Məhkəmə qərarları › İş №2-1(105)-106/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-106/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-106/2023 12.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması,kənd təsərrüfatı təyinatlı örüş torpaqları torpaqları) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsi tərəfindən verilmiş JN-420, KOD 30408018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 13,50 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyesrtində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(118)-66/2022 nömrəli qərarından iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Dəvəçi (Şabran) rayon Rəhimli bələdiyyəsinin 29 aprel 2002-ci il tarixli 06 saylı qərarından görünür ki, İddiaçı bələdiyyənin ehtiyat fondundan 13.50 ha torpaq sahəsinin satılması qərar alınmışdır. xx.xx.2002-ci il tarixli qəbzdən görünür ki, İddiaçı torpaq satış ilə bağlı Dəvəçi rayonu Rəhimli bələdiyyəsinin hesabına 35402.319 manat ödəmişdir. -Torpaqların alqı-satqısına dair xx.xx.2002-ci il tarixli aktdan görünür ki, Dəvəçi rayon Rəhimli bələdiyyəsi İddiaçı bələdiyyənin ərazisindən 13.50 hektar torpaq sahəsini satmışdır. 420 KOD 30408018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, həmin sənəd İddiaçı Dəvəçi (Şabran) rayon Rəhimli bələdiyyəsinin 29 aprel 2002-ci il tarixli 06 saylı qərarı ilə satılmış 13.50 ha torpaq sahəsinə dair tərtib edilmişdir. DTXK-nin Dəvəçi rayon şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2002-ci il tarixli aktdan görünür ki, İddiaçı ayrılmış 13.50 ha torpaq sahəsi ölçülərək ona ayrılmışdır. DTXK-nin Dəvəçi rayon şöbəsinin xx.xx.2002-ci il tarixli 16 nömrəli rəyindən görünür ki, İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı, məqsədi ilə 13.50 torpaq sahəsinin satılması məqsədəuyğun hesab edilmişdir. İddiaçı tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, mülkiyyətində olan 13.50 torpaq sahəsinin qonşu mülkiyyətçisi ilə kəsişən hissəsindən imtina edir.Qalan hissəyə dair reyestdrdən çıxarışın verilmsinə etiraz etmir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, JN- 420 KOD 30408018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt” ında göstərilən torpaq sahəsi Şabran rayonu Rəhimli bələdiyyəsinə verilmiş xx.xx.2019-cu ii tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyest nömrəli çıxarışla kəsişir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********04 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı məhkəmənin iş materiallarına əlavə edilən DTXK-rfin Şabran (keçmiş Dəvəçi) rayon şöbəsi tərəfindən verilmiş JN-420 KOD 30408018 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ayrılmış 13.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cizgiləri ƏMDX-nin elektron baza məlumatlarında öz əksini tapmamamışdir. X3 qeyd edilən koordinatlara əsasən torpaq sahəsini xəritə üzərində təyin etdikdə məlum olmuşdur ki, İddiaçı iddia etdiyi torpaq sahəsi kənd təsərrüfatına yararlı torpaq sahəsidir. İddiaçı iddia etdiyi torpaq sahəsi başqa mülkiyyətçilərin torpaq sahələri ilə kəsişmir. Azərbaycan Respublıkasının İqtisadıyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran (keçmiş Dəvəçi) rayon şöbəsi tərəfindən verilmiş JN-420 (kod ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” barədə elektron məlumat bazasında heç bir məlumat aşkar edilməmişdir. Qeyd olunan torpaq sahəsi ilə bağlı Dövlət Aktının surəti və yaxud ayrılmış torpaq sahəsinin koordinatları təqdim ediləcəyi təqdirdə müraciətin qanunamüvafiq qaydada cavablandırılması təmin olunacaqdır. Azərbaycan Respublıkasının İqtisadıyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, JN-420 (kod ********) nömrəli “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd olunan koordiantlarda yerləşən 13.50 hektar torpaq sahəsi Mərkəzin elektron məlumat bazasında olan kompleks yerquruluşu layihəsinə əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsi tərəfindən verilmiş JN-420, KOD 30408018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 13,50 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyesrtində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şabran (keçmiş Dəvəçi) rayon Rəhimli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 6 saylı qərarı ilə iddiaçıya satılmış 13,50 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsi tərəfindən JN-420 Kod 30408018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. İddiaçı 18 ildir ki, həmin torpaq sahəsindən maneəsiz istifadə edir, taxıl əkir. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsi tərəfindən verilmiş JN-420 Kod 30408018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında dövlət reyestrindən çıxarış alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin idarədən ona rəsmi məktubla bildirmişlər ki, dövlət aktı idarənin elektron baza məlumatlarında və dövlət aktının qeydiyyat kitabında öz əksini tapmadığından və həmin torpaq sahəsi guya kənd təsərrüfatlı olduğundan müraciətinin təmin olunmasından imtina edildi. O, ilkin hüquqmüəyyənedici sənədlərin əsillərini və “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının əslini təqdim etməyinə baxmayaraq onun mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina etdilər. O, 2002-ci ildə bələdiyyəyə müraciət edərək torpaq sahəsini almışdır. Torpaqayırma sənədləri bələdiyyə və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsində tərtib olunaraq mülkiyyətinə dair dövlət aktı verilmişdir. Hazırda isə həmin sənədin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin elektron bazada və qeydiyyat kitabında olmaması onun təqsiri deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(118)-66/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə göstərilən nəticəyə gələrkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqişəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********04 saylı mütəxəssis rəyinə istinad etmişdir. Yəni mülkiyyət hüquqlarımın qeydə alınmasından imtina edən və hazırki iş üzrə cavabdeh olan inzibati orqanın mütəxəssis rəyinə istinad edilmişdir. Belə olan halda həmin mütəxəssis rəyi hansı dərəcədə tam, hərtərəfli və obyektiv ola bilər, habelə, ədalət mühakiməsini həyata keçirməli olan məhkəmənin işdə torpaq sahəsinin yararsız olmasına dair digər sübutlar olduğu halda yalnız iş üzrə cavabdehin təqdim etdiyi mütəxəssis rəyinə istinad etməsində hansı ədalət mühakiməsindən danışmaq olar? Halbuki, ləğv edilmiş DTXK-nin Dəvəçi rayon şöbəsinin xx.xx.2002-ci il tarixli 16 nömrəli rəyində kənd təsərrüfatına yararsız torpaq sahəsi qeyd edildiyi halda məhkəmə qərarında həmin hissəni kəsərək digər hissələri qeyd etmişdir. Bundan başqa, DTXK-nin Dəvəçi rayon şöbəsi və Şabran (keçmiş Dəvəçi) rayon Rhəimli bələdiyyəsi tərəfindən tərtib edilmiş xx.xx.2002-ci il tarixli aktda torpaq sahəsinin kənd təsərrüfatına yararsız olması və yararlı hala salınmaqla həmin məqsəd üçün istifadə oluna bilməsi qeyd edildiyi halda məhkəmə qərarında göstərilənləri qeyd etməmişdir. Bundan əlavə, iş materiallarında olan bələdiyyə qərarında ona kənd təsərrüfatına az yararlı torpaq sahəsinin ayrıldığı qeyd edilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1.2-cimaddəsinə əsasən kənd təsərrüfatına az yararlı torpaq sahələri xüsusimülkiyyətə verilə bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsinə baxarkən aşkar qərəzli mövqe tutmuş və qərarında təqdim etdiyi sübutlara qiymət verməmişdir. Eyni zamanda, adına JN-420 Kod 30408018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir ki,“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1 və 8.0.5-cimaddələrinin tələblərinə uyğun olaraq torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin dövlət aktının elektron baza məlumatlarında və təhvil verilmiş dövət aktlarının qeydiyyat kitablarında öz əksini tapmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, göstərilən dəlil imtina üçün qanuni əsas sayıla bilməz. Belə ki, sözügedən dövlət aktının elektron baza məlumatlarında olmaması onun təqsiri deyildir və belə bir əsas “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmamışdır. Habelə,“İnzibati icraat haqqında” Qanunun 19.1-cimaddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqişəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Təqdim etdiyi dövlət aktının mötəbərliyini şübhə altına alan və ya aktdakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə olmadığı, habelə akt qüvvədə olduğu halda həm inzibati orqan, həmçinin məhkəmə “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Habelə məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda torpaq sahəmin Şabran rayonu Rəhimli bələdiyyəsinə verilmiş xx.xx.2019-cu ii tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyest nömrəli çıxarışla kəsişməsi göstərildiyi halda, cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********04 saylı mütəxəssis rəyində isə torpaq sahəmin başqa mülkiyyətçilərin torpaq sahələri ilə kəsişməməsi qeyd edilmişdir.Göründüyü kimi cavabdeh tərəfindən bir-birinə zidd olan rəylər verilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir (xx.xx.2008-ci il tarixli 666- İİİQD nömrəli Qanunla 12-ci maddənin 4-cü bəndin ikinci cümləsindən “və ya bələdiyyənin sözləri çıxarılmışdır.). Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr; ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048) ilə...7.1.3-cü, 7.1.4cü,...maddələr... çıxarılmışdır). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (xx.xx.2007-ci il tarixə qədər olan redaksiya). “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; torpaqların monitorinqi-torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemi mənasını ifadə edir. Maddə 3. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin aparılmasını, təşkilini və idarə edilməsini tənzimləməkdir. Maddə 12. Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəli halları ondan ibarətdir ki, iddiaçı müvafiq bələdiyyə qərarı əsasında 13,5 ha torpaq sahəsini satın aldığını, həmin torpağa mülkiyyət mülkiyyət hüququna dair Dövlət Aktının mövcudluğunu əsas gətirərək, torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən bundan imtina eidlərək, imtinanı əsası kimi həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinə aid olması, qanunvericiliyin tələbinə əsasən həmin torpaq sahələrinin alqı-satqı predmeti ola bilməməsi, xüsusi mülkiyyətə verilməsinin yolverilməz olması halına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, qanunevriciliyin yuxarıda qeyd olunan normalarının tələbinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatı yararlı torpaq sahələri xüsusi mülkiyyətə verilə bilməz və alqı-satqı predmeti ola bilməz, yalnız icarəyə verilə bilər. İndiki halda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə mübahisə predmeti olan torpaq sahəsi kənd təsərrüfatı yararlı torpaq sahəsidir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatı örüş torpaq sahəsidir. Hansı ki, qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən örüş torpaq sahələrinin də xüsusi mülkiyyətə verilməsi, alqı-satqı predmeti olması yolverilməzdir. Göründüyü kimi, qeyd edilən torpaq sahəsinin xüsusi mülkiyyət hüququnun obyekti qismində çıxış etməsi halı yolverilməz olduğu halda iddiaçı həmin torpaq sahəsi ilə bağlı xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmişdir. Qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən hər hansı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun yaranması və qeydiyyata alınmasına o halda yolverilir ki, bunun üçün qanuni əsas mövcud olmuş olsun. İndiki halda isə həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi mümkün olmadığından, iddiaçının onunla bağlı xüsusi mülkiyyət hüququnun yaranmasının qanuni əsası mövcud olmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinanın əsasları qanuni olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, torpaq sahəsinin məqəsdli təyinatı, hüquqi rejimi, kateqoriyası, kəmiyyət və keyfiyyət göstəriciləri (yararlılıq əlaməti) ilə bağlı məlumatlar məhz dövlət kadastr məlumatları əsasında müəyyən edilir ki, həmin məlumatlar da məhz qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə həyata keçirilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir:torpaq sahələrinin hüquqi statusu;torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ;torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri;torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi;torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş ürzə iddiaçı tərəfindən təqdim edilmiş müvafiq sənədlərdə torpaq sahəsinin kənd təsərrüfatına yarasız kimi qeyd edilməsi halı özlüyündə bu faktı təsdiq edən mötəbər sənəd kimi qəbul edilmir. Belə ki, qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən həmin göstəricilər məhz müvafiq dövlət kadastr məlumatları əsasında öz təsdiqini tapmalıdır. İdniki halda isə həmin hal dövlət kadastr məlumatları əsasında təkzib olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(118)-66/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar