Məhkəmə qərarları › İş №2-1(105)-1063/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1063/2024

19.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1063/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “iddiaçının mərhum atası Quliyev Muxtar İsak oğlunun istifadəsində olmuş 0,06 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(118)-2621/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası Quliyev Muxtar İsak oğlunun istifadəsində olmuş 0,06 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək “mərhum atası Quliyev Muxtar İsak oğlunun istifadəsində olmuş 0,06 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhər XDS tərəfindən “Xəzər Bağları” ərazisində iddiaçının mərhum atası Quliyev Muxtar İsak oğlunun istifadəsinə 0,06 ha ölçüdə torpaq sahəsi ayrılmış və bağçının üzvlük kitabçası (470A) verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə cavabdeh təşkilata müraciət olunsa da, xx.xx.2023-cü il tarixli məktubla ərizənin icrasından imtina edilmişdir. Hesab olunur ki, imtina əsassızdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən 470a/69 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi barədə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət olunmuşdur. Bununla əlaqədar olaraq bildirilir ki, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən “Xəzər” Bağçılıq Cəmiyyətinin bağ sahələrinin ayrılması ilə bağlı arxiv məlumatları, o cümlədən, bağçılıq cəmiyyəti üzvlərinin təsdiq olunmuş adlı siyahısı 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilməmişdir. Sözügedən ərazidə yerləşən bağ sahələrinə dair arxiv məlumatlarının idarəyə təhvil verilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Sumqayıt bələdiyyəsinə və Dövlət Arxivinin Sumqayıt filialına müxtəlif sorğular verilmişdir. Bu səbəbdən qeyd edilən ərazidə yerləşən torpaq sahələri üzərində hüquqların qeydiyyatı prosesi arxiv məlumatları idarəyə təhvil verilənədək dayandırılmışdır. Bugünə qədər həmin arxiv sənədləri idarəyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə edilən 470a/69 nömrəli Bağçının üzvlük kitabçasının surətinə əsasən Quliyev Muxtar İsak oğlunun Bağçılıq Cəmiyyətinə üzv qəbul edilməsi qeyd edilmişdir. Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən iddiaçı mərhum Quliyev Muxtar İsak oğlunun vərəsəsi olmaqla miras əmlakın 1\2 hissəsində pay hüququna malik olmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(118)-2621/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin iddiaçının mərhum atasına ayrılmasına dair hüquqmüəyyənedici sənədlər öz təsdiqini tapmamışdır. Yəni, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İddiaçının hazırkı iş üzrə sənədləri heç bir hüquqmüəyyənedici xüsusiyyətlərə malik olmadığından məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilməməlidir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə bu iş üzrə qərar qəbul edərkən maddi (AR-sı Konstitusiyasının 13 və 29-cu maddələrinin, Mülki Məcəllənin 139-1.1.7-ci maddəsinin, “Bağçılıq Yoldaşlığı haqqında” əsasnamənin) və prosessual hüquq normalarının (MPM-nin 4, 17, 88, 217, İPM-nin 13-cü maddəsi) kobud şəkildə pozulması ilə qərar qəbul etmişdir. Məhkəmə qərar qəbul edərkən hesab etmişdir ki, Quliyev Muxtar İsak oğlu Sumqayıt Aliminium zavodunda fəhlə işləmiş, həmin zavodun Həmkarlar İttifaqı Komitəsinin və zavod rəhbərliyinin birgə qərarı əsasında müəssisədə işləmiş işçilərə, o cümlədən Quliyev Muxtar İsak oğluna torpaq sahəsi ayrılmışdır. Həqiqətən də mərhum atası xx.xx.1981-xx.xx.1995-ci illərdə Sumqayıt Aliminium zavodunun nəzdində fəaliyyət göstərən “Azərəlvanmetaltəmiri” İstehsal Birliyində işləmişdir. Bunu atasının adına açılmış “Əmək kitabçası” təsdiq edir. İşlədiyi müddətdə atasına Sumqayıt şəhəri, S.Vurğun küçəsi, “Avtomobil” sürücülük məktəbinin yaxınlığında 470a/69 saylı bağ torpaq sahəsi verilmişdir. Bu barədə Sumqayıt XDS-nin xx.xx.1986-cı il tarixli qərarı qəbul edilmişdir. xx.xx.1986-cı ildə atasına bağ torpaq sahəsinin verilməsini “Xəzər” Bağçılıq Yoldaşlığı öz möhürü ilə təsdiq etmişdir. Torpaq sahəsindən istifadə etmiş, sahəni hasarlamış, orada ağaclar əkmişdirlər. Bir sözlə bağ sahəsindən təyinatı üzrə istifadə etmişdirlər. xx.xx.2005-ci ildə bir il müddətinə bağ torpaq sahəsi Azərsığorta Dövlət Sığorta Kommersiya Şirkəti ilə müqavilə əsasında sığortalanmışdır. Bunu AS seriyalı 685405 saylı şəhadətnamə təsdiq edir. Həmçinin torpaq sahəsinə görə Tədiyyə vergisi Sumqayıt şəhər Bələdiyyəsinin hesabına ödənilmişdir. Səhlənkarlıq üzündən 470a saylı torpaq sahəsinə görə verilmiş “Bağçılıq Yoldaşlığı” kitabçası itmişdir. Bu barədə “Sumqayıt” qəzetində elan verilmiş, lakin kitabçanı tapmaq mümkün olmamışdır. “Bağçılıq Yoldaşlığı haqqında” Əsasnaməyə görə Bağ torpaq sahəsi həmin müəssisədə işləyən işçilərə əvəzsiz olaraq müəssisə rəhbərliyinin və HİK-nin birgə qərarı əsasında verilir. Yuxarıda qeyd etdiyi kimi, atası 1981-1995-ci illərdə Sumqayıt Aliminium zavodunda işləmiş və 470a saylı bağ sahəsi ona 1986-cı ildə verilmişdir. Bunu məhkəmə qərarda özü də təsdiq etmişdir. Atasının Sumqayıt Aliminium zavodunda işləməsini və torpaq sahəsi almasını “ünvan 2 ünvanladığı məktub təsdiq edir. Lakin həmin torpaq sahəsinə görə verilmiş sənədlərin Dövlət Arxivinin Sumqayıt Şöbəsində olmaması, həmçinin guya “Adlı siyahı”nın 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilməməsi səbəbindən iddia tələbinin rədd edilməsi başa düşülən deyil. Bildirir ki, Sumqayıt Aliminium zavodunun onlarla işçisi həmin ərazidə (“Xəzər” BY) verilmiş bağ sahələrini özəlləşdirə bilmişlər. Belə olan halda mübahisəyə baxan hakim İPM-nin 13-cü maddəsini tətbiq etməklə müvafiq orqanlara bu yöndə sorğu verməli olduğu halda bunu etməmişdir. 470a saylı Bağ torpaq sahəsinin Muxtar Quliyevə məxsus olması barədə məhkəməyə yetərincə sənədlər verilmişdir. Lakin mübahisəli torpaq sahəsinin mərhum atasına ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənədin olmaması adı ilə iddia tələbini təmin etməmişdir. Bildirir ki, məhkəməyə təqdim edilən M.Quliyevin adına verilmiş əmək kitabçası və Bağçılıq kitabçası adı çəkilən əsasnaməyə görə əsas sənəddir. Ayrıc aktı və torpağın naturada ayrılması barədə sənədlər isə Cəmiyyət üzvlərindən gizli saxlanılır və həmin sənədlər 2 saylı Ərazi İdarəsindədir. Hesab edir ki, məhkəmə mübahisəni həll edərkən qərəzli olmuş, obyektiv araşdırma aparmamış, təqdim edilən sənədlərə düzgün hüquqi qiymət verməmişdir. Atasının Sumqayıt Aliminium zavodunda işləməsini və torpaq sahəsi almasını “ünvan 2 ünvanladığı məktub təsdiq edir. Lakin həmin torpaq sahəsinə görə verilmiş sənədlərin Dövlət Arxivinin Sumqayıt Şöbəsində olmaması, həmçinin guya “Adlı siyahı”nın 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilməməsi səbəbindən iddia tələbinin rədd edilməsi başa düşülən deyil. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq, torpaq sahəsinin əvvəllər onların istifadəsində olduğunu, hazırda isə onların istifadəsində olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, “Xəzər” Bağçılıq Cəmiyyətinin bağ sahələri kimi iddia olunan dənizqırağı ərazilərdən ancaq bir qadının mülkiyyət hüququ qeydə alınmış, həmin ərazilərdə heç bir qeydiyyat aparılmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar .... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış .... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-) İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı mərhum atası Quliyev Muxtar İsak oğlunun istifadəsində olmuş 0,06 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə öz qərarını əsaslandıraraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçının mərhum atasına ayrılmasına dair hüquqmüəyyənedici sənədlər öz təsdiqini tapmamışdır. Yəni, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İddiaçının hazırkı iş üzrə sənədləri heç bir hüquqmüəyyənedici xüsusiyyətlərə malik olmadığından məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq təsbit edilmişdir. Həmin əsaslardan biri də, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışdır (Qanunun 8.0.7-ci maddəsi). İddiaçı da tələbinin əsası kimi “Bağçının üzvlük kitabçası”na istinad edərək mübahisəli torpaq sahəsinin mərhum atası Quliyev Muxtar İsak oğluna ayrıldığını iddia edir. Məhkəmə kollegiyası razılaşır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə istinadla təqdim edilmiş kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsasında bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmalıdır. Lakin, bunun üçün iddiaçı tərəfindən təqdim edilmiş həmin müəyyənedici sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması müəyyən olunmalıdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda, məhkəmə sözügedən sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması ilə bağlı məsələni lazımi qaydada araşdırmalı və qiymətləndirməlidir. Qeyd olunan halın araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən zəruri sorğular edilmiş, aşağıdakı məlumatlar toplanılmışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Bələdiyyəsinin “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli, 945 nömrəli məktubdan görünür ki, Quliyev Muxtar İsak oğlunun adına verilən 470A nömrəli bağçının üzvlük kitabçasının verilməsinə əsas olmuş sənəd “Xəzər” Bağçılıq Cəmiyyətinin arxivində yoxdur. Quliyev Muxtar İsak oğlunun bağçının üzvlük kitabçasına əsasən 2000-ci ildə keçmiş “Xəzər” Bağçılıq Cəmiyyətinin sədri Həsən Camalov tərəfindən “Xəzər” Bağçılıq Cəmiyyətinin üzvü qəbul edilmişdir. Quliyev Muxtar İsak oğlu Aliminium zavodunda fəhlə işləmişdir. Aliminium zavod Həmkarlar Təşkilatının öz işçilərinə və o cümlədən Quliyev Muxtar İsak oğluna torpaq sahəsi ayırması barədə “Xəzər” Bağçılıq Cəmiyyətinin arxivində belə bir sənəd haqqında qeydiyyat yoxdur. Quliyev Muxtar İsak oğlunun adına verilmiş üzvlük kitabçasında protokol nömrəsi və tarixi qeyd olunmamışdır. Bundan məlum olur ki, Bağçılıq Cəmiyyətinə protokol daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 05 mart 2024-cü il tarixli, 3-48-DA-10F/2-41/1/2024 nömrəli məktubundan görünür ki, sorğu edilən bağçılıq üzvlük kitabçaları Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən verilmiş 08 sentyabr 2023-cü il tarixli, 58-1/2-Q-13763/11/23 nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında yaşayan İddiaçı Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək içərisində ona və ailə üzvlərinə məxsus “Xəzər” bağları cəmiyyəti tərəfindən verilmiş 470a, 470b və 470v nömrəli bağçılıq kitabçalarını Sumqayıt şəhər ərazisində naməlum şəraitdə itirməsini bildirmişdir. Bu barədə zəruri yoxlama aparılmış, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən zəruri araşdırmalar aparılmış və mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əslinin mövcud olmaması ilə yanaşı arxiv məlumatlarının da olmaması müəyyən edilmişdir. Həmçinin məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı suallara cavab olaraq bildirmişdir ki, 2023-cü ildən həmin torpaq sahəsində yaşamır, mübahisəli torpaq sahəsi faktiki olaraq onun istifadəsində deyil. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi məlumatların həqiqiliyi və qanuniliyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının zəruri sənədləri təqdim etməməsindən başqa, torpaq ayırdığı iddia olunan bağçılıq cəmiyyəti ilə əlaqəli müraciətlər və oxşar hüquq münasibətlərinin həlli ilə bağlı bağlı inzibati orqanın praktikasına və bu kateqoriya işlərlə bağlı məhkəmə praktikasına da münasibət bildirməyi zəruri hesab edir. İnzibati orqan qeyd edir ki, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən “Xəzər” Bağçılıq Cəmiyyətinin bağ sahələrinin ayrılması ilə bağlı arxiv məlumatları, o cümlədən, bağçılıq cəmiyyəti üzvlərinin təsdiq olunmuş adlı siyahısı 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilməmişdir. Sözügedən ərazidə yerləşən bağ sahələrinə dair arxiv məlumatlarının idarəyə təhvil verilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Sumqayıt bələdiyyəsinə və Dövlət Arxivinin Sumqayıt filialına müxtəlif sorğular verilmişdir. Bu səbəbdən qeyd edilən ərazidə yerləşən torpaq sahələri üzərində hüquqların qeydiyyatı prosesi arxiv məlumatları idarəyə təhvil verilənədək dayandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə praktikasından da görünür ki, qanunvericiliyə uyğun olaraq inzibati orqana müvafiq arxiv sənədlərinin və adlı siyahıların təqdim edildiyi bağçılıq sahələri ilə bağlı mübahisələr əsasən yaranmır, yaranan zaman isə konkret şəxsə, onun sənədlərinə və ya torpaq sahəsinin istifadəsinə münasibətdə yaranmış olur. Lakin hazırkı işdə iddiaçının zəruri sənədlərinin olmamasından, faktiki istifadəsində torpaq sahəsinin olmamasından başqa, torpaq sahəsi ayırdığı iddia olunan bağçılıq cəmiyyətinin də inzibati orqana təqdim edilməli olan zəruri sənədlərinin olması müəyyən edilmir və məhkəmə kollegiyası hesab edir ki, bu qeyd edilənlər etimad hüququnun qorunması və bərabərlik prinsipi baxımından da inzibati orqanın haqlı olduğunu göstərir. Hansı ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, “Xəzər” Bağçılıq Cəmiyyətinin bağ sahələri kimi iddia olunan dənizqırağı ərazilərdən ancaq bir qadının mülkiyyət hüququ qeydə alınmış, həmin ərazilərdə heç bir qeydiyyat aparılmamışdır. Belə olan halda kollegiya hesab edir ki, mərhum Quliyev Muxtar İsak oğlunun mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar və inzibati orqanın inzibati praktikasına uyğun olaraq aparılmalı olan əsaslar mövcud deyil. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2-1(118)-2621/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar