Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1089/2024 04.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-2090/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları İddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il təvəllüdlüdür, xx.xx.1989-cu ildə həqiqi hərbi xidmətə göndərilmiş və xx.xx.1991-ci ildə tərxis edilmişdir. Qubadlı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(028)-1259/2016 nömrəli qanuni qüvvəyə minmiş qiyabi qətnaməsi ilə İddiaçı döyüşən ordunun sıralarında döyüşlərdə xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək N () saylı hərbi hissədə atıcı vəzifəsində hərbi xidmət keçməsi faktı müəyyən edilmişdir. Məhkəmə sorğusu əsasında əldə edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024cü il tarixli 429 nömrəli məktubundan görünür ki, xidməti vəzifləsini yerinə yetirmədiyinə görə İİİ taborun könüllü hərbi xidmətçisi İddiaçı Müdafiə nazirinin könüllülər haqqında əmrinə müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 35 nömrəli əmri ilə xx.xx.1992-ci il tarixdən tutduğu vəzifədən azad edilərək, xidmətdə olmadığına görə əmək haqqı xx.xx.1992-ci ilədək ödənilməklə lazımi sənədlərlə təmin olunaraq qeydiyyat üçün Rayon Hərbi Komissarlığına göndərilmişdir. Bundan başqa Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin iyun-dekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamış və N nömrəli hərbi hissənin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək N () saylı hərbi hissədə erməni millətçi dəstələrinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs kimi müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci ildə Qubadlı rayonu Qaracallı inzibati ərazi nümayəndəliyinin Qarağac kəndində doğulmuş, 1989-1991-ci illərdə keçmiş SSRİ ordusunda həqiqi hərbi xidməti başa vuraraq ehtiyata buraxılmışdır. Qarabağ hadisələri ilə əlaqədar olaraq əvvəllər qüvvədə olan Qubadlı rayon Hərbi Komissarlığı tərəfindən təkrarən hərbi xidmətə çağırılaraq, Qubadlı rayonunun ərazisində dislokasiya olunan N () saylı hərbi hissəyə xx.xx.1992-ci ildə atıcı vəzifəsinə təyin olunmuşdur. Həmin hərbi hissənin tərkibində Qubadlı, Laçın rayonları ətrafında gedən taktiki döyüşlərdə iştirak edib, xx.xx.1992-ci il tarixdə Laçın rayonunun Qızartı, Suarası ətrafında gedən ağır döyüşlərdə ermənilərin əks-həmlə hücumlarının qarşısını alarkən böyük itkilərə məruz qalmışlar. Nəticədə bir sovetlikdən (inzibati ərazi dairəsindən) 11 nəfər hərbçi şəhid olmuş, 3 nəfər sağ qalmış və 4 nəfər hərbçi yoldaşı da ağır yaralanmışdır. Yaralandıqdan sonra helikopter vasitəsi ilə Bakı şəhərində yerləşən hospitala təxriyyə olunaraq orada xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək stasionar şəraitdə müalicədə olub. Həmin dövrdə baş vermiş böyük itkilərlə əlaqədar olaraq rayon əhalisi arasında və orduda ruh düşkünlüyü yaranmışdır. Bu səbəbdən müalicəsini yarımçıq qoyaraq hərbi hissəyə qayıdaraq düşməndən qisas almaq üçün xidmətini davam etdirmək niyyətində olmuşdur. Lakin səhhətinin ağırlığı ilə əlaqədar olaraq xidmətini davam etdirə bilməyib, komandanlıq tərəfindən müalicəsini davam etdirməyə görə evə buraxılıb və bir daha hərbi hissəyə qayıda bilməmişdir. Hərbi xidmət keçməyini dəqiqləşdirmək üçün müdafiə Nazirliyinin Mərkəzi arxivinə çoxsaylı müraciət etməyinə baxmayaraq, oradan cavab ala bilməmişdir. Ona məxsus hərbi biletində xidmət keçməyi və yaralanmağı barədə də heç bir qeydlər aparılmamışdır. Göstərilənləri nəzərə alaraq, ərizəçi onun döyüşən ordunun sıralarında döyüşlərdə xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək N () saylı hərbi hissədə atıcı vəzifəsində hərbi xidmət keçmə faktının müəyyən edilməsi ilə bağlı Qubadlı rayon Məhkəməsinə müraciət etmişdir. Qubadlı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(028)- 1259/2016 nömrəli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı döyüşən ordunun sıralarında döyüşlərdə xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək N () saylı hərbi hissədə atıcı vəzifəsində hərbi xidmət keçməsi faktı müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixdə ona ikinci qrup ümumi səbəbdən, daha sonra isə hərbi xidmət zamanı aldığı xəsarətlərlə bağlı ikinci qrup əlilliyə görə pensiyə təyin edilmiş və 2022-ci ildə müddətin başa çatması ilə əlaqədar pensiyası dayandırılmışdır. Pensiya aldığına görə müharibə veteranı vəsiqəsi almağa səy göstərməmiş, lakin pensiyası dayandırılandan sonra müharibə veteranı vəsiqəsi almağa qərar vermişdir. Hesab edir ki, cavabdeh təşkilatın ona müharibə veteranı adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır, buna görə də ona müharibə veteranı adı verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı" adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirik ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 429 nömrəli arayışına əsasən xidməti vəzifəsini yerinə yetirmədiyinə görə İİİ taborun könüllü hərbi xidmətçisi İddiaçı Müdafiə nazirinin könüllülər haqqında əmrinə müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 35 nömrəli əmrilə xx.xx.1992-ci il tarixdən tutduğu vəzifədən azad edilərək, xidmətdə olmadığına görə əmək haqqısı xx.xx.1992-ci il tarixədək ödənilməklə lazımi sənədlərlə təmin olunaraq qeydiyyat üçün Rayon Hərbi Komissarlığına göndərilmişdir. Bundan başqa Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin iyun-dekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamış və N nömrəli hərbi hissənin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqındct’Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlannda iştirak etməsi üçün yetərli sayıla bilməZ. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2024-cü il tarixli 2-1(118)- 2090/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və yaralanması yuxarıda iş materiallarında sadalanan Qubadlı rayon Məhkəməsinin 2(028)-1259/2016 nömrəli xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi, həmçinin Mərkəzi Hərbi Həkim Komissiyasının 1051 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə də təsdiq olunur. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə iddiaçı iddianın təmin edilməsi iə bağlı zəruri sübutları məhkəməyə təqdim edə bilsə də, cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinasının əsaslarını sübut edə bilməmişdir. Odur ki, məhkəmə sadalanan qanunvericilik aktlarını təhlil edərək belə nəticəyə gəlir ki, qeyd olunan normalara əsasən cavabdeh orqan tərəfindən iddiaçıya veteran statusunun və bununla bağlı vəsiqənin verilməsindən imtinası əsassız olmuşdur və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, arxiv arayışından da görünür ki, iddiaçı xidməti vəzifələrini yerinə yetirmədiyinə və xidmətdə olmadığına görə barəsində tərtib edilmiş sənədlər qeydiyyat üçün rayon hərbi komissarlığına göndərilmişdir. Həmçinin iddiaçının xx.xx.1992-ci il tarixdən sonrakı xidməti, qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmağı barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlamış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilmişlər. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çaqrılmıs hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı fərmanı 23 iyun 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı isə 29 sentyabr 1996-cı il tarixdə qəbul edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ......Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin xx.xx.1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş üzrə materiallarında olan sənədləri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. İddiaçı müharibə veteranı adının verilməsi üçün əsas kimi onun Qubadlı rayon Hərbi Komissarlığı tərəfindən təkrarən hərbi xidmətə çağırılaraq, N () saylı hərbi hissəyə xx.xx.1992-ci ildə atıcı vəzifəsinə təyin olunması, xx.xx.1992-ci il tarixdə Laçın rayonunun Qızartı, Suarası kəndlərinin ətrafında gedən ağır döyüşlərdə ermənilərin əks-həmlə hücumlarının qarşısını alarkən yaralanması, helikopter vasitəsi ilə Bakı şəhərində yerləşən hospitala təxriyyə olunaraq orada xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək stasionar şəraitdə müalicədə olunması, səhhətinin ağırlığı ilə əlaqədar olaraq xidmətini davam etdirə bilməməsi, hərbi biletində xidmət keçməsi və yaralanması barədə heç bir qeyd aparılmaması, yalnız Qubadlı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(028)-1259/2016 nömrəli qanuni qüvvəyə minmiş qiyabi qətnaməsi əsasında onun döyüşən ordunun sıralarında döyüşlərdə xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək N () saylı hərbi hissədə atıcı vəzifəsində hərbi xidmət keçməsi faktının müəyyən edilməsi halına istinad etmişdir. Cavabdeh inzibati orqan imtina əsası kimi Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 1409 nömrəli arayışına və təqdim olunmuş digər sənədlərə əsasən N nömrəli hərbi hissə komandirinin iyun-noyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərdə iddiaçının xidməti və yaralanmağı barədə məlumat olmaması, N nömrəli hərbi hissə komandirinin iyun-noyabr 1992-ci il tarixli əmrinin arxiv çıxarışında xidməti vəzifələrini yerinə yetirmədiyinə görə və Müdafiə nazinin könüllülər haqda əmrinə müvafiq olaraq xx.xx.1992-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi halına istinad etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilmiş qanunvericilik normalarında “müharibə veteranı” adı və vəsiqəsini almaq hüququna malik olan şəxslər qismində müvafiq ərazilərdə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı şəhəri Mərkəzi Hərbi Poliklinikasının xx.xx.1992-ci il tarixli 440 №-li arayışından görünür ki, N saylı hərbi hissənin sıravisi, 1971-ci il təvəllüdlü İddiaçı hərbi xidmət keçdiyi müddətdə, yəni xx.xx.1992-ci il tarixdə yüngül yaralanmış, diaqnoz “sağ ayaq və sağ əmgək nahiyəsinin yumşaq toxumalarının odlu silahdan dəlib keçən yarası” olaraq müəyyən edimişdir. Bununla bağlı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək RKX-da müalicədə olmuşdur. DSMF-nin Qubadlı rayon şöbəsi tərəfindən verilmiş 004741 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuşdur. DSMF-nin HQXRŞİİ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 026288 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı “Əmək pensiyaları haqqunda” Azərbaycan Respublikası qanununun 20.16.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı 2-ci qrup əlil olmasına görə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 351,20 manat məbləğində əmək pensiyası təyin edilmişdir. (əslinə məhkəmə kollegiyasının iclasında baxış keçirilmişdir). Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 0246003AAB1C nömrəli arayışdan müəyyən edilir ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aldığı xəsarətlə əlaqədar verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017ci il tarixli 1051 nömrəli qərarından müəyyən edilir ki, Qubadlı RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2017-ci il tarixli 17/367 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş və hərbi qeydiyyata götürülmüş vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Ak. Mir-Qasımov adına Respublika Kliniki xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Başın və sağ daban nahiyyəsinin odlu güllə yaralanması, sümüklərin zədələnməməsi ilə” və xx.xx.1992-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasında tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Sağ daban nahiyyəsinin yumşaq toxumalarının dəlib keçən odlu güllə yaralanması nəticələri və sağ təpə nahiyyəsinin sağalmayan yarası” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinin xx.xx.2017-ci il tarixli 509 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 112 nömrəli göndərişi, Ak. Mir-Qasımov adına Respublika Kliniki xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.1992-ci il tarixli 440 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi, MN MHHK-nın 1102 saylı xx.xx.2017-ci il tarixli protokolu. Göründüyü kimi, indiki halda iddiaçının iddia tələbində qeyd etdiyi tarixlərdə N () saylı hərbi hissədə xidmət etməsi barədə məlumat hərbi biletdə əks olunmasa da, Qubadlı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(028)-1259/2016 nömrəli qanuni qüvvəyə minmiş qiyabi qətnaməsi ilə onun döyüşən ordunun sıralarında döyüşlərdə xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək N () saylı hərbi hissədə atıcı vəzifəsində hərbi xidmət keçməsi faktı müəyyən edilmişdir. Həmçinin, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1051 nömrəli qərarı ilə iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilərək, ona “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnozu təyin edilmişdir və bundan sonra TSEK tərəfindən xx.xx.2017-ci il tarixli 0246003AAB1C nömrəli arayışla İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmişdir. DSMF-nin HQXRŞİİ tərəfindən iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı 2-ci qrup əlil olmasına görə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 351,20 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Nəticə olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər əsasında iddiaçının döyüş əməliyyatlarının həyata keçirilməsində bilavasitə iştirak etməsi halının müəyyən edilməsi mümkün olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının döyüş əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar olaraq yaralanması, hərbi travma alması və hərbi travmanı Azərbaycan Respublikasının müdafiəsi zamanı alması, ona bununla bağlı əlillik və pensiya təyin edilməsi halı da müəyyən edilmiş, bu faktlar işin mübahisəsiz halları kimi çıxış etmişdir. Hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmiş, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassız olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə formal və əsassızdır. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-2090/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-1089/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1089/2024
04.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver