Məhkəmə qərarları › İş №2-1(105)-1070/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1070/2024

23.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1070/2024 23.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı, cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələri X2 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “2007-2023-cü illərdə əmək məzuniyyətinə çıxmadığı dövrlər üçün kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2- 1(118)-2229/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-Texniki Təminat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2007- 2023-cü illərdə əmək məzuniyyətinə çıxmadığı dövrlər üçün kompensasiyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14729/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi- Texniki Təminat şöbəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-14729/2023 saylı işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu ilə əvəz edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şamaxı rayon Prokurorluğunda dəftərxana müdiri vəzifəsində işlədiyi 2007-2023-cü illərdə əmək məzuniyyətinə çıxmasına baxmayaraq təcrübəli mütəxəssisin olmaması səbəbindən məzuniyyət dövründə də işləmişdir. Lakin işdən çıxdıqda həmin dövrlər üçün əmək haqqı ödənilməmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə yazılı münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-2229/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında mövcud mübahisənin mahiyyəti mülki (əmək) münasibətlərindən yarandığından hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, 1992-ci ildən 2023-cü ilədək olan dövrlərdə Şamaxı rayon prokurorluğunda dəftərxana müdiri vəzifəsində işləmişdir. İşlədiyi 2007-2023-cü illərdə əmək məzuniyyətinə çıxmağına baxmayaraq təcrübəli mütəxəssisin olmaması səbəbindən məzuniyyətdə olan dövrlərdə işləyərək vəzifəsini icra etmişdir. Qeyd olunan dövrlərdə işlədiyi işin əmək haqqını tələb etdikdə, ona işdən çıxarkən ödəniləcəyi deyilmişdir. Lakin 2023-cü ildə təqaüdə çıxarkən göstərilən əmək haqqı ödənilməmişdir. 2023-cü ilin təxminən aprel aylarında Bakı İnzibati məhkəməsinə müraciət etmişdir, iki dəfə Bakı İnzibati Məhkəməsinə çağırıldıqdan sonra sənədlərin aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmuşdur. Həmin vaxtdan Sumqayıt İnzibati məhkəməsinə üç dəfə çağırılmağına baxmayaraq xx.xx.2024-cü il tarixdə İnzibati məhkəmənin hakimi tərəfindən dövlət qulluqçusu olmadığı üçün müraciətinin mülki xarakterli olduğu nəzərə alınaraq yaşadığı yerin məhkəməsinə müraciət etməyi barədə qərardad qəbul olunmuşdr. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər. Lakin məhkəmənin sullarına cavab olaraq iddiaçının dövlət qulluqçusu olduğunu qəbul etdiklərini bildirdilər. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı 2007-2023-cü illərdə əmək məzuniyyətinə çıxmadığı dövrlər üçün kompensasiyanın ödənilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış və məhkəmə gəldiyi qənaəti hazırki iddia tələbi üzrə mübahisənin inzibati deyil, mülki-hüquqi xarakterli olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ həll edilərkən aşağıda qeyd edilən pozuntulara yol verilmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 2.1-ci bəndində qeyd olunur ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Eyni zamanda işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuşdur ki, iddiaçı dövlət qulluqçusu deyil və o, işəgötürənlə əmək müqaviləsi bağlamaqla əmək münasibətlərində olmuşdur. Hazırki mübahisə də məzuniyyətdə olduğu dövrlərdə işlədiyi üçün kompensasiyanın ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun 29 iyun 2022-ci il tarixli, 10/304-k nömrəli əmrinə əsasən iddiaçı ilə cavabdeh inzibati orqan arasında yaranmış hüquq münasibətlərinin inzibati hüquq münasibətləri olması müəyyən olunur. Belə ki, sözügedən əmrin məzmunundan aydın olur ki, “Dövlət qulluğu haqqında’' Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 01 oktyabr tarixli, 424-İVQD nömrəli Qanununa və "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 09 iyul tarixli 2934 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 02 dekabr tarixli 135 nömrəli Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Prokurorluğu orqanlarında xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrdə çalışan işçilərə dövlət qulluqçusu statusu verilmişdir. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 10.5-ci və 10.6-cı maddələrinin ikinci hissəsində göstərilmişdir ki, inzibati və yardımçı vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir. Apellyasiya şikayətinə əlavə edilmiş vəzifə təlimatının surətindən də görünür ki, prokurorluq orqanlarında böyük mütəxəssis (dəftərxana müdiri) vəzifəsi yardımçı vəzifələr üzrə 4-cü təsnifata daxil edilmişdir (iş materialları, vərəq 179). Həmçinin məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi də verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçının çalışdığı vəzifə yardımçı dövlət qulluğu vəzifəsi olmuşdur. Eyni zamanda iş materiallarında olan Şamaxı rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun Maddi-Texniki Təminat şöbəsinə ünvanlanan məktubdan görünür ki, iddiaçının 65 yaşının tamam olması ilə bağlı dövlət qulluğuna xitam verilməsini nəzərə alaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona çatası əmək haqqının ödənilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. (iş materialları, vərəq 94) Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı dövlət qulluqçusu kimi əmək pensiyası aldığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı dövlət qulluqçusu kimi əmək pensiyası almasaydı belə, müəyyən dövrlərdə dövlət qulluqçusu statusuna malik olmuşdursa, həmin dövrlərə münasibətdə qeyd olunan mübahisə inzibati mübahisə qismində nəzərə alınmalıdır. Beləliklə də, qeyd olunanlar mübahisənin inzibati mübahisə olduğunu təsdiqləyir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi inzibati orqanla dövlət qulluqçusu arasında mövcud olan mübahisə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatının predmetini təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan hallarla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbinin mümkün sayılmaması üçün əsaslar mövcud deyil. Eyni zamanda İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələblərini pozmuş və düzgün olmayan nəticəyə gəlmiş, tərəflər arasındakı mübahisə inzibati mübahisə olduğu halda, mülki mübahisə olması halına istinad edərək iddianı mümkün hesab etməmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-2229/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “2007-2023-cü illərdə əmək məzuniyyətinə çıxmadığı dövrlər üçün kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar