Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1066/2024 27.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2-1(118)-2644/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür (AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1977-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək müxtəlif müəssisələrdə, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində, xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək, xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" MMC-də işləmişdir. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İnzibati orqan xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-60106/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən təqdim edilən əmək kitabçası və digər sənədlərin surətlərinə əsasən mübahisələndirilməyən sosial sığorta stajı 23 il 3 ay 6 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-də olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (5 il 1 ay) "xxxx" kiçik müəssisəsində əmək fəaliyyəti dövrlərinin mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. Qeyd olunanlar nəzərə alınaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulıandan az olduğundan (25 il) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri xaricindədir. xx.xx.2023-cü il tarixdən iddiaçıya 220 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda sosial müavinət alır. İşlədiyi dövrlərin bir hissəsi öz təsdiqini tapmadığı üçün yaşa görə əmək pensiyası ala bilmir. İş stajı 35 ilə yaxın olmasına baxmayaraq cavabdeh cəmi 23 il 3 ay 6 gününü qəbul edir. Belə ki, o, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına rəsmi şəkildə müraciət etmişdir və xx.xx.2023-cü il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktub göndərilmişdir. Cavabdeh tərəfindən onun 24 oktyabr 1995-ci ildən 25 oktyabr 2000-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində və 01 fevral 2002-ci il tarixdən 16 may 2008-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövr mübahisələndirilir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçası və digər sənədlərin surətlərinə əsasən mübahisələndirilməyən sosial sığorta stajı 23 il 3 ay 6 gün, mübahisələndirilən ümumi sosial sığorta stajı isə 11 il 3 ay 16 gün təşkil edir. İş materiallarına əsasən iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək dövr ərzində "xxxx" kiçik müəssisəsində mühasib vəzifəsində (5 il 1 gün) işlədiyini iddia edir. İddiaçı tərəfindən təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (5 il 1 ay) "xxxx" kiçik müəssisəsində əmək fəaliyyəti dövrlərinin mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, onun əmək kitabçasında həmin vaxt artıq qüvvədən düşmüş qanunvericiliyə istinad edilmişdir. Eyni zamanda, iş materiallarına əsasən iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək dövr ərzində "xxxx" MMC-də anbardar vəzifəsində (6 il 3 ay 15 gün) işlədiyini iddia edir. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-də olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmçinin, araşdırma zamanı nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən tərəfindən 2006-2009-cu illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlara (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” ın (Forma B3) təqdim edilmədiyi müəyyən olunmuşdur. Dövlət sosial sığorta sistemində fərdi uçot sahəsində sağlamlaşdırma işləri çərçivəsində , "X4 LTD" MMM tərəfindən 2006-2009-cu illər üzrə təqdim edilməmiş qalan Forma B3 məlumatları 12 aprel 2023-cü il tarixdə 01/230 nömrəli sənəd ilə “Aktlaşdırılmış” və statusu MEİS-də “Bölüşdürülməsi mümkün olmayan” kimi qeydiyyata alınmışdır. Eyni zamanda, MEİS-nin Sığorta (Monitorinq) altsistemindən əldə olunan məlumatlara əsasən sığortaedənin hüquqi şəxs kimi xx.xx.2009-cu il tarixdə **********2 sığortaedənin uçot nömrəsi (SUN) ilə uçota alındığı, fəaliyyət statusunun “dondurulmuş” əks olunduğu və hesabat təqdim edilmədiyi müəyyən edilmişdir. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 24 oktyabr 1995-ci ildən 25 oktyabr 2000-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində və 01 fevral 2002-ci il tarixdən 16 may 2008-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2-1(118)-2644/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, 24 oktyabr 1995-ci ildən 25 oktyabr 2000-ci il tarixədək "xxxx" kiçik müəssisəsində və 01 fevral 2002-ci il tarixdən 01 yanvar 2006-cı il tarixədək "xxxx" MMC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mövcud qaydalar “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya görə xx.xx.2006-cı il tarixdən sonra müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi öz təsdiqini tapmasa da, bu hal onun xx.xx.2006-cı il tarixədək olan dövrün də qəbul edilməməsinə əsas olmamalıdır. İddiaçının 24 oktyabr 1995-ci ildən 25 oktyabr 2000-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində və 01 fevral 2002-ci il tarixdən 16 may 2008-ci il tarixədək "xxxx" MMC-də işləməsi onun əmək kitabçası ilə təsdiq edilir. Lakin onun barəsində xx.xx.2006-ci il tarixdən sonra işəgötürən müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödənilməsi öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək iddiaçının "xxxx" Kiçik Müəssisəsində və 01 fevral 2002-ci il tarixdən 01 yanvar 2006-cı il tarixədək "xxxx" MMC-də işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməli və ona yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehin üzərinə qoyulmalıdır. Bundan başqa cavabdeh əmək kitabçasında olan qeydlərin həqiqiliyinin müvafiq arxiv sənədləri ilə təsdiq edilmədiyini bildirsə də, əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasında olan qeydlər müəssisənin möhürü ilə təsdiq olunmuş və həmin qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əmək kitabçasında işdən çıxma barədə əmrin həmin vaxt artıq qüvvədən düşmüş Əmək Qanunları Məcəlləsinə istinadən qeyd edilməsinə görə iddiaçının həmin müəssisədə işləməsini təkzib edən hal kimi qiymətləndirilməməlidir, əmək kitabçasının düzgün və qanunauyğun şəkildə doldurulması işçinin deyil, işəgötürənin vəzifələrinə aid məsələdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçıya pensiya təyinatı üçün tələb olunan sosial sığorta stajının hesablanması xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı, xx.xx.2006-cı il tarixdən sonra isə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında həyata keçirilir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən iddiaçının xx.xx.2006-cı il tarixədək sığorta stajını iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasındakı qeydlərə əsaslanaraq onun ümumi sosial sığorta stajına daxil edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)- 269/2024 nömrəli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Hazırkı halda, bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və ya məhkəmələrin öz təşəbbüsü ilə əldə etdikləri məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktım özüözlüyündə, qeyd-şərtsiz təsdiq etmir. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli əmək stajı ilə bağlı cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla təkzib olunduğunu qərarında göstərməli və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmalı idi. Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. ... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. ... 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1–22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası:
4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; ... 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...
İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Hazırda apellyasiya baxışının hədlərini iddianın təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı iddianın təmin edilməyən hissəsində qərardan apellyasiya şikayəti verməmiş, bu hissəni mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissələri üzrə yoxlamışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini iddiaçının 24 oktyabr 1995-ci ildən 25 oktyabr 2000-ci il tarixədək "xxxx" kiçik müəssisəsində və 01 fevral 2002-ci il tarixdən 01 yanvar 2006-cı il tarixədək "xxxx" MMC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair hissədə iddianı təmin etmiş, qalan hissədə - 01 yanvar 2006-cı il tarixdən 16 may 2008-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi hissəsində iddianın rədd edilməsi qənaətinə gəlmişdir. İddiaçı qeyd edilən qərarla razılaşmışdır. Belə olan halda, qərarın əsaslılığı iddianın təmin edilən hissəsində yoxlanılır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanununun yuxarıda qeyd edilən 22-1.1-ci, 22-1.2.1-ci maddəsinin tələblərindən görünür ki, 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları avtomatlaşdırılmış qaydada təyin edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanmasının xüsusi qaydası müəyyən edilmişdir. Bu qaydaya görə 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Normanın tələbindən göründüyü kimi 2019-cu il yanvarın 1-dən etibarən təyin edilmiş əmək pensiyalarına münasibətdə sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 ildən az olduğu halda belə 25 il nəzərə alınır. Hazırkı iş üzrə iddiaçının 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün Qanunun 7-ci maddəsinin tələblərinə əsasən iki şərt mövcud olmalıdır: 1) 63 yaşının tamam olması; 2) 25 il sığorta stajının mövcud olması. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olduğu üçün 63 yaşına çatması işin mübahisə edilməyən halıdır. Həmçinin, iddiaçının əmək kitabçasının məlumatlarına əsasən o, xx.xx.1977-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək müxtəlif müəssisələrdə, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində, xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək, xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" MMC-də işləmişdir (31 il 03 ay 25 gün). Cavabdeh iddiaçının iki müəssisə üzrə: 1) xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (5 il 1 ay) dövr ərzində "xxxx" kiçik müəssisəsində; 2) xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək (6 il 3 ay 15 gün) dövr ərzində "xxxx" MMC-də işlədiyi dövrü mübahisələndirmişdir. Birinci dövrlə bağlı cavabdeh qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" kiçik müəssisəsində əmək fəaliyyəti dövrlərinin mötəbərliyinə əsaslı şübhələr yaranmışdır, belə ki, əmək kitabçasında işdən azad olunma səbəbi ilə bağlı həmin vaxt artıq qüvvədən düşmüş qanunvericiliyə (Əmək Qanunları Məcəlləsinə) istinad edilmişdir. Şikayətin həmin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin müəssisələrin fəaliyyəti, dövlət qeydiyyatına alınıb-alınmaması ilə bağlı müvafiq məlumatların əldə edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən aidiyyəti orqanlara sorğu verilsə də, alınmış cavablardan müvafiq məlumat əldə edilməsi mümkün olmamışdır. Lakin, kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69cu maddəsində iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Habelə, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, həm iddiaçının işlədiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Mübahisələndirən dövrlər ərzində də iddiaçının "xxxx" kiçik müəssisəsində işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmişdir. Cavabdeh həmin dövr üzrə əmək kitabçasının qeydlərinin mötəbərliyinə şübhələri iddiaçının həmin müəssisədən xx.xx.2000-ci il tarixdə işdən azad olunma səbəbi ilə bağlı həmin vaxt qüvvədə olmayan qanunvericiliyə (Əmək Qanunları Məcəlləsinə) istinad edilməsi ilə əsaslandırmışdır. Kollegiya şikayətin həmin dəlilini əsassız sayaraq bildirir ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi bu hal iddiaçının həmin müəssisədə işləməsini təkzib edən hal kimi qiymətləndirilməməlidir, belə ki, əmək kitabçasının düzgün və qanunauyğun şəkildə doldurulması işçinin deyil, işəgötürənin vəzifələrinə aid məsələdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, əmək kitabçası onun həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyindən mötəbər olunmalı və xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək ərzində iddiaçının "xxxx" kiçik müəssisəsində işlədiyi 5 il 1 günlük dövr onun sığorta stajına daxil edilməlidir. İkinci dövrlə bağlı şikayətin dəlilləri ondan ibarətdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-də olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamış, araşdırma zamanı həmin müəssisə tərəfindən 2006-2009-cu illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” ın (Forma B3) təqdim edilmədiyi müəyyən olunmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətinin **********742900 nömrəli cavab məktubundan görünür ki, dövlət reyestrində "X4 LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2000-ci il tarixdə M-891 nömrə ilə dövlət qeydiyyatından keçməsi və hüquqi ünvanının AZ1009, ünvan 1t mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə xx.xx.2021 -ci il tarixdə təqdim edilmiş arayışa əsasən uçot məlumat bazasında MMC-nin fəaliyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılması barədə qeyd aparılmışdır. İşin birinci instansoiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi "X4 LTD" MMC fəaliyyətdə olan müəssisə olmuş, 2021-ci ildən fəaliyyəti dayandırılmışdır. Nəzərə almaq lazımdır ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının yuxarıda qeyd edilən müddəalarında xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə isə işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddətinin fərdi uçot məlumatlarına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məcburi sosial sığorta ödənişlərini həyata keçirməli olan müəssisə tərəfindən müvafiq ödənişlər aparılmadığı təqdirdə dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə qarşı müvafiq tədbirləri görməlidir. Həmin qurum tərəfindən ödənişlərin aparılması ilə bağlı bildiriş göndərilməli, müəyyən edilmiş müddət ərzində sığortaedən borcu ödəmədiyi təqdirdə, onun hesablarına sərəncamlar qoyulmalıdır. İnzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. İddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-də işlədiyi əmək kitabçası ilə öz təsdiqini tapdığından kollegiya hesab edir ki, məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinə əsaslanaraq, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün iş stajına daxil edilməli olmaması ilə bağlı cavabdehin dəlilləri əsaslı sayıla bilməz. Belə ki, qeyd edilənləri ümumiləşdirərək kollegiya qeyd edir ki, iddiaçının xx.xx.1995ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" kiçik müəssisəsində, eləcə də, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək dövr ərzində "xxxx" MMC-də işlədiyi dövr nəzərə alındığında onun 25 ildən artıq sığorta stajına malik olduğu aşkar edilir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən hissəsində düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2-1(118)-2644/2024 nömrəli qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.