Məhkəmə qərarları › İş №2-1(105)-1088/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1088/2024

04.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1088/2024 04.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-841/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvanlı sosial yardımın təyin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2024-cü il tarixli e-2-1(118)- 841/2024 nömrəli qərardadı ilə iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2024-cü və xx.xx.2024cü il tarixlərdə məhkəməyə dəvət olunmuşdur. Lakin iddiaçı müvafiq məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçıya müvafiq xəbərdarlıq etsə də, məhkəmə iclaslarına gəlməməsini və hər hansı digər vasitələrlə məhkəmə ilə əlaqə saxlamamasını məhkəmə icraatından yayınma kimi qiymətləndirir və 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayındığını nəzərə alaraq hesab etmişdir ki, o, inzibati məhkəmə icraatında maraqlı deyildir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edərkən, onun 1 gün əvvəl elektron kabinetə yerləşdirdiyi ərizəsini nəzərə almamış və əsassız qərardad qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, müvafiq iş Sumqayıt İnzibati Məhkəməsinin icraatında olarkən göndərilən xəbərdarlıq məktublarına baxmayaraq, iddiaçı xx.xx.2023-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə iddianı geri götürülmüş sayararaq və iş üzrə icraata xitam verərkən haqlı olmuşdur. Odur ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 1(118)-841/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını, iddiaçının apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə yazılı etirazını müdafiə etdi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını, iddiaçının apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Maddə 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Maddə 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin mənasına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinin “Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz” müddəası həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardaddan apellyasiya şikayətinin verilməsi hüququnu məhdudlaşdıran norma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri, apellyasiya şikayətinin və etirazın dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşdə olan xx.xx.2024-cü il tarixli elektron ərizənin məzmunundan görünür ki, iddiaçı Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda, iddiaçıya münasibətdə İPM-in 55.3-cü maddəsinin dispozitiv şərtləri mövcud olmamışdır. Belə ki, iddiaçı məhkəməyə gəlməməyin səbəbləri barədə iclasın təyin olunduğu vaxtadək məhkəməyə məlumat vermiş, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bu hal özlüyündə onun hazırkı iş üzrə məhkəmə icraatından yayınması halını istisna edir və iddia tələbinə marağının itmədiyi təsdiq edir. Belə olan halda isə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 55.3-cü maddəsinə istinad etməklə, iddianın geri götürülmüş sayılması barədə gəldiyi qənaəti prosessual qanunvericiliyin norma və tələblərinə uyğun olmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının ərizəsini nəzərə almaqla, onun iştirakı olmadan işə mahiyyəi üzrə baxaraq müvafiq qərar qəbul etməli olduğu halda bunu etməmiş, nəticədə düzgün olmayan qərardad qəbul etmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin norma və tələbləri pozulmuş, bununla da iş üzrə gəldiyi nəticə qanuna zidd olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-841/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin olunması” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar