Məhkəmə qərarları › İş №2-1(105)-107/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-107/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-107/2025 30.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı prosessual hüquqi varisi X3 nümayəndəsi X4, Cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mənzilin özəlləşdirilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2- 1(118)-2322/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 7.280.2 nömrəli qərarına əsasən Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsi, Fərrux Qayıbov küçəsi, 3 saylı evin 9 nömrəli mənzili xidməti əsaslarla 6 nəfərdən ibarət ailə tərkibi ilə iddiaçıya ayrılmışdır.

2. Həmin qərar əsasında qeyd edilən mənzilə dair Sumqayıt şəhər XDS İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən iddiaçıya 6 nəfərdən ibarət ailə tərkibi ilə birlikdə xx.xx.1988-ci il tarixli, H/113 saylı xidməti order verilmişdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil- İstismar hissəsi 1 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 613 nömrəli arayışa əsasən iddiaçı ünvan 1 ünvanında yaşayır və mənzil Müdafiə Nazirliyi Mİİ-nin H.Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin mənzil fonduna aid olmaqla “Tağıyev-3” hərbi şəhərciyində yerləşir.

4. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, qeyd edilən mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********75 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya qeyd edilən mənzil Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən xidməti yaşayış sahəsi kimi verilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən isə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.

6. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, X6 qəsəbəsi, F.Qayıbov küçəsi, ev 3 ünvanında yerləşən 9 nömrəli mənzilin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuş orderin notarial təsdiq olunmuş surətindən görünür ki həmin orderdə qeyd olunmuş xidməti sözünün (slujebnaya) üzərindən xətt çəkilmişdir, həmçinin orderin aşağı hissəsində “xidməti” sözünün yanlış yazıldığı (slujebnaya-aşibıçno) aydın şəkildə görünür və orderdə yanlışlıq aradan götürülərək orderi verən orqan tərəfindən orderə ikinci möhür vurulmuşdur. Belə olan halda, cavabdeh orqan tərəfindən həmin mənzilin xidməti rejimdə olduğunu əsas gətirərək həmin mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina olunması əsassız və qanunsuzdur.

8. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2-1(118)-2322/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov).

10. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, sözügedən mənzilin İddiaçı xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrılması faktı iddiaçının təqdim etdiyi order və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsi tərəfindən verilmiş 1187 nömrəli, xx.xx.2022-ci il tarixli məktub üzrə öz təsdiqini tapmışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Belə olan halda, iddiaçıya mübahisə edilən mənzilin özəlləşdirilməsi üçün əsas verən hal qanunvericilik aktlarında öz əksini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh orqanın hərəkətlərində hər hansı bir qanun pozuntusu mövcud deyil.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, sözügedən mənzilin yerləşdiyi binada bir çox mənzillər artıq özəlləşdirilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2025-ci il tarixli, 2-1(105)-107/2025 nömrəli qərardadı ilə İddiaçı hüquq varisi X8 ilə əvəz edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdirlər. TƏTBİQ EDİLƏN HÜQUQ:

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi ... 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

19. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. .... Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. ...

20. Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixdən qüvvədən düşmüş hesab edilmişdir): Maddə 100. Xidməti yaşayış sahəsi Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Maddə 103. Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir.

21. Mənzil Məcəlləsi (hazırda qüvvədə olan): Maddə 91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; .... 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

23. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

26. Hazırki mübahisənin predmetini iddiaçıya 30 avqust 1988-ci il tarixli H/113 saylı order əsasında xidməti yaşayış sahəsi kimi verilmiş “ünvan 3 ünvanında yerləşən 9 nömrəli mənzilin özəlləşdirilməsindən cavabdehin imtinası təşkil edir.

27. Birinci instansiya məhkəməsi məhkəmə tədqiqatı zamanı mübahisə edilən mənzilin xidməti rejimli olduğu və onun özəlləşdirilməsi üçün qanunvericilikdən irəli gələn əsasların olmadığı əsası ilə iddianı rədd etmişdir.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq apellyasiya şikayətinin dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

29. İddiaçı tələbinin və apellyasiya şikayətinin əsası olaraq orderdə qeyd olunmuş xidməti sözünün üzərindən xətt çəkildiyini, həmçinin, orderin aşağı hissəsində “xidməti” sözünün yanlış yazıldığının qeyd edildiyini və orderdə qeyd edilən yanlışlıq aradan götürülərək orderi verən orqan tərəfindən orderə ikinci möhür vurulduğunu bildirir.

30. Kollegiya tərəfindən qeyd edilən məsələyə aydınlıq gətirilməsi məqsədilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə sorğu verilmişdir.

31. Sorğuya cavab olaraq MN Hacı Zeynalabdin rayon Mənzil İstismar hissəsi tərəfindən məhkəməyə təqdim olunmuş 08 və 16 aprel 2025-ci il tarixli, 3-25-115/2-454/25 və 3-25-115/2-508/25 nömrəli məktublardan görünür ki, sözügedən mənzil AR Müdafiə Nazirliyinə məxsusdur, xidməti rejimlidir və mənzilin özəlləşdirilməsi qanunla qadağandır.

32. Həmçinin, AR Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş sözügedən məktublara qoşma edilmiş orderin surətindən görünür ki, xx.xx.1988-ci il tarixli, H/113 saylı orderdə “xidməti” sözü qeyd olunmuş, lakin iddiaçının iddia etdiyi kimi “xidməti” sözünün çıxarılması ilə bağlı orderə hər hansı düzəliş edilməmişdir.

33. Bundan əlavə, iddiaçı apellyasiya şikayətinni dəlillərində mübahisələndirilən mənzilin yerləşdiyi binada bir çox mənzillərin dövlət reyestrində qeydiyyata alındığını, başqa sözlə, cavabdeh orqan tərəfindən ona münasibətdə bərabərlik hüququnun pozulduğunu bildirir.

34. Şikayətin bu dəlilini münasibətdə kollegiya qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq cavabdehin 08 yanvar 2025-ci il tarixli, 3-21-3-31/2-38/202 nömrəli məktubundan görünür ki, həqiqətən də, mübahisəli mənzilin yerləşdiyi Sumqayıt şəhəri, X6 qəsəbəsi, Fərrux Qayıbov küçəsi, ev 3 ünvanında yerləşən bir neçə mənzillər (2 və 12 nömrəli) üzərində şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Lakin, qeydiyyatın aparılmasına əsas olmuş sənədlərdən görünür ki, müvafiq mənzillər şəxslərə hazırkı işdən fərqli olaraq Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin və şəhər İcra Hakimiyyəti başçısının müvafiq qərar və əmrləri əsasında daimi əsaslarla ayrılmış və bu əsaslarla ayrılmış mənzillərə dair İK-nin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən xx.xx.1986-cı il tarixli, H/683 saylı və xx.xx.1992-ci il tarixli, H/783 saylı orderlər verilmişdir.

35. Yəni, göründüyü kimi şikayətin dəlillərində qeyd edilən mənzillər iddiaçıda olduğu kimi xidməti deyil, məhz daimi əsaslarla ayrılmış mənzillər olmuşdur.

36. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə bərabərlik hüququnun pozuntusuna yol verilməmişdir.

37. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli mənzil xidməti rejimlidir.

38. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə əmək fəaliyyəti ilə əlaqədar müvafiq şəxslərə istifadəsi üçün verilmiş yaşayış sahəsidir və yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən müvafiq mənzil xidməti yaşayış sahəsi kimi verildiyindən həmin mənzilin özəlləşdirilməsinə yol verilmir.

39. İşin qeyd olunan hallarından göründüyü kimi iddiaçının tələbinin əsası kimi istinad etdiyi sözügedən orderdə qeyd edilən yanlışlığın aradan götürülərək orderi verən orqan tərəfindən orderə ikinci möhür vurulması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, bununla da, iddiaçının özəlləşdirilməsini tələb etdiyi mənzilə münasibətdə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində nəzərdə tutulan (qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir) məhdudiyyətlər mövcud olduğundan, kollegiya hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilmir. Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2-1(118)-2322/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar