Məhkəmə qərarları › İş №2-1(105)-106/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-106/2024

03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-106/2024 03.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 və X6 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(118)- 1974/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 308 nömrəli sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən 59 nömrəli mənzilin İddiaçı və ailə üzvlərinin (özü, arvadı X1 və oğlu X5) daimi istifadəsinə verilməsi və onun həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək Xırdalan şəhəri, 26-cı məhəllə, ev 9 ünvanında yerləşən 285 nömrəli (əvvəlki nömrəsi 59) mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh 07 dekabr 2022-ci il tarixli, **********12 nömrəli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı ünvan 1 ünvanında yerləşən 285 saylı mənzilə dair verilmiş Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 308 nömrəli sərəncamının 28 oktyabr 2022-ci il tarixdə verildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan başqa, sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə şərait yaradılmadığı müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, ünvan 1 ünvanında yerləşən 285 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən 285 saylı mənzil uzun illərdir ki, iddiaçının və ailə üzvlərinin istifadəsindədir. Həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin müraciətinin icrasından imtina edilmişdir. Bununla bağlı o, məhkəmədə iddia qaldırmış, bundan sonra onunla mənzil kirayə müqaviləsinin bağlanmasına dair Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli 308 saylı sərəncam verilmişdir. Sözügedən sərəncam, forma-2 arayışı, notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əlavə edilməklə ərizə ilə cavabdehə müraciət edərək sözügedən mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərardadı ilə X1 və X5 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(118)-1974/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 285 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçı mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması üçün tələb olunan bütün sənədləri cavabdeh inzibati orqana təqdim edildiyi halda, cavabdeh qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla imtina cavabı vermişdir. İddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxsdir, belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinasının birinci dəlili əsassızdır. Cavabdehin ikinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı mübahisə predmeti olan mənzilə baxış keçirmək üçün cavabdeh idarənin əməkdaşlarının gəlmədiyini, yalnız bir dəfə MKİS tərəfindən gəlib baxış keçirildiyini bildirmişdir. Cavabdehin bu dəlili öz təsdiqini tapmadığından bu hal iddianın təmin edilməsindən imtina üçün əsas hesab edilə bilməz. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, mənzilə texniki baxışın keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmaması mübahisə predmeti olan mənzilə dair hər hansı mübahisənin, mənzilin ünvanı barədə hansısa uyğunsuzluğun, texniki baxışın keçirilməsi zamanı ortaya çıxa biləcək digər uyğunsuzluqların aşkar olunmasına maneə yaratmış olur. Bu isə öz növbəsində iddia tələbinin təmin olunub müvafiq qərarın qanuni qüvvəsini alacağı və icraya yönəldiləcəyi təqdirdə qərarın icrasını mümkünsüz etmiş ola bilər. Birinci instansiya məhəkəməsi bu məsələni araşdırmamış, bu hala münasibət bildirməmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan mənzilin yerləşdiyi yaşayış binasında yerləşən mənzillərin bəziləri üzərində vətəndaşların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat vermiş və əlavə olaraq izahatında bildirmişdir ki, o, “Azneftximmontaj” Trestində işlədiyi dövrdə müəssisə tərəfindən 1989-cu ildə ona yataqxanadan hazırkı mənzil ayrılmış, daha sonra işlədiyi müəssisənin özəlləşməsi nəticəsində "xxxx" Səhmdar Firması yaradılmışdır. Firmanın balansında olan yataqxana binası İcra Hakimiyyətinin balansına verildikdən sonra, onun müraciətinə əsasən, İcra Hakimiyyətinin sərəncamı ilə yaşadığı mənzilin kirayəçisi hesab edilmiş, eyni zamanda onunla mənzilə dair kirayə müqaviləsi bağlanmışdır. Həmin binada yaşayan bir neçə sakin də eyni qaydada mənzillərini özəlləşdirmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə düzgün həll edilmişdir. Üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdilər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Azərbaycan Respublikasından mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; (-) Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; (-) Mənzil Məcəlləsi: Maddə 17. Mənzil fondu 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. Maddə 146. Dövlət mənzil fondunun yaşayış sahələrinin özəlləşdirilməsi 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin Xırdalan şəhəri, 26-cı məhəllə, ev 9 ünvanında yerləşən 285 nömrəli (əvvəlki nömrəsi 59) mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı mənzil üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdehin imtina məktubu, etiraz və apellyasiya şikayətinin əsas dəlili qanunvericiliyin tələbləri baxımından, 2009-cu il oktyabrın 1-dək qəbul edilmiş müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunduğu halda, mənzilə dair Abşeron Rayon İcra Hakimiyyəti Başçısının sərəncamının qanunvericiliyin tələblərinə zidd olaraq 28 oktyabr 2022-ci il tarixdə qəbul edilməsidir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər sayılır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.1984-cü il tarixdən “Azneftximmontaj” Trestində çilingər vəzifəsində əmək fəaliyyətinə başlamış, xx.xx.1999-cu il tarixədək həmin müəssisədə işləmiş və işlədiyi dövrdə Trest tərəfindən balansında olan yataqxana binasından 59 nömrəli mənzil iddiaçının istifadəsinə verilmişdir. Sonradan həmin Trestin özəlləşdirilməsi nəticəsində "xxxx" Səhmdar firması yaradılmışdır. "Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 25 fevral tarixli 100 nömrəli Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 14 sentyabr tarixli, 149 nömrəli qərarına əsasən, özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər (yataqxanalar, yaşayış və mədəniyyət binaları, uşaq bağçaları, idman qurğuları, atelyelər, qazanxanalar və s.), habelə bu obyektlərlə bağlı giriş və məhəllədaxili yollar əlavə olunmuş siyahıya əsasən yerli icra hakimiyyəti orqanlarının və aidiyyəti üzrə müvafiq təşkilatların balansına verilmişdir. Qərara əlavə olunmuş siyahıdan görünür ki, "xxxx" Səhmdar Firmasının balansında olan Abşeron rayonunda yerləşən 1 nömrəli yataqxana Abşeron rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Həmçinin, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Abşeron rayon İcra Hakimiyyətinin 01 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 1999-cu il tarixli, 149 nömrəli qərarına əsasən "xxxx" Səhmdar Firmasının balansında olan 1 nömrəli yataqxana binası Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları) balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Normanın tələbindən müəyyən olunur ki, dövlət mülkiyyətində olan yataqxanaların Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında yerli icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra özəlləşdirilməsi üçün:

1. Şəxs həmin yataqxanada faktiki yaşamalı;

2. Mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamalıdır. Birinci şərtlə bağlı, kollegiya qeyd edir ki, Abşeron rayon İcra Hakimiyyəti Xırdalan şəhər 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmiri Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 18 nömrəli Forma-2 arayışdan görünür ki, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 9 ünvanında yerləşən 59 (285) nömrəli mənzilin icarədarı hazırkı iş üzrə iddiaçıdır və o, həmin mənzildə arvadı X1 və oğlu X5 ilə birgə yaşayır. Odur ki, hazırkı iş üzrə birinci şərtin ödənildiyi müəyyən edilir. Mənzilə dair kirayə müqaviləsinin bağlanmasına dair ikinci şərtə münasibətdə qeyd edilməlidir ki, işin yuxarıda sadalanan hallarından göründüyü kimi 1999-cu ildə mübahisəli mənzilin balanssaxlayıcısı dəyişərək Abşeron rayon İcra Hakimiyyəti olmuş, daha sonra rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 308 nömrəli sərəncamı ilə sözügedən mənzilin iddiaçı və ailə üzvlərinin daimi istifadəsinə verilməsi və iddiaçının həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. Həmçinin, apellyasiya instansiya məhkəməsində icraat zamanı sözügedən mənzilə dair iddiaçı ilə Abşeron rayon İH Abadlıq və Kommunal İstismar Sahəsi 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi arasında xx.xx.2024-cü il tarixli, 34 nömrəli “Yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanmışdır. Beləliklə, işin sadalanan hallarından iddiaçının adına yataqxananın müvafiq mənzilinin özəlləşdirilməsi üçün qanunla tələb olunan bütün şərtlərin ödənildiyi müəyyən edilir. Həmçinin, işdə olan notarial qaydada təsdiq edilmiş 14 noyabr 2022-ci il tarixli, **********370 və **********386 nömrəli ərizələrdən görünür ki, müvafiq olaraq X1 və X5 mübahisəli mənzilin iddiaçının adına özəlləşməsinə etiraz etməmişlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin üçüncü cümləsinə əsasən, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: 1) mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin, müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; 2) mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); 3) mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən etmişdir. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu (Qanunun 8-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan şəxslərin razılıq ərizələri və 2 №-li formada arayış da əlavə edilməklə) mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsində qeyd olunan hüquqmüəyyənedici sənədlərə malik olduğundan iddiaçı hazırkı tələblə məhkəmə müraciət etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.11-ci maddəsində də nəzərdə tutulmuşdur. Mənzilə dair texniki baxışın keçirilməməsi ilə bağlı cavabdehin 2-ci dəlilini də əsassız hesab edən kollegiya bildirir ki, cavabdeh tərəfindən məhkəmə təqdim edilən “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 29 mart 2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, mənzil cavabdeh tərəfindən müayinə edilmiş və müayinə nəticəsində mənzilin beş mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşdiyi, texniki göstəricilərinin 52,97 kv.m, 29,17 kv.m, 23,80 kv.m, faktiki isə 53,5 kv.m, 29,2 kv.m, 24,3 kv.m olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin imtinası əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-1(118)-1974/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar