə idiaçının məhkəməyə verdiyi izahata əsaslanır və bundan başqa heç bir əsası yoxdur. X5 Zərdabi bələdiyyəsi tərəfindən satılmış 0,01 ha torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi deyil və bu torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aid olduğundan, tam qanuni olaraq alqı-satqı həyata keçirilmişdir. Belə ki, Quba rayon İHB-nın Tikinti və Memarlıq Şöbəsi tərəfindən imzalanmış rəydən görünür ki, satılmış həyətyanı torpaq sahəsi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq yaşayış məntəqəsinin ərazi planlaşdırma sənədlərinə və tikinti layihələri əsasında mövcud tikinti norma və qaydalarına riayət etmək şərti ilə tikinti işlərinin aparılması üçün torpaq qanunvericiliyinin tələblərini nəzərə almaqla torpaqqayırma sənədlərinin hazırlanması məqsədə uyğun hesab edilmişdir. Bundan başqa Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi tərəfindən verilmiş sənədin məzmunundan görünür ki, onlar tərəfindən hazırlanmış yerquruluş planı Zərdabi bələdiyyəsinə təqdim olunmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən imzalanmış torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən baxış aktından da görünür ki, torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi deyil, yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsinə aiddir. İddiaçı öz ərizəsində məhkəməyə həqiqəti əks etdirməyən məlumatlar vermiş, yəni ərizəsində qeyd etmişdir ki, həmin torpaq sahəsində o, gül-çiçək əkib becərmişdir və həmin torpaq sahəsi onun istifadəsindədir. Həmçinin, iddiaçı bildirir ki, Zərdabi bələdiyyəsinə həmin torpaq sahəsinin ona satılması və ya icarəyə verilməsi barədə müraciət etmişdir. Qeyd edir ki, iddiaçının qeyd etdiyi bu xüsusatlar həqiqətə uyğun deyil. Belə ki, iddiaçı Zərdabi bələdiyyəsinə bu məsələ ilə əlaqədar heç bir ərizə təqdim etməmiş, qeyd edilən torpaq sahəsi heç vaxt onun istifadəsində olmamış və orada gülçiçək əkib becərməmişdir. Qeyd edilən torpaq sahəsi X4 istifadəsində olmuş, torpağa qulluq etmiş, gül-çiçək əkib oranı gözəlləşdirmişdir. Üçüncü şəxs apellyasiya şikayəti və şikayətə əlavəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinə etiraz ərizəsi versə də, həmçinin, adı çəkilən torpaq sahəsi onun yaşadığı evin pəncərələrinə aid olmasına və həmin torpağı başqa şəxsə versə evinə giriş-çıxışı məhdudlaşdırmasına baxmayaraq, məhkəmə iddiaçının xeyrinə qərar qəbul etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Qeyd edir ki, Quba rayon İHB-nın Tikinti və Memarlıq Şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, satılmış həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq yaşayış məntəqəsinin ərazi planlaşdırma sənədlərinə və tikinti layihələri əsasında mövcud tikinti norma və qaydalarına riayət etmək şərtilə tikinti işlərinin aparılması üçün torpaq qanunvericiliyinin tələblərini nəzərə almaqla torpaqayırma sənədlərinin hazırlanması məqsədəuyğun hesab edilmişdir. Kadastr və Yerquqruluşu Layihə Tədqiqat Mərkəzi tərəfindən verilmiş rəsmi sənədlərdən də görünür ki, mübahisə predmeti olan torpaq sahəsinə dair hazırlanmış yerquruluşu planı Zərdabi bələdiyyəsinə təqdim olunmuşdur. Eyni zamanda, iş materiallarında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən təsdiq olunmuş mübahisəli torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən baxış aktından da görünür ki, həmin torpaq sahəsi iddiaçının iddia etdiyi kimi ümumi istifadədə olan torpaqlar kateqoriyasına aid deyil və məhz yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş torpaqlar kateqoriyasına aiddir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərinin qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayətləri vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsinin faktiki istifadəsi ilə bağlı iddiaçı ilə üçüncü şəxs X6 arasında mübahisə olduğu, iddiaçının həmin torpaq sahəsinin onun icarəsinə və ya mülkiyyətinə verilməsi ilə bağlı iradəsinin mövcud olduğu və cavabdehin bundan məlumatlı olduğu halda, mübahisə predmeti olan torpaq sahəsinin üçüncü şəxsə satılması ilə bağlı inzibati icraatın başladılmasına iddiaçının cəlb edilməməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Cavabdeh bələdiyyə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının istifadəsində olmasını təsdiq etdiyi halda, onu inzibati icraata cəlb etmədən inzibati icraat aparmış, bununla da həm inzibati icraatla bağlı qanunvericiliyin, həm də bələdiyyə torpaqları ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməmiş və nəticədə iddiaçının hüquqlarını pozmuşdur. Bu baxımdan, məhkəmə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. Kollegiya hesab edir ki, iddiaçının üçüncü şəxsin adına bələdiyyə mülkiyyəti kimi qeydə alınmış torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla bələdiyyə qərarını mübahisələndirmək tələbi o halda yaranmış hesab oluna bilər ki, əgər həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ publik hüquqdan irəli gəlmiş olsun. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Yuxarıda göstərilənləri nəzərə almaqla kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul etməkdə haqlı olmamışdır. İşin hallarından göründüyü kimi iddiaçı bələdiyyə qərarının ləğvinə dair iddiasını onunla əsaslandırır ki, uzun illər həmin torpaq sahəsini gül-çiçək əkib-becərməklə abadlaşdırmış, torpaq faktiki olaraq onun istifadəsində olmuşdur. Lakin uzun müddət onun istifadəsində olmasına, eyni zamanda həmin torpaq sahəsinin ümumi istifadədə olan sahə olmasına baxmayaraq, Bələdiyyənin qərarı ilə qanunsuz olaraq üçüncü şəxsə satılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən həmin Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Qanunvericiliyin qeyd edilən müddəalarından göründüyü kimi iki halda torpaq sahəsi onun geri qaytarılmasının mümkün olmaması əsası ilə onu istifadə edən şəxsin mülkiyyətinə verilə bilər: 1) sahə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyriqanuni istifadə edilmiş olmalıdır və 2) sahə üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən ölçüdə istifadə edilmiş olmalıdır. Hazırkı işin halları ilə bağlı olaraq hər iki halın mövcudluğu müəyyən olunmadığı üçün iddiaçı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3 və 16.4-cü maddələrinə istinadla mübahisələndirilən sahənin geri qaytarılması mümkün olmayan sahə olduğu halından çıxış etməklə özünün hazırkı iddiaya dair subyektiv hüququnun olduğunu iddia edə bilməz. Belə ki, qeyd edilən torpaq sahəsində iddiaçının hər hansı tikilisi mövcud deyildir. Bundan başqa, mübahisələndirilən torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmış hər hansı torpaq sahəsinə bitişik olmaqla artıq ölçüdə istifadə olunan sahə də deyildir. İşin hallarından görünür ki, mübahisəli torpaq sahəsi ikimərtəbəli yaşayış binasında üçüncü şəxsin yaşadığı mənzilin qarşısındakı həyətyanı sahədir. İddiaçının uzun illər ərzində sahədən istifadə etməklə onu abadlaşdırdığına dair dəlili ilə bağlı kollegiya qeyd edir ki, bu istifadə hər hansı səlahiyyətli orqan tərəfindən verilmiş torpaq ayırma qərarına əsaslanmayan qanunsuz istifadə olmuşdur. Qanunvericilik isə yalnız qanuni əsaslarla əldə edilmiş istifadə hüququnu və ondan irəli gələn həmin hüququn məhkəmədə müdafiəsinə nail olmaq üçün iddia qaldırmaq hüququnu tanıyır. Təsadüfi deyildir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.1 və 16.2ci maddələrində təsbit edilmişdir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyriqanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Üçüncü şəxsə satılan torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olması ilə bağlı iddiaçının dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sənədlərdən görünür ki, sözügedən 0.01 ha torpaq sahəsi yaşayış məntəqələri kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsidir. Beləliklə, Zərdabi Bələdiyyəsi xx.xx.2020-ci il tarixli, 04 saylı qərarı qəbul edərkən qanunvericiliklə ona verilmiş hüquqlardan istifadə etməklə mülkiyyətində olan sahəyə dair sərəncam vermişdir. Bundan başqa kollegiya qeyd edir ki, hazırkı mübahisəyə məhkəmədə baxılan ərəfədə 25 fevral 2022-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Zərdabi Bələdiyyəsi tərəfindən iddiaçının yaşadığı binanın qarşısında yerləşən sahədən 0,0245 ha torpaq sahəsi iddiaçının ailə üzvü X2. Beləliklə, kollegiyanın qənaətinə görə, iddiaçı sözügedən torpaq sahəsinə dair hər hansı hüquq sahibi olmadığı üçün həmin sahəyə dair Bələdiyyə tərəfindən verilmiş qərarı mübahisələndirmək hüququna malik deyildir. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd edilən xüsusatını nəzərə almadan iddia tələbinə mahiyyəti üzrə baxmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayətləri isə qismən təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(118)-1085/2021 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar