Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-108/2024 22.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (Açar sözlər:torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-110/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları X10 X2 sovxozunun xx.xx.1988-ci il tarixli 91 saylı əmrindən görünür ki, İddiaçı Abşeron rayonu Novxanı kəndində 0.08 ha torpaq sahəsi ayrılmışdır. Novxanı bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı verilən torpaq sahəsinə dair tərtib edilmişdir. Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş F 833 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, sovxoz fəhlə həmkarlar komitəsinin 29.Vİİİ.1988-ci il tarixli (protokol N 3) qərarını nəzərə alaraq adları adları qeyd olunan işçilərə, o cümlədən İddiaçı fərdi ev tikmək üçün istifadəsiz torpaq sahəsindən hər biri üçün 0,08 ha ayrılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina bildirişindən görünür ki, aparılan araşdırma zamanı X10 X2 sovxozunun 01 avqust 1988-ci il tarixli, 91 nömrəli əmri ilə vətəndaşa ayrılmış 0.08 ha torpaq sahəsinin bağçılıq-bostançılıq üçün ayrılmış ərazinin hüdudlarından kənarda yerləşdiyi, arxiv baza məlumatlarında aşkarlanmadığı müəyyən edilmişdir. Bundan başqa X10 X2 sovxozunun 01 avqust 1988-ci il tarixli, 91 nömrəli əmrinə dair xx.xx.2020-ci il tarixli, F-833 nömrəli arxiv çıxarışında həmkarlar komitəsinin xx.xx.1988-ci il tarixli qərarına istinad olunmuşdur. Həmçinin sözügedən torpaq sahəsinin sənəd üzrə (qanunamüvafiq qaydada təsdiqlənməmiş müvafiq bələdiyyənin yerquruluşu planından çıxarış) yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Cavabdeh tərəfindən iş üzrə tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, X10 X2 sovxozunun 01 avqust 1988-ci iltarixli əmri ilə ayrılmış 0.08 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən bağçılıq-bostançılıq üçün ayrılmış ərazinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən təqdim olunmuş iş materialında Abşeron rayon Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən 0,08 ha torpaq sahəsinin döngə nöqtələrini koordinatları daxilinə İddiaçı tərəfindən naturada tanıdılan 0,08 ha torpaq sahəsinin 0,0176 ha (176 kv m) hissəsi üst-üstə düşür. Elektron məlumat bazasına əsasən İddiaçı tərəfindən naturada göstərdiyi 0,08 ha torpaq sahəsinin koordinatları daxilində başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri üst-üstə düşmür. Cavabdeh tərəfindən iş üzrə tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, elektron baza məlumatlarına əsasən X10 X2 sovxozunun 01 avqust 1988-ci il tarixli 91 saylı əmri ilə ayrılmış 0.08 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən bağçılıq-bostançılıq üçün ayrılmış ərazinin hüdudları daxilində yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmamışdır, lakin vətəndaş tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları yerləşmə mövqeyinə görə Novxanı Bağçılıq-Bostançılıq üçün ayrılmış ərazinin hüdudları daxilində yerləşmir. Elektron məlumat bazasına əsasən İddiaçı tərəfindən naturada göstərdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfati təyinatlı torpaq sahəsinə aiddir. Elektron məlumat bazasına əsasən Abşeron rayon Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin Abşeron rayon Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin koordinatları ilə digər şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üst-üstə düşür. İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin koordinatları başqa şəxslərin mülkiyyətində olan torpaq sahələrimn koordinatları ilə üst-üstə düşmür. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X10 X2 sovxozuna ayrılan torpaq sahəsinin hüdudları barədə məlumatlar ərazi idarəsinin xidməti istifadəsinə verilmiş elektron baza məlumatlarında aşkar edilmədiyindən mübahisə predmeti olan torpaq sahəsinin sovxoza ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsi müəyyən etmək mümkün olmamışdır. Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı iddia etdiyi ərazidə X4 tərəfindən vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi məqsədilə torpaq sahələri ayrılmamışdır. X4 tərəfindən İddiaçı Novxanı kəndinin hansı hissəsində fərdi yaşayış evinin tikintisi ilə bağlı torpaq sahəsinin ayrılıb-ayrılmaması haqqında Novxanı bələdiyyəsində heç bir məlumat yoxdur. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron rayonu, İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş xəritə məlumatları əsasında X4ndan bağçılıq üçün ayrılmış ümumi torpaq sahələri barədə məlumat mövcuddur. Lakin X10 X2 sovxozuna ayrılan torpaq sahəsinin hüdudları barədə məlumatlar ərazi idarəsinin xidməti istifadəsinə verilmiş elektron baza məlumatlarında aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Novxanı Kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması ilə bağlı inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X10 X2 sovxozunun xx.xx.1988-ci il tarixli 91 saylı əmri ilə ona ayrılmış Abşeron rayonu Novxanı kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X10 X2 sovxozunun 01 avqust 1988-ci il tarixli 91 nömrəli əmri ilə Abşeron rayonu, Novxanı kəndində 0,08 ha torpaq sahəsi ona ayrılmışdır. Həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün o, müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan imtina etmişdir. Həmin imtinanı əsassız və qanunazidd hesab edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı X10 X2 sovxozunun 01 avqust 1988-ci il tarixli, 91 nömrəli əmri ilə vətəndaşa ayrılmış 0.08 ha torpaq sahəsinin baqçılıq-bostançılıq üçün ayrılmış ərazinin hüdudlarından kənarda yerləşdiyi, arxiv baza məlumatlarında aşkarlanmadığı müəyyən edilmişdir. Bundan başqa həmin əmrə dair xx.xx.2020-ci il tarixli, F-833 nömrəli arxiv çıxarışında həmkarlar komitəsinin xx.xx.1988-ci il tarixli qərarına istinad olunmuşdur. Həmçinin sözügedən torpaq sahəsinin sənəd üzrə (qanunamüvafiq qaydada təsdiqlənməmiş müvafiq bələdiyyənin yerquruluşu planından çıxarış) yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-110/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququnun müəyyən edilməsi üçün əsaslardan biri, yəni torpağın ayrılmasına dair xx.xx.1988-ci il tarixli qərar mövcud olsa da, həmin qərarda xx.xx.1988-ci il tarixli qərara istinad edilmişdir ki, bu da əvvəlki qərarın mötəbərliyinə şübhə yaradır. Bundan başqa torpağın ayrılmasına dair qərara sxem-cizgi və ya plan əlavə edilməmişdir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən etmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s.əks olunmalıdır. İş üzrə alınmış mütəxəssis rəyinə görə hazırda iddiaçının naturada tanıtdığı torpaq sahəsinin koordinatları bələdiyyə tərəfindən verilmiş yerquruluşu planından çıxarışda göstərdiyi koordinatlarla tam üstüstə düşmür, həmin koordinatlar yalnız 176 kv m hissədə uyğunluq təşkil edir. Mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətinə görə sxemindən də görünür ki, iddiaçının tanıtdığı torpaq sahəsi ilə yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsi yalnız cüzi bir hissədə üst-üstə düşür. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, X10 X2 sovxozunda xx.xx.1988-ci il tarixli 91 saylı əmri ilə ona ayrılan Abşeron rayonu Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsində 3 otaqlı yaşayış üçün ev tikdirmək hüququnun olması Abşeron rayon Arxiv İdarəsində də mövcuddur. Həmin ərazidə idman kompleksinin tikilməsini Novxanı bələdiyyəsindən və Abşeron Rayon İcra Hakimiyyətindən bildirdilər. Onlar qeyd etdilər ki, əgər həmin ərazidə idman kompleksi tikilərsə, onda başqa yaxın ərazidən yeni torpaq sahəsi tikiləcək və ya həmin torpaq sahəsinin dəyəri ona ödəniləcək. Həmin torpaq ərazisi onun babası İsgəndər Süleymanov lap illər əvvəldən istifadəsində olub. Babası ailəsi ilə yəni onu atası ilə həmin torpaq ərazisində yaşıyıb və böyümüşdür. Burdan da açıq-aydındır ki, həmin torpaq ərazisi onun uzun illərdən indiyə qədər baba yurdum sayılır. Yəni bizlərin istifadəsində olmuşdur. Bu faktı bütün Novxanı kəndində yaşayan ağsaqqallar da bilir və şahidlik də edə bilərlər. X8 Sənaye X2 sovxozunda xx.xx.1988-ci ildə ona torpaq payı düşəndə məhs həmin torpaq sahəsinin ayrılaraq verilməsini xahiş etdi. Ona görə də məhz həmin torpaq sahəsi verildi. Sənədləşmədə onun adına aparıldı. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə ilə məhəmə kollegiyasına müraciət edərək, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində faktiki istifadə vəziyyətinə uyğun olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsinin nəzərə alınmaqla, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ....2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə): 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. ... “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Sovxoz və kolxozların özəlləşdirilən torpaqları
1. Sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. İslahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir.
Maddə 14. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydası Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. İslahatın obyektləri və subyektləri İslahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Maddə 9. Sovxozların və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin əmlakının özəlləşdirilməsinin ümumi qaydaları Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmitədqiqat və tədris müəssisələrinin ,təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. Maddə 11. Sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payının müəyyənləşdirilməsi Sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada Müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqq-hesabı aparılır və əmək haqqı üzrə borclar ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak payları əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir. Əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası hazırlayır və Azərbaycan Respublikası Prezidenti təsdiq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki inzibati iş üzrə iddia tələbi sözügedən torpaq sahəsi üzərində faktiki istifadə vəziyyətinə uyğun olaraq mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsi bağçılıqbostançılıq üçün ayrılmış ərazinin hüdudlarından kənarda yerləşir, arxiv baza məlumatlarında aşkar edilməmiş, sovxozun 01 avqust 1988-ci il tarixli, 91 nömrəli əmrinə dair xx.xx.2020-ci il tarixli, F-833 nömrəli arxiv çıxarışında həmkarlar komitəsinin xx.xx.1988-ci il tarixli qərarına istinad olunmuş, torpaq sahəsinin sənəd üzrə (qanunamüvafiq qaydada təsdiqlənməmiş müvafiq bələdiyyənin yerquruluşu planından çıxarış) yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq vardır, başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayonu X7 üzümçülük sovxozu üzrə xx.xx.1988-c il tarixli 91№li əmri əsasında Sovxoz fəhlə həmkarlar komitəsinin müvafiq qərarı nəzərə alınaraq, adları qeyd edilən işçilərə fərdi yaşayış evi tikmək məqsədilə hər birinə 0,08 ha torpaq sahəsi ayrılmış, adlı siyahıd iddiaçının adı qeyd edilmişdir. Həmçinin, sözügedən torpaq sahəsinin yerində ölçülərək, nişangah qoyulduqdan sonra iddiaçıya təhvil verilməsi barədə akt tərtib edilmiş, həmin aktda torpaq sahəsinin yerləşmə vəziyyəti (konfiqurasiyası, 40,0 m.x20,0 m, kvadrat formasında) əks olunmuşdur. Müvafiq bələdiyyə tərəfindən həmin torpaq sahəsinə dair yeruquruluşu planından çıxarış tərtib edilmişdir. Eyni zamanda iş materiallarında olan mütəxəssis rəyinin məzmunundan görünür ki, torpaq sahəsinə dair kadastr sənədləri təqdim edilmədiyindən bağçılıq-bostançılıq üçün ayrılmış sahəyə ayrılmış ərazi hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır, yeruquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin 176 kv.m hissəsi üst-üstə düşür, naturada tanıdılan torpaq sahəsi başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Həmçinin, məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair sənədlər tələb edilərək, tədqiq edilmişdir. Tədqiqatın nəticəsində müəyyən edilmişdir ki, X4nun sənədləri əsasında (həmin sənədlərdə torpaq sahələrinin sovxozun hesabından verilməsi qeyd edilmişdir) başqa şəxsin adına ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və müvafiq çıxarış verilmişdir. Bu hal özlüyündə, sözügedən torpaq sahəsinin məhz X4na ayrılmış ərazinin hüdudları daxilində yerləşməsi halının müəyyən edilməsinə əsas verməklə, cavabdehin imtina əsası qimsində istinad etdiyi ərazi hüdudlarından kənarda yerləşməsi halı ilə bağlı arqumentini təkzib edir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən və məhz X4nun sənədləri əsasında ayrılmış qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə kollegiyası qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan eyni sovxoza aid sənədlər əsasında ayrılmış qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə torpaq sahəsinin sovxoz ərazinin hüdudlarında kənarda yerləşməsi halını mübahisələndirilməklə, bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın qeyd olunan imtina arqumenti əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi torpaq sahəsinin yerləşmə vəziyyəti barədə uyğunsuzluq olması halına dair dəlilləri ilə bağlı qeyd edir ki, qonşu torpaq sahələrinə dair tədqiq edilmiş həmin sənədlərdən biri məhz X4na təhkim edilmiş torpaq sahəsinin yeruquruluşu planından çıxarış olmuşdur. Həmin çıxarışda sovxoza təhkim edilmiş torpaq sahələrinin yerləşmə vəziyyətləri əks olunmuşdur. Qeyd edilən çıxarışın məzmununda əks olunmuş torpaq sahələrinin yerləşmə vəziyyətləri, konfiqurasiyası məhz iddiaçıya torpaq sahəsinin təhvil verilməsi barədə aktda əks olunmuş konfiqurasiya ilə eynilik (hər ikisi dördkünc formada) təşkil etmişdir. Həmçinin, iddiaçının özünün də naturada tanıtdığı torpaq sahəsinin yerləşmə sxemi məhz sovxoza təhkim edilmiş torpaq sahələrinin yeruquruluşu planından çıxarışda əks olunmuş konfiqurasiyaya uyğun olmuş, habelə həmin torpaq sahəsi başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməmişdir. İddiaçı barəsində müvafiq bələdiyyə tərəfindən tərtib edilmiş yeruquurluşu planından çıxarışda əks olunmuş torpaq sahəsi başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməklə, konfiqurasiyası isə qeyd edilən sovxoza aid çıxarışda əks olunmuş sxemlə, təhvil aktında əks olunmuş sxemlə və iddiaçının naturada tanıtdığı torpaq sahəsinin yerləşmə vəziyyəti ilə uyğun gəlməmişdir. Deməli, iddiaçıya müvafiq əmr əsasında ayrılmış torpaq sahəsi məhz iddiaçının naturada tanıtdığı torpaq sahəsi olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin istinad etdiyi hallar məhz iş materiallarında olan sovxoza təhkim edilmiş torpaq sahəsinə dair yeruquruluşu planından çıxarış, təhvil aktında əks olunmuş məlumatlar, faktiki mövcud vəziyyəti xarakterizə edən əlamətlər əsasında təkzib edilmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər imtina əsası ilə bağlı qeyd edir ki, müvafiq əmrin tərtib edilməsi ilə bağlı yol verilmiş yalnışlıqlar iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. Həmçinin, sənədin tərtib edilməsində texniki yalnışlığa yol verilməsi halı əmlaka dair mövcud olan mülkiyyət hüququnun realizəsinin məhdudlaşdıırlmasına əsas olan hal kimi çıxış etməməli, əks yanaşmanın tətbiqi isə mütənasiblik, ədalətlilik prinsipinin mahiyyətinə ziddir. Belə ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin istinad etdiyi hallar iş materialları əsasında təkzib olunmaqla, sözügedən əmalka dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas qismində çıxış etməmişdir. Həmçinin, qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq sənəd daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinin tələbi baxımından işin halları dəyərləndirilməmiş, cavabdeh inzibati orqanın imtina və etirazının əsasları qanunvericiliyin tələblərinə zidd olduğu halda, imtinanı əsaslı hesab etməklə bağlı düzgün qənaətə gəlməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-110/2023 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddia təmin edilsin. X10 X2 sovxozunun xx.xx.1988-ci il tarixli 91 №li Əmri ilə iddiaçının adına ayrılmış Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində faktiki istifadə vəziyyətinə uyğun olaraq İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.