Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1076/2025 11.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızının və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2025-cü il tarixli, 2-1(118)- 4165/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 2008-2012ci il tarixləri arasındakı dövr ərzində "xxxx" firmasında elektrik qaynaqçısı işlədiyi illərin nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 60 yaşının tamam olduğu 05 iyun 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1964-cü il təvəllüdlü iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən 01 oktyabr 2004-cü il - 31 avqust 2007-ci il və 01 may 2018-ci il - 30 sentyabr 2024-cü il tarixlər arasındakı dövlər nəzərə alınaraq 9 il 3 ay 29 gün fəaliyyəti müəyyən edilmişdir. 2008-2012-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" firmasında elektrik qaynaqçısı işlədiyi illər nəzərə alınmamışdır. Bu barədə heç bir sənədlə qarşılaşmadığı bildirilsə də, əmək kitabçasında qeyd olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi "xxxx" firmasının ona dair 04 sentyabr 2024-cü il tarixli arayışında 08 yanvar 2008-ci il - 01 sentyabr 2012-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, sözügedən müəssisədə əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində çalışmasının heç bir sənədə əsasən öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" firmasının 04 dekabr 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Buna görə də 08 yanvar 2008-ci il - 01 sentyabr 2012-ci il tarixləri arasındakı dövrü güzəştli iş stajına daxil etmək mümkün deyildir. Göstərilən səbəbdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 3 ay 29 gün (1 oktyabr 2004-cü il - 31 avqust 2007-ci il, 1 may 2018-ci il - 30 sentyabr 2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxs "xxxx" MMC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” 02 sentyabr 2024-cü il tarixli, 10 nömrəli arayışından görünür ki, İddiaçı 01 may 2018-ci il tarixdən halhazıradək əl ilə qaynaq aparan elektrik qaynaqçı işləyir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 28 il, işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri asfalt-beton zavodunda əl ilə elektrik qaynaq işlərinin aparılması olaraq göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 35-ci bəndinə göstərilən əl ilə qaynaq aparan elektrik qaynaqçı vəzifəsinə uyğundur. "xxxx" firmasının 04 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı 08 yanvar 2008-ci il tarixdən 01 sentyabr 2012-ci il tarixə kimi "xxxx" firmasında əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. "xxxx" Şirkətinin 30 oktyabr 2024-cü il tarixli,10/01 nömrəli arayışından görünür ki, İddiaçı "xxxx" şirkətində 1 oktyabr 2004-cü il tarixdən (əsas: Əmr 11 nömrəli, 1 oktyabr 2004-cü il tarixli) 20 sentyabr 2007-ci il tarixədək (əsas: Əmr 15 nömrəli, 20 sentyabr 2007ci il tarixli) olan dövrdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə şirkətdə sosial sığorta (əmək) stajı 2 il 11 ay 20 gün təşkil edir. Çalışdığı əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsi və şirkətdəki əmək fəaliyyəti dövründə zərərli və ağır əmək şəraitində yerinə yetirdiyi işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının “35. Ümumi peşələr” bölməsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” bəndinə uyğundur və güzəştli şərtlə əmək pensiyasına çıxmaq üçün əsas verir. "xxxx" Şirkətinin 30 oktyabr 2024-cü il tarixli,10/02 nömrəli arayışından görünür ki, İddiaçı 01 oktyabr 2004-cü il tarixdən 20 sentyabr 2007-ci il tarixədək "xxxx" şirkətində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. 2004-2005-ci illər üzrə aylıq vəzifə maaşı göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin İddiaçı dair fərdi şəxsi hesabdan çıxarışda "xxxx" Şirkətində 2006-2007-ci illər üzrə, "xxxx" Firmasında 2008-2012-ci illər üzrə, fiziki şəxs X4 2014-cü il üzrə, "xxxx" MMC-də 2012-2014-cü illər üzrə ödənilən məcburi dövlət sosial sığorta haqları göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 16 dekabr 2024-cü il tarixli, 3-17-1/2-M-309527/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən "xxxx" firmasının İddiaçı dair 04 sentyabr 2024-cü il tarixli arayışında 08 yanvar 2008-ci il - 01 sentyabr 2012-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunub. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, sözügedən müəssisədə əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində çalışmağı heç bir sənədə əsasən öz təsdiqinin tapmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" firmasının 04 dekabr 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Buna görə də 08 yanvar 2008-ci il - 01 sentyabr 2012ci il tarixləri arasındakı dövrü güzəştli iş stajına daxil etmək mümkün deyildir. Göstərilən səbəbdən də, güzəştli iş stajı 12 il 6 aydan az (9 il 3 ay 29 gün (1 oktyabr 2004-cü il - 31 avqust 2007-ci il, 1 may 2018-ci il - 30 sentyabr 2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. "xxxx" Firmasının 20 avqust 2025-ci il tarixli arayışından görünür ki, İddiaçı 08 yanvar 2008-ci il tarixdən 01 sentyabr 2012-ci il tarixə kimi "xxxx" firmasında əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2025-cü il tarixli, 2-1(118)-4165/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşı tamam olduğu 5 iyun 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşəni istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğun müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan digər əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Lakin birinci instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları iddiaçının mübahisəli stajı barədə yuxarıda qeyd edilən məsələyə münasibət bildirmədən qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. .... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
“Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1-ci bənd. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; (-).
"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir):
35. Ümumi peşələr əl ilə qaynaq aparan elektrik qaynaqçıları “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx xxxx 1964-cü il təvəllüdlü olmaqla, 60 yaşı 05 iyun 2024-cü il tarixdə tamam olmuş, bununla da qanunla tələb olunan pensiya yaş həddi ilə bağlı şərt ödənilmişdir. Həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmiş, yalnız güzəştli iş stajına malik olmaması halına istinad edilmişdir. Cavabdeh orqan tərəfindən mübahisələndirilməsə də, məhkəmə araşdırması zamanı iddiçaya məxsus əmək kitabçasının surəti və iş materiallarında olan digər sənədlər ilə iddiaçının tələb olunan 25 ildən artıq iş stajına malik olması müəyyən olunmuşdur. Kollegiya güzəştli stajla bağlı qeyd edir ki, cavabdeh orqan iddiaçının müraciətindən imtina edərkən qeyd etmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az, yəni 9 il 3 ay 29 gün təşkil edir. Belə ki, iddiaçının "xxxx" firmasında əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində çalışmasının heç bir sənədə əsasən öz təsdiqinin tapmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" firmasının 04 dekabr 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Buna görə də 08 yanvar 2008-ci il – 01 sentyabr 2012-ci il tarixləri arasındakı dövrü güzəştli iş stajına daxil etmək mümkün deyildir. Lakin iş materiallarından görünür ki, iddiaçı "xxxx" şirkətində 01 oktyabr 2004-cü il tarixindən 20 sentyabr 2007-ci il tarixinədək əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində çalışmış, həmin dövr üzrə 2 il 11 ay 20 gün güzəştli iş stajı toplamışdır. Göstərilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndində nəzərdə tutulmuş peşələr sırasına daxildir. Kollegiya onu da qeyd edir ki, iddiaçı 08 yanvar 2008-ci il tarixindən 01 sentyabr 2012-ci il tarixinədək Saturn” firmasında əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. Bu hal "xxxx" firmasının 04 sentyabr 2024-cü il və 20 avqust 2025ci il tarixli arayışları, iddiaçının əmək kitabçasında aparılmış qeydlər, habelə fərdi şəxsi hesab üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair məlumatlarla təsdiq olunur. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin publik hüquqi şəxs "xxxx" MMC-də 01 may 2018-ci il tarixindən etibarən halhazıradək eyni peşə üzrə əmək fəaliyyətini davam etdirmişdir. Bu dövr ərzində gördüyü işlərin də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərə aid olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu baxımdan kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin publik hüquqi şəxs "xxxx" MMC-də 1 may 2018-ci il tarixindən sonrakı əmək fəaliyyəti və digər dövrlər güzəştli iş stajı kimi qəbul edildiyi halda, onun "xxxx" firmasında eyni peşə üzrə, eyni xarakterli əmək şəraitində çalışdığı 08 yanvar 2008-ci il - 01 sentyabr 2012-ci il tarixləri arasındakı dövrün güzəştli iş stajına daxil edilməməsi əsaslı hesab edilə bilməz. Belə ki, digər dövrlər üzrə iddiaçının yerinə yetirdiyi işin mahiyyəti, peşə adı, əmək funksiyaları və görülən işlərin zərərli və ağır xarakter daşıması eyni olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndində nəzərdə tutulmuş “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsinə uyğundur. Bu halda, yalnız işəgötürənin hüquqi statusunun və ya sonradan cavabdeh tərəfindən aparılmış daxili yoxlama aktının əsas götürülməsi ilə eyni hüquqi vəziyyətdə olan dövrlərə fərqli yanaşmanın tətbiqi bərabərlik və hüquqi müəyyənlik prinsipləri ilə uzlaşmır. Kollegiya hesab edir ki, cavabdehin iddiaçının "xxxx" firmasında işlədiyi dövrü güzəştli iş stajına daxil etməkdən imtinası eyni hüquqi və faktiki şəraitdə olan əmək fəaliyyətlərinə münasibətdə əsaslandırılmamış fərqli yanaşma kimi qiymətləndirilir və qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Bu baxımdan, müvafiq qanunvericilik normaları və iş üzrə toplanmış sübutlar birlikdə qiymətləndirildikdə, iddiaçının "xxxx" firmasında 08 yanvar 2008-ci il tarixindən 01 sentyabr 2012-ci il tarixinədək olan iş dövrünün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə uyğun olduğu və güzəştli iş stajına daxil edilməli olduğu nəticəsinə gəlinir. Göründüyü kimi məhkəmə araşdırması zamanı müəssisə tərəfindən təqdim edilmiş arayış əsasında həmin sahədə fəaliyyət göstərən peşənin məhz müvafiq Qərar ilə təsdiq edilmiş Siyahılar üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılması və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilməsi məqsədilə müvafiq sorğular edilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əvvəllər işlədiyi "xxxx" müəssisəsinin hazırda fəaliyyət göstərməməsi onun iradəsindən asılı olmayan səbəblərlə əlavə sübut təqdim etməsini mümkünsüz edir və bu hal mövcud sənədlərin nəzərə alınmaması üçün əsas kimi qiymətləndirilə bilməz. Eyni zamanda 29 iyun 2022-ci il tarixdən etibarən qüvvəyə minmiş yeni qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün artıq pensiya kapitalının mövcudluğu tələb olunmur. Bu dəyişiklik əvvəlki qaydalarda pensiya hüququnun təyin edilməsi üçün tələb olunan pensiya kapitalının müəyyən bir həddə çatması şərtini aradan qaldırır. Beləliklə, iddiaçının pensiya hüququnun təmin olunmasında əlavə bir maneə yoxdur. Qeyd olunanan qanunvericilik normalarını ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər - iddiaçının 60 yaşına çatması (05 iyun 2024-cü il tarixdə 60 yaşı tamam olur), həmçinin azı 25 il iş stajının olması və bu müddətin 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahıda qeyd olunmuş işlərdə çalışması iş materialları ilə təsdiq olunur. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətrinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2025-cü il tarixli, 2-1(118)-4165/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.