Məhkəmə qərarları › İş №2-1(105)-108/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-108/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-108/2023 16.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə1 və üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı l qrup Qarabağ əlili kimi imtiyazlı şəxs qismində mənzil və ya fərdi evlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 sentyabr 2022ci il tarixli, 2-1(118)-1104/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, l qrup Qarabağ əlili kimi imtiyazlı şəxs qismində mənzil və ya fərdi evlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir.

3. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmət dövründə aldığı travmalar nəticəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən ona 1-ci qrup əlillik müəyyən edilmişdir. “Əlillərin sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli 284 saylı Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50-51-ci maddələrinin tələblərinə əsasən, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 30 iyun 2015-ci il tarixli, 133 nömrəli sərəncamı ilə iddiaçı özü də daxil olmaqla 5 (beş) nəfər ailə üzvü ilə birlikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan 1-ci qrup Qarabağ müharibəsi əlili kimi Sumqayıt Şəhər İcra Hakimiyyətində mənzil növbəsinə alınmışdır. Həmin sərəncama əsasən ona yaşayış sahəsi 28,00 kv.m olan, iki otaqlı, 47-ci məhəllə, 7 saylı evdə yerləşən 4 saylı mənzil ayrılmışdır. Həmin mənzil onun tərəfindən özəlləşdirilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli sərəncamının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin sərəncamın 2-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları bu sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Nazirliyin 08 fevral 2022-ci il tarixli, ********** saylı cavab məktubu ilə mənzillə təmin olunmasından imtina edilmişdir.

5. Cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməmiş və bildirmişdir ki, İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 2005-ci ildə iki otaqlı mənzillə təmin olunmuşdur. xx.xx.2015-ci il tarixdə yenidən imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülmüşdür. Qeyd edilənlərə əsasən İddiaçı yenidən mənzillə təmin edilməsi qanunvericiliyə uyğun deyildir.

6. Üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti məhkəməyə ünvanladığı iddiaya dair münasibət ərizəsində göstərmişdir ki, iddiaçi X7 1-ci qrup Qarabağ müharibəsi əlilidir. xx.xx.2015-cü il tarixdən Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Yaşayış yeri üzrə mənzil uçotuna alınmış imtiyazlı şəxslərin mənzil təminatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. X3 1-ci qrup Qarabağ əlilli olması nəzərə alınaraq imtiyazlı şəxs kimi mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin siyahısına salınmışdır. Hazırda Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçının nazirlik tərəfindən təmin olunmasına dair iddiasının təmin olunmasına razılıq verilir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1104/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddiaçı l qrup Qarabağ müharibəsi əlili kimi 2005-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən Sumqayıt şəhəri, 47-ci məhəllə 7 saylı evdə yerləşən iki otaqlı 4 saylı mənzillə təmin edilmişdir. Həmin mənzil iddiaçı tərəfindən 2021-ci ildə özəlləşdirilmişdir. Mənzil ayrılarkən iddiaçının ailə tərkibi 5 nəfərdən – özü, həyat yoldaşı və 3 uşağından ibarət olmuşdur. 2018-ci ildə iddaçının oğlu ailə qurmuş, gəlini və iki nəvəsi də daxil olmaqla ailəsi hazırda 8 nəfərdən ibarətdir. İddiaçı bu əsasla yenidən mənzil və ya fərdi evlə təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamı yaşayış sahəsinə ehtiyacı olan şəxslərə aid olduğundan və iddiaçının mülkiyyətində mənzilin olması onun yaşayış sahəsinə ehtiyacı olmayan şəxs kimi qəbul edilməsinə dəlalət edir.

9. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi yaradılmış və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Agentliyin nizamnaməsi təsdiq edilmişdir. Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığa götürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətlər dövründə aldığı travmalardan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının qərarına əsasən ona 1-ci qrup əlillik müəyyən olunmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 133 nömrəli sərəncamı ilə 1-ci qrup əlil kimi 5 nəfər ailə tərkibdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin onun mənzillə təmin olunmağı barədə heç bir etirazı olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 30 iyun 2015-ci il 133 nömrəli sərəncama əsasən ünvan 2 ünvanında yerləşən mənzillə təmin olunmuş və hal-hazırda da həmin mənzildə qeydiyyatda olmaqla yaşayır, təkrarən eyni imtiyaza görə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 2-ci qrup Qarabağ müharibəsi əlili kimi 8 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin nümunəvi Qaydaları”nın 26-cı bəndinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. Bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən vətəndaşlar üçün, habelə gördükləri işin şəraitinə və xarakterinə görə belə sahə alması lazım olan vətəndaşlar üçün əlavə mənzil sahəsi artırıla bilər, yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun. Maddədən aydın olduğu kimi, adambaşı normadan artıq ölçüdə yaşayış sahəsi ancaq o halda verilə bilər ki, həmin mənzil bir otaqdan ibarət olsun. Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Belə olan halda ailə tərkibi 5 nəfərdən ibarət olan və normaya uyğun ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa əlavə mənzilin verilməsi əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və dövlət mənzil fondunun imkanları xaricindədir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı X7 apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. (...)

Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması (...) 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (...)

Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. (...) 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. (...)

Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarı:

(...) Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia qismən təmin edilməlidir.

21. İşdə olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 133 nömrəli sərəncamından görünür ki, 1-ci qrup Qarabağ müharibəsi əlili X7 5 nəfərdən ibarət ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.

22. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubdan görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 2005-ci ildə iki otaqlı mənzillə təmin olunmuşdur. xx.xx.2015-ci il tarixdə yenidən imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülmüşdür. Qeyd edilənlərə əsasən İddiaçı yenidən mənzillə təmin edilməsi qanunvericiliyə uyğun deyildir.

23. İş materiallarında olan **********19-05101-093028 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 45.20 kvadratmetr olan Sumqayıt şəhəri, 47-cı məhəllə, ev 7, mənzil 4 X2 xüsusi mülkiyyətindədir.

24. İş materiallarında olan 20 saylı MKS tərəfindən verilmiş 186 saylı xx.xx.2022-cu il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, 47-cı məhəllə, 7 saylı evin yaşayış sahəsi 28.0 kv.m olan 4 saylı mənzilində X7 özü, arvadı, iki oğlu, qızı, gəlini və iki nəvəsi daimim qeydiyyatdadırlar.

25. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinə olunan şəxs üzrə məlumatından görünür ki, X4 xx.xx.1997-ci il tarixdən müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: çoxsaylı qəlpə yaralanması nəticəsində sol budun orta 1/3 hissəsi səviyyəsində amputasion güdülü. Sağ aşağı ətrafın dizaltı arteriyalarının zədələnməsi. Əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədardır.

26. Məhkəmənin sorğusuna əsasən Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.2015ci il tarixli 133 saylı sərəncamının verilməsi üçün əsas olmuş sənədlərdən görünür ki, İddiaçı iki otaqlı mənzildə 5 nəfər ailə üzvü ilə birlikdə yaşaması nəzərə alınaraq onun mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsi qərara alınmışdır.

27. Birinci instansiya məhkəməsi iddianı rədd edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı l qrup Qarabağ müharibəsi əlili kimi 2005-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən mənzillə təmin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamı yaşayış sahəsinə ehtiyacı olan şəxslərə aid olduğundan və iddiaçının mülkiyyətində mənzilin olması onun yaşayış sahəsinə ehtiyacı olmayan şəxs kimi qəbul edilməsinə dəlalət edir.

28. Məhkəmə kollegiyası birinci intansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, yuxarıda sadalanan maddi hüquq normalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına, yəni yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir.

29. İşin hallarına əsasən iddiaçı mənzil uçotuna alınan zaman onun ailə tərkibi özü də daxil olmaqla 5 nəfərdən ibarət olmuşdur. Ona ayrılmış mənzilin ümumi sahəsi 45.20 kv.m olmaqla 2 otaqdan ibarətdir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarına əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir.

31. Göründüyü kimi, iddiaçının faktiki olaraq ailə üzvləri ilə birlikdə yaşadığı mənzildə hər bir ailə üzvünə düşən sahə ayrılma normasından (16 kv.m) azdır. İddiaçının hər bir ailə üzvünün sayına görə düşən sahə mövcud ayrılma norması nəzərə alındıqda ona ümumi sahəsi 80 kv.metrdən ibarət mənzil verilməlidir.

32. İddia tələbinin iddiaçının özü də daxil olmaqla 8 nəfər ailə üzvü nəzərə alınmaqla mənzillə təmin edilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinə ehtiyac olan qismində uçota alınma haqqında icra hakimiyyətinin sərəncamlarında iddiaçı mənzil uçotuna 5 nəfərdən ibarət ailə tərkibi ilə götürülmüşdür.

33. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mənzilin ümumi sahəsi yaşayış sahəsinə ehtiyac olan qismində uçota alınma haqqında həmin sərəncama uyğun olaraq ailə tərkibinin sayı 5 nəfərdən ibarət olmaqla nəzərə alınmalıdır. Bundan başqa, iddiaçıya əvvəllcə verilmiş mənzilin onun xüsusi mülkiyyətində olması halı da nəzərə alınmalı və o, ümumi sahəsi 34,8 kvadratmetrdən az olmamaqla (80 kv.m-45.20 kv.m=34.8 kv.m) mənzillə təmin edilməlidir.

34. Göstərilənləri və işin hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ümumi sahəsi 34,8 kvadratmetrdən az olmamaqla mənzillə təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1104/2022 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı X2 ümumi sahəsi 34,8 kvadratmetrdən az olmamaqla mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar