Məhkəmə qərarları › İş №2-1(105)-109/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-109/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-109/2022 26.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı İddiaçı “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10 dekabr 2020- ci il tarixli **********4013 nömrəli qərarın və qərar əsasında hesablanmış vergi borclarının ləğv edilməsi” barədə iddiasına dair Sumqayıt İnzibati Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2- 1(118)-611/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında cavabdeh tərəfindən çıxarılmış 10 dekabr 2020-ci il tarixli **********4013 nömrəli qərarın və qərar əsasında əsassız hesablanmış vergi borclarının ləğv edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində aparılan operativ vergi nəzarətinin nəticələrinə uyğun olaraq seriya DVX №001113 nömrəli akt (ilkin düzəliş variantı ilə sonrakı variantı arasında tarix fərqləri növcud olan) əvvəl 1 rəqəmi 2 rəqəminə və 3 rəqəmi 1 rəqəminə düzəlişlərlə yazılan, yəni İkin 13 oktyabr 2020-ci il tarixə olan sonra isə 21 oktyabr 2020-ci il tarixə düzəlişlər edilən, düzəlişə digər yanaşmada 23 oktyabr 2020-ci il kimi oxunan (yoxlamanın müddəti 21 oktyabr 2020-ci il tarixdə bitib) seriya DVX № 001119 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunan seriya DVX №001119 nömrəli akta əsasən Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi X1 Məsuliyyətli Cəmiyyəti barəsində vergi qanunvericiliyinin pozulmasına görə nəsuliyyətə cəlb edilməsi haqqında 10 dekabr 2020-ci il tarixli **********4013 nömrəli qərar qəbul edilmişdir. Aşağıdakılara əsasən iddiaçı hesab edir ki, İddiaçı barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10 dekabr 2020-ci il tarixli **********4013 nömrəli qərar əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. 10 dekabr 2020-ci il tarixli **********4013 nömrəli qərarın qəbul edilməsinin əsasını təşkil edən seriya DVX № 001119 nömrəli akt ərizənin əvvəlində qeyd edildiyi kimi aktın tərtib edilmə tarixinin, düzəlişlərlə, əlavələrlə tərtib edilməsinin və bu əsaslarla yoxlama ilə müəyyən olunan aktın qəbul edilmə müddətininin pozulması ilə nəticələnib. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********075 nömrəli 21 sentyabr 2020-ci il tarixli qərarına əsasən İddiaçı MMC-də Operativ vergi nəzarətinin həyata keçrilməsi qərara alınmışdır. İddiaçı fəaliyyətinin əsasını ərzaq, qida və yeyinti məhsullarının xarici Ölkələrdən Ölkəmizə idxalı və idxal olunan məhsulların satışı elektron qaimə fakturalarla və pərakəndə satışı isə mağazada əvvəlcədən dəyəri ödənilməklə nəzarət-kassa aparatı vasitəsi ilə icra edilir, sonra isə qaydalara uyğun olaraq nəzarət-kassa araratının çeki təqdim olunmaqla satışdan əldə olunan pul məbləği Cəmiyyətin bank hesabına yerləşdirilir. Pərakəndə satış əvvəlcədən sifariş verilmədən mallar dərhal təqdim edilməklə, dəyərinin kassa ödənişi əsasında satışı həyata keçirilir. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********075 nömrəli 21 sentyabr 2020-ci il tarixli qərarı X1 Məsuliyyətli Cəmiyyətinin mağazasında sair məhsulların pərakəndə satışının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən əsaslarla yoxlanılması təşkil edib. Bu əsaslarla operativ vergi nəzarətinin həyata keçrilməsinin nəticələrinə uyğun əsaslı olaraq 21 oktyabr 2020-ci il tarixdə seriya DVX № 001113 nömrəli akt tərtib olunmuşdur, bu akt və akta əlavə olunan sənədlər Cəmiyyətə onlayn karguzarlıq və Cəmiyyətin hüquqi ünvanına poçtla göndərilmişdir. Aktın nəticələrinə uyğun olaraq Cəmiyyətin fəaliyyətində hər hansı qüsur, nöqsan və çatışmamazlıq aşkar olunmamışdır. Vergi orqanı X1 Məsuliyyətli Cəmiyyətinə qarşı qərəzli mövqe tutaraq, saxta akt və saxta akta tarixlər və Vergi Məcəlləsinin istinad olunan 58.13-cü maddəsinin yazılışına düzəlişlər etməklə DVX № 001119 seriyalı akt tərtib etməklə Cəmiyyət üçün əsassız və qanunsuz olaraq vergi öhdəliyi yaratmışlar. Akta düzəlişlər və ya əlavələr edilməsi barədə həmçinin qanunvericiliyin və aktın tələblərinə uyğun aktda hər hansı qeyd və məlumat göstərilməyib. DVX №001119 seriyalı aktdan verilən şikayət və 26 oktyabr 2020-ci il tarixli **********638300 nömrəli bildiriş əsasında 23 noyabr 2020-ci il tarixdə barələrində qəbul ediləcək qərar üzrə materiallara baxılmasında baş idarənin müavinin, şöbə müdirinin, Cəmiyyətin rəhbəri kimi iddiaçının və Cəmiyyətin mühasibinin iştirakı ilə aparılan araşdırmalarda iştirak etmişlər, vergi orqanı onlar tərəfindən tərtib edilən aktın və qəbul ediləcək qərarın qanuniliyini və əsaslılığını heç cür əsaslandıra bilməmişdir. Vergi orqanı topdansatış və pərakəndə satışın hansı əsaslarla və qaydalara müyyən edilməsini və onların satış parametrlərinin fərqləndirilmsini də izah edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. 2 saylı Ərazi Vergilər Baş İdarəsi 10 dekabr 2020-ci il tarixli **********4013 nömrəli qərarı qəbul edərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3-cü maddəsinin, yəni vergilərin müəyyən edilməsinin və tutulmasının əsaslarını və tələblərini kobud və qərəzli səkildə bilərəkdən pozmuşdur. İddaçı tərəfindən həyata keçirilən pərakəndə satış sahibkarlıq fəaliyyətilə bağlı olmayan, şəxsi, ailə, məişət və bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir. Satışın həcmini, əvvəldə qeyd edilən istehlakçıların alış qabiliyyətini və alıcılara nəzarət kassa aparatı vasitəsilə təqdim edilən kassa çeklərinin orta həcmi ***-**** manat təşkil edir. Alışın inzibati və təcrid olunmuş ərazidə mağazada həyata keçrilməsi və alıcılıq qabiliyyətinin yüksək olmasına səbəb satışa çıxarılan malların qiymətinin digər satış müəssisələrindən-marketlərdən ucuz təklif olunmasıdır. Bura daşıma, satış nümayəndələrinə və marketlərin fəaliyyəti üçün əlavə təqdim etdikləri qiymətlərdən əlavə qiymətlərin müəyyən edillmə xərcləri daxil olmadığından, ona görə də pərakəndə satışa təqdim edilən məhsullar real qiymətə və maya dəyəri qiymətinə təklif olunur. Maya dəyərinə satış dedikdə malların istifadə müddətinin bitməsinə az müddət qalmış malların satışı təşkil edir, bəzən bu əsaslı satışlarda mallar maya dəyəri qiymətinə təklif olunur. 2020-ci ilin əvvəlindən Ölkəmizdə COVİD-19-la bağlı davam edən pandemiya vəziyyətinin və mərhələrlə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq ediliməsi səbəbindən alıcıların yeyinti, qida və ərzaq məhsullarının alıcılıq qabiliyyətində mütamadi və davam edən artımlar müşahidə edilmişdir. Bu hallar gündəlik həyatda və kütləvi informasiya vasitələrində yayılan xəbərlərdə və məlumatlarda da müşahidə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” nın 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. X1 Məsuliyyətli Cəmiyyətinin vergi idarəsində qeydiyyat sənədinə əsasən əsas fəaliyyətini pərakəndə satış təşkil edir. Mağaza topdansatış ticarəti ilə deyil, onun əsas fəaliyyət istiqamətini pərakəndə satış təşkil edir. Operativ vergi nəzarətini həyata keçirən vergi əməkdaşları Cəmiyyətin pərakəndə satışla məşğul olmasının şahidi olmuşlar. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasının 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarətkassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Bu qaydaların pozulması halları X1 Məsuliyyətli Cəmiyyətinin pərakəndə ticarət fəaliyyətində aşkar olunmamışdır. Bu hal vergi orqanı tərəfindən qəbul edilən müvafiq aktda öz əksini tapmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinin əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. X1 Məsuliyyətli Cəmiyyəti barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsi ilə qərar qəbul edilə bilməz, ona görə ki, aşkar və müəyyən olunan satış Vergi Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilib. Malların təsərrüfatdaxili-Cəmiyyətdaxili yerdəyişməsi Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş Parakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasının 4.3-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilib və hal-hazırda da sənədləşdirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. X1 Məsuliyyətli Cəmiyyəti barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10 dekabr 2020-ci il tarixli **********4013 nömrəli qərarın ləğv edilməsi əsaslarından biri də 27 fevral 2020-ci il tarixdə 477633 manat məbləğində pulun səhvən kassa aparatına vurulması və bu səhvin nəzərə alınması 2 saylı Ərazi Vergilər Baş İdarəsindən xahiş edilmişdir. Aylar üzrə təqdim edilən hesabatlarda həmin məbləğ çıxılmış və həmin hesabatlar vergi orqanı tərəfindən qəbul edilmişdir. Operativ vergi yoxlaması zamanı səhv vurulan 477633 manat məbləğində kassa çeki aşkar olunmuş, lakin həmin məbləğin aktdan çıxılması qəsdən təmin edilməmişdir. 477633 manat məbləğində pula görə Cəmiyyət əsassız vergi ödənişlərinə cəlb edilib. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin X1 Məsuliyyətli Cəmiyyətinə qarşı qərəzli mövqe tutmasını dəfələrlə fəaliyyətlərində müşahidə etmişlər. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən X1 Məsuliyyətli Cəmiyyəti barəsində aparılan səyyar vergi yoxlamasının nəticələrinə uyğun olaraq 21 yanvar 2020-ci il tarixli **********196269 nömrəli akt tərtib edilmişdir. Akta əsasən 3104151,92 manat vergilərin azaldılması müəyyən edilmiş və 1553752,44 manat maliyyə sanksiyası təklif olunmuşdur. Həmin aktı mübahisələndirmişlər və vergi orqanına etiraz təqdim etmişlər. Şikayətin nəticələrinə uyğun olaraq qismən obyektiv araşdırma aparılmış, yenidən səyyar vergi yoxlamasının nəticələrinə uyğun olaraq 04 iyun 2020-ci il tarixli **********196269 nömrəli akt tərtib edilmişdir. Yeni akta əsasən 532281.03 manat vergilərin azaldılması müəyyən edilmiş və 266140.52 manat maliyyə sanksiyası təklif olunmuşdur. Heç bir hüquqi və iqtisadi əsaslandırma aparılmadan qərəzli tərtib olunan aktdan etdikləri şikayət üzrə aparıılan araşdırmadan sonra yeni tərtib olunan akta əsasən təklif olunan məbləğ 6 (altı) dəfədən artıq azaldılmışdır. Sonradan tərtib olunan aktı mübahasiləndirilmədi, 2 saylı Ərazi Vergilər Baş idarəsi rəhbərinin tələbinə uyğun olaraq həmin məbləğin ödənişini kifayət qədər maliyyə vəsaiti olan ƏDV əvəzləşdirilməsi üzərindən deyil, köçürmə vasitəsi ilə ödənilməsi təmin edildi. İddia ərizəsində sadalanan hallardan və istinad edilən maddi hüquq normalarından məlum olur ki, X1 Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsi ilə nəzərdə tutulan tələbləri pozmadığından qanunsuz əsaslarla tərtib edilən operativ vergi nəzarətinin nəticələrinə uyğun seriya DVX №001119 nömrəli aktın əsasında qəbul edilən X1 Məsuliyyətli Cəmiyyəti barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10 dekabr 2020-ci il tarixli **********4013 nömrəli qərar ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(118)-611/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10 dekabr 2020-ci il tarixli **********4013 nömrəli qərarının ləğv edilməsi və həmin qərar əsasında əsassız hesablanmış vergi borcunun silinməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Quliyev İsmayıl). Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə inzibati məhkəmə icraatının vacib və sahəvi prinsipi olan işin hallarının araşdırılması prinsipinin mahiyyətinə uyğun olan mütləq həqiqətin müəyyən edilməsi üzrə ağlabatan bütün səyləri göstərməli olduğu halda göstərməmiş, iş üzrə tətbiq edilməli olan əsaslı şübhədən kənar sübutetmə standartını tətbiq etməmiş və nəticədə obyektiv həqiqət müəyyən edilməmiş qalmışdır. Məhkəmə qəbul etdiyi qərarı bütünlüklə şübhələr və ehtimallar əsasında qəbul etmişdir. Məhkəmə nəticədə həqiqət olaraq müəyyən etmişdir ki, iddiaçı pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmuşdur. Halbuki iddiaçı yoxlama zamanı təqdim etdiyi və iş materiallarında mövcud olan 21.10.2020-ci il tarixli izahatında suala cavab olaraq bildirir ki, "xxxx" MMC qida məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olmaqdadır. Göründüyü kimi iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olması əslində işin mübahisəsiz halıdır. Hər iki tərəfin qəbul etdiyi və təsdiq etdiyi bir halın məhkəmə tərəfindən əsassız olaraq təsdiq edilməməsi məhkəmə qərarının qanuniliyini və əsaslılığını birmənalı şəkildə şübhə altına alır. Belə ki, müstəqil şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı həyata keçirdiyi fəaliyyəti, yəni topdansatış fəaliyyətini təqdim etməsinə və təsdiq etməsinə baxmayaraq, məhkəmə belə bir halın mövcud olmadığı qənaətinə gəlmişdir. Məhkəmə formal olaraq uçot məlumatlarında əks olunan qeydləri əsas tutaraq iddiaçının pərakəndə ticarət fəaliyyəti ilə məşğul olması qənaətinə gələrkən yuxarıda qeyd olunan və materiallarda əks olunan sübut və dəlillərə önəm verməmiş, heç bir araşdırma aparmamış, iş materiallarından tam məlumatsız olmuşdur. Belə ki, iddiaçı yoxlamaya təqdim etdiyi sözügedən izahatında bildirir ki, nağd şəkildə və pərakəndə qaydada gündəlik satışımız üzrə NKA-ya daxil edilən məbləğ 150 manatdan-1200 manata kimi olmuşdur. Qeyd olunan hallar iş üzrə həqiqət müəyyən edilərkən araşdırılmamışdır. Nəticədə inzibati mübahisə üzrə obyektiv həqiqət deyil, formal həqiqət müəyyən edilmişdir ki, bu da iş üzrə mütləq və əsl həqiqəti istisna etməkdədir. Belə ki, operativ vergi nəzarəti zamanı aşkar olunan və iddiaçının məhz topdansatış fəaliyyəti ilə məşğul olmasını təsdiq edən hallardan biri də 01.01.2020- 30.09.2020-ci il tarix aralığı üçün nəzarət kassa aparatından alınmış məlumatlara əsasən daxil edilmiş çeklərin sayı və daxil edilmiş məbləğlərin iddiaçının izahatında qeyd edilmiş məlumatlarla uyğunsuzluq təşkil etməsidir. Həmin dövr üçün nəzarət kassa aparatından alınmış məlumatlara əsasən, səhv vurulmuş məbləğlər belə nəzərə alınmaqla ümumi daxil edilmiş məbləğ 5.979.069,32 manat təşkil etmişdir ki, bu da 9 ay ərzində nəzarət kassa aparatına daxil edilmiş günlük məbləğin orta hesabla 22.144,0 manat təşkil etdiyi müəyyən olunur. Halbuki iddiaçı izahatında nəzarət kassa aparatına günlük olaraq ***-**** manat aralığında məbləğlərin daxil edildiyini bildirmişdir. Bu hal məhkəmə tərəfindən araşdırılmamış və qiymətləndirilməmişdir. Bu fakt birmənalı şəkildə iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olmasını təsdiq edən arqumentlər sırasındadır. Sübut olunan hal ondan ibarətdir ki, iddiaçı topdansatış fəaliyyəti üzrə mal təqdim etməsini də nəzarət kassa aparatı ilə rəsmiləşdirmişdir. Bu halı əslində sübut etməyə ehtiyac yoxdur. Çünki iddiaçının izahatı ilə bu faktlar təsdiq olunmaqdadır. İddiaçının yoxlama həyata keçirilən ünvanda qeydiyyata aldığı obyekt yalnız anbardan ibarət olmuşdur ki, məhkəmə bu hala da diqqət etməmiş və iddiaçının pərakəndə satış üçün mağazalarının qeydiyyatda olub-olmamasını və ya faktiki olaraq olub-olmamasını araşdırmamışdır. Halbuki bu fakt ciddi araşdırılmalı hallardan hesab olunur. Ona görə ki, iddiaçı təqdim etdiyi iddia ərizəsində qeyd edir ki, Malların təsərrüfatdaxili- cəmiyyətdaxili yerdəyişməsi Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın 4.3-cü bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi "Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası" ilə sənədləşdirlib və hal-hazırda da sənədləşdirilir. Halbuki parakəndə satışın həyata keçirilməsi üçün har hansı obyektlərin və ya təsərrüfat subyektlərinin olmadığı halda bu mümkün olmayan haldır. Məhkəmə qeyd olunan halı araşdırmamış və iddiaçının öz etirafına əsasən malların digər ticarət obyektlərinə daşınması faktını nəzərə almamışdır. Qeyd olunan faktlar bir daha sübut edir ki, iddiaçı topdansatış fəaliyyəti ilə məşğul olmuşdur ki, bu halda da həmin anbarda iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olması qanunvericiliyə ziddir. Belə olan halda məhkəmə Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmişi "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın 5.1-ci bəndini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Yuxarıda qeyd olunan dəlilləri və arqumentləri ümumiləşdirərək cavabdeh hesab edir ki, məhkəmə inzibati mübahsiə üzrə ümumiyyətlə araşdırma aparmamış, inzibati məhkəmə icraatının prinsiplərini iş üzrə tətbiq etməmişdir. Beləliklə işin müəyyən olunmuş hallarından tam aydın olur ki, iddiaçının fəaliyyətini birmənalı şəkildə topdansatış təşkil etmişdir. Həmçinin məhkəmə Vergi Məcəlləsinin 16.1.11-7-ci maddəsini tətbiq etməklə də işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Belə ki, Vergi Məcəlləsinin 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. Məhkəmə qeyd olunan maddi hüquq normasının qüvvədən düşmüş redaksiyasına istinad etmişdir ki, bu da məhkəmənin iş üzrə tətbiq etdiyi hüquq normaları üzrə araşdırma aparmadığını və oxşar işlər üzrə şablon tətbiq etmə sxemindən istifadə etdiyini təsdiq edir. Digər tərəfdən iş üzrə topdansatış fəaliyyəti hər bir hal üzrə təsdiq olunduğu halda məhkəmə qeyd olunan maddi hüquq normasına istinad etməklə iddiaçı tərəfindən pərakəndə ticarət fəaliyyətinin həyata keçirilməsi dəlilini daha da möhkəmləndirməyə çalışmışdır. Məlumat üçün bildiririk ki, qeyd olunan maddi hüquq norması pərakəndə satışla məşğul olan vergi ödəyicilərinin elektron qaimə-faktura təqdim etməsi üzrə vəzifəsi olan halları müəyyən edir ki, bu da iş üzrə müəyyən edilməli hallara daxil deyildir. Beləliklə məhkəmə tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etməklə işin müəyyən edilməli olan faktiki hallarını kənarda qoymuş və iş üzrə müəyyən edilməli halların istiqamətini tam dəyişdirmişdir. Apellyasiya şikayətində qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndələri Nümayəndə3, Nümayəndə2, iddiaçının digər nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apeylasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi ilk növbədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 21.09.2020-ci il tarixli **********7075 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarının vergi qanunvericiliyinin tələblərinə uyğun olmayaraq qəbul edildiyini aşağıdakı kimi əsaslandırmışdır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən həmin məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququ olaraq müəyyən edilmişdir. Həmin məcəllənin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Göründüyü kimi qanunverici vergi orqanına operativ vergi nəzarətini həyata keçirmək səlahiyyətinin diskression sərhədlərini Vergi Məcəllənin 50.2-ci maddəsi ilə məhdudlaşdırmışdır. Lakin hazırkı işdə Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsasları vergi orqanı özünün 21.09.2020-ci il tarixli **********7075 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarında əsaslandırmamış, eyni zamanda məhkəmə prosesi gedişində də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bu isə iddiaçı tərəfin göstərdiyi dəlillərin əsaslı olduğunu göstərir. Bundan başqa Operativ vergi nəzarətinin qanunvericiliyin tələblərinə uyğun təyin edilməməsindən başqa, Operativ vergi nəzarətinin aparılması da qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, operativ vergi nəzarətinin mahiyəti və məqsədi Vergi Məcəlləsinin 50.1-ci maddəsi ilə müəyyən edilmişdir. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Göründüyü kimi operativ vergi nəzarətinin mahiyyəti nəzarət həyata keçirilən dövrdə vergi ödəyicisi tərəfindən yuxarıda sadalanan halların aşkar edilərək müəyyən edilməsindən ibarətdir. Vergi orqanı hazırkı iş üzrə apardığı operativ vergi nəzarətinin müddətini 22.09.2020ci tarixdən 21.10.2020-ci tarixədək bir ay müddətinə müəyyən etmiş və vergi ödəyicisinin 2020-ci il ərzində satış dövriyyəsi ilə əlaqədar araşdırmalar aparmışdır. Bu isə operativ vergi nəzarəti institutunun mahiyyəti ilə ziddiyət təkil edir. Vergi qanunvericiliyində operativ nəzarətin müddətinə məhdudiyyət qoyulmasa da, bir ay müddətinə operativ nəzarətin aparılması, həmin yoxlamanın adı ilə bərabər mahiyyəti ilə də ziddiyət təkil edir. Bununla əlaqədar birinci instansiya məhkəməsi hesab etmişdir ki, Vergi orqanın hazırkı iş üzrə bir ay ərzində operativ nəzarət formasında əldə etdiyi məlumatların əldə edilməsi üçün kameral vergi yoxlaması aparması da kifayət edərdi. Birinci instansiya məhkəməsi həmin gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, mübahisə predmeti olan yoxlamanın məqsədinin topdan satış formasında həyata keçirilməli olan satışın pərakəndə satış formasında həyata keçirilməsinin müəyyən olunması kimi qəbul edilsə belə, yoxlama dövründə vergi ödəyicisinin malları kimə və hansı formada satmasına nəzarət etməli olduğu halda, nəzarət aparan orqan bir ay müddətində malların kimə satılması ilə maraqlanmamış, həmin şəxslərin müəyyən olunması ilə bağlı tədbir görməmiş, operativ vergi nəzarəti formasının müəyyən etməli olduğu hallarla məşgul olmamışdır. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh vegri orqanı yoxlamanı qanunsuz təyin etmiş, yoxlama zamanı araşdırmalı olduğu halları araşdırmayaraq, qanunvericiliyin tələblərinə uyğun olmayan yoxlama keçirimiş və eyni zamanda müəyyən etdiyi halları düzgün qiymətləndirməyərək əsassız qərar qəbul etmişdir. Qərarın əsassızlığı ilə bağlı birinci instansiya məhkəməsi göstərmişdir ki, vergi orqanı qeyd edir ki, operativ vergi yoxlaması zamanı iddiaçı ümumi dəyəri 7732508,09 manat məbləğində malların elektron qaimə-faktura təqdim etmədən satışının olması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən qanun pozuntusuna yol verildiyi üçün barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10.12.2020-ci il tarixli **********4013 nömrəli qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vergi orqanının gəldiyi bu nəticə də əsaslı hesab edilə bilməz. Vergi orqanının iddiaçıya maliyyə sanksiyası tətbiq etməsinin hüquqi əsasını Vergi Məcəlləsinin 58.13-cü maddəsi təşkil edir. Həmin normaya əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi orqanı hesab etmişdir ki, vergi ödəyicisi elektron qaimə-faktura təqdim edilməli olduğu halda, malları elektron qaimə-faktura vermədən təqdim etmişdir. Halbuki, vergi orqanı vergi ödəyicisinin elektron qaimə-faktura təqdim edilməli olduğu halı düzgün müəyyən etməmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdi ki, iddiaçı vergi ödəyicisi fəaliyyət sahəsi olaraq ixtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı kimi vergi orqanında qeydiyyatdan keçmiş, eyni zamanda 18.12.2018-ci il tarixdə fəaliyyət göstərdiyi təsərrüfat subyektində nəzarət kassa aparatı qeydiyyata alınmışdır. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin məcəllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin məcəllənin 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək vergi ödəyicisinin vəzfəsi olaraq müəyyən edilmişdir. Göründüyü kimi pərakəndə ticarət fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək vergi ödəyicisinin vəzfəsi olaraq müəyyən edilmişdir. İddiaçı isə pərakəndə ticarət fəaliyyəti ilə məşgul olacağı ilə bağlı qeydiyyatdan keçmişdir. Eyni zamanda maliyyə sanksiyası tətbiq olunmuş dövriyyə ilə bağlı iddiaçıdan elektron vergi hesab-faktura tələb edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh inzibati orqan isə iddiaçının topdansatış fəalyyəti ilə məşgul olmasına dair sübut təqdim edə bilməmişdir. Cavabdeh inzibati orqan operativ vergi yoxlaması zamanı iddiaçının fəliyyəti üzrə ümumi dəyəri 7732508,09 manat məbləğində malların elektron qaimə-faktura təqdim etmədən satışının olmasını topdan satış kimi qiymətləndirmiş, lakin bu qiymətləndirmənin hüquqi əsasını göstərə bilməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etməklə apellyasiya şikayətinin dəlillərini aşağıda göstərilənlərə görə əssasız hesab edir. Cavabdeh apellyasiya şikayətinin dəlillərindən biri kimi qeyd etmişdir ki, iddiaçı yoxlama zamanı təqdim etdiyi və iş materiallarında mövcud olan 21.10.2020-ci il tarixli izahatında (izahatın 1-ci səhifəsinin 2-ci abzasında) suala cavab olaraq bildirir ki, İddiaçı qida məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olmaqdadır. Cavabdeh apellyasiya şikayətində həmin izahata istinad edərək iddiaçının topdansatış fəliyyəti ilə məşğul olmasını işin mübahisəsiz halı kimi qiymətləndirmişdir. Lakin bununla əlaqədar iddiaçının baş mühasibi olan Nümayəndə2 həmin izahatının tam məzmununa hüquqi qiymət verilməmişdir. Belı ki, o həmin izahatında həmçinin aşağıdakıları qeyd etmişdir: “... İlk olaraq anbarımızın yerləşdiyi ünvan nisbətən şəhərdən uzaq məsafədə yerləşdiyindən alıcılar bəzi hallarda uzun müddətli ehtiyaclarını təmin etmək və nəqliyyat xərclərini azaltmaq məqsədi ilə nisbətən yüksək miqdarda almaqdadırlar. Bizdən iri məbləğdə pərakəndə alış-veriş edən müştərilərdən VÖEN tələb etdikdə, onlar vergi orqanında uçotda olmadıqlarını deyirlər, belə olduğu halda onların vergi orqanında uçota alınmalarında səlahiyyətimiz olmadığı üçün və eyni zamanda qanunvericilikdə pərakəndə satış üçün hər hansı bir həd məbləği müəyyən olunmadığı uçün istədiyi qədər malı ona satırıq ...” (1-ci cild i/v 143) Qeyd olunanlardan göründüyü kimi, həmin izahat Vergi Məcəlləsinin yuxarıda istinad olunmuş 16.1.11-7 ci maddəsinin tələblərinə uyğun olduğundan, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir. Bundan əlavə, cavabdeh apellyasiya şikayətinin dəlillərindən biri kimi aşağıdakıları qeyd etmişdir: “... İddiaçının yoxlama həyata keçirilən ünvanda qeydiyyata aldığı obyekt yalnız anbardan ibarət olmuşdur ki, məhkəmə bu hala da diqqət etməmiş və iddiaçının pərakəndə satış üçün mağazalarının qeydiyyatda olub-olmamasını və ya faktiki olaraq olub-olmamasını araşdırmamışdır. Halbuki bu fakt ciddi araşdırılmalı hallardan hesab olunur. Ona görə ki, iddiaçı təqdim etdiyi iddia ərizəsində qeyd edir ki, malların təsərrüfatdaxili-cəmiyyətdaxili yerdəyişməsi Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası"nın 4.3-cü bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi "Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası" ilə sənədləşdirlib və hal-hazırda da sənədləşdirilir. Halbuki parakəndə satışın həyata keçirilməsi üçün har hansı obyektlərin və ya təsərrüfat subyektlərinin olmadığı halda bu mümkün olmayan haldır...” Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlilini də əsassız hesab edir. Belə ki, iddiaçının fəaliyyət növünün ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışdan ibarət olması hazırki işin mübahisəsiz halıdır. Həmin fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar iddiaçıya məxsus anbarın inzibati ərazisində, anbardan kənarda ayrıca təcrid olunmuş, xüsusi avadanlıqla təchiz edilmiş, kassa aparatı ilə təmin olunmuş mağazanın mövcud olması iş materiallarında olan foto-şəkillərlə (2-ci cild,i/v 159-167) və işin faktiki halları ilə təsdiq olunur. Qeyd olunan anbardan malların iddaçıya məxsus yeganə mağazaya daşınması isə iddiaçının təqdim etdiyi mallalrın təsərrüfatdaxili yerdəyişməsini əks etdirən qaimə - fakturalarla təsdiq olunur (2-ci cild, i/v 1-91). Yuxarıda qeyd olunanlardan göründüyü kimi müəssisənin daxilində malın anbardan mağazaya verilməsi ilə əlaqədar müvafiq yerdəyişmə qaimə-fakturalarının tərtibi işin araşdırılmış hallarına əsasən müəyyən olunur və bu “Pərakəndə ticarət faliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirin və xərclərin uçotunun aparılması Qaydası” nın 4.3-cü bəndinin tələblərinə uyğundur. Belə ki, həmin bəndə əsasən pərakəndə ticarət fəliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. Bundan əlavə cavabdeh operativ vergi yoxlamasının nəticəsi olaraq iddiaçıya məxsus anbardan malların hər hansı kənar mağazaya daşınması ilə əlaqədar sübut təqdim etməmişdir. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh operativ vergi nəzarəti formasının müəyyən etməli olduğu hallarla məşğul olmamışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin Vergi Məcəlləsini 16.1.11-7-ci maddəsinin qüvvədən düşmüş redaksiyasına istinad etməsinə dair cavabdehin apellyasiya şikayətinin də dəlilini əssasız hesab edir. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin 19.10.2021-ci il tarixli, 2-1(118)-611/2021 saylı qərardadı ilə qeyd olunan yanlışlıq aradan qaldırılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(118)-611/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar