Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1066/2025 29.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-21276/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-2- 9/2-26117/2024 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2-1(118)-2228/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı MMC ilkin olaraq məhkəməyə müraciət edib cavabdehlər Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********080800 nömrəli və xx.xx.2024-cü il tarixli **********576400 nömrəli qərarların ləğv edilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili dəqiqləşmə ərizəsi təqdim edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-21276/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-26117/2024 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-4889 nömrəli qərardadına əsasən iddia tələbinin “Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli **********080800 saylı qərarın ləğv edilməsinə dair" hissəsinə münasibətdə ayrıca icraata ayrılmışdır. İddia tələbinin “Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024- cü il tarixli **********576400 nömrəli qərarın ləğv edilməsinə dair” hissəsi ilə bağlı və həmçinin də əlavə vergilərin (ƏDV-nin) hesablanmasına əsas olmuş və iddiaçı tərəfindən mübahisəiəndirilən dövrlər üzrə vergi orqanına dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmiş və dəqiqləşdirilmiş bəyannamələrə iddiaçının vergi uçotunda olduğu 2 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Kameral vergi yoxlamasının nəticələrinə görə “Oktyabr-2023” vergi dövrü üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-21276/2024 nömrəli və “Yanvar-2024” vergi dövrü üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-212-9/2-26117/2024 nömrəli qərarlar qəbul edilmişdir. Cavabdeh vergi orqanının yuxarıda göstərilən yeni qərarlarında “Oktyabr-2023” vergi dövrü üzrə 19311,30 manat məbləğində, “Yanvar-2024” vergi dövrü üzrə 99908,92 manat məbləğində əlavə hesablanmış vergi (ƏDV) məbləğləri yenidən hesablanmışdır. Aşağıda göstərilənlərə görə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-212-9/2-21276/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-26117/2024 nömrəli qərarları vergi qanunvericiliyinin tələblərinə zidd hesab edir. Belə ki, Vergi Məcəlləsinin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.Həmin Məcəllənin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.Qanunun qeyd edilən tələblərinə əsasən iddiaçı tərəfindən idxal edilən malların uçotu aparılmış və vergi orqanına müvafiq bəyannamələr vermişdir. Lakin vergi orqanı tərəfindən qanunun tələbləri nəzərə alınmamış, vergi qanunvericiliyin tələblərinə zidd olaraq iddiaçının 2023-cü ildə idxal etdiyi malların invoys dəyəri deyil, Dövlət Gömrük Komitəsi tərəfindən gömrük qanunvericiliyinin məqsədləri üçün tətbiq edilən malların statistik dəyəri əsas götürülməklə yaranmış dövriyyə (satış) fərqinə görə əlavə vergi hesablanmışdır.Malların dəyərinin gömrük orqanı tərəfindən müəyyən olunmuş statik dəyərə əsasən müəyyən olunması Vergi Məcəlləsinin tələblərinə ziddir. İddiaçı tərəfindən 886769.0 manat dəyəri olan mallar 1020784,94 manata təqdim edilmiş və buna uyğun olaraq ƏDV və mənfəət vergisi hesablanaraq müvafiq bəyannamələr vergi orqanına təqdim edilmişdir.“Oktyabr-2023” vergi dövrü üzrə təqdim edilmiş bəyannamədə hesablanmış ƏDV məbləği 14617.27 manat göstərildiyi halda, vergi orqanı tərəfindən həmin dövrə görə 33928.57 manat, “Yanvar-2024” vergi dövrü üzrə 25785.51 manat göstərildiyi halda vergi orqanı tərəfindən həmin dövrə görə 74123.41 manat məbləğində ƏDV hesablanılmışdır. Kameral hesablama barədə qərarlarda müvafiq olaraq qeyd edilmiş 33928.57 və 74123.41 manat əlavə vergi məbləğləri malların invoys dəyərinə münasibətdə uyğunsuzluq yaratmış və vergi orqanı bu halı düzgün olmayaraq malların əskik gəlməsi faktı kimi qiymətləndirərək əlavə hesablama aparmışdır. Vergi orqanı tərəfindən malların dəyəri müəyyən olunarkən gömrük orqanları tərəfindən tətbiq olunmuş statik qiymətə istinad edilməsi əsassızdır. Qeyd olunan mövqe Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2022-ci il tarixli **********658900 saylı “Vergi qanunverciliyinə(inzibatçılığına) dair müraciətə baxılması haqqında" məktubunda da etiraf edərək bildirmişdir ki, “Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsümlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərclən və həmin yerədək yükləmə və boşaldılma xərclən daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Əlavə olaraq bildiririk ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur. Vergi orqanında çoxsaylı işlər üzrə formalaşmış inzibati təcrübəyə əsasən cavabdeh tərəfindən vergitutma məqsədləri üçün malların yalnız invoys dəyəri nəzərə almır. Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə Baxılması Baş İdarəsinin oxşar işlərlə bağlı çoxsaylı qərarları mövcuddur ki, vergi ödəyicilərinin xərclərinə münasibətdə malların statik dəyərinə istinad edilməsinə yolverilməz olduğu bildirilmişdir. Mövcud halda cavabdeh tərəfindən malların statik dəyərinə istinad edilməklə vergi hesablanaraq ikili mövqe nümayiş etdirilir. Bu isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci və 13-cü maddələrinə ziddir. Analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1255/2024 saylı xx.xx.2024- cü il tarixli qərarı) "42.... mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinə uyğun olaraq idxal olunmuş malların faktiki (invoys) dəyərini deyil, gömrük orqanları tərəfindən müəyyən olunan statistik dəyərini əsas götürməklə iddiaçıya vergi hesablamışdır. 43. Halbuki, oxşar mübahisələr üzrə cavabdehin qərarlarından verilmiş inzibati şikayətlərə dair yuxarı vergi orqanının formalaşdırdığı inzibati praktikaya əsasən, cavabdehin tabe olduğu yuxarı orqan bu cür hesablamalara dair qərarları ləğv etmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən həmin inzibati praktika nəzərə alınmamış, ‘inzibati icraat haqqında’’ Qanunun 12.2-ci maddəsinin tələblərinə əməl olunmamış və həmin tələblərə zidd olaraq mübahisələndirilən qərar qəbul olunmuşdur. 44. Bundan əlavə, cavabdeh tərəfindən oxşar mübahisələrə dair işlər üzrə AliMəhkəmənin formalaşmış hüquqi mövqeyi də nəzərə alınmamışdır. Həmin hüquqi mövqeyə görə, statistik dəyər əsasında cavabdeh tərəfindən vergilərin hesablanması qanunsuz sayılmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il tarixli, 2-1(102)-177/2024 nömrəli və 2024-cü il tarixli, 2- 1(102)199/2024 nömrəli qərarları). Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda İddiaçı (VÖEN: **********) 2024-cü ilin yanvar ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlamasına əsasən 99908.92 manat vergi məbləği hesablanmışdır. Uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına və həmin tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların pərakəndə satışı”ndan ibarət olduğu, Sumqayıt şəhəri, BakıQuba yolu, Maşın Bazarı Ərazisi ünvanında “Mağaza” adlı təsərüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2023-cü il tarixdən qeydiyyatda olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı xx.xx.2023xx.xx.2024-cü il tarixlərə qədər elektron qaimə-faktura üzrə 31360,8 manat, elektron alış aktı üzrə 0,00 manat yükgömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 1410320,56 manat mallar aldığı, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı sənədli mal qalığının olmadığı, ticarət əlavəsinin isə 2 faiz olduğu müəyyən edilmişdir. Vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura və nəzarət kassa aparatı üzrə satış dövriyyə məbləği 1020784,94 manat təşkil etdiyi üçün 2024-cü ilin yanvar ayı üzrə 80951,41 manat ƏDV məbləğində malların əskik gəldiyi və təqdim edilmiş ƏDV bəyannamələrinin göstəriciləri ilə müqayisədə kənarlaşmanın olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********512300 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş uyğunsuzluq məktublarına əsaslandırılmış cavab verilmədiyi, izahedici məlumatlar təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin yanvar ayı üzrə 80951,41 manat əlavə dəyər vergisi məbləğinin hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********670900 nömrəli qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Daha sonra Cəmiyyət tərəfindən dəqiqləşdirilmiş ƏDV bəyannamələri təqdim edilərək 2023-cü ilin oktyabr və noyabr ayları üçün vergiyə cəlb edilən satış dövriyyəsi azaldılmış, eyni zamanda 2024-cü ilin yanvar ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində mövcud kənarlaşmalar aradan qaldırılmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********177800 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş uyğunsuzluq məktublarına əsaslandırılmış cavab verilmədiyi, məlumatlar təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin yanvar ayı üzrə 104846,41 manat əlavə dəyər vergisi məbləği hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********375700 nömrəli qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli **********140100 nömrəli İnzibati şikayətin qismən təmin edilməsi haqqında Qərara əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********375700 nömrəli Qərarı 4937,49 manat vergilərin hesablanması hissəsində azaldılmış, 99908,92 manat vergilərin hesablanması hissəsində isə dəyişdirilmədən saxlanılmışdır...Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2-1(118)-2228/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi orqanı kameral vergi yoxlamasını və nəticə etibarilə vergilərin, sosial və işsizlik sığortası haqlarının hesablanması barədə qərarları Vergi Məcəlləsinin tələblərinə uyğun, iddiaçıdan qanuni qaydada tələb edilən sənədlər təqdim edilmədiyi şəraitdə mövcud rəsmi məlumatlar əsasında qəbul etmiş və bu qərarların qanunsuzluğunu təsdiq edən halların məhkəmə araşdırması zamanı sübuta yetirilməsi mümkün olmamışdır. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən “2023-oktyabr” vergi dövrü üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilərək hesabat dövrü üzrə daxil olmuş satış məbləğinin (ƏDV nəzərə alınmadan) 145 800,0 manat olduğu, vergi qanunvericiliyinə uyğun olaraq həmin satış məbləğinə görə 26 244,0 manat ƏDV hesablandığı, idxalda ƏDV-yə cəlb edilmiş 64 592,95 manat dəyərində mallara görə ödənilmiş 11 626,73 manat ƏDV məbləği əvəzləşdirilməklə büdcəyə ödənilməli olan verginin 14 617,27 manat olduğu bəyan edilmişdir. Lakin həmin vergi dövrü üzrə kameral vergi yoxlaması keçirən cavabdeh hesablanmalı olan verginin 33 928,57 manat olduğunu və bəyan edilmiş vergi məbləği nəzərə alınmaqla 19 311,30 manat əlavə vergi hesablanması barədə xx.xx.2024cü il tarixli 3-21-2-9/2-21276/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etmişdir. Cavabdeh tərəfindən əlavə vergi hesablaması aparılarkən xx.xx.2024-cü il tarixli **********995400 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubunu əsas tutmuşdur. Həmin uyğunsuzluq məktubuna görə 2023-cü ilin oktyabr ayı üzrə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş ƏDV bəyannaməsində dövr ərzində daxil olmuş məbləğin (ƏDV nəzərə almadan) 253 085,00 manat göstərilməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində dövr ərzində daxil olmuş məbləğin (ƏDV nəzərə almadan) azaldılaraq 145 800,00 manat göstərildiyi bildirilərək müvafiq dövr üzrə vergiyə cəlb olunan dövriyyənin azaldılmasına əsas verə biləcək müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb edilmişdir. Lakin iddiaçı tərəfindən “2023-oktyabr” vergi dövrü üzrə hesablamada səhvə yol verilməsi barədə vergi orqanına məlumat verilsə də və eləcə də həmin hesablamanın qanunazidd olması barədə şikayət edilsə də, vergi orqanı göstərilən uyğunsuzluğun səbəbini nəzərə almamış və təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsini təsdiq etməmişdir. Bundan başqa, iddiaçı tərəfindən “2024-yanvar” vergi dövrü üzrə ƏDV bəyannaməsi verilərək hesabat dövrü üzrə təqdim edilmiş malların, iş və xidmətlərin olmadığı göstərilmiş, idxalda ƏDV-yə cəlb edilmiş 143 252,82 manat dəyərində mallara görə ödənilmiş 25 785,51 manat ƏDV məbləğinin büdcədən qaytarılması bəyan edilmişdir. “2024-yanvar” vergi dövrü üzrə dəqiqləşdirilmiş kameral vergi yoxlaması həyata keçirən vergi orqanı həmin dövr üzrə təqdim edilmiş mal, iş və xidmətlərin (ƏDV nəzərə alınmadan) dəyərinin 582 480,05 manat, daxil olmuş məbləğin (ƏDV nəzərə alınmadan) 555 049,56 manat olduğunu və ƏDV məbləğinin 99 908,92 manat təşkil etdiyini, büdcədən qaytarılmalı olan 25 785,51 manat ƏDV məbləği nəzərə alınmaqla büdcəyə 74 123,41 manat məbləğində əlavə vergi hesablamaqla “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-26117/2024 saylı qərar qəbul etmişdir. Cavabdeh əlavə vergi hesablaması apararkən xx.xx.2024-cü il tarixli **********512300 nömrəli uyğunsuzluq məktubunu əsas götürmüşdür. Həmin uyğunsuzluq məktubunda keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı mal qalığının olmadığı, ticarət əlavəsinin 2 faiz təşkil etdiyi, OVN tədbirinə qədər e-qaimə-faktura, ixrac və kassa üzrə satış dövriyyəsi məbləğinin 1 020 784,94 manat təşkil etdiyindən 2024-cü ilin yanvar ayı üzrə 80 951,41 manat vergi məbləği qədər malların əskik gəlməsi istiqamətində kənarlaşmaların yarandığı göstərilmişdir. Cavabdeh vergi orqanı tərəfindən əlavə vergi hesablamasına dair qərarlar qəbul edilərkən iddiaçının mal idxalı və satış dövriyyəsi düzgün müəyyən edilməmişdir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********494900 saylı məktubu ilə iddiaçıya təqdim edilmiş X3 (YGB) barədə məlumata əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə iddiaçı tərəfindən idxal olunmuş malların invoys dəyəri 719 015,32 manat, statistik dəyəri 1 345 400,64 manat, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-N-2xx-xx/2025 saylı digər məktubla təqdim edilmiş 2024-cü ilin yanvar ayı üzrə iddiaçı tərəfindən idxal olunmuş malların invoys dəyəri 135 344,51 manat, statistik dəyəri isə 143 164,51 manat olmuşdur. Bundan başqa, iddiaçı tərəfindən e-qaimə-faktura ilə alınmış malların ümumi dəyəri 31 360,8 manat təşkil etmişdir. Beləliklə, dövr üzrə iddiaçı tərəfindən idxal edilmiş malların ümumi invoys dəyəri 854 359,83 manat, statistik dəyəri isə 1 488 565,15 manat təşkil etmişdir. Dövr ərzində vergi orqanı tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri ilə iddiaçının mal qalığının olmadığı və malların üzərinə 2 faiz ticarət əlavəsi tətbiq edilməklə satıldığı müəyyən edilmişdir. 2024-cü ilin yanvar ayında isə iddiaçı tərəfindən malların təqdim edilməsi həyata keçirilməmişdir. Deməli, 2023-cü ildə idxal edilmiş malların invoys dəyərinə və həmin dövrdə e-qaimə-faktura ilə alınmış malların təqdim edilməsi də əlavə edilməklə və təqdim edilmiş malların üzərinə 2 faiz ticarət əlavəsi hesablanmaqla ƏDV-yə cəlb edilən malların ümumi dəyəri 765 383,64 manat (719 015,32 + 31 360,8 x 2%) təşkil etmişdir. Eyni zamanda, 2024-cü ilin yanvar ayında YGB-yə əsasən invoys dəyəri 135 344,51 manat təşkil edən mallar idxal edilsə də, həmin ayda malların təqdim edilməsi olmamış və vergi orqanına müvafiq bəyannamə verilmişdir. Lakin vergi orqanı təqdim edilmiş bəyannaməni təsdiq etməmiş və həmin ay üzrə kameral vergi yoxlaması keçirərək təqdim edilmiş malın, işin və xidmətlərin (ƏDV nəzərə alınmadan) dəyərinin 582 480,05 manat, daxil olmuş məbləğin isə (ƏDV nəzərə alınmadan) 555 049,56 manat olduğunu və ƏDV məbləğinin 99 908,92 manat təşkil etdiyini göstərmişdir. Vergi orqanı 2024-cü ilin yanvar ayına görə əlavə vergi hesablayarkən xx.xx.2024-cü il tarixli **********512300 nömrəli uyğunsuzluq məktubuna istinad etmişdir. Həmin məktubda isə satış dövriyyəsi məbləğinin 1 020 784,94 manat təşkil etdiyi qeyd edilmiş və 2024-cü ilin yanvar ayı üzrə 80 951,41 manat vergi məbləği qədər malların əskik gəlməsi istiqamətində kənarlaşmaların yarandığı göstərilsə də, bu məlumatların hansı mənbədən götürüldüyü əsaslandırılmamışdır. Göründüyü kimi, kameral hesablama barədə qərarlarda müvafiq olaraq qeyd edilmiş 33 928,57 və 74 123,41 manat əlavə vergi məbləğlərinin müəyyən edilməsi yuxarıda göstərilən idxal edilmiş malların invoys dəyərinə münasibətdə uyğunsuzluq yaratmış və vergi orqanı bu halı düzgün olmayaraq malların əskik gəlməsi faktı kimi qiymətləndirərək əlavə hesablama aparmışdır. Cavabdeh vergi orqanı vergi qanunvericiliyinin tələblərinə zidd olaraq iddiaçının 2023-cü ildə idxal etdiyi malların invoys dəyərini deyil, Dövlət Gömrük Komitəsi tərəfindən gömrük qanunvericiliyinin məqsədləri üçün tətbiq edilən malların statistik dəyərini əsas götürməklə dövriyyə (satış) fərqi yaradaraq əlavə vergi hesablamışdır. Vergi orqanı tərəfindən malların dəyəri müəyyən olunarkən gömrük orqanları tərəfindən tətbiq olunmuş statistik qiymətə istinad edilməsi əsassızdır. Qeyd olunan mövqe Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********658900 saylı “Vergi qanunvericiliyinə (inzibatçılığına) dair müraciətə baxılması haqqında” məktubunda da etiraf edilərək bildirilmişdir ki, “Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yükləmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Əlavə olaraq bildiririk ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur”. Vergi orqanında çoxsaylı işlər üzrə formalaşmış inzibati təcrübəyə əsasən cavabdeh tərəfindən vergitutma məqsədləri üçün malların yalnız invoys dəyəri nəzərə alınır. Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə Baxılması Baş İdarəsinin oxşar işlərlə bağlı çoxsaylı qərarları mövcuddur ki, vergi ödəyicilərinin xərclərinə münasibətdə malların statistik dəyərinə istinad edilməsinin yolverilməz olduğu bildirilmişdir. Mövcud halda cavabdeh tərəfindən malların statistik dəyərinə istinad edilməklə vergi hesablanaraq ikili mövqe nümayiş etdirilmişdir. Bu isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci (12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır) və 13-cü maddələrinə (13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır) ziddir. Malların dəyərinin gömrük orqanı tərəfindən müəyyən olunmuş statistik dəyərə əsasən müəyyən olunması Vergi Məcəlləsinin tələblərinə ziddir. Vergi Məcəlləsinin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Məhkəmə qərar qəbul edərkən qanunun istinad edilən normalarını tətbiq etməməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmiş və mübahisə predmetinə münasibətdə tətbiq edilməli normanı deyil, tətbiq edilməli olmayan normanı tətbiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 15.2-ci maddəsinə əsasən Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Məhkəmə qərar qəbul edərkən vergi ödəyicisinin üzərinə əsassız vergi öhdəliyinin qoyulmasına və azad sahibkarlıq hüququnun pozulmasına diqqət yetirməməklə həmin hüququ düzgün tətbiq etməmişdir. Vergi Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Məhkəmə işə baxarkən idxal edilmiş malların dəyərini formalaşdıran xərclərin qanunvericiliyin tələblərinə uyğun olmasını araşdırmamış və bununla da istinad edilən qanunun tələblərini nəzərə almamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Maddə 143. Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Maddə 162.1. Vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2 saylı Ərazi Vergilər Baş idarəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrü əhatə etməklə İddiaçındə kameral vergi yoxlaması təyin edilmiş və nəticəsində sözügedən Qərarlar qəbul edilmişdir. Hazırki iş üzrə iddia tələbi cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarlarının ləğv edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, vergi orqanı kameral vergi yoxlamasını və nəticə etibarilə vergilərin, sosial və işsizlik sığortası haqlarının hesablanması barədə qərarları Vergi Məcəlləsinin tələblərinə uyğun, iddiaçıdan qanuni qaydada tələb edilən sənədlər təqdim edilmədiyi şəraitdə mövcud rəsmi məlumatlar əsasında qəbul etmiş və bu qərarların qanunsuzluğunu təsdiq edən halların məhkəmə araşdırması zamanı sübuta yetirilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, inzibati mübahisə birinci instansiya məhkəməsi tərəfindən həll edilərkən lazımi qaydada araşdırma və qiymətləndirmə aparılmamışdır. Belə ki, iddiaçı hazırki iş üzrə 2 inzibati aktı mübahisələndirir: - 2024-cü ilin yanvar ayına ƏDV üzrə 99,908.92 manat əlavə dəyər vergisi məbləği hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-26117/2024 nömrəli qərar - 2023-cü ilin oktyabr ayına ƏDV üzrə əlavə dəyər vergisi məbləği hesablanması barədə 19,311.30 manat xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-21276/2024 nömrəli qərar Məhkəmə kollegiyası ilk öncə 2024-cü ilin yanvar ayına hesablanmış əlavə vergi məbləğinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş 2024-cü ilin yanvar ayına ƏDV məbləğinin hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-26117/2024 nömrəli qərarda hesablamanın əsası kimi “xx.xx.2024-cü il tarixli **********512300 nömrəli məktuba əsasən” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********512300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub qeyd edilənlərə əsasən iddiaçı tərəfindən 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində manat ehtiyatlar üzrə 0 manat qalıq məbləği bəyan edilmiş, xx.xx.2023-xx.xx.2024-cü il tarixlərə qədər elektron alış aktı üzrə 0 manat, elektron qaimə-faktura üzrə 31360,8 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 1410320,56 manat mal alışı olmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı sənədli mal qalığının olmadığı, ticarət əlavəsinin isə 2 faiz həddində olduğu müəyyən edilmişdir. Operativ vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura, ixrac və kassa üzrə satış dövriyyə məbləği 1020784,94 manat təşkil etdiyindən, 2024-cü ilin yanvar ayı üzrə 80951,41 manat vergi məbləği qədər malların əskik gəlməsi istiqamətində kənarlaşmalar yaranmışdır” Bir sözlə cavabdeh vergi orqanı iddiaçının xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə mülkiyyətində olmuş (e-qaimə əsasında aldığı və idxal etdiyi) malların ümumi məbləğini, 2023-cü ilin əvvəlinə və operativ vergi nəzarəti tədbiri anına olan mal qalığını və il ərzində satdığı malların ümumi dəyərini müqayisə edərək, 80,951.41 manat vergi məbləği qədər malların əskik gəlməsini müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə cavabdeh vergi orqanı tərəfindən 2024-cü ilin yanvar ayı üzrə aşkar edilmiş kənarlaşmanın səbəbi iddiaçının mülkiyyətində olmuş malların məbləğinin idxal edilmiş malların gömrük orqanları tərəfindən müəyyən edilmiş gömrük dəyəri əsasında hesablanmasından irəli gəlmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş idxal edilmiş mallar barədə məlumatlara əsasən iddiaçının xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə idxal etdiyi malların gömrük dəyəri faktiki alış (invoys) dəyərindən yüksək olmuş və cavabdeh vergi orqanı da bu fərqi nəzərə almadan, əskik gələn malların məbləğini məhz gömrük dəyərinə əsasən hesablamışdır. Halbuki, vergi ödəyicisi satmaq və ya yaxud istehsal, iş, xidmət göstərilməsində istifadə etmək üçün nəzərdə tutduğu əmtəə-material ehtiyatlarının uçotunu aparmağa borcludur. Qeyd oluna uçot istehsal xərclərinə və ya faktiki satınalma qiymətinə əsasən müəyyən edilir və bu zaman həmin malların nəql olunmasına, saxlanılmasına, tikilməsinə, quraşdırılmasına və qurulmasına çəkilən xərclər və aktivlərin dəyərini artıran digər xərclər də (gəlirdən çıxılmasına yol verilən xərclər və yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq istisna olmaqla) nəzərə alınır. (Vergi Məcəlləsinin 139.1, 139.2 və 143-cü maddələri) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, vergi ödəyicisi idxal etdiyi malların vergitutma məqsədləri üçün uçotunu həmin malların faktiki alış (invoys) dəyəri və aktivlərin dəyərini artıran digər xərclər əsasında həyata keçirməlidir. Göründüyü kimi, cavabdeh vergi orqanı kameral vergi yoxlaması həyata keçirərkən, iddiaçının vergitutma məqsədləri üçün gəlir və xərclərini müəyyən etmək məqsədilə idxal edilmiş malların faktiki satınalma (invoys) dəyərini əsas götürməli idi. Belə ki, malların gömrük dəyəri idxal zamanı gömrük rüsumunun və ƏDV-nin hesablanması məqsədilə gömrük orqanları tərəfindən müəyyən edilən dəyərdir (“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5 və 3.5-ci maddəsi, Gömrük Məcəlləsinin 242.1 və 242.2-ci maddələri). Lakin, hazırki iş üzrə cavabdeh vergi orqanı vergi qanunvericiliyinin yuxarıda göstərilən tələblərini pozaraq, kameral vergi yoxlaması çərçivəsində iddiaçının satış dövriyyəsini idxal edilmiş malların faktiki alış dəyəri əsasında yox, gömrük orqanları tərəfindən gömrük ödənişlərinin hesablanması məqsədilə müəyyən edilmiş gömrük dəyəri əsasında hesablamışdır. Qeyd etmək lazımdır ki, oxşar mübahisələrə dair işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, cavabdeh tərəfindən statistik dəyər əsasında vergilərin hesablanması barədə qəbul edilmiş qərarlar qanunsuz sayılmalı və ləğv olunmalıdır (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-177/2024 nömrəli, 2-1(102)-199/2024 nömrəli, 2-1(102)- 180/2024 nömrəli, 2-1(102)-1255/2024 nömrəli, 2-1(102)-1264/2024 nömrəli qərarları). Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı 2024-cü ilin yanvar ayı üzrə kameral vergi yoxlaması həyata keçirərkən yoxlama ilə əhatə olunan hesabat dövrünü də düzgün müəyyən etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı kameral vergi yoxlamasını 2024-cü ilin yanvar ayları üzrə həyata keçirsə də, hesablamaya səbəb olan əməliyyatlar həmin təqvim aylarında baş tutmamışdır. Halbuki, vergi orqanı ƏDV-nə münasibətdə kameral vergi yoxlaması həyata keçirərkən hesabat dövründə (təqvim ayında) baş vermiş əməliyyatları (alınmış, təqdim edilmiş və ya qaytarılmış mallar, yaxud görülmüş işlər, göstərilmiş xidmətlər, onlar ilə bağlı həyata keçirilmiş ödəmələr və digərlərini) nəzərə almalı və bəyannamənin müvafiq hissələrində bəyan edilmiş göstəricilər (vergiyə cəlb edilən dövriyyə, həmin dövriyyədən hesablanan ƏDV, əvəzləşdirilən ƏDV məbləği, büdcəyə ödənilməli ƏDV məbləği və digərləri) ilə həmin əməliyyatlar arasında hər hansı kənarlaşmanın olub-olmadığını araşdırmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı vergi qanunvericiliyinin tələblərinə zidd olaraq, 2024-cü ilin yanvar ayı üzrə kameral vergi yoxlamasını əvvəlki hesabat dövrlərində (təqvim aylarında) baş tutmuş əməliyyatlara görə həyata keçirmişdir. Qeyd etmək lazımdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (2-1(102)-71/2025, 2-1(102)- 2914/2024 nömrəli; 2-1(102)-109/2025 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, kameral vergi yoxlaması qanunvericiliyə müvafiq olaraq müvafiq hesabat dövründə aparılan əməliyyatlar üzrə keçirilir. Kameral vergi yoxlaması zamanı müvafiq hesabat dövründən əvvəlki və ya sonrakı əməliyyatların nəzərə alınması yolverilməzdir. Məhkəmə kollegiyası 2023-cü ilin oktyabr ayına hesablanmış əlavə vergi məbləğinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş 2023-cü ilin oktyabr ƏDV məbləğinin hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-21276/2024 nömrəli qərarda hesablamanın əsası kimi “xx.xx.2024-cü il tarixli **********995400 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubuna əsasən” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********995400 nömrəli məktubda qeyd edilənlərə əsasən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 2023-cü ilin Oktyabr ayı üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsində dövr ərzində daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 253,085.00 manat göstərilməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixdə müvafiq dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsində dövr ərzində daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) azaldılaraq 145,800.00 manat göstərilmişdir”. Bir sözlə, cavabdeh iddiaçı dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edərək, əvvəlki bəyannamədə göstərdiyi vergiyə cəlb edilən əməliyyatların dəyərini azaltmış, lakin vergi orqanı bununla razılaşmayaraq, azaldılmış dövriyyə üzrə ƏDV məbləğini bərpa etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ƏDV-nin ödəyicisi hesabat dövrü (təqvim ayı) üçün növbəti ayın 20-dən gec olmayaraq, ƏDV-nin bəyannaməsini verməyə və hesablanmış vergiləri büdcəyə ödəmə borcludur. Təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda isə vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirmənin səbəbi Vergi Məcəlləsinin 163-cü maddəsində nəzərdə tutulan hallar olduqda, vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. Vergi ödəyicisi dəqiqləşdirilmiş vergi bəyannaməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində, səyyar vergi yoxlaması təyin edildiyi təqdirdə isə səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edə bilər. (Vergi Məcəlləsinin 72.4-1, 72.5, 163, 177.1.3, və 177.2-ci maddələri) Hazırki işin hallarından gördündüyü kimi, iddiaçı 2023-cü ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsi təqdim etmiş, daha sonra bəyannamənin müvafiq göstəriciləri (vergiyə cəlb edilən dövriyyə ilə) ilkin uçot sənədləri arasında fərq olduğundan, vergi qanunvericiliyinin verdiyi hüquqdan istifadə edərək, həmin hesabat dövrü üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmişdir. Lakin, cavabdeh vergi orqanı dəqiqləşdirilmiş vergi bəyannaməsini qəbul etməkdən imtina etmiş və əsası ondan ibarət olmuşdur ki, “sonuncu bəyannamədə vergiyə cəlb edilən dövriyyə, eləcə də vergi məbləği azaldılmışdır”. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanları kameral vergi yoxlaması zamanı sadəcə bu əsasla (dəqiqləşdirilmiş vergi bəyannaməsində dövriyyənin azaldılması səbəbindən) vergi ödəyicisinə əlavə vergi məbləği hesablamaqda haqlı deyil. Belə ki, vergi orqanları kameral vergi yoxlaması çərçivəsində vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrin göstəriciləri ilə vergi orqanlarına olan vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar arasında hər hansı kənarlaşmanın olub-olmadığını araşdırmalıdır. Əgər vergi bəyannamələri ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edilərsə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Kameral yoxlama nəticəsində kənarlaşma öz təsdiqini tapar və vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edilərsə, vergi orqanı vergi ödəyicisinə 5 iş günü müddətində vergilərin hesablanmasına dair vergi orqanının qərarını göndərir (Vergi Məcəlləsinin 37.1, 37.3 və 37.4-cü maddələri) Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kameral vergi yoxlaması nəticəsində vergi ödəyicisi barəsində vergilərin hesablanması barədə qərarın qəbul edilməsi üçün müvafiq vergi növü üzrə təqdim edilmiş vergi bəyannaməsi ilə vergi orqanında olan sənəd və ya mənbəyi məlumatlar arasında fərq nəticəsində vergilərin az və ya artıq hesablandığı aşkar edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı iddiaçı tərəfindən 2023-cü ilin oktyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi ilə vergi orqanında olan sənəd və məlumatlar arasında fərqin (kənarlaşmanın) yaranmasına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, hesablamanı sadəcə olaraq əvvəlki bəyannamə ilə dəqiqləşdirilmiş bəyannamə arasındakı dövriyyə fərqi ilə izah etməyə çalışmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı tərəfindən 2023-cü ilin oktyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin göstəriciləri ilə vergi orqanında mövcud olan sənəd və məlumatlar arasında hər hansı kənarlaşma mövcud olmadığı halda, cavabdeh vergi orqanı iddiaçıya kameral vergi yoxaması nəticəsində əlavə vergi məbləği hesablamışdır ki, bu da vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2-1(118)-2228/2025 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-21276/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-2- 9/2-26117/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.