Məhkəmə qərarları › İş №2-1(105)-1063/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1063/2025

06.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1063/2025 06.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 2-1(118)- 1888/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarına əlavə edilmiş sənədlər: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 3 aprel 2023-cü il tarixli, **********099000 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, ödədiyi sosial sığorta haqları üzrə ödənişlər şəxsi hesab vərəqədə “Sosial sığorta üzrə bölüşdürülməmiş ödənişlər” bölməsində qeyd olunmuş və gələcək dövrlərdə təqdim edəcəyi hesabatlara müvafiq olaraq təyinatı üzrə bölüşdürüləcəkdir. Eyni zamanda nəzərə çatdırılmışdır ki, 3 aprel 2023-cü il tarixə sosial sığorta haqqı üzrə borc məbləği mövcud deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 28 aprel 2023-cü il tarixli, **********048100 nömrəli İddiaçı göndərilmiş məktubu ilə 8 yanvar 2020-ci il tarixdən 31 mart 2023-cü il tarixədək olan dövr üzrə ödənişlər barədə məlumat cədvəl formasında qoşma şəklində göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 may 2024-cü il tarixli, 3-17-1/2-M-104153/2024 nömrəli İddiaçı göndərilmiş “Fərdi şəxsi hesab haqqında” məktubundan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti tərəfindən ötürülən məlumatlara əsasən “Fərqlənmə nişanı” əldə etməklə İddiaçı tərəfindən (VÖEN: **********) 2022-ci ilin iyul, sentyabr ayları üzrə minimum aylıq əmək haqqına nisbətdə müəyyən edilmiş faizlə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların fərdi şəxsi hesabında əks olunması təmin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 6 dekabr 2023-cü il tarixli, 3-17-1/2-M-286534/23 saylı İddiaçı göndərilmiş “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubundan görünür ki, təqdim edilən əmək kitabçanın və hərbi biletinin surətlərinə əsasən (31 oktyabr 1976-cı il tarixdən 5 noyabr 1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) ümumi sığorta stajı 24 il 4 ay 2 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1 yanvar 2006-cı il tarixədək 23 il 3 ay 2 gün sığorta stajına uyğun olaraq 21.538,37 manat, 1 fevral 2020-ci il tarixdən 1 oktyabr 2022-ci il tarixədək 555,91 manat olmaqla ümumilikdə 22.094,28 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40.320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilmişdir ki, 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və 28 mart 2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. xx xxxx 1958-ci il təvəllüdlü İddiaçı məxsus 21 oktyabr 1976-cı il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti. Məmmədov Eyyub Natiq oğluna (VÖEN: **********) dair “Şəxsi hesab vərəqəsi”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını 29 avqust 2024-cü il tarixli, 3-17-1/2-207048/2024 saylı məktubla İddiaçı münasibətdə aparılmış inzibati icraat materiallarını təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 29 noyabr 2023-cü il tarixli, 3-17-1/1-M-296594/2023 nömrəli “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərar”ından görünür ki, İddiaçı qanunvericiliyə uyğun olaraq tələb olunan pensiya kapitalı və 25 il sığorta stajı olmadığından yaşa görə əmək pensiyası hüququ yaranmır. Müavinət alır. İddiaçı sığorta stajına və pensiya kapitalına dair cədvəl. İddiaçı sosial sığorta stajına dair “Pensiya təyinatı alt sistemi”ndən elektron çıxarışlar. 6 dekabr 2023-cü il tarixli, 3-17-1/2-M-286534/23 saylı İddiaçı göndərilmiş “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktub (§4). İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 24 noyabr 2023-cü il tarixli “Müraciət vərəqəsi”. İddiaçı məxsus 21 oktyabr 1976-cı il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 12 may 2023-cü il tarixli, 3-17-1/1-M-111286/2023 nömrəli “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərar”ından görünür ki, İddiaçı qanunvericiliyə uyğun olaraq tələb olunan pensiya kapitalı və sosial sığorta stajı olmadığına görə yaşa görə əmək pensiyası hüququ yaranmır. Sosial müavinət alır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İddiaçı dair 065833 nömrəli “Pensiyaçının uçot vərəqəsi”. “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşınmaların həyata keçirən fiziki şəxslər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat”ın elektron çıxarışdan görünür ki, İddiaçı 2022-ci il üzrə 1 iyul 2022-ci il və 1 sentyabr 2022-ci il tarixlərdə hər ay üçün 36 manat məbləğində MDSS haqqını ödəmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 21 noyabr 2024-cü il tarixli, 3-21-2-1/2-7402/2024 nömrəli məktubundan görünür ki, aparılmış araşdırma nəticəsində İddiaçı tərəfindən qeydiyyatda olduğu vergi orqanına fərdi sahibkar kimi 2020-ci ilin İ-İV rübləri üçün təqdim edilmiş hesabatlara əsasən 2020-ci ilin fevral ayından dekabr ayınadək 428,75 manat məcburi dövlət sosial sığorta haqqı hesablandığı və ödənildiyi, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Dövlət Vergi Xidmətinə fərqlənmə nişanı əldə edən şəxslər ilə bağlı təqdim edilmiş məlumatlara əsasən vergi ödəyicisi tərəfindən yalnız 2022-ci ilin iyul və sentyabr ayları üçün “Fərqlənmə nişanı” əldə edilərək 72 manat məcburi dövlət sosial sığorta haqqının ödənildiyi müəyyən edilmişdir. Lakin İddiaçı tərəfindən ödənilmiş 602,05 manat məcburi dövlət sosial sığorta haqları üzrə “Fərqlənmə nişanı”nın əldə edilməsi barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat daxil olmamışdır. Eyni zamanda bildirilmişdir ki, 2022-ci ilin iyul və sentyabr ayları üzrə “Fərqlənmə nişanı” alınarkən ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə müvafiq məlumatların İddiaçı fərdi şəxsi hesabında əks etdirilməsi məqsədi ilə aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fonduna 28 aprel 2023-cü il tarixli, **********048100 nömrəli məktubla müraciət edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək yaşa görə əmək pensiyasının pensiya hüququnun yarandığı (65 yaşının tamam olduğu) 28 mart 2023-cü il tarixdən təyin edilməsi və 28 mart 2023-cü il tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçıya yaşa görə əmək pensiyasının 65 yaşının tamam olduğu 28 mart 2023-cü il tarixdən təyin edilməsi və həmin tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı xx xxxx 1958-ci il tarixdə doğulmuşdur. 31 oktyabr 1976-cı il – 5 noyabr 1978-ci il tarixlərdə keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətə getməmişdən əvvəl 9 mart 1976-cı il tarixdən əmək fəaliyyətinə başlamış və 1999-cu ilin mart ayındadək əmək müqavilələri əsasında müxtəlif iş yerlərində əmək fəaliyyəti ilə məşğul olmuşdur. 28 mart 2023-cü il tarixdə, yəni altmış beş yaşı tamam olduğunda yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bundan sonra iddiaçı 2023-cü ilin aprel ayında rəsmi qaydada ərizə və ona əlavə edilmiş pensiya hüququnu təsdiq edən müvafiq sənədlərlə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş və yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən müraciətin icrasından imtina edilmişdir. İddiaçı daha öncə cavabdehə müvafiq ərizə və ona əlavə edilmiş sənədlərlə müraciət etmiş və fərdi sahibkar statusunda sərnişindaşıma sahəsində fəaliyyət göstərdiyi müddətdə 8 yanvar 2020-ci il tarixdən 31 mart 2023-cü il tarixədək məcburi dövlət sığorta haqlarını ödədiyini bildirmiş və həmin müddətin də iddiaçının sosial sığorta stajına hesablanmalı olduğunu cavabdehin nəzərinə çatdırmışdır. Ancaq iddiaçının müraciətlərinə verilmiş cavablarda iddiaçının həmin dövrlərdə həqiqətən də məcburi dövlət sığorta haqlarını ödədiyi təsdiqlənsə də, müvafiq “fərqlənmə nişanı” əldə etmədiyi üçün, həmin sığorta məbləğlərinin sığortaolunan kimi iddiaçının fərdi şəxsi hesabına işlənməsinin təmin edilmədiyi bildirilmişdir. Halbuki “fərqlənmə nişanı” alıb-almamağının 8 yanvar 2020-ci il tarixdən 31 mart 2023-cü il tarixədək dövrlərdə ödədiyi sosial sığorta haqlarının fərdi hesabına köçürülməməsi və həmin dövrlərin yaşa görə əmək pensiyasına təyin edilməsi üçün sığorta stajına hesablanmaması üçün əsas ola bilməz. Təqdim edilən sənədlərdən, o cümlədən 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş “Ödəniş barədə məlumatın verilməsi haqqında sənəddən görünür ki, iddiaçı fərdi sahibkar kimi vergi orqanında qeydiyyatdan keçmiş (VÖEN: **********) və 2020-ci ilin fevral-aprel və iyun-dekabr ayları ərzində, 2021-ci ilin yanvar, mart-sentyabr və noyabrdekabr ayları dövründə, 2022-ci ilin isə yanvar, mart, may, sentyabr ayları müddətində məcburi dövlət sosial sığorta haqları üzrə ödənişləri aidiyyəti üzrə ödəmişdir. Başqa sözlə, 2020-2022-ci illər ərzində məcburi sosial sığorta haqlarını ödədiyim 2 il 1 ay (25 ay) müddəti sosial sığorta stajına hesablanmalıdır ki, belə olan halda iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajı yaranmış olur. Lakin qeyd edilən məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlərin tərəfindən aidiyyəti üzrə ödənilərək iddiaçıdan qəbul edilməsinə baxmayaraq, cavabdeh həmin ödənişləri həyata keçirildiyi müddəti əsassız olaraq sığorta stajına hesablamaqdan imtina edir. Cavabdehin həmin dövrləri sığorta stajına hesablamamasını “fərqlənmə nişanı”nı alıbalmamağı ilə əlaqələndirməsi yolverilməzdir. Belə ki, bu nişanı alıb-alımamağı iddiaçının yalnız sərnişindaşıma fəaliyyətilə ilə bağlı olan məsələ olduğundan, fərdi sahibkar kimi fəaliyyət göstərərək məcburi sosial sığorta haqlarını ödədiyi müddətin sığorta stajına hesablanmaması üçün əsas ola bilməz. Lakin cavabdeh qanunun istinad edilən normalarına əməl etməyərək iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Hesab edilir ki, cavabdeh inzibati icraat üzrə qanunvericiliyin tələblərini pozmuş və iddiaçıya tamamilə əsassız olaraq yaşa görə əmək pensiyası əvəzinə yaşa görə sosial müavinət təyin etmişdir ki, bu hərəkətləri ilə iddiaçının qanunla müəyyənedilmiş hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən iddiaçı pozulmuş hüququnun bərpası məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının 28 mart 2023-cü il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçının təqdim etdiyi əmək kitabçasının, hərbi biletinin surətlərində və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı 24 il 4 ay 2 gün təşkil edir. Eyni zamanda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1 yanvar 2006-cı il tarixədək 23 il 3 ay 2 gün sığorta stajına uyğun olaraq 21.538,37 manat, 1 fevral 2020-ci il tarixdən 1 oktyabr 2022-ci il tarixədək 555,91 manat olmaqla ümumilikdə 22.094,28 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40.320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildirilmişdir ki, Sığortaolunanların Altsistemindən əldə edilmiş məlumatlara əsasən, iddiaçı tərəfindən 1 fevral 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları ödənilmişdir (11 ay). Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 27 may 2023-cü il tarixli, 3-17- 1/2119395/2023 nömrəli müraciətinə 21 iyun 2023-cü il tarixli, **********406700 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən iddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları 30 iyun 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək dövrü əhatə etmişdir (2 ay). Qeyd olunan səbəblərə görə, iddiaçının 1 fevral 2020-ci il tarixdən 1 oktyabr 2022-ci il tarixədək 13 ay sığorta stajı mövcüddür. Həmçinin bildirilmişdir ki, 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və 28 mart 2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 2-1(118)-1888/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı yaşa görə əmək pensiyasının 65 yaşının tamam olduğu 28 mart 2023-cü il tarixdən təyin edilməsi və həmin tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş “Fərqlənmə nişanı”nın mövcud olmamasına baxmayaraq, onun tərəfindən məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirilmiş olmasını tərəflər mübahisələndirmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müvafiq ödənişlərin edilməsi mübahisə doğurmadığı halda, “Fərqlənmə nişanı”nın mövcud olmadığı üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat daxil olmaması əsası ilə həmin dövrün ümumi iş stajına daxil edilməməsi onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 48. Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər

1. Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi təqdim edir. (-) Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Ailə kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd bələdiyyələr tərəfindən verilən vəsiqə hesab edilir.

2. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.

3. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.

4. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

5. İşəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarında (bundan sonra – “Qaydalar”) aşağıdakılar qeyd olunmuşdur 1.Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır.

2. Əmək kitabçalarının hazırlanması və verilməsi 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 2.2. Əmək kitabçalarının hazırlanması ilə əlaqədar vəsaitin ayrılmasını Respublika Maliyyə Nazirliyi həll edir

2. Əmək kitabçasının doldurulması 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır.

4. İş haqqında məlumatların daxil edilməsi 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir

9. Əmək kitabçalarının uçotu 9.1. Doldurulmuş və doldurulmamış əmək kitabçalarının, əlavə içliklərin uçotu aşağıdakı qaydada aparılır: Əmək kitabçaları və əlavə içliklər hərəkətinin uçotu kitabı işə qəbul və işdən çıxarılmasını rəsmiyyətə salan şəxs tərəfindən aparılır. Əmək kitabçaları, (əlavə içliklər) mədaxil-məxaric və onların hərəkətləri, uçotu kitablarında qeydə alınır. Mədaxil-məxaric kitabına əmək kitabçalarının və əlavə içliklərin sifarişi və alınması ilə əlaqədar bütün əməliyyatlar yazılır (seriya və nömrələr göstərilir). Kitab işəgötürənlərin mühasibatı tərəfindən aparılır. Mədaxil-məxaric kitabı, əmək kitabçaları və əlavə içliklərin hərəkəti, uçot kitabı nömrələnməli, qaytanlanmalı və işəgötürənin imzası olmaqla möhürlə təsdiq edilməlidir. Əmək müqaviləsinin xitamı ilə əlaqədar işdən çıxan işçiyə əmək kitabçası qaytarıldıqda (verildikdə) ona şəxsi vərəqəsində və əmək kitabçalarının uçotu kitabında imza etdirilir. 9.2. Doldurulmamış əmək kitabçaları və əlavə içliklər ciddi hesabat sənədləri kimi işəgötürənlərin mühasibatında saxlanılır. Əmək kitabçalarının saxlanılması üçün məsul olan şəxslər onları təhvil-təslim qaydası ilə verir. Əmək kitabçalarının uçotunun aparılmasına məsuliyyət daşıyan şəxs hər ay əmək kitabçalarının, (əlavə içliklərin) vəziyyəti, əmək kitabçalarına (əlavə içliklərə) çəkilmiş xərclərin dəyərinə görə alınmış məbləğlər haqqında (kassaya mədaxil edilməklə) (-) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: (-) 221.4. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarına görə sadələşdirilmiş vergi aşağıdakı qaydada hesablanır: (-) 221.4.7. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. “Fərqlənmə nişanı” vergi ödəyicisinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada ərizəsinə əsasən iki iş günündən gec olmayaraq verilir. (-) “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: 14.5. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: (-) 14.5.1-1. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün 2026-cı il yanvarın 1-dək: (-) 14.5.1-1.10. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyiciləri – minimum aylıq əməkhaqqının 6 faizi miqdarında;

““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı: “… Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. ...”

“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İşin mübahisəli halını iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı 9 mart 1976-cı il tarixdən əmək fəaliyyətinə başlamış və 1999-cu ilin mart ayındadək əmək müqavilələri əsasında müxtəlif iş yerlərində əmək fəaliyyəti ilə məşğul olduğunu, fərdi sahibkar statusunda sərnişindaşıma sahəsində fəaliyyət göstərdiyi 8 yanvar 2020-ci il tarixdən 31 mart 2023-cü il tarixədək məcburi dövlət sığorta haqlarını ödədiyini, ödənişlərin müvafiq sistemə əlavə olunmamasının iddiaçının nöqsanın olmadığını bildirir. Cavabdeh orqanın mövqeyi isə ondan ibarətdir ki, iddiaçının sığorta stajı 24 il 4 ay 2 gün təşkil edir, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1 yanvar 2006-cı il tarixədək 23 il 3 ay 2 gün sığorta stajına uyğun olaraq 21.538,37 manat, 1 fevral 2020-ci il tarixdən 1 oktyabr 2022-ci il tarixədək 555,91 manat olmaqla ümumilikdə 22.094,28 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40.320 manat pensiya kapitalından azdır. Həmçinin, cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçı tərəfindən 1 fevral 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları ödənilmiş (11 ay), üçüncü şəxs tərəfindən təqdim edilmiş məlumata əsasən “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən iddiaçı tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları 30 iyun 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək dövrü əhatə etmişdir (2 ay). Qeyd olunan səbəblərə görə, iddiaçının 1 fevral 2020-ci il tarixdən 1 oktyabr 2022-ci il tarixədək 13 ay sığorta stajı mövcüddür. Göründüyü kimi, cavabdeh orqan iddiaçının 1 yanvar 2006-cı il tarixədək 23 il 3 ay 2 gün eyni zamanda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə məlumatın mövcud olduğu üçün 1 fevral 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək və 30 iyun 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək olan dövr, ümumilikdə 24 il 4 ay 2 gün iş stajını mübahisələndirmir. Lakin iddiaçı onun tərəfindən 8 yanvar 2020-ci il tarixdən 31 mart 2023-cü il tarixədək məcburi dövlət sığorta haqlarını ödənildiyini iddia edir. İddiaçı 24 noyabr 2023-cü il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, yuxarıda göstərilən səbəblər əsasında pensiyanın təyin edilməsindən imtina edilmiş, yaşa görə sosial müavinət təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təqdim etdiyi məlumata görə iddiaçı tərəfindən qeydiyyatda olduğu vergi orqanına fərdi sahibkar kimi 2020-ci ilin İ-İV rübləri üçün təqdim edilmiş hesabatlara əsasən 2020-ci ilin fevral ayından dekabr ayınadək 428,75 manat məcburi dövlət sosial sığorta haqqı hesablandığı və ödənildiyi, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Dövlət Vergi Xidmətinə fərqlənmə nişanı əldə edən şəxslər ilə bağlı təqdim edilmiş məlumatlara əsasən vergi ödəyicisi tərəfindən yalnız 2022-ci ilin iyul və sentyabr ayları üçün “Fərqlənmə nişanı” əldə edilərək 72 manat məcburi dövlət sosial sığorta haqqının ödənildiyi müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən ödənilmiş 602,05 manat məcburi dövlət sosial sığorta haqları üzrə “Fərqlənmə nişanı”nın əldə edilməsi barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat daxil olmamışdır. Eyni zamanda, Dövlət Vergi Xidməti tərəfindən iddiaçıya təqdim edilmiş 8 yanvar 2020-ci il tarixdən 31 mart 2023-cü il tarixədək olan dövr üzrə ödənişlər barədə məlumat cədvəlindən görünür ki, iddiaçı 2020-ci il üzrə fevral, mart, aprel, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2021-ci il üzrə yanvar, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, noyabr, dekabr, 2022-ci il üzrə yanvar, mart, may, iyun, iyul, avqust, sentyabr, ümumilikdə 27 ay üçün məcburi dövlət sosial sığorta ödənişini həyata keçirmişdir. Bununla da, iddiaçının 25 il 6 ay 2 gün ümumi iş stajı müəyyən olunur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 8 may 2020-ci il tarixli, 89-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Qanunun 14.5.1-1.10-cu maddəsinə uyğun olaraq “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri üzrə məcburi dövlət sosial sığorta haqqının hesablanması və ödənilməsi qaydası Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2020-ci il tarixli, 1046 nömrəli Fərmanı ilə qüvvəyə minmişdir. Qanunun 14.6-1-ci maddəsinin müddəalarına əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən “Fərqlənmə nişanı” alınarkən məcburi dövlət sosial sığorta haqları ödənilir. Lakin iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş “Fərqlənmə nişanı”nın mövcud olmamasına baxmayaraq, onun tərəfindən məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirilmiş olmasını tərəflər mübahisələndirmir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçının sosial sığorta ödənişlərinin faktiki həyata keçirilməsi iş materiallarında olan sənədlərin, o cümlədən Dövlət Vergi Xidmətinin təqdim etdiyi ödəniş cədvəlləri, bank köçürmələri və hesabat sənədləri ilə təsdiq olunur. Həmin sənədlərlə təsdiq edilir ki, iddiaçı sosial sığorta sisteminə qarşı öz öhdəliklərini vicdanla yerinə yetirib və yalnız “Fərqlənmə nişanı” mexanizminin tətbiqi ilə bağlı yaranmış məlumat ötürülməsindəki uyğunsuzluq nəticəsində həmin ödənişlər elektron məlumat bazasında tam əksini tapmayıb. Halbuki “Sosial sığorta haqqında” Qanunun ruhuna və məqsədinə görə, əsas meyar vətəndaşın faktiki sığorta haqqı ödəməsidir, bu ödənişlərin aidiyyəti orqanlar arasında məlumat mübadiləsində əks olunmaması şəxsin sosial hüququnun tanınmamasına əsas verə bilməz. Qanunvericilik dövlətin sosial ədalət və bərabərlik prinsiplərini təmin etməyə yönəldiyindən, formal texniki maneələr səbəbindən iddiaçının ödənilmiş aylarının sığorta stajından çıxarılması hüquqi baxımdan yolverilməzdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, 2-1(118)-1888/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar