Məhkəmə qərarları › İş №2-1(105)-1065/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1065/2025

08.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1065/2025 08.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2-1(118)-4002/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2020-2024-cü illərdə Rusiya Federasiyasının Mahaçqala şəhərində yerləşən "xxxx" Ali Təhsil Müəssisəsində “hüquqşünas” ixtisası üzrə əyani formada bakalavr təhsili almış və ona 05 iyul 2024-cü il tarixli, ******* 113480 nömrəli bakalavr diplomu verilmişdir. Diplom xx.xx.2024-cü il tarixdə Dağıstan Respublikası Təhsil və Elm Nazirliyi tərəfindən 758317 nömrə ilə apostil edilmişdir.

2. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə ərizə ilə müraciət edərək, ******* 113480 nömrəli, 05 iyul 2024-cü il tarixli bakalavr diplomunun tanınması və ekvivalentiyi haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

3. Cavabdeh 16 dekabr 2024-cü il tarixli, NA00034997 nömrəli qərarı ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmadığı müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ərazisində ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır.

4. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, akademik tanınma barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ildə dünya üzrə pandemiyanın elan olunması səbəbindən Rusiya Federasiyasının Mahaçqala şəhərində yerləşən "xxxx" Ali Təhsil Müəssisəsinə gediş-gəliş mümkünsüz olduğundan təhsilin onlayn keçirilməsi ilə bağlı qərar verilmiş və iddiaçı bu səbəbdən də üçüncü kursa qədər onlayn qaydada təhsil almışdır, həmçinin bu barədə müvafiq qeydlər diploma əlavədə qeyd olunmuşdur. Lakin bu məhdudiyǝt aradan qalxdıqdan sonra iddiaçı həmin ali təhsil müəssisəsinə getmiş, 2023- 2024-cü illərdə bütün dərslərdə və imtahanlarda iştirak etmiş, sonda bilik və bacarığı qiymətləndirilməklə ona bakalavr diplomu verilmişdir. Hesab edir ki, cavabdeh bütün bu halları təsdiqləyən sübutları nəzərə almayaraq, ona münasibətdə qanunsuz qərar qəbul edilmişdir. Cavabdeh tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris müddətinə, o cümlədən, hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmağına ǝlahiddə olaraq deyil, iddiaçının tədris olunan fənlərə ümumiyyətlə hazırlaşmağı və həmin fənlərin məzmununu mənimsəmə imkanları baxımından qiymət verməli idi. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması vǝ tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Bundan əlavə, həmçinin, konkret müddət ərzində şəxsin tədris yükünü yerinə yetirməsi və mənimsəməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu da diqqətə alınmalı idi. İddiaçıya münasibətdə təhsil aldığı müəssisənin imtahan komissiyası onun biliyini qiymətləndirməklə ona bakalavr diplomu təqdim etmişdir. Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduğu hallarda mənfi rəy verilə bilər. Bu qaydanın cavabdeh tərəfindən onun imtinasında istinad etdiyi tədris yükünün mənimsənilməsinə dair qısa müddət anlamında təfsir olunması da yanlış sayılmalıdır.

6. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının müraciəti üzrə tərəflərindən inzibati icraat aparılaraq xarici ali təhsil aldığı ölkədə olma müddətinin aşağıdakı kimi olduğu müəyyən edilmişdir: İ il - getməyib (pandemiya dövrü), İl il getməyib (pandemiya dövrü), İİİ il - getməyib, İV il - 6 ay 3 gün. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən, iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” nın 8.7.1- ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı" nın 8.7.2-ci yarımbəndinə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları" nın 3-cü bölməsinə əsasən ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt İnzibati Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2-1(118)-4002/2025 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Qəşəm Məmmədli).

8. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı dövrlər (2020-2024-cü illər) COVİD-19 pandemiyasının yayıldığı və bununla əlaqədar təhsil hüququnun reallaşdırılmasında ənənəvi üsullara kütləvi məhdudiyyətlərin tətbiq edildiyi zamanlara təsadüf etmişdir. Hamıya bəlli haldır ki, pandemiya ilə əlaqədar mübarizə tədbirləri çərçivəsində dünyada əksər dövlətlərdə, o cümlədən, həm iddiaçının təhsil aldığı Rusiya Federasiyasında, həm də Azərbaycanda tədrisin ənənəvi üsullarla həyata keçirilməsinə məhdudiyyətlər tətbiq olunmuş, məsafədən tədris üsullarının tətbiqinə keçilmişdir. İddiaçının 1-ci və 2-ci kurslarda distant təhsil alması onun iradəsindən kənar xüsusi fövqəladə şəraitin təsiri ilə bağlı olmuşdur. Lakin iddiaçı 3-cü kursda da təhsil aldığı ölkə ərazisində olmamışdır. İddiaçı bunu həmin ölkədə gedən müharibə ilə izah etsə də, bu hal vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, iddiaçının təhsil aldığı Mahaçqala şəhəri Rusiya-Ukrayna müharibəsi zamanı aktiv döyüş əməliyyatlarının həyata keçirildiyi ərazilərə daxil deyildir. Bu səbəbdən də 3-cü kursda da təhsil aldığı ölkəyə getməməsini müharibə ilə əlaqədar göstərməsi anlaşılan deyil. Beləliklə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının diplomunun tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyin normalarına uyğun olmuşdur.

9. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etməsi üçün səbəb ola bilən mənfi rəy yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları" nın 3.7-ci bəndində sadalanan hallarda verilə bilər. Cavabdehin istinad etdiyi hal isə həmin bənddə nəzərdə tutulmamışdır. Qaydaların 1.6-cı bəndinin üçüncü abzasında isə deyilir ki, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Qaydaların və Sazişin qeyd olunan normalarını da pozmuşdur. İddia tələbini rədd edən məhkəmə yekunda belə bir nəticəyə gəlmişdir ki, iddiaçının 1-ci və 2-ci kurslarda distant təhsil almağı iradəsindən kənar xüsusi fövqəladə şəraitin təsiri ilə bağlı olmuş, lakin 3-cü kursda da təhsil aldığı ölkə ərazisində olmamış və bunu həmin ölkədə gedən müharibə ilə izah etsə də, bu hal vəziyyəti xeyrinə dəyişdirməmişdir. Belə ki, təhsil aldığı Mahaçqala şəhəri Rusiya-Ukrayna müharibəsi zamanı aktiv döyüş əməliyyatlarının həyata keçirildiyi ərazilərə daxil deyildir. Bu səbəbdən də iddiaçının üçüncü kursda da təhsil aldığı ölkəyə getməməsini müharibə ilə əlaqədar göstərməsi anlaşılan deyil. Məhkəmənin bu yanaşması ilə razılaşmayaraq bildirir ki, pandemiyadan sonra da gediş-gəliş məhdudiyyətləri olmuş və bundan başqa, dərslərdə iştirak etmiş, aylarla həmin dövlətin ərazisində olmuş və bu barədə qeydlər ona məxsus pasportda qeyd edilmişdir. Lakin məhkəmə həmin sübutları nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, əvvəlki məhkəmə iclası zamanı izahatında "xxxx" Ali Təhsil Müəssisəsinin təhsilin distant formada keçirilməsinə dair əmrləri əsasında 2022/2023-cü tədris ili üzrə dərslərdə əyani formada iştirak etmədiyini, 2023-cü ilin sentyabr ayından etibarən Rusiya Federasiyasının Mahaçqala şəhərində yerləşən "xxxx" Ali Təhsil Müəssisəsinə getdiyini və bütün dövr ərzində dərslərdə iştirak etdiyini bildirsə də, sonuncu məhkəmə iclasında əvvəlki izahatında qeyd etdiklərini təkzib edərək bildirmişdir ki, həmin təhsil müəssisəsi tərəfindən dərslərin distant formada keçirilməsi barədə qərar 20 aprel 2023-cü il tarixdə verilmiş, həmçinin ona növbəti ildə əyani formada dərsə gəlməmək imkanı olduğu bildirilmişdir. Daha sonra bu məsələ ilə bağlı cavabdehə müraciəti nəticəsində ona 2023- 2024-cü tədris ili ərzində təhsil aldığı universitetin yerləşdiyi ölkədə olmadığı halda diplomunun tanınmasından imtina cavabı veriləcəyi bildirilmişdir. Bu səbəbdən, Sankt- Peterburq şəhərinə, oradan isə Mahaçqala şəhərinə getmiş, Sankt-Peterburq şəhərində ev kirayələyərək, bir müddət orada yaşamışdır. Ali Təhsil Müəssisəsinə getsə də, xarici ölkə vətəndaşı olduğundan o, eləcə də, digər Azərbaycan Respublikası vətəndaşları olan tələbələr dərslərə buraxılmamışdır. Bir müddət ölkə ərazisində yaşayıb daha sonra Azərbaycan Respublikasına geri qayıtmışdır. Rus dili səviyyəsi isə zəif olmaqla, həmin dil üzrə biliyi A1 səviyyəsindədir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

13. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.9. distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. Maddə 27. Təhsil haqqında dövlət sənədi ... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri ... 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; ... Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ ... 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. ... 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: ... 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” (iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuşdur): 2.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2010-cu il tarixli, 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları”: ...

4. Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir. ... 5.4. ali təhsil pilləsi üzrə: bakalavriat səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), əsas (baza ali) tibb təhsili səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime); magistratura səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, rezidentura səviyyəsində - əyani; doktorantura səviyyəsində - əyani; ...

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də, buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

20. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

23. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya məxsus 05 iyul 2024-cü il tarixli, ******* 113480 nömrəli bakalavr diplomunun tanınması və ekvivalentiyi haqqında şəhadətnamə verilməsindən imtinası təşkil edir.

24. Cavabdeh imtinasını Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə istinadla iddiaçının kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmadığı ilə əsaslandırmışdır.

25. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsaslı sayaraq iddiaçının təhsil müddətinin Azərbaycan Respublikasında ona ekvivalent ixtisası üzrə təhsilin müddətinə uyğun olmadığı səbəbi ilə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq ilk növbədə qeyd edir ki, hazırkı iddia növünə görə məcburetmə haqqında iddialara aiddir. Belə iddialar üzrə isə məhkəmə tərəfindən mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının qiymətləndirilməsindən əvvəl iddiaçının arzuladığı inzibati aktın qəbulunu tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər.

27. Belə ki, məcburetmə iddiasının məqsədi inzibati orqanın artıq qəbul etdiyi imtina aktının qanuniliyinin yoxlanılması deyil, inzibati orqanın qanunla üzərinə düşən vəzifəni yerinə yetirməyə məcbur edilməsidir. Bu səbəbdən, mübahisənin mərkəzində imtina aktı deyil, iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsinə maddi hüquq baxımından haqqının olub-olmaması dayanır. Bu o deməkdir ki, məhkəmə tərəfindən ilk növbədə cavabdehin imtina məktubunda qeyd etdiyi əsasların yox, iddia tələbinin özünün maddi hüquq baxımından əsaslılığına qiymət verilməlidir.

28. Oxşar mübahisələrə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) 2-1(102)- 2762/2023 nömrəli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının yuxarıda istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartları həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. Bu mənada, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alınmaqla onun tərəfindən tədris yükünü yerinə yetirməsi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olması müəyyən edilə bilər.

29. Həm qanunvericiliyin tələbindən, həm də vahid məhkəmə təcrübəsindən göründüyü kimi diplomun tanınması üçün zəruri şərt xaricdə alınmış təhsilin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğudur. Bu baxımdan, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli olan ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir.

30. İddiaçı iddia ərizəsinin dəlillərində 2020-2024-cü illərdə Rusiya Federasiyasının Mahaçqala şəhərində yerləşən "xxxx" Ali Təhsil Müəssisəsində qiyabi formada təhsil aldığını bildirsə də, iddiaçıya məxsus 05 iyul 2024-cü il tarixli, ******* 113480 nömrəli nömrəli bakalavr diplomuna əlavədən görünür ki, təhsilin forması əyani olmuşdur.

31. Eyni zamanda, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması üzrə X6” ndən çıxarışdan görünür ki, iddiaçının özü bakalavr diplomunun tanınması üçün cavabdehə müraciət edərkən təhsil müddətini 2020-2024-cü illər, təhsil formasını isə əyani olaraq göstərmişdir.

32. Həmçinin, iddiaçı məhkəmə iclasında izahatında da ali təhsilinin əyani formada keçirildiyini təsdiqləmişdir.

33. Təhsil qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından isə müəyyən edildiyi kimi əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir.

34. Kollegiya qeyd edir ki, iddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır.

35. Cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı iddiaçının 4 illik tədris ili ərzində 1-ci, 2-ci və 3-cü tədris illərində təhsil aldığı ölkədə olmadığı, 4-cü tədris ilində isə 6 ay 3 gün olduğu müəyyən edilmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminin iddiaçıya dair sərhədkeçmə məlumatlarından müəyyən edilir ki, onun Rusiya Federasiyasında (Mahaçqala, Sankt-Peterburq şəhərlərində) olma müddəti illər üzrə aşağıdakı kimi müəyyən edilmişdir: - 2020/2021-ci tədris ili üzrə olmamış (pandemiya dövrü); - 2021/2022-ci tədris ili üzrə olmamış (pandemiya dövrü); - 2022/2023-cü tədris ili üzrə də olmamış; - 2023/2024-cü tədris ili üzrə 6 ay 3 gün olmuşdur.

36. İddiaçı apellyasiya şikayətinin dəlillərində 1-ci, 2-ci və 3-cü tədris illərində dərslərdə iştirak edə bilmədiyini pandemiya ilə əlaqələndirmişdir.

37. Kollegiya 1-ci və 2-ci tədris illərinə münasibətdə qeyd edir ki, həmin dövrlər (2020-2022-ci illər) COVİD-19 pandemiyasının yayıldığı və bununla əlaqədar həyatın bütün sahələrində, o cümlədən, təhsil hüququnun reallaşdırılmasında ənənəvi üsullara kütləvi məhdudiyyətlərin tətbiq edildiyi zamanlara təsadüf etmişdir. Hamıya bəlli haldır ki, pandemiya ilə əlaqədar mübarizə tədbirləri çərçivəsində dünyada əksər dövlətlərdə, o cümlədən həm iddiaçının təhsil aldığı Rusiya Federasiyasında, həm də Azərbaycanda tədrisin ənənəvi üsullarla həyata keçirilməsinə məhdudiyyətlər tətbiq olunmuş, məsafədən tədris üsullarının tətbiqinə keçilmişdir. Yenə, əksər ölkələr, eləcə də Rusiya və Azərbaycan sözügedən fövqəladə şərtlərin tələblərini nəzərə almaqla məsafədən tədrisin nəticələrini tanımış, hətta əyani təhsil forması üzrə təhsilin müəyyən dövrü ərzində məsafədən keçirilmiş tədris dövrü də nəzərə alınmaqla verilmiş diplomların hüquqi qüvvəsini qəbul etmişlər.

38. Belə ki, Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyinin “Rusiya Federasiyasının ərazisində yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması konteksində ali təhsilin təhsil proqramlarını və müvafiq əlavə peşə proqramlarını həyata keçirən təşkilatlarda təhsil fəaliyyətinin təşkili haqqında” xx.xx.2020-ci il tarixli, 397 nömrəli əmrinə əsasən nazirliyin tabeliyində olan və ali təhsil proqramlarını və müvafiq əlavə peşə proqramlarını həyata keçirən təşkilatların rəhbərlərinə tələbələr və müəllim heyəti arasında yalnız elektron informasiya və təhsil mühitində əlaqə işinin təşkili tapşırılmışdır.

39. Bundan sonra iddiaçının təhsil aldığı "xxxx" Ali Təhsil Müəssisəsinin rektoru tərəfindən tələbələrin fərdi iştirak etmədən təhsilin distant formada keçirilməsinə dair xx.xx.2020-ci il tarixli, 13-A nömrəli əmr qəbul edilmişdir.

40. Daha sonra isə Rusiya Təhsil və Elm Nazirliyinin 7 fevral 2021-ci il tarixindən qüvvəyə minmiş 28 yanvar 2021-ci il tarixli 63 nömrəli "Yeni koronavirus infeksiyasının yayılması riskləri nəzərə alınmaqla ali təhsil müəssisələrində tədris prosesinin təşkili haqqında" sərəncamına əsasən pandemiya ilə bağlı təhsil sahəsində qoyulmuş məhdudiyyətlər artıq aradan qaldırılmağa başlanılmış, tədris distant formadan müvafiq şərtlərlə yenidən əyani formaya qaytarılmışdır. Eyni zamanda, həmin tarixdən – 2021-ci ilin fevral ayından müntəzəm Moskva–Bakı reysləri rəsmi olaraq bərpa edilmiş, bu tarixdən sonra da Azərbaycan və Rusiya arasında havayolu əlaqəsi davamlı olaraq normallaşmış və 2021-ci ilin sonunda bu istiqamətdə avia əlaqə tam şəkildə bərpa edilmişdir.

41. Həmçinin, Rusiya Federasiyası Hökumətinin 14 iyun 2022-ci il tarixli, 1552-r nömrəli sərəncamı ilə hava və dəniz yolu ilə gələn xarici vətəndaşlar üçün bütün COVİD- 19 giriş məhdudiyyətləri ləğv edilmişdir.

42. Qeyd olunan normativ sənədlərin məzmunundan göründüyü kimi COVİD-19 pandemiyası ilə əlaqədar Rusiya Federasiyasının səlahiyyətli orqanının qərarı ilə ali təhsil müəssisələrində 2020-ci ilin mart ayından etibarən təhsilin distant formasına keçilmiş, artıq 2021-ci ilin fevral ayından təhsil müəssisələrinin rəhbərləri tərəfindən pandemiya ilə bağlı müvafiq şərtlərə əməl edilməklə, təhsilin əvvəlki qaydada - əyani formada keçirilməsi qərara alınmış, 2022-ci ilin iyun ayından etibarən isə xarici vətəndaşlar üçün RF-yə giriş məhdudiyyətləri də aradan qaldırılmışdır.

43. Səlahiyyətli dövlət orqanının qərarı ilə 2021-ci ilin fevral ayından etibarən RF-də ali təhsil müəssisələrində tədris artıq əyani formada həyata keçirilməsinə, başqa sözlə, obyektiv olaraq pandemiya ilə əlaqədar təhsilin distant formada davam etdirilməsini zəruri edən hüquqi və faktiki əsaslar mövcud olmamasına baxmayaraq, "xxxx" Ali Təhsil Müəssisəsi tərəfindən təhsilin distant formada keçirilməsinə dair xx.xx.2020-ci il tarixli, 13- A nömrəli əmrin qüvvədə olma müddətinin xx.xx.2024-cü il tarixədək uzadılmasına dair xx.xx.2023-cü il tarixli, 19-A nömrəli əmr qəbul edilmişdir.

44. İddiaçı da qeyd olunan əmrə istinad edərək 2022/2023-cü tədris ili üzrə dərslərdə əyani formada iştirak etmədiyini bildirir.

45. Kollegiya 19-A nömrəli həmin əmrə və buna müvafiq olaraq iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, bu əmr həmin ali təhsil müəssisəsində təhsilin təşkilinə dair real vəziyyəti əks etdirməməklə, yalnız formal xarakter daşıyır və iddiaçıya münasibətdə fərdi yanaşma və subyektiv davranışın mövcudluğunu da istisna etmir.

46. İşin sadalanan halları nəzərə alınaraq, kollegiya qeyd edir ki, iddiaçının 1-ci (2020/2021-ci illər) tədris ili və 2-ci (2021/2022-ci illər) tədris ili üzrə təhsil aldığı RF-nin ərazisində olmadığı üzrlü hal edilsə də, 3-cü (2022/2023-cü illər) tədris ilində həmin ölkədə olmadığı iddiaçının bildirdiyi kimi pandemiya ilə əlaqələndirilə bilməz.

47. Belə ki, yuxarıda qeyd edildiyi kimi RF-də artıq 2021-ci ilin fevral ayından təhsil əyani qaydada keçirilməyə başlanılmış, bu səbəbdən, iddiaçı 2022/2023-cü illər üzrə 3-cü tədris ilində həmin ölkədə yerləşən təhsil müəssisəsinə gedərək əyani formada təhsildə iştirakı tamamilə mümkün olmuş, lakin, onun tərəfindən dərslərdə iştirakı təmin edilməmişdir.

48. 4-cü tədris ilinə (2023/2024-cü illər) münasibətdə isə hazırkı qərarın 11-ci bəndində qeyd edildiyi kimi iddiaçı apellyasiya məhkəməsində izahatında əvvəlcə 2023-cü ilin sentyabr ayından etibarən "xxxx" Ali Təhsil Müəssisəsinə getdiyini və bütün dövr ərzində dərslərdə iştirak etdiyini bildirsə də, sədrlik edən hakimin suallarına növbəti cavabında əvvəlki izahatında qeyd etdiklərini təkzib edərək, heç bir tədris ilində həmin təhsil müəssisəsinə getmədiyini, dərslərdə iştirak etmədiyini, diplomunun tanınmasından imtina edilməsin deyə formal olaraq bir müddət RF-nin Mahaçqala və Sankt-Peterburq şəhərlərində yaşadığını bildirmişdir.

49. İddiaçının izahatından göründüyü kimi o, heç bir tədris ilində təhsil aldığını iddia etdiyi ali təhsil müəssisəsinə getməmiş, 4-cü tədris ilində isə yalnız təhsil aldığı ölkədə olduğu görüntüsünü yaratmaq məqsədilə Rusiya Federasiyasının müxtəlif şəhərlərinə səfərlər etmiş, müəyyən müddət həmin şəhərlərdə olmuş, lakin bu səfərlər tədris fəaliyyəti ilə heç bir real və funksional bağlılıq daşımamışdır.

50. Bundan başqa, iddiaçının özü rus dili üzrə dil biliklərinin də demək olar ki olmadığını, bilik səviyyəsinin yalnız A1 səviyyəsində olduğunu bildirmişdir.

51. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının rus dili üzrə elementar dil bacarıqlarına belə malik olmaması onun ali təhsil prosesində tədris planı üzrə nəzərdə tutulmuş bilik və bacarıqları mənimsəməsi kimi ali təhsilin əsas tərkib elementlərini obyektiv olaraq yerinə yetirə bilmədiyini göstərir. Belə bir vəziyyətdə iddiaçının faktiki olaraq ali təhsil alması ehtimalı real və inandırıcı hesab edilə bilməz ki, bu fakt iddiaçının özü tərəfindən də etiraf edilmişdir.

52. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı tədris dilini (rus dili) bilmədiyi və 4 illik tədris ilinin heç bir ilində dərslərdə iştirak etmədiyi halda, dövlət tərəfindən diplomunun tanınacağına dair "legitim (haqlı) gözləntiyə" malik ola bilməz. Formal xarakterli təhsil prosesi hüquqi müdafiə obyektinə çevrilə bilməz və bu halda iddiaçının "diplomum tanınmalıdır" inamı hüquq tərəfindən qorunmur.

53. Eyni zamanda, faktiki olaraq təhsil almayan, tədris prosesində iştirak etməyən və təhsil aldığı dili bilməyən şəxsin diplomunun tanınması maddi ədalət prinsipinə də zidd olardı.

54. İddiaçı apellyasiya şikayətinin dəlilləri və izahatında X3 və X4 adlı şəxslərin dərslərdə heç vaxt iştirak etmədikləri halda diplomlarının cavabdeh tərəfindən tanınaraq ekvivalentlik haqqında şəhadətnamələrin verildiyini, bununla da, cavabdeh tərəfindən ona münasibətdə ayrı-seçkilik edildiyini bildirmişdir.

55. Kollegiya iddiaçının bu dəlilinə münasibətdə bildirir ki, adıçəkilən şəxslərlə bağlı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-29-61/2-358/2025 nömrəli məktubdan görünür ki, X3 RFnin "xxxx" Ali Təhsil Müəssisəsində 1995-2000-ci illərdə təhsil almış, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə 2000-ci ildən əvvəlki məlumatlar inteqrasiya olunmadığından onun sərhədkeçmə məlumatlarının müəyyən edilməsi mümkün deyil. Digər vətəndaş X4 isə 2018-2023-cü illərdə X9 və Xidmət Universiteti İnstitutunda qiyabi formada təhsil almış, o, təhsil aldığı ölkədə İ tədris ilində (2018/2019-cu illər) 9 ay, İİ tədris (2019/2020-ci illər) ilində 14 gün (İ semestr üzrə; İİ semestr pandemiya dövrünə təsadüf edir) olmuş, İİİ tədris ilində (2020/2021-ci illər) olmamış (hər 2 semestr pandemiya dövrünə təsadüf edir), İV tədris ilində (2021/2022-ci illər) olmamış (hər 2 semestr pandemiya dövrünə təsadüf edir), V tədris ilində (2022/2023cü illər) olmamışdır (xx.xx.2023-cü il tarixinədək).

56. Göründüyü kimi E.Qələndərov iddiaçı ilə eyni dövrdə deyil, 1995-2000-ci illərdə təhsil almış, V.Dadaşov isə iddiaçıdan fərqli olaraq əyani deyil, qiyabi formada təhsil alaraq, tədrisin müvafiq dövrlərində dərslərdə iştirak etmiş, iştirak etmədiyi bəzi dövrlər (pandemiya və s.-lə əlaqədar) isə üzrlü hesab edilmişdir.

57. Hazırkı iş üzrə iddiaçının əyani təhsil alması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Əyani təhsil forması ilə qiyabi və digər (məsələn, distant/onlayn) təhsil formaları arasında əsas fərqlər onların tədris üsulu, tədrisə ayrılan vaxt, praktiki imkanlar və təhsil prosesinə tələbənin aktivliyi baxımından ortaya çıxır.

58. İddiaçının vəziyyəti (əyani təhsil, ali təhsil müəssisəsində olmama, dil bilməmə) istinad etdiyi şəxslərin vəziyyəti ilə eyniyyət təşkil etmir. Buna görə də, cavabdeh inzibati orqanın həmin şəxslərə münasibətdə fərqli qərarlar qəbul etməsi ayrı-seçkilik deyil, faktiki halların fərqliliyindən irəli gələn qanuni yanaşmadır.

59. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə bərabərlik (bərabər yanaşma) prinsipi pozulmamışdır.

60. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, cavabdeh inzibati orqanın imtinası güdülən məqsədə – Azərbaycan Respublikasında ali təhsilin keyfiyyətinin təmin edilməsi və dövlət standartlarına uyğunluğunun qorunması məqsədinə – mütənasibdir.

61. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qərarın ləğv edilməsi üçün əsas təşkil etmir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 2-1(118)-4002/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar