Məhkəmə qərarları › İş №2-1(105)-1060/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1060/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1060/2024 22.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “Azərbaycan Respublikası Mədəniyyət və Təhsil Nazirliklərinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, Tatların tarixinə dair kitabının nəşri, beyin mərkəzlərinin yaradılması, Tat dilinin məktəblərdə tədris olunması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-5060/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Mədəniyyət və Təhsil Nazirliklərinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, Tatların tarixinə dair kitabının nəşri, beyin mərkəzlərinin yaradılması, Tat dilinin məktəblərdə tədris olunması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7430/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə 2- 1(112)-7430/2024 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-5060/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz izahatında Tatların tarixinə dair kitabının cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən çap edilməli olduğunu qeyd etmişdir. Göründüyü kimi iddiaçının çatmaq istədiyi hüquqi marağı məhkəmə tərəfindən inzibati orqana inzibati icraatın hansı qaydada aparılması ilə bağlı müdaxilə edilməsi barədə öhdəliyin qoyulması ilə bağlıdır. Lakin inzibati prosessual qanunvericilikdə və “İnzibati icraat haqqında” qanunda məhkəmənin aparılan inzibati icraata müdaxiləsi nəzərdə tutulmamışdır. Əks yanaşma hakimiyyət bölgüsü prinsipinə zidd olmaqla məhkəmənin inzibati orqanın yerini almasına gətirib çıxarmış olar. İddiaçı həmçinin Tat dilinin məktəblərdə tədris olunmasını istəyir ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi etirazında göstərmişdir ki, ümumi təhsil müəssisələrinin l-İV sinifləri üçün “Tat dili” dərsliklərinin nəşri ilə bağlı qaldırılan məsələyə dair cari ildə İ və İİ siniflər üçün “Tat dili” dərslikləri hazırlanaraq çap olunmuş və 2024- 2025-ci tədris ilinə şagirdlərin istifadəsinə veriləcəkdir. Hazırda İİİ və İV siniflər üçün “Tat dili” dərsliklərinin hazırlanmasına başlanılmışdır. Həmin dərsliklərin çap olunaraq 2025- 2026-cı tədris ilində ümumi təhsil müəssisələrinə təqdim edilməsi nəzərdə tutulur. Beləliklə, iddiaçının hazırki iddia tələbini qaldırmaq üçün subyektiv hüquqa malik olması halı da məhkəmə tərəfindən müəyyən edilmir. İddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Həmçinin “tələbin əsaslandırılması” həm predmet baxımından, həm subyekt baxımından təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan əlavə, iddiaçı qeyd edilən tələblərin bir icraatda birləşdirilməsinin mümkünlüyünü də əsaslandırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi iddiaçı tərəfindən verilmiş iddia ərizəsi mümkünlük şərtləri ilə bağlı tələblərə cavab vermir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərardad çıxarılması xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının, İPM-nin heç bir maddəsinə əməl olunmamış, ekspertiza təyin edilməsi barədə sənədlər göndərilsə də məhkəmə iclasında qərəzli olaraq qərar qəbul etmişdir, həmin qərar da yalnız kimlərinsə qiktovkası ilə köhnə qərarları təkrarlayaraq sifarişlə yazılmışdır, tərəflərin iştirakı olmadan qərar qəbul edilmişdir. Hansı ki, məhkəmə tərəfləri dəvət edərək sübutları araşdırmalı idi, tərəflərin etirazı məhkəmə tərəfindən və köməkliyi ilə tərtib olunub, fakt ortaya qoyulmayıb, əvvəlcədən hazırlanmış qərar qəbul olunub. Halbuki qüvvədə olan məcəlləyə görə məhkəmə iddiaçıya hüquqi vardım göstərməli olduğu halda şəxsi maraqlarına görə cavabdehlərə vəkillik etmişdir. Məhkəməyə göndərilmiş ərizədə də həmin məktublar əlavə olunduğuna baxmayaraq onlar heç araşdırılmamışdır. Həmçinin qanuna görə qərar qəbul edilərkən tərəflər məhkəməyə dəvət olunur, sübutlar araşdırılır, lazım gələrsə sorğular göndərilərək iş olunur.Məhkəmə tərəfindən qanunun tələblərini pozmuşdur, Belə ki, məhkəmə tərəfindən çəkişmə prinsipinə əməl edərək analiz edəndən sonra qərar qəbul edir. X3 və Azadlıqları haqqında konvensiyannın 6-cı maddəsində də deyilir ki, fərziyyələrlə qəbul edimiş qərarlar onu göstərir ki, işə baxan hakim faktları gizlədir, bu da onu sübut edir ki, qərar əvvəlcədən hazırlanıb, sifarişi verinə yetirərək qanunsuz qərar qəbul edilmişdir. AR İPM-nə əsasən məhkəmə bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırmasının mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələsində işin hallarım tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 1.1. Həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarının prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hazırki iş üzrə iddia tələbi bir neçə hissədən ibarət olmaqla, cavabdehlərin hərəkət və hərəkətsizliklərinin aradan qaldırılması, tatların tarixinə dair kitab nəşrinin, beyin mərkəzlərinin yaradılması və tat dilinin məktəblərdə tədris edilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İndiki halda ilk növbədə qeyd edilməlidir ki, iddiaçı cavabdeh inzibati orqanların hərəkət və hərəkətsizliyinin aradan qaldırılması tələb etsə də, cavabdeh inzibati orqanların qanunazidd və onun hüquqlarını pozan hərəkət və hərəkətsizliyinin nədən ibarət olmasını göstərməmiş, ümumi şəkildə ifadə etmişdir. Halbuki, iddianın mümkünlüyü baxımından həmin halın müəyyən edilməsi zəruri olmuşdur. Başqa sözlə desək, qeyd edilən hissədə iddianın mümkünlüyü baxımından cavabdehlərin hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hansı hüquqlarının pozulması halının müəyyən edilməsi mümkün olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi qənaəti düzgün olmuşdur. Bundan əlavə, məhkəmə iddia tələbinin tat dilində kitabın nəşr edilməsi hissəsində də iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının hüquqi marağı kitabın nəşr etdirilməsi ilə bağlı olmuşdur, hansı ki cavabdeh inzibati orqanlar kitabın nəşr etdirilməsi ilə bağlı səlahiyyətli qurum qismində çıxış etməmişdir. “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əsas fəaliyyət sahəsi müəllifə sifariş verməklə və ya müəllifin (müəlliflik hüququ sahibinin) sifarişi ilə nəşriyyat məhsullarının hazırlanması, istehsalı və (və ya) yayımından ibarət olan ixtisaslaşmış mədəniyyət müəssisəsi nəşriyyat qismində çıxış edir Nəşriyyat dövlət və qeyri-dövlət nəşriyyatları ola bilər. Həmin Qanunun 1-ci maddəsinə əsasən dövlət nəşriyyatı dövlət təşkilatlarının təsis etdiyi və yaxud onların təşkilat strukturlarına daxil olan nəşriyyatlar və nəşriyyat bölmələri, qeyri-dövlət nəşriyyatları xüsusi mülkiyyət və ya bələdiyyə mülkiyyəti əsasında yaradılmış nəşriyyatlar çıxış edir. Nəşriyyat məhsulu dedikdə çap üsulundan və formasından asılı olmayaraq nəşriyyatların (naşirlərin) sifarişi ilə istehlakçı üçün nəzərdə tutulan kitab, broşür, albom, plakat, buklet, açıqca, elektron nəşrlər və digər nəşriyyat məhsullarının məcmusu başa düşülür. Göründüyü kimi kitabın nəşr edilməsi ilə bağlı səlahiyyətli qurum qismində məhz nəşriyyat çıxış edir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissədə cavabdeh inzibati orqanlar həmin tələbə cavab verməli olan qurum qismində çıxış etmədiyindən, iddia mümkün sayılmamalıdır. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə nəşriyyat və çap məhsullarının istehsalı, buraxılışı və satınalınmasına dair Meyarlar” əsasında baxılaraq, kitabın nəşrinin məqbul hesab edilməməsi rəyi ilə bağlı onu qeyd edir ki, iddiaçı tərəfindən həmin rəy mübahisələndirilməmiş, habelə iddiaçının iddia tələbi məhz kitabın nəşr etdirilməsi ilə bağlı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası iddia tələbinin beyin mərkəzlərinin yaradılması hissəsi ilə bağlı hesab edir ki, həmin məsələ cavabdeh inzibati orqanların səlahiyyətinə aid olmadığından, həmin hissədə cavabdeh inzibati orqanlar iddia tələbi üzrə cavab verməli olan şəxs qismində çıxış etmədiyindən, bu hissədə də iddia mümkün sayılmamlıdır. Eyni zamanda, məhkəmə kollegiyası onu qeyd edir ki, iddia tələbi tat dilinin məktəblərdə tədris edilməsi hissəsində də qeyd edilən iddia tələbini irəli sürmək üçün iddiaçının subyektiv hüququ mövcud olmadığından, mümkün sayılmamalıdır. Belə ki, indiki halda həmin hissədə iddiaçı ictimai maraqların müdafiəsi baxımından iddia tələbini irəli sürmüşdür, halbuki iddiaçı yalnız şəxsi maraqların müdafiəsi ilə bağlı iddia tələbini irəli sürmək hüququna malik olmuşdur. Başqa sözlə desək, tədris müəssisəsində tat dilinin tədris edilməsi ilə bağlı məsələ məhz təhsil alan şəxslərin hüquqi mənafeyi ilə bağlı olan məsələ olmaqla, indiki halda bu hissədə iddiaçının belə bir hüquqi mənafeyinin olması, hüquqi müdafiəyə ehtiyacının olması halı müəyyən edilməmişdir. Nəticə etibarilə iddiaçı ictimai maraqların müdafiəsi baxımından qeyd edilən iddia tələbini irəli sürmüşdür ki, bu hal qnaunvericiliyin tələbi baxımından mümkün deyildir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissədə də iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-5060/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar