Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1081/2025 09.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “ünvan 1 ünvanında yerləşən mənzilin torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak şəklində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2-1(118)-630/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Sumqayıt şəhər Mənzil İdarəsi tərəfindən verilmiş xx.xx.1961-ci il tarixli 04/330 nömrəli order əsasında mərhum Alrzayev Məmmədrza Səfərəli oğlu və ailə üzvlərinin adına rəsmiləşdirilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak şəklində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətinin icrasından imtina etmişdir. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “ünvan 1 ünvanında yerləşən mənzilin torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak şəklində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli protokol qəraradı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak şəklində qeydiyyata alınması ilə əlaqədar cavabdeh 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin 31 oktyabr 2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişi ilə ərizənin icrasından imtina edilmiş, imtina onunla əsaslndınlmışdır ki, sözügedən mənzilin yerləşdiyi torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.Bununla əlaədar olaraq bildirir ki, iddiaçının atası, xx.xx.2013-cü ildə vəfat etmiş Alrzayev Məmmədrza Səfərəli oğlu ünvan 3 ünvanında 53 saylı mənzil verilmiş, daha sonra o, həmin mənzili Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 25, ev 11A/5, mənzil 1 ilə dəyişdirmiş və ona Sumqayıt şəhəri Mənzil İdarəsi tərəfindən mənzillərin dəyişdirilməsi bürosunun xx.xx.1961-ci il tarixli qərarına əsasən xx.xx.1961 -ci il tarixli 04/330 nömrəli order verilmişdir. Orderdən də göründüyü kimi, ünvan 1 ünvanında yerləşən mənzilin yerləşdiyi torpaq sahəsi birbaşa atası Alrzayev Məmmədrza Səfərəli oğlunun adına ayrıla bilməzdi, çünki, o, hazır tikili mənzillə öz mənzilini dəyişmişdir.Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra - Əsasnamə) 1 -ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar verilmişdir. Mənzilin yerləşdiyi torpaq sahəsi Fərmanın təsir dairəsinə düşür. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak şəklində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə 25 sentyabr 2023-cü il tarixli ərizə ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil bildirilmişdir ki, sözügedən mənzilin yerləşdiyi torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır.Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2-1(118)-630/2025 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Rahim Həsənov) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, araşdırma zamanı iddiaçının təqdim etdiyi mənzilə dair orderin arxiv məlumatları aşkarlanmamışdır. Həmçinin, sözügedən orderdə torpaq sahəsinə dair hər hansı məlumat qeyd edilməmişdir. Başqa sözlə desək iddiaçı mübahisəli mənzilin yerləşdiyi torpaq sahəsinə dair qanunvericilikdə göstərilmiş hər hansı hüquqmüəyyənedici sənəd də təqdim etməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilin torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak şəklində qeydiyyata alınması ilə əlaqədar cavabdeh Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylıSumqayıt Ərazi İdarəsinə müraciət etmişdir, İdarənin 29 sentyabr 2022-ci il tarixli **********24 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişi ilə ərizənin icrasından imtina edilmiş, imtina onunla əsaslndırılmışdır ki, sözügedən mənzilin yerləşdiyi torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla əlaədar olaraq bildiririk ki, iddiaçının atası, xx.xx.2013-cü ildə vəfat etmiş Alrzayev Məmmədrza Səfərəli oğlu ünvan 3 ünvanında 53 saylı mənzil verilmiş, daha sonra o, həmin mənzili Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 25, ev 11A/5, mənzil 1 ilə dəyişdirmiş və ona Sumqayıt şəhəri Mənzil İdarəsi tərəfindən mənzillərin dəyişdirilməsi bürosunun xx.xx.1961-ci il tarixli qərarına əsaəsn xx.xx.1961-ci il tarixli 04/330 nömrəli order verilmişdir. Orderdən də göründüyü kimi, ünvan 1 ünvanında yerləşən mənzilin yerləşdiyi torpaq sahəsi birbaşa atam Alrzayev Məmmədrza Səfərəli oğlunun adına ayrıla bilməzdi, çünki, o, hazır tikili mənzillə öz mənzilini dəyişmişdir. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən mənzil mənzillərin dəyişdirilməsi qaydasında, order əsasında atam Alrzayev Məmmədrza Səfərəli oğluna verilmişdir. Bu isə, o deməkdir ki, həmin mənzilin yerləşdiyi torpaq sahəsi vətəndaşın qanuni istifadəsində olmuşdur və yuxarıda qeyd olunan Fərmanın təsir dairəsinə düşür. Bununla əlaqədar olaraq yenidən, Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylıSumqayıt Ərazi İdarəsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin torpaq sahəsi ilə birgə vahid daşınmaz əmlak şəklində İddiaçı atası Alrzayev Məmmədrza Səfərəli oğlunun daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etsə də İdarədən iddiaçıya növbəti dəfə əsassız imtina bildirişi verilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili-nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki mübahisənin predmetini cavabdehin ünvan 1 ünvanında yerləşən mənzil və onun altında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı həmin mənzil və onun altında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən mənzil Sumqayıt şəhər Mənzil İdarəsi tərəfindən verilmiş xx.xx.1961-ci il tarixli 04/330 nömrəli order əsasında mərhum Alrzayev Məmmədrza Səfərəli oğlu və ailə üzvlərinin adına rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası tərəfindən aparılmış əlavə araşdırmalar, xüsusilə Sumqayıt şəhər İcra Hakimiyyətinin 13 yanvar 2026-cı il tarixli 5-6/2-107/2026 nömrəli məktubu ilə təqdim edilmiş sənədlər ilə müəyyən edilir ki, həmin dövrdə Sumqayıt şəhər Mənzil İdarəsi tərəfindən yaşayış sahələrinin order əsasında verilməsi praktikası mövcud olmuş və bu səlahiyyət faktiki olaraq həyata keçirilmişdir. Mübahisəli mənzilə bitişik digər mənzilə dair xx.xx.1990-cı il tarixli, 8/1881 nömrəli orderin təqdim olunması və həmin orderində eyni orqan tərəfindən orderin verilməsi, həmin qurumun hüquqi səlahiyyətlərinin real və legitim xarakter daşıdığını dolayı yolla təsdiq edir. Eyni zamanda, nəzərə alınmalıdır ki, icra hakimiyyəti müvafiq cavab məktubunda göstərmişdir ki, 1961-ci ilə dair sənədlər arxivdə mövcud olmadığı səbəbdən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Yəni, qeyd edilən hal təkcə iddiaçıya münasibətdə sənədin arxivdə mövcud olmaması deyil, ümumiyyətlə 1961-ci ilə münasibətdə sənədlərin arxivdə olmadığını göstərir ki, bu da təqdim edilən orderin arxiv nüsxəsinin olmamasına görə həmin sənədin həqiqiliyinə şübhənin olmasına əsas vermir. Həmçinin 1961-ci ilə dair arxiv sənədlərinin mövcud olmaması faktı məhkəmə tərəfindən obyektiv səbəb kimi qiymətləndirilmişdir. Belə ki, uzun zaman kəsiyinin keçməsi, arxivlərin qorunma şəraiti və qurumlararası dəyişikliklər nəticəsində sənədlərin itməsi və ya saxlanılmaması halları vətəndaşın hüquqi vəziyyətinə mənfi təsir göstərməməlidir. Hüquqi dövlət prinsipi tələb edir ki, dövlət orqanlarının arxiv saxlanılması ilə bağlı mümkün çatışmazlıqları vətəndaşın üzərinə risk kimi ötürülməsin. Bununla yanaşı, kollegiya qeyd edir ki, hüququn tanınması yalnız mövcud hüquqmüəyyənedici sənəd çərçivəsində mümkündür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən təqdim edilən yeganə sənəd xx.xx.1961-ci il tarixli, 04/331 nömrəli orderdir və həmin order 25,0 kv.m yaşayış sahəsinə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsi birbaşa olaraq belə orderləri dövlət qeydiyyatı üçün hüquqi əsas kimi tanıyır. Deməli, həmin hissədə inzibati orqanın imtinası əsassız olmuşdur. Digər tərəfdən, iş üzrə tərtib edilmiş texniki müayinə aktından görünür ki, mənzilin faktiki ümumi sahəsi 121,1 kv.m-dir və ona bitişik 64,7 kv.m əlavə tikili mövcuddur. Lakin bu əlavə tikili sahələrə dair iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, dövlət qeydiyyatı faktiki vəziyyəti deyil, hüquqi əsası tanıyır. Yəni daşınmaz əmlakın mövcud olması və ya uzun müddət istifadə edilməsi özlüyündə mülkiyyət hüququnun qeydiyyatı üçün kifayət etmir. Qeydiyyat yalnız qanunla nəzərdə tutulmuş sənəd əsasında aparıla bilər. Yuxarıda da qeyd edildiyi kimi hazırki işə münasibətdə hüquqi əsas kimi yalnız 25,0 kv.m sahəyə dair order mövcuddur. Orderdə göstərilməyən əlavə 64,7 kv.m tikili və digər artıq sahələr üzrə hüquqi sənəd olmadığından, həmin hissədə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün deyildir. Başqa sözlə, məhkəmə rəsmi sənədlər əsasında təsdiq olunmuş hüququ tanıya bilər. Lakin rəsmi sənədlə sübuta yetirilməmiş əlavə sahələr üzrə yeni hüquq yarada bilməz. Bu səbəbdən orderdə nəzərdə tutulmayan sahələrə münasibətdə iddianın təmin edilməsi qanunvericiliyin tələblərinə uyğun olmazdı. Ona görə də iddia təkcə 25,0 kv.m yaşayış sahəsi ilə bağlı hüququn qeydə alınması hissəsində əsaslıdır. Kollegiya eyni zamanda iddia tələbinin ünvan 1 ünvanında yerləşən mənzilin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına münasibətə aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, yuxarıda qeyd edilən hüquqi yanaşma torpaq sahəsinə də şamil olunur. İş materiallarından görünür ki, iddiaçı mübahisəli mənzilin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etsə də, həmin torpaq sahəsinin ayrılması, verilməsi və ya satılması barədə hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Order isə yalnız yaşayış sahəsinə aiddir və torpaq sahəsinə dair ayrıca hüquq yaratmır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir və belə hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulmuş əsas sənədlər mövcud olduqda qeydə alına bilər. Torpaq sahəsinin faktiki istifadədə olması, habelə yaşayış evinin həmin torpaq sahəsində yerləşməsi özlüyündə mülkiyyət hüququnun yaranması üçün kifayət etmir. Göründüyü kimi torpaq sahəsinə münasibətdə hüququn yaranmasını təsdiq edən heç bir inzibati akt, sərəncam, torpaqayırma sənədi və ya digər hüquqmüəyyənedici sənəd iş üzrə təqdim edilməmişdir. Buna görə də həmin hissədə iddia əsassızdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia yalnız xx.xx.1961-ci il tarixli orderlə müəyyən edilmiş 25,0 kv.m yaşayış sahəsi hissəsində əsaslıdır. Mənzilə əlavə edilmiş 64,7 kv.m tikili və torpaq sahəsi ilə bağlı hissədə isə hüquqi əsas mövcud deyildir. Digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda işdən görünür ki, iddiaçı tələbində sadəcə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etmiş, tələbində ayrıca olaraq müvafiq çıxarışla yanaşı texniki pasportun da verilməsi göstərilməmişdir. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) 2-1(102)-420/2023 nömrəli qərarında qeyd edilmişdir ki, Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində yalnız çıxarışın verilməsini xahiş etmiş olsa da, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində tətbiq olunan vahid sənəd prinsipi nəzərə alınmalıdır. Bu prinsipə əsasən, çıxarışla yanaşı, həmin daşınmaz əmlakın ölçülərini, yerləşdiyi məkanı və digər texniki göstəricilərini əks etdirən texniki pasportun da verilməsi zəruridir. Çünki belə olduğu halda hüququn tam və dəqiq reallaşması təmin olunur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə yeni qərar qəbul edilməli, həmin hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2-1(118)-630/2025 nömrəli qərarı qismən - İddiaçı xx.xx.1961-ci il tarixli 04/331 nömrəli order əsasında 25,0 kv.m yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (eyni zamanda vahid sənəd prinsipi nəzərə alınmaqla texniki pasportun) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasının təmin edilməməsi hissəsində ləğv edilsin. Ləğv edilən hissədə yeni qərar qəbul edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1961-ci il tarixli 04/331 nömrəli order əsasında 25,0 kv.m yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (eyni zamanda vahid sənəd prinsipi nəzərə alınmaqla texniki pasportun) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1081/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1081/2025
09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver