Məhkəmə qərarları › İş №2-1(105)-108/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-108/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-108/2021 02.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin 1 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin 1 saylı regional ərazi filialına qarşı onun xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək ödənilməli olan sosial müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1220/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DSMF-nin 1 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək ödənilməli olan sosial müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona xx.xx.2017-ci il tarixdə müharibə veteranı statusu verilmişdir. Həmin vaxtdan ona müharibə veteranları üçün müəyyən edilmiş sosial müavinətin verilməsinə başlanılmışdır. O, Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Fondunun 1 saylı regional ərazi filialına ərizə ilə müraciət edərək xx xxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2017-ci il tarixədək ödənilməli olan sosial müavinətin birdəfəlik ona ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh ona imtina cavabı vermişdir. Bununla bağlı o, hazırki iddianı qaldırmışdır. Cavabdeh isə iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, vətəndaşa müharibə veteranı statusunu aldığı tarixdən müavinət təyin edilmiş, əvvəlki illər üçün müavinət ödənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər” sosial müavinət alan şəxslərin siyahısına daxil edilmişlər. Fərmandan görünür ki, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Prezidenti “müharibə veteranı adı almış şəxslər”ə olan güzəştləri müavinətlə əvəz etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununda isə sadəcə “müharibə veteranları” anlayışı açıqlanmış, onun əhatə etdiyi şəxslərin dairəsi verilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin şəxsə sosial müavinət təyin edilməsi üçün hər hansı birbaşa qüvvəsi yoxdur və iddiaçıya veteran vəsiqəsini almamışdan əvvəlki dövr üçün sosial müavinətin təyin edilməsi və ödənilməsi ilə bağlı mübahisəyə həmin normanı tətbiq edilməsi əsassızdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin- müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısını 2.2-ci bəndinə görə, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o, statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Məhz “Sosial müavinətlər haqqında” AR Qanununun 9.1-ci bəndi “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” təsbit edilmişdir. Belə ki, iddiaçı 2020-ci ilin avqust ayında müavinətin geri 3 il ödənilməsi ilə bağlı müraciət etmişdir. Bu da ona əsas verir ki, iddiaçı müraciət etməzdən əvvəlki 3 il müddətinə müavinət almış və bu səbəbdən ona yenidən müavinət təyin edilməsi absurddur. Digər bir nüans “Sosial müavinətlər haqqında” AR Qanununun 4-cü maddəsinin tələblərinə görə sözügedən müavinət “Aylıq müavinətlər“ qurupuna daxildir. Bu səbəbdən də iddiaçının birdəfəlik ödəmənin ödənilməsini tələb etməsi də əsassızdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1220/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməsi, İddiaçı xx.xx.2014-cü ildən xx.xx.2017-ci il tarixədək olan dövr üçün müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialının üzərinə qoyulması qərara alınmışdır. (hakim Vəfa Əzizova) Qərardan cavabdeh apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaşa veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi qanunvericiliyə ziddir. İddiaçıya Müdafiə Nazirliyi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə veteran vəsiqəsi verilmişdir. İddiaçının həmin veteran vəsiqəsi əsasında DSMF-nin müvafiq şöbəsi vətəndaşa veteran statusunu aldığı vaxtdan, yəni xx xxxxxx 2017-ci il tarixindan ona sosial müavinət təyin etmişdir. Məhkəmə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulan “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə" müddəasına əsaslanmaqla, həmin müavinətlərin şəxsin müharibə veteranı statusunu aldığı vaxtdan, yəni müvafiq müavinəti almaq hüququnun yarandığı gündən əvvəlki üç il üçün də ödənilməli olmasını qət etmişdir ki, bu da qeyd edilən səbəb və əsaslara görə sözügedən maddi hüquq normasının səhv təfsir və tətbiq edilməsinin nəticəsidir. Maddənin dispozisiyasından göründüyü kimi, qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüququnun yarandığı günlə şərtləndirmişdir. Ona görə də bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Müharibə veteranı anlayışının əhatə dairəsinə daxil olmaq sosial müavinət üçün əsas deyil. Veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilar, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Qanunvericiliklə həmin güzəştlərin veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir. Məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Belə ki, qanunvericiliyin müxtəlif normalarında veteranların bu güzəştlərdən istifadə edə bilməsi imkanı veteran vəsiqəsinin alınması anı ilə şərtləndirilmişdir. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi konstitusion prinsiplərin pozulmasına gətirib çıxarır. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin 1 saylı regional ərazi filialının nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli N 058617 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır və müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşdə olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1742/2016 saylı xx.xx.2016cı il tarixli qərarından görünür ki, İddiaçı xx xxxxxx 1993-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək Gədəbəy ərazisində gedən döyüşlərdə iştirak etməsi öz təsdiqini tapdığından onun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinini verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilmişdir. İş materiallarında olan cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli **********7 saylı məktubundan görünür ki, İddiaçı müharibə veteranı vəsiqəsi aldığı gündən əvvəlki üç illik dövr üçün sosial müavinətin ödənilməsi barədə ərizəsinini təmin olunmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsini iddianı təmin etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı müharibə veteranı adı 1993-cü ildə döyüş bölgəsində xidmət etdiyinə görə verilmişdir, sadəcə həmin statusun ona verilməsi 2017-ci ilin fevral ayında rəsmiləşdirilmişdir və bu hal iddiaçının deyil, müvafiq dövlət qurumlarının səhvi üzündən baş vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya müraciət etməzdən əvvəlki üç illik dövr üçün sosial müavinətin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinin 11-ci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. xx xxxxxx 2006-cı il tarixdən qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İşdən görünür ki, iddiaçıya xx.xx.2017-ci il ildən müharibə veteranı vəsiqəsi verilmiş və ona bununla əlaqədar olaraq sosial müavinət təyin edilmişdir. İddia tələbi isə həmin müavinətin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq təyinatdan əvvəlki üç il nəzərə alınaraq 2014-cü ildən yenidən hesablanması ilə bağlıdır. İş materiallarından görünür ki, iddiaçıya 2017-ci ildə müharibə veteranı vəsiqəsi verilsə də, iddiaçı Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirakına görə həmin vəsiqəni almışdır. Başqa sözlə, iddiaçı 2017-cı ildə müharibə veteranı olmamış, onun bu statusu daha öncə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar yaranmış, lakin ona vəsiqə sonradan verilmişdir və bu hal iddiaçının hüququnu məhdudlaşdırmaq üçün əsas ola bilməz. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun sadalanan normalarından görünür ki, qanunvericilik ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlərin təyin olunmasını mümkün saymışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin edərək ona müharibə veteranı kimi müavinətin xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək əvvəlki üç illik dövr üçün hesablanaraq ödənilməsi nəticəsinə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1220/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Məmmədov Hakimlər Zaur Məmmədov Hökümə Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar