Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-106/2025 04.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsinin cavabdeh Abşeron rayon Qobu bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Hacıyev Vahid Məcid oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Üçüncü şəxs X5, onun nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X7, onun nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs X8 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsinin cavabdeh Abşeron rayon Qobu bələdiyyəsinə qarşı “cavabdehin 27 yanvar 2007- ci il tarixli 01 nömrəli iclasının gündəlikdə duran X3, X6 və X10 fərdi ev tikintisi üçün hər biri 0,08 ha torpaq sahəsinin ayrılması barədə qərarın (aktın) ləğv olunması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-195/2019 nömrəli qərarından üçüncü şəxslər X5 və X7 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsi cavabdeh Abşeron rayon Qobu Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 27 yanvar 2007-ci il tarixli 01 nömrəli iclasının gündəlikdə duran X3, X6 və X10 fərdi ev tikintisi üçün hər biri 0,08 ha torpaq sahəsinin ayrılması barədə olan qərarın (aktın) ləğv olunması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-195/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon Qobu Bələdiyyəsinin 27 yanvar 2007-ci il tarixli 01 nömrəli iclasının gündəlikdə duran X3, X6 və X10 fərdi ev tikintisi üçün hər biri 0,08 ha torpaq sahəsinin ayrılması barədə qərarları ləğv edilmişdir (hakim Zaur Pirverdiyev). Üçüncü şəxslər X5 və X7 qərardan apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətlərinin dəlilləri Üçüncü şəxs X1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesinin yeri və vaxtı barədə məlumatlandırılmamış, məhkəmə qərarının surəti ona təqdim edilməmişdir.Bu barədə məlumat aldıqdan sonra məhkəməyə müracət edərək qərarın surətini xx.xx.2024-cü il tarixdə almışdır. İddia tələbini təmin edən məhkəmə “inzibati icraat haqqında" AR Qanununun 67.1-ci maddəsinə istinad etmiş və göstərmişdir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının pozulması və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbil edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunzuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş orqan və ya subardinasiya baxımından yuxarı inzibati orqan tərəfindən, yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin qanunun 67.3-cü maddəsinə əsasın qanunsuz əlverişsiz ninzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublaksının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa qannunzuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış nəticələri aradan qaldırır. Məhkəmə tədqiqatı zamanı Abşeron rayon Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 01 nömrəli qərarı ilə üçüncü şəxslərə fərdi yaşayış evi tikmək məqdədilə hər birinə 0,08 ha torpaq sahəsi satıldığını və adıçəkilən qərarla satılmış torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı ərazidən satıldığının müəyyən edilməsi təsdiq edildiyi üçün Qobu Bələdiyyəsinin qərarını qanunsuz hesab edilərək ləğv edilmişdir. Məhkəmənin bu yanaşması tam əsassızdır.Əvvəla qərar çıxarılandan 12 il əvvəldən həmin torpaq sahəsi onun mülkiyyətində və istifadəsindədir. Bu torpaq sahəsini onun dəyərini ödəməklə əldə etmiş və hasara alaraq yararlılıq vəziyyətinin yaxşılaşdırılması üçün xeyli əlavə vəsait xərcləmişdir. Məhkəmə isə işə birtərəfli qaydada baxmış, onun iştirakını təmin etməmiş, bu qərarla mülkündən məhrum etmişdir. Məhkəmə onun torpaq sahəsi üzərində 2007-ci ildən, yəni mübahisələndirdiyi qəraq qəbul edilməmişdən 12 il qabaq yaranmış hüquqlarına təminat verməmiş, iddia müddətinin ötürülməsinə əhəmiyyət verməmişdir. Üçüncü şəxs X4 apellyasiya şikayəti üçüncü şəxsin apellyasiya şikayətinə uyğun eyni məzmunda əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X5 və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs üçüncü şəxs X7 və nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X8 nümayəndəsi Nümayəndə apellyasiya şikayətlərinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununu: 8.1. İnzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətə baxarkən həmin müraciətdə göstərilmiş və mübahisə doğuran bələdiyyə aktının, habelə əlavə sənədlərin və ya məlumatların ona göndərilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə bu sənədləri və ya məlumatları həmin sorğunu aldığı andan 5 iş günü (29 iyun 2020-ci ilədək olan redaksiyada 15 gün) ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim etməlidir. (18 oktyabr 2024-cü il tarixədək qüvvədə olan redaksiyada). 8.2. İnzibati nəzarəti həyata keçirən orqan ona təqdim olunmuş müraciətə baxarkən zəruri hallarda yerində araşdırmalar aparır (29 iyun 2020-ci ilədək qüvvədə olan redaksiyada). 8.3. İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanuna zidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin 15 gün müddətində dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə müvafiq bələdiyyəyə müraciət edir. 8.4. İnzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 15 gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir (9 iyul 2019-cu ilədək olan redaksiyada). 8.5. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir (əvvəlki redaksiyada). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddia tələbi torpaq sahəsinin ayrılması barədə olan xx.xx.2007-ci il tarixli bələdiyyə qərarının (aktın) ləğv olunması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edilməlidir ki, iddia tələbi qanunla müəyyən edilmiş mümkünlük şərtlərinə cavab verdiyi halda, həmin tələbə mahiyyəti üzrə baxılması yolveriləndir. İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı məhz 2007-ci il tarixdə üçüncü şəxslər barəsində qəbul edilmiş müvafiq inzibati aktın ləğv edilməsini istəyir və bu barədə tələblə məhkəməyə xx.xx.2018-ci il tarixdə irəli sürmüşdür. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı məhz “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun tələblərinə əsasən hazırki iddia tələbini irəli sürmüşdür. Qeyd edilən Qanunun həmin vaxtda qüvvədə olan normasının dispozitiv şərtlərinə əsasən iddiaçı bələdiyyə aktının müvafiq normative hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 15 gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə bələdiyyəyə müraciət edir, onun müraciəti qanunla müəyyən edilmiş müddətdə bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o 15 gün ərzində məhkəməyə müraciət edir. Göründüyü kimi hazırki iddia tələbinin zəruri mümkünlük şərtlərindən biri də məhz qanunla müəyyən edilmiş müddətdə iddia tələbi ilə məhkəməyə müraciət edilməsidir, həmin tələbə əməl edilməməsi isə iddianın mümkün hesab edilməməsi üçün əsas hesab olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, üçüncü şəxslər barəsində müvafiq bələdiyyə tərəfindən qəbul edilmiş və iddiaçı tərəfindən mübahisələndirilən bələdiyyə qərarı 2007-ci il tarixdə qəbul edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçının müvafiq bələdiyyəyə etdiyi müraciətinə baxılaraq, 10 avqust 2018-ci il tarixdə qərar qəbul edilmiş, həmin sənədlər 20 avqust 2018-ci il tarixdə iddiaçıya göndərilmiş və xx.xx.2018-ci il tarixdə təhvil alınmışdır. İddiaçı tərəfindən isə hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2018-ci il tarixdə müraciət edilmişdir. Göründüyü kimi yuxarıda istinad edilən qanununvericilik normasının tələbinə əsasən iddiaçının bələdiyyə tərəfindən onun müraciəti yerinə yetirilmədikdə 15 gün ərzində məhkəməyə müraciət etmək hüququ olduğu halda, 1 aydan artıq müddət keçdikdən sonra müraciət olunmuşdur. Halbuki, həmin tələbə əməl edilməməsi iddianın mümkün sayılmaması üçün əsas hesab olunur. Bu baxımından kollegiya hesab edir ki, hazırki inzibati iş üzrə iddia tələbi qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən, nəticə etibarilə iddianın xüsusi mümkünlük şərti mövcud olmadığından, iddia tələbi mümkün sayılmamalıdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına qanunvericilik normasının tələbi baxımından düzgün hüquqi qiymət verilməmiş, iddianın mümkünlük şərtlərini araşdırmamış, iddia tələbinin mümkün sayılmaması üçün əsaslar olsa da, mahiyyəti üzrə baxmış, bununla da iş üzrə gəldyi nəticə düzgün olmamış, iddiaçıların apellyasiya şikayətlərinin dəliləri əsaslı olmuşdur. Həmçinin, kollegiya iddiaçıların apellyasiya şikayəti üzrə tələbi ilə bağlı onu qeyd edir ki, iddiaçılar müvafiq məhkəmə qərarının ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, indiki halda iddia mümkün sayılmadığından, apellyasiya şikayətləri iddianın rədd olunmasına dair qərar qəbul edilməsinə aid hissədə təmin edilməməlidir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İndiki halda iddiaçıya münasibətdə qanunla müəyyən edilmiş istisna halın mövcudluğu müəyyən edilmədiyindən və müddətin buraxılmasından 1 ildən çox müddət keçdiyindən, ötürülmüş müddətin bərpası barədə ərizənin verilməsi ilə bağlı hüquqi yardım göstərilməsinin əsasları mövcud olmamışdır. Kollegiya hesab edir ki, həmin halın hazırki iş üzrə nəzərə alınması məqsədəmüvafiqdir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-195/2019 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.