Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1068/2025 25.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “57 yaşın tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(118)-4332/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1963-cü il təvəllüdlüdür. ЖТ 014741 saylı diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1983-cü illlərdə Bakı Dəmiryolu Nəqliyyatı Texnikumunda “dəmiryollarının elektrik dartma təsərrüfatı” ixtisası üzrə tam kursu bitirmişdir. НЗ ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1983-xx.xx.1985-ci illərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Dəmir Yolları QSC Yük Daşımaları Departamenti X2 verdiyi xx.xx.2020-ci il tarixli 1034 saylı arayışda qeyd edilmişdir ki, ADY “QSC” İ qrup Biləcəri lokomotiv deposu üzrə İddiaçı işə qəbul olunub; xx.xx.1985 - xx.xx.1997- cü illərdə elektrovoz maşinisti köməkçisi (Əmr № 799, xx.xx.1985) xx.xx.1997 - 10.11,1997-cı illərdə elektrik qatarı maşinisti köməkçisi (dublyor) (Əmr № 901, xx.xx.1997) xx.xx.1997-xx.xx.2009- cu illərdə elektrik qatarı maşinisti (sərbəst) (Əmr № 9.31, xx.xx.1997) xx.xx.2009 -xx.xx.2009-cu illərdə mator vaqon hərəkət heyətinin maşinisti (dublyor) (Əmr№ 138/k, xx.xx.2009) xx.xx.2009-xx.xx.2012-ci illərdə mator vaqon hərəkət heyətinin maşinisti (sərbəst) (Əmr № ,xx.xx.2009) xx.xx.2012-ci il 33/k saylı əmrlə (Az.Res.ƏM-nin 69-cu maddəsinin 3-cü bəndi ,öz xahişi ilə ) işdən azad olmuşdur. Ümumi: Dəmiryol nəqliyyatında iş stajı 27 il, 02 ay, 25 gün təşkil edir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007 ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” qərarına uyğundur. Azərbaycan Dəmir Yolları QSC Sərnişin Daşımaları Departamentinin Bakı Lokomotiv Deposunun 37 saylı arayışında qeyd edilmişdir ki, Bakı lokomativ deposunda işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında Sovetlər dönəmində yazılan NVS(motor vaqon seksiyası) tərcümə Hunaraq MVHH (motor vaqon hərəkət heyəti) adlandırılmış və bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Qərarın 21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri vəzifə adları ilə eynilik təşkil edir. Xidməti məktubda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, ümumi iş stajı 44 il 1 ay 22 gün (xx.xx.2006-cı il tarixinədək 25 il 1 ay 22 gün (xx.xx.1980-xx.xx.1983-cü il (təhsil dövrü), xx.xx.1983- xx.xx.1985-ci il (hərbi xidmət dövrü), xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 19 il) təşkil edir. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalı 64080,79 manat təşkil edir. Azərbaycan Dəmir Yolları QSC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “motor-vaqon seksiyası”, “motor-vaqon elektrik seksiyası” və “MVHH (motor-vaqon hərəkət heyəti)” elektrik qatarları qrupuna daxil olan dəmir yolu nəqliyyat vasitələrindən hesab edilir. Bu baxımdan qeyd edilən İddiaçı ADY-də çalışdığı motorvaqon seksiyasının maşinist köməkçisi, motor-vaqon elektrik seksiyasının maşinisti və MVHH maşinisti peşələri üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri hal-hazırda ADY-nin Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Lokomotiv briqadalarında əmək fəaliyyəti göstərməkdə davam edən elektrik qatarlarının maşinisti və maşinist köməkçisi peşələrinə aid işlərin xüsusiyyətləri ilə eynidir. Müxtəlif dövrlərdə sözügedən eyni peşələrin adları ADY-yə aid sənədlərdə fərqli olaraq göstərilmişdir. Qeyd edirik ki, İddiaçı ADY-nin Biləcəri və Bakı lokomotiv depolarında xx.xx.1997-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək işlədiyi motor-vaqon seksiyasının maşinist köməkçisi, xx.xx.2009-cu il tarixindən xx.xx.2012-ci il tarixinədək işlədiyi MVHH maşinisti və xx.xx.2012-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək işlədiyi motor-vaqon elektrik seksiyasının maşinisti peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin müvafiq olaraq 8-ci və 15-ci (18-ci) abzaslarında göstərilən “elektrik qatarlarının (seksiyalarının) maşinistləri” və “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” peşələrinə uyğundur. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq peşələr üzrə güzəştli iş stajı 17 il 7 ay 16 gün təşkil edir. İddiaçı işlədiyi müvafiq peşələr ilə əlaqədar ona tətbiq olunan güzəştlər barədə (əlavə məzuniyyət, əlavə əməkhaqqı və s.) ADY-nin arxivlərində hər-hansı sənəd aşkar edilmədi. İddiaçı işlədiyi elektrik qatarının (motor-vaqon seksiyası, motor-vaqon elektrik seksiyası və MVHH) maşinisti və maşinist köməkçisi peşələrinin vəzifə təlimatlarının və digər sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubdan görünür ki, Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 48000,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alman pensiya kapitalı cəmi 34776,04 manat təşkil edir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin 1 yanvar 2006-ci il tarixinədək ümumi iş stajınız 25 ildən az (22 il 5 ay 27 gün (xx.xx.1983-22,05.1985-ci il, xx.xx.1985-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı iiə təsdiq edilmiş “Güzəştli şaftlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, elektrik qatarlarının (seksiyalarının) maşinistləri, teplovoziarda maşinist köməkçiləri, elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz “Azərbaycan Dəmir Yollan" QSC-nin sizə dair 80 dekabr 2022-ci il tarixli 267867 nömrəlji arayışında xx.xx.1997xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində motor vaqon elektrik seksiyalarının maşinist köməkçisi vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz vəzifələr yuxarıda göstərilən vəzifələrə aid deyi. Eyni zamanda yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahının Nəqliyyat, bölməsində (21) motor vaqon seksiyalarının maşinist köməkçisi və maşinisti vəzifələri nəzərdə tutulmayıb, həmçinin “Vahid Tarif-İxtisas Sorğu kitabça”sının dəmiryolu nəqliyyatı sahəsinə, aid fəhlə peşələrinin və işlərin hazırda (fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda motor-vaqon maşinist vəzifəsi qeyd edilməyib. Bundan başqa xx.xx.1993-cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yarıyar 1991-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirilirdiyi və motorvaqon maşinisti vəzifəsi sözügedən siyahıların "Nəqliyyat bölməsi”ndə nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericilikdə yalnız xx.xx.1993-cü il tarixinədək işlədiyiniz motor-vaqon maşinisti vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Buna görə də SSRİ Nazirlər Sovetinin 1173 nömrəli qərarının qüvvədən düşdüyü xx.xx.1993-cü il tarixinədək güzəştli iş stajınız 12 il 3 ay 18 gün (xx.xx.1985-xx.xx.1997-ci il tarixləri arasındakı dövr) təşkil edir. Bununla əlaqədar olaraq bildiririk ki, 29 iyun 2022-ci il tarixinədək sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, 57 yaşınızın tamam olduğu xx.xx.2020-ci il tarixinə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 48000,00 manat hesablandığı halda fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 35261,01 manat təşkil edirdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşa çatdığı gündən, xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “57 yaşın tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü il təvəllüdlüdür. 1983-1985-ci illərdə hərbi xidmətdə olmuşdur. 1980-1983- cü illlərdə Bakı Dəmiryolu Nəqliyyatı Texnikumunda “dəmiryollarının elektrik dartma təsərrüfatı” ixtisası üzrə tam kursu bitirmişdir. Hərbi xidməti bitirdikdən sonra yenidən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yük Daşımaları Departamentin X4 işə daxil olmuşdur. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2020-cil tarixli, 1034 saylı arayışda göstərilmişdir ki, iddiaçı xx.xx.1985-xx.xx.1997-ci illərdə elektrovoz maşinisti köməkçisi (Əmr №9, xx.xx.1985), xx.xx.1997- xx.xx.1997-ci illərdə elektrik qatarı maşinisti köməkçisi (dublyor) (Əmr№901, xx.xx.1997), xx.xx.1997-xx.xx.2009-cu illərdə elektrik qatarı maşinisti (sərbəst) (Əmr № 931, xx.xx.1997), xx.xx.2009-xx.xx.2009-cu illərdə mator vaqon hərəkət heyətinin maşinisti (dublyor) (Əmr №138/k, xx.xx.2009) xx.xx.2009- xx.xx.2012- ci illərdə mator vaqon hərəkət heyətinin maşinisti (sərbəst) vəzifələrində işləmişdir. xx.xx.2012-ci ildə 33/k saylı əmrlə, öz xahişi ilə işdən azad olunmuşdur. Verilən arayışda həmçinin qeyd edilmişdir ki, “ümumi : dəmiryol nəqliyyatında iş stajı 27 il, 02 ay, 25 gün təşkil etmişdir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriilərin siyahısı” qərarına uyğundur. Həmçinin "xxxx" QSC-nin verdiyi №37 Arayışda göstərilmişdir ki, Bakı lokomativ deposunda işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında Sovetlər dönəmində yazılan NVS(motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyəti) adlandırılmış və bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriilərin siyahısının” təstiq edilməsi barədə Qərarın
21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri vəzifə adları ilə eynilik təşkil edir. Beləliklə məlum olur ki, İddiaçı xx.xx.2006- cı il tarixədək ümumi 25 ildən çox stajı olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 cı il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, elektrik qatarlarının (seksiyalarının) maşinistləri, teplovozlarda maşinist köməkçiləri, elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin 6 oktyabr 2.020-ci il tarixli 1034 nömrəli arayışında xx.xx.1997-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində motor vaqon elektrik seksiyalarının maşinist köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə yuxanda göstərilən vəzifələrə aid deyil. Eyni zamanda, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının nəqliyyat bölməsində (21) motor vaqon seksiyalarının maşinist köməkçisi və maşinisti vəzifələri nəzərdə tutulmayıb, həmçinin “Vahid Tarif-İxtisas Sorğu kitabçası”nın dəmiryolu nəqliyyatı sahəsinə aid fəhlə peşələrinin və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda motor vaqon maşinisti vəzifəsi qeyd edilməyib. Bundan başqa xx.xx.1993-cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirilirdiyi və motor-vaqon maşinisti vəzifəsi sözügedən siyahıların “Nəqliyyat bölməsi”ndə nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericilikdə yalnız xx.xx.1993-cü il tarixədək işlədiyi motor-vaqon maşinisti vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Bu səbəbdən də, xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan az (12 il 3 ay 18 gün (xx.xx.1985-xx.xx.1997-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4332/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və əmək pensiyasının “Əmək Pensiyaları haqqında Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinasını əsaslandırdığı vəzifə uyğunsuzluğu mövcud deyildir. İddiaçının xx.xx.2006-cı il tarixə kimi 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı mövcuddur. (ümumi iş stajı xx.xx.1980-xx.xx.1983- cü il tarixləri, xx.xx.1983xx.xx.1985-ci il tarixləri, xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər, cəmi 25 il 1 ay 27 gün; güzəştli iş stajı xx.xx.1985-xx.xx.1997-ci il tarixləri, xx.xx.1997-xx.xx.2005-ci il tarxiləri arasındakı dövrlər, cəmi 20 il 5 ay 10 gün) Beləliklə, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçıya 57 yaşdan pensiya təyin edilməklə Qanunun 32.1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla pensiya ödənişi həyata keçirilməlidir. Qərarla razılaşmayan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinə etirazın dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Vətəndaşaların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 13 Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri ..... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrindəvəbirləşmələrindəolmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti ..... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmjin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il traixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə əsasən sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.2-ci bəndi) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyinedilməsi üçün güzəştli şərtlərləpensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 1 saylı siyahı üzrə 57 yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 57 yaşının tamam olması, 2) xx.xx.2006-ci ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması və 3) xx.xx.2006-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1963-cı il təvələddlü olmaqla, 57 yaşı xx.xx.2020-ci il tarixdə tamamlanmışdır. İddiaçı əmək pensiyasının təyin edilməsi ilə bağlı 19 yanvar 2023-cü il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Həmçinin, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olmaması halı qeyd edilsə də, apellyasiya şikayətinin məzmununda iddiaçı barəsində ümumi iş stajına aid şərtin ödənildiyini qəbul etdiyini qeyd etmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olması halı iş materiallarında olan sənədlər (əmək kitabçası, hərbi bilet, diplom və s.) əsasında da öz təsdiqini tapmışdır. İşin mübahisəli halı ondan iarətdir ki, cavabdeh iddiaçının 12 il 6 ay güzəştli iş stajına malik olması halını qəbul etmir, habelə pensiya kapitalına aid şərtin ödənilmədiyini qeyd edir. Kollegiya cavabdehin iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olmaması halı ilə bağlı işin mübahisəli hallarına münasibətdə aşağıdakıları qeyd edir. Cavabdeh inzibati orqan iddiaçı barəsində 12 il 3 ay 18 gün güzəştli iş stajına malik olduğunu qəbul edir (xx.xx.1985-xx.xx.1997-ci illərə aid dövr). İddiaçının xx.xx.1997-xx.xx.2009cu il tarixədək motor vaqon elektrik seksiyalarının maşinist köməkçisi vəzifəsində işlədiyi dövrü mübahisələndirməsinin səbəbi ondan ibarətdir ki, müvafiq Siyahıda Nəqliyyat bölməsində həmin peşənin nəzərdə tutulmamış, xx.xx.1993-cü il tarixədək olan dövr üzrə müvafiq Siyahıda nəzərdə tutulduğundan, həmin tarixədək olan dövr güzəştli iş stajı kimi nəzərə almış, ondan sonrakı dövr üzrə isə müvafiq Siyahıda Nəqliyyat bölməsində Dəmiryolu nəqliyyatı, dəmiryol lokomotov briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində teplovoz,elektrovoz maşinistləri və maşinist köməkçiləri, elektrik qatarlarının (seksiyalarının) maçinistləri, teplovozlarda maşinist köməkçiləri, elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşələri nəzərdə tutulduğundan, uyğun olmadığından, qəbul etməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1985-xx.xx.1997-ci il tarixədək elektrovoz mainist köməkçisi, xx.xx.1997-xx.xx.1997-ci il tarixədək elektrik qatarı maşinisti köməkçisi, xx.xx.1997-xx.xx.2009-cu il tarixədək elektrik qatarı maşinisti xx.xx.2009-xx.xx.2009cu il tarixədək vaqon motor hərəkət heyətinin maşinisti (dublyor), xx.xx.2009-xx.xx.2012-ci il tarixədək vaqon motor hərəkət heyətinin maşinisti (sərbəst) işləmişdir. Həmçinin, iş materiallarından görünür ki, işəgötürən tərəfindən iddiaçının işlədiyi peşələrin müvafiq Siyahı üzrə güzəştli şərtlərlə pensiya hüququ verən 21-ci Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maçinistləri və maşinist köməkçiləri peşəsinə uyğun olması barədə arayış, habelə Siyahı üzrə peşələr ilə eynilik təşkil etməsinə dair ətraflı məlumat (Siyahı üzrə 21.4-cü bəndin 8 və 15-ci abzaslarında göstərilən peşələrə uyğun olması, peşənin uyğunluq təşkil etməsinin əsasları, vəzifə təlimatları,) təqdim edilmişdir. Göründüyü kimi, indiki halda iddiaçının cavabdehin mübahisələndirdiyi xx.xx.1997xx.xx.2009-cu il tarixlərdə işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması iş materiallarında olan sənədlər (işəgötürən tərəfindən verilmiş arayış, vəzifə təlimatı, işin xarakteri və xüsusiyyətinə aid məlumat) əsasında öz təsdiqini tapmış, cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir sübut təqdim edilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan həmin dövrü güzəştli iş stajı kimi nəzərə almamaqda haqlı olmamışdır. Nəticə etibarilə kollegiya hesab edir ki, həmin dövrləri nəzərə aldıqda (xx.xx.2006-cı il tarixədək) iddiaçıya münasibətdə qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına aid şərt də ödənilmiş olur. Kollegiya cavabdehin imtina və etirazının digər dəlili ilə bağlı onu qeyd edir ki, cavabdeh iddiaçıya münasibətdə pensiya kapitalına aid şərtin ödənilməməsini qeyd etsə də, həmin arqumentə apellyasiya şikayətinin dəlili kimi istinad etməmişdir. Kollegiya qeyd edir ki, hətta həmi arqumentə istinad etmiş olsa idi belə, qeyd edilən dəlili də əsassız olmuş olardı. Belə ki, indiki halda iddiaçının iddia tələbinin əsasını məhz “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi təşkil edir. Qeyd edilən qanunvericilik normalarının dispozitiv şərtlərinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi, əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına aid şərt nəzərdə tutulmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçı ilə eyni peşədə və eyni müəssisədə işləyən şəxslərə münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə aid pensiya işinin materialları tələb edilərək, tədqiq edilmişdir. Bu baıxmından kollegiya hesab edir ki, cavabdehin hərəkətləri bərabərlik prinsipinin tələbləri baxımından da dəyərləndirildikə, cavabdeh tərəfindən həmin prinsipin tələbləri də pozulmuşdur (“İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsi inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır). Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yaranması üçün qanunla tələb olunan hər üç şərt (yaş həddi, ümumi iş stajı və güzəştli iş satjı) ödənildiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əaslı olmuş, cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçının bu tələblə cavabdeh inzibati orqana müraciəti 19 yanvar 2023-cü il tarixdə olduğundan, birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbini əsas götürülməklə, pensiya məbləğinin həmin normanın tələblərinə əsasən ödənilməsi ilə bağlı gəldiyi qənaətində də haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-4332/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.