Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1084/2025 03.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu Xudat bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 18 saylı Qərarına əsasən Xudat şəhəri ərazisindən iddiaçıya ayrılmış 21.7 kv.metr kommersiya təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2-1(118)-2352/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan Xaçmaz rayonu Xudat bələdiyyəsinin 17 noyabr 2007-ci il tarixli, 18 saylı qərarı ilə İddiaçı Xaçmaz rayonu Xudat bələdiyyəsinin alqı-satqı predmeti olan 21.7 kv.metr torpaq sahəsinin satılması qərara alınmış və həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyində olmuşdur. İddiaçı həmin torpaq sahəsi və üzərində inşa etdiyi qeyri-yaşayış obyekti üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 16 avqust 2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Xaçmaz rayonu Xudat şəhəri, H.Əliyev küçəsində yerləşən 21.7 kv torpaq sahəsinə və həmin torpaq sahəsində tikdiyi qeyri yaşayış-fərdi ticarət obyektinə mülkiyyət hüququna dair reyestrdən çıxarış sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı birinci instansiya məhkəməsinə dəqiqləşmə ərizəsi təqdim edərək, “Xaçmaz rayonu Xudat bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 18 saylı Qərarına əsasən Xudat şəhəri ərazisindən iddiaçıya ayrılmış 21.7 kv.metr kommersiya təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli protokol qərardadı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat: İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 fevral 2007-ci il tarixdə Xudat Bələdiyyəsinin ərazisindən 21.7 kv.metr fərdi kommersiya obyektinin tikintisi üçün torpaq sahəsinin iddiaçıya satılması barədə müraciət etmişdir. Müraciətinə əsasən Xudat Bələdiyyəsinin 17 noyabr 2007-ci il tarixli, 18 saylı qərarına əsasən Xaçmaz rayonu Xudat Bələdiyyəsinin torpaqların alqı-satqısına dair 28 dekabr 2007-ci il tarixli, 2506 №-li akt ilə Xudat Bələdiyyəsinin ərazisindən iddiaçıya 21.7 kv metr fərdi kommersiya obyektinin tikintisi üçün torpaq sahəsinin satılmışdır. X3 və Xəritəçəkmə Komitəsinin 04 sentyabr 2007-ci il tarixli rəyinə əsasən iddiaçıya Xaçmaz rayonu Xudat Bələdiyyəsinin ərazisindən 21,7 kv metr fərdi kommersiya obyektinin tikintisi üçün torpaq sahəsinin ona satılması qanuna müvafiq hesab edilmişdir. 22 oktyabr 2007-ci il tarixdə Xudat Bələdiyyəsinin hesabına torpağın pulunu ödəmişdir. Pulu ödəməsi barədə ödəniş qəbzi mövcuddur. Bundan başqa Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısının 06.1 1,2009-cu il tarixli, 292 saylı sərəncamına əsasən iddiaçıya Xudat Bələdiyyəsinin 17 noyabr 2007- ci il tarixli, 18 saylı qərarı ilə Xudat şəhəri, H.Əliyev küçəsində alınmış 21.7 m2 torpaq sahəsində fərdi mağaza tikintisinə icazə verilmişdir. Tərtib edilmiş müvafiq aktlara əsasən torpaq sahəsinə yerində baxış keçirilmiş komissiyanın qərarına əsasən Xudat şəhəri, H.Əliyev küçəsində alınmış 21.7 m2 torpaq sahəsində fərdi mağaza binası istifadəyə qəbul edilmiş və həmin vaxt bu aktı təsliq etməli olan müvafiq orqanlar aktları təsdiq edərək tikinti aparılmasına razılıq vermişlər. Aparacağı tikintinin lahiyəsi və eskiz planı tərtib edilərək müvafiq orqan tərəfindın tərtib edilərək təsdiqlənmişdir. Sonradan satın aldığı qeyri yaşayış binasının Xudat Bələdiyyəsinin 17 oktyabr 2007ci il tarixli, 18 saylı qərarı ilə Xudat şəhəri, H.Əliyev küçəsində alınmış 21.7 m2 torpaq sahəsinə və tikdiyim fərdi mağazaya dair (çıxarış) mülkiyyət sənədinin çıxarışın alınmasından ötəri cavabdeh olan yuxarıda göstərdiyi inzibati orqanına rəsmi müraciət etmişdir. Lakin inzibati orqanının xx.xx.2024-cü il tarixli. 3-21-3-34/2-Q-0159-8/2024 №-li məktubuna əsasən iddiaçıya rəsmi imtina verilmişdir. İmtinanın səbəbi isə inzibati orqan bununla izah etmişdir kı. qeyri-yaşayış binasının istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı Azərbaycan Dövlət tikinti normalarına uyğun tərtib edilməmişdir. Həmin aktda X1 iştirakı təmin edilməmişdir. Hesab edir ki. yuxarıda göstərdiyi imtina tamamilə əsassızdır. Bələ ki, iddiaçı tikintini 2009-cu ildə aparmışdır və həmin vaxt komissiya üzvlərinin iştirakı ilə müvafiq aktlar tərtib edilərək tikintiyə və istifadəyə icazə verilmişdir. Həmin vaxt mövcud olan qaydalara görə komissiya üzvlərinin tərkibinə X2 daxil deyildir. Ona gorə də akt tərtib edilərkən bu təşkilat komissiyanın tərkibində ola bilməzdi. Reyestr xidmətinin buna əsaslanaraq imtina verməsi əsassızdır. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2-1(118)-2352/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Xaçmaz rayonu Xudat bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 18 saylı Qərarına əsasən Xudat şəhəri ərazisindən iddiaçıya ayrılmış 21.7 kv.metr kommersiya təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim Leyla Mirzəyeva) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini imtina məktubu ilə eyni məzmunda əaslandırmış və əlavə olaraq da qeyd edilmişdir ki, AzDTN 1.6-1. Tikinti işlərinin təşkili, aparılması və tikinti başa çatmış obyektlərin istismara qəbulu qaydalarının 6.8-ci bəndinə əsasən “Dövlət qəbul və qəbul komissiyalarına sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, yerli icra hakimiyyətinin, bələdiyyənin, sanitar, yanğın təhlükəsizliyi, ekologiya, me’marlıqtikinti nəzarəti orqan və xidmətlərinin və X1 (istehsalat, sosial-məişət və iaşə tə’yinatlı obyektlər üzrə) nümayəndələri mütləq daxil edilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Mülkiyyət hüququ tanınmış tikilinin faktiki göstəriciləri (ümumi sahənin, tikintialtı sahənin və s) o cümlədən, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən olunmamışdır. Məhkəmə tərəfindən mülkiyyət hüququ müəyyən edilmiş daşınmaz əmlakla bağlı məhkəmə tikinti-texniki ekspertizasını təyin etməmişdir. Məhkəməyə verilmiş müayinə aktına əsasən, bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, Xaçmaz rayon Xudat bələdiyyəsinin 17 noyabr 2007-ci il tarixli 18 saylı qərari ilə İddiaçı mülkiyyətinə verilmiş Xaçmaz rayonu Xudat şəhərində yerləşən 0.00217 ha torpaq sahəsi torpaqların elektron kadastrı uçotu informasiya (TEKUİS) sistemində dövlət mülkiyyətinə aiddir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı, onun vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası): Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarı APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisə İddiaçı Xudat bələdiyyəsinin 17 noyabr 2007-ci il tarixli, 18 saylı qərarı ilə verilmiş 21.7 kv.metr kommersiya təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində sonradan inşa edilmiş qeyri-yaşayış obyektinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından cavabdeh inzibati orqanın imtinasının qanuniliyinin qiymətləndirilməsi ilə bağlıdır. Mübahisənin mahiyyəti iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsi və həmin torpaq sahəsində mövcud olan tikili üzərində hüquqlarının dövlət tərəfindən tanınmasının və bu hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının mümkünlüyünün müəyyən edilməsindən ibarətdir. İş materiallarının araşdırılması nəticəsində müəyyən edilir ki, iddiaçı tərəfindən 2007-ci ildə Xudat bələdiyyəsinə müraciət edilmiş və həmin müraciət əsasında bələdiyyənin xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya 21.7 kv.metr ölçüdə torpaq sahəsinin satılması qərara alınmışdır. İşdə olan sənədlərdən görünür ki, torpaq sahəsinin alqı-satqısı ilə bağlı müvafiq sənədlər tərtib edilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmiş və torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsinə verilmişdir. Bu faktlar iddiaçının torpaq sahəsini qanuni əsaslarla əldə etdiyini və həmin sahədən mülkiyyətçi kimi istifadə etməyə başladığını təsdiq edir. Torpaq sahəsinin iddiaçıya verilməsi barədə qəbul edilmiş bələdiyyə qərarının indiyədək səlahiyyətli orqan tərəfindən etibarsız hesab edilməsi və ya ləğv olunması barədə iş materiallarında hər hansı məlumat mövcud deyildir. Bu isə həmin qərarın hüquqi qüvvədə olan inzibati akt kimi qəbul edilməli olduğunu göstərir. Kollegiya qeyd edir ki, torpaq sahəsinin iddiaçıya verilməsi ilə bağlı hüquqi münasibətlər yalnız bələdiyyə qərarı ilə məhdudlaşmamış, sonrakı mərhələlərdə də həmin torpaq sahəsinin faktiki istifadəsi və orada tikinti aparılması ilə bağlı müvafiq inzibati prosedurlar həyata keçirilmişdir. Belə ki, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli sərəncamı ilə iddiaçıya Xudat şəhərində yerləşən həmin 21.7 kv.metr torpaq sahəsində fərdi mağaza tikintisinə icazə verilmişdir. Bu sərəncam göstərir ki, yerli icra hakimiyyəti orqanı da həmin torpaq sahəsinin iddiaçının istifadəsində olmasını və onun üzərində tikinti aparmaq hüququnu qəbul etmişdir. Sonrakı mərhələdə isə tikilmiş obyekt yerində baxış keçirilərək müvafiq komissiya tərəfindən istifadəyə qəbul edilmişdir. Bu faktlar iddiaçı tərəfindən inşa edilmiş tikilinin yalnız faktiki olaraq mövcud olmadığını, həm də səlahiyyətli dövlət orqanlarının iştirak etdiyi inzibati prosedurlar nəticəsində qəbul edildiyini və real istifadə olunan obyekt kimi tanındığını göstərir. Məhkəmə kollegiyası məhkəmə sorğuları əsasında təqdim edilmiş arayışları araşdıraraq qeyd edir ki, həmin sənədlər iş üzrə faktiki halların müəyyən edilməsində mühüm sübut kimi çıxış edir. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş arayışlarda göstərilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi faktiki olaraq 0.00217 hektar ölçüdə olmaqla sənədlərdə göstərilən 21.7 kv.metr ölçü ilə uyğunluq təşkil edir. Araşdırma zamanı torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edildiyi, həmin sahənin qonşu torpaq sahələri ilə üst-üstə düşmədiyi və sahə üzərindən hər hansı kommunikasiya xəttinin keçmədiyi müəyyən edilmişdir. Bu hallar torpaq sahəsinin real vəziyyətinin sənədlərdə göstərilən məlumatlarla uyğun olduğunu təsdiq edir və cavabdeh tərəfindən irəli sürülmüş ehtimal xarakterli arqumentləri təkzib edir. Bundan əlavə, cavabdeh tərəfindən təqdim edilmiş arayışlarda mübahisə predmeti olan torpaq sahəsinin üzərində 21.7 kv.metr tikinti altı sahəsi olan qeyri-yaşayış təyinatlı obyektin mövcud olduğu qeyd edilmişdir. Bu fakt iddiaçının torpaq sahəsindən uzun müddət ərzində faktiki istifadə etdiyini və həmin sahədə real tikilinin mövcud olduğunu təsdiq edir. Kollegiya hesab edir ki, belə arayışlar və müayinə nəticələri iş üzrə faktiki vəziyyətin müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir və onların məzmunu iddiaçının mövqeyini təsdiq edən sübutlar kimi qiymətləndirilməlidir. Kollegiya həmçinin nəzərə alır ki, iş materiallarında olan sənədlərdən görünür ki, mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi əraziyə bitişik digər torpaq sahələri və tikililərə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin torpaqlar yaşayış məntəqələrinin torpaqları kimi rəsmiləşdirilmişdir (Eyni zamanda həmin torpaq sahələri bələdiyyə qərarları əsasında ayrılmışdır). Bu hal həmin ərazinin ümumi torpaq istifadə rejiminin vahid olduğunu və mübahisə predmeti olan torpaq sahəsinin də həmin ərazidə yerləşən digər torpaq sahələri ilə eyni hüquqi kateqoriyaya aid olduğunu göstərir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Odur ki, kollegiya, bu baxımdan, apellyasiya şikayətinin bütünü dəlilərini əsassız hesab edir. Nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlər qüvvədədir və preyudisial əhəmiyyətə malikdir. Həmin sənədlərin mötəbərliyi işin araşdırılan hallarına uyğun olaraq məhkəmə üçün şübhə doğurmur. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2-1(118)-2352/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1084/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1084/2025
03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver