Məhkəmə qərarları › İş №2-1(105)-107/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-107/2024

19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-107/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, X18 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2-1(118)-1917/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Qusar rayonu Dövlət notariat kontorunda rəsmiləşdirilmiş 07 yanvar 2003-cü il tarixli, 4-ə-4-7-8 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış Qusar rayonu, Alekseyevka kəndində yerləşən 1,93 ha torpaq sahəsinə dair DTXK-nin Qusar rayon şöbəsi tərəfindən sonuncunun adına 21 yanvar 2005-ci il tarixli, JN-0761 KOD 30304018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək JN-0761 KOD 30304018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunan Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 1,93 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********47 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, JN-0761 KOD 30304018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitabında qeydə alınmamış, ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Bu baxımdan, müraciətin icrası mümkün olmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 07 yanvar 2003-cü il tarixli, JN-0761 KOD 30304018 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı ilə ona məxsus olan Quba rayonu, Alekseyevka kəndinə yerləşən 1,93 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayonu notariat kontoru tərəfindən təsdiq edilmiş 07 yanvar 2003-cü il tarixli, 4-Ə-4-7-8 nömrəli müqaviləyə əsasən Quba rayonu, Alekseyevka kəndi ərazisindəki 1,93 ha torpaq sahəsini kənd təsərrüfat məhsullarının istehsalı üçün satın almış və DT və XK-nin Quba rayon şöbəsi tərəfindən onun adına mülkiyyət hüququnu təsdiq edən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Hal-hazıradək qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayaraq bildirir ki, qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə dair dövlət aktının dövlət aktlarının qeydiyyat kitabında qeydə alınmaması və elektron məlumat bazasında öz əksini tapmaması onun təqsiri deyil, dövlət orqanlarının səhvidir, hansı ki, bu hal da onun mülkiyyət hüququna maneə təşkil etməməlidir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xətlərinin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmiş, ərizəyə dair texniki hissə ilə bağlı heç bir münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2-1(118)-1917/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən hüququnun əsası kimi məhkəməyə təqdim edilən Dövlət Aktında onun Quba rayon Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2003-cü il tarixli, 4-ə-4-7-8 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən verildiyi qeyd edilmişdir. Həmin alqı-satqı müqaviləsi üzrə notariat işinin əldə edilməsi üçün məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə verilmiş sorğuya cavab olaraq arxivə təhvil verilmiş 2003-cü il tarixli daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilənin aşkar edilmədiyi, göstərilən 4Ə-4-7-8 nömrəli müqavilələrin isə xx.xx.2003-cü il və xx.xx.2023-cü il tarixlərdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Yəni, mübahisələndirilən torpaq sahəsinin iddiaçıya ayrılmasına əsas kimi göstərilmiş alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə notariat işi mövcud deyildir, bununla da, müəyyən edilir ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericilikdə göstərilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsasdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hansısa məlumatların, sənədlərin qeydiyyatı kitabında, yaxud elektron baza xəritədə (DWC) məlumatlarında öz əksini tapmaması onun səhvi deyildir, qeydiyyat orqanlarının səhvidir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qərar ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək imtina məktubu, iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamə. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Hazırkı mübahisənin predmetini cavabdehin Quba rayonu Alekseyevka kəndində yerləşən 1,93 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi araşdırma zamanı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında torpaq sahəsinin ayrılmasına əsas kimi göstərilmiş 4-ə-4-7-8 reyestr nömrəli alqı-satqı müqaviləsinin iddiaçının adına olmadığının müəyyən edildiyini, dolayısı ilə dövlət aktının mötəbərliyinin təsdiq edilmədiyini bildirərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İddiaçı tələbinin əsası kimi 07 yanvar 2003-cü il tarixli, 4-ə-4-7-8 reyestr nömrəli alqısatqı müqaviləsinə istinad edərək həmin müqavilə əsasında ona 1,93 ha torpaq sahəsinin satıldığını və həmin sahəyə dair onun adına JN-0761 KOD 30304018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının tərtib edildiyini iddia edir. Birinci instansiya məhkəməsi isə iddiaçının tələbinə münasibətdə “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının mötəbərliyinin araşdırılması istiqamətində məhdud araşdırma aparmış, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları ətraflı araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi məhkəmənin sorğusuna cavab olaraq Quba rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2003-cü il tarixli daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirərkən iddiaçının adına rəsmiləşdirilmiş müqavilənin aşkar edilmədiyini, 4Ə-4-7- 8 nömrəli müqavilələrin isə xx.xx.2003-cü il və xx.xx.2023-cü il tarixlərdə digər şəxslər barəsində rəsmiləşdirildiyini bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən dövlət aktı və aktın tərtib ediməsinə əsas olan sənədlərin arxiv saxlayıcısı olan "xxxx" MMC-yə müraciət edilərək iddiaçının adına tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının verilməsinə əsas olmuş sənədlər toplusu tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim edilən sənədlərdən görünür ki: - JN-576 KOD 30304018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 1,21 ha torpaq sahəsi X4, X8, X3, X1 və X5 mülkiyyətlərində olmuşdur. Daha sonra adıçəkilən şəxslər onlara məxsus olan sözügedən 1,21 ha torpaq sahəsini Qusar rayonu Dövlət notariat kontorunda rəsmiləşdirilmiş 07 yanvar 2003-cü il tarixli, 4-Ə-4 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışlar. - JN-574 KOD 30304018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 0,48 ha torpaq sahəsi X10 və X7 mülkiyyətlərində olmuş, daha sonra adıçəkilən şəxslər onlara məxsus olan sözügedən 0,48 ha torpaq sahəsini 07 yanvar 2003-cü il tarixli, 4-Ə-7 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışlar. - JN-575 KOD 30304018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 0,24 ha torpaq sahəsi Heydərova Gülşən qızının mülkiyyətində olmuş, daha sonra o, sözügedən 0,24 ha torpaq sahəsini 07 yanvar 2003-cü il tarixli, 4- Ə-8 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi, həqiqətən də, 07 yanvar 2003-cü il tarixli, 4-Ə-4-7-8 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən ayrıayrı fiziki şəxslər tərəfindən iddiaçıya 1,21 ha, 0,48 ha, 0,24 ha olmaqla, ümumilikdə 1,93 ha torpaq sahəsi satılmışdır. Kollegiya hesab edir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya satılmasına əsas olmuş 07 yanvar 2003-cü il tarixli, 4-Ə-4, 4-Ə-7 və 4-Ə-8 reyestr nömrəli müqavilələrin arxivə təhvil verilməməsi, bu məzmunda müqavilələrin, ümumiyyətlə, mövcud olmaması anlamına gələ və “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının mötəbərliyini şübhə altına ala bilməz. Belə ki, kollegiya tərəfindən aparılmış araşdırma ilə JN-0761 KOD 30304018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktındakı məlumatların həqiqiliyi – həqiqətən də, Aktda qeyd edilən 1,93 ha torpaq sahəsinə dair ilkin mülkiyyətçilər ilə iddiaçı arasında Aktda qeyd edilən tarixdə notariat qaydasında alqı-satqı müqavilələrinin bağlanması öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi işin sadalanan xüsusatlarını nəzərə almadan iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Cavabdehin imtina məktubu və iddia ərizəsinə etirazının yeganə dəlili isə “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitabında qeydə alınmaması, elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamasıdır. Bununla bağlı kollegiya qeyd edir ki, Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamə ilə tənzimlənirdi. Bu Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə institutunun arxivində müddətsiz olaraq saxlanılır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydəalmanı rayon (şəhər) torpaq şöbələri həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparılırdı. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının problemidir. Belə problemlərin yaranması vətəndaşın təqsirinin deyil, aidiyyəti qurumların, vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməmələrinin, idarəçiliyin, uçot-nəzarət işinin düzgün təşkil edilməməsinin nəticəsidir. Hazırki halda, iddiaçı belə hallara görə hər hansı məsuliyyət daşımamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Qeyd edilən qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin qanunun mötəbərlik prezumpsiyasından bəhs edən 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Sadalanan maddi hüquq normalarını hazırkı işin hallarına tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş JN-0761 KOD 30304018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər sənəd hesab olunur. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – JN-0761 KOD 30304018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsaslanır. İstinad olunan həmin normada 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.5-ci maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Bu baxımdan, cavabdehin sözügedən dəlili əsassızdır. Bundan əlavə, cavabdeh etirazının dəlillərində torpaq sahəsinin yerləşdiyi yerin məlum olmadığı və həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilmədiyini qeyd etmişdir. Kollegiya cavabdehin həmin dəlilini də əsassız hesab edərək qeyd edir ki, məhkəmə kollegiyasının soruğusuna cavab olaraq, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla təqdim edilmiş müayinə aktından görünür ki, GPS vasitəsilə mübahisəli torpaq sahəsinin koordinatları naturada müəyyən edilmiş, həmin torpaq sahəsi iddiaçı tərəfindən faktiki olaraq istifadə olunur. Torpaq sahəsinin müayinəsi zamanı qonşu mülkiyyətçilər ilə heç bir mübahisəli hal qeydiyyata alınmamışdır. Faktiki istifadə olunan torpaq sahəsinin koordinatları torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-0761 KOD 30304018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatları ilə üst-üstə düşür. Torpaq sahəsi başqa mülkiyyət sənədlərində göstərilən daşınmaz əmlaklarla üst-üstə düşmür. Həmçinin, sözügedən 1,93 ha torpaq sahəsi baza məlumatlarında olan DWJ xəritələrinə əsasən JN-0574, JN-0575, JN-0576 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarındakı koordinatlarla üstüstə düşür. Göründüyü kimi torpaq sahəsi cavabadeh orqan tərəfindən yerində müəyyən edilmiş və müayinə nəticəsində torpaq sahəsinə dair hər hansı mübahisəli hal olmadığı, həmçinin, DWJ xəritələrinə əsasən iddiaçıya alqı-satqı qaydasında satılmış torpaq sahəsinin ilkin mülkiyyətçilərinin adına olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarındakı torpaq sahələri ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən haqlı olmamışdır. Bu baxımdan, iddiaçının apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2-1(118)-1917/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. 07 yanvar 2003-cü il tarixli, JN-0761 KOD 30304018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Quba rayonu, Alekseyevka kəndinə yerləşən 1,93 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar