Məhkəmə qərarları › İş №2-1(105)-109/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-109/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-109/2023 01.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2-1(118)-869/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən 30 iyun 2021-ci il tarixli 0530003AAGPW nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən iddiaçı son 1 il ərzində - 08 fevral 2021-ci il, 14 aprel 2021ci il, 03 iyun 2021-ci il, 30 iyun 2021-ci il tarixlərində “Aşağı ətraf travmalarının nəticələri” xəstəliyi ilə ambulator müayinədə, 10 fevral 2021-ci il tarixdən 20 fevral 2021-ci il tarixədək Sumqayıt Şəhər Təcili X5, 16 mart 2021-ci il tarixində Bakı ET Travmatologiya və Ortopediya İnstitutunda stasionar müalicədə olmuşdur. TSEK-ə göndəriş zamanı əsas diaqnoz “T93 Aşağı ətraf travmalarının nəticələri, Sol diz qapağının bitişmiş sınığı. Cərrahi əməliyyatdan sonrakı vəziyyət” qoyulmuş, ağırlaşmalar “R26 Hərəkətin və yerişin pozulmaları. Sol aşağı ətrafda yerişin pozulması”, “M86.6 Digər xroniki osteomielit, sol diz qapağının xroniki osteomieliti. (Et Travmatologiya və Ortopediya İns)”, “M62.5. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sol bud və baldır əzələlərinin hipotrofiyası”, “M24.5. Oynaqların kontrakurası, Sol diz oynağının postravmatik artrozu və kontrakturası. Diz oynağında bükmə 110 dərəcə, açma 160 dərəcə (Et Travmatologiya və Ortopediya İns)”, yanaşı xəstəliklər isə “D50 Dəmir defisitli anemiya”, “F48.0. Nevrasteniya, Asteno nevrotik sindrom” kimi müəyyən edilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən rəsmiləşdirilən 30 iyun 2021-ci il tarixli 0530003AAGPW nömrəli göndəriş cavabdeh tərəfindən 12 iyul 2021-ci il tarixdə qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması - Səbəb: 2004-cü ildən xəstə olmasına baxmayaraq müraciətləri və müalicələri barəsində məlumat yoxdur” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci ildən əlillik dərəcəsi və pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, ona xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 1971-ci ildə anadan olmuşdur. xx.xx.2005-ci ildən 2 saylı Sumqayıt şəhər Poliklinikasında T93 kodlu “Aşağı ətraf travmalarının nəticələri “Sol diz qapağının bitmiş sınığı. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sol diz oynağının posttravmatik artrozu və kontrakturası. Diz oynağında bükmə 110 dərəcə, açma 160 dərəcə. Sol bud və baldır əzələlərinin hiportrofıyası” diaqnozu ilə qeydiyyatdadır. Həmin xəstəliklə əlaqədar olaraq ona 2004-cü ildən 2-ci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu əlilliyin qiymətlənməsi 2021-ci ilin aprel ayının 14-də keçirilməli idi. “Aşağı ətraf travmalarının nəticələri” diaqnozu ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə həkim müayinəsindən keçmişdir. Stasionar şəraitdə xx.xx.2021-ci il tarixində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda və xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə Sumqayıt şəhər Təcili X5, Tibbi-Sosial Yardım Xəstəxanasında müalicə olunmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının 0530003AAGF6 və 053003AGPW saylı göndərişlə əlillik təyin olunması üçün sənədləri Agentliyə təqdim olunmuşdur. Lakin, Agentlik tərəfindən əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Hesab edir ki, imtina əsassızdır. Qeyd edir ki, 2005-ci ildən yuxarıda qeyd edilən xəstəliyin daşıyıcısıdır və həmin xəstəliyə görə ona 2005-ci ildən əlillik təyin edilmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 3 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80- S89-Diz və baldırın travmaları => S83-Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...; Diaqnozun mətni: Dizin sınığı, sol diz qapağının bitişmiş köhnə sınığı, xr osteomieliti. Sol diz oynağının deformasiyaedici və kontrakturası. Sol aşağı ətrafın funksiya pozğunluğu; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: 2.2.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89- Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olmuş; diaqnozun mətni: Dizin sınığı, sol diz qapağının bitişmiş köhnə sınığı, xroniki osteomieliti; sol diz oynağının deformasiyaedici və kontrakturası. Sol aşağı ətrafın funksiya pozğunluğu; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.”səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı ıi tarixli göndəriş əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X3: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S82 - baldır sümüklərinin smığı, aşıq-baldır oynağı da daxil olma; Diaqnozun mətni: Dizin sınığı, sol diz qapağının bitişmiş köhnə sınığı, xr osteomieliti. Sol diz oynağının deformasiyaedici və kontrakturası. Sol aşağı ətrafın funksiya pozğunluğu; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0530003AAF7V saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T98-Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri =>T93- Aşağı ...; Diaqnozun mətni: Aşağı ətraf travmalarının nəticələri, Sol diz qapağının bitişmiş sınığı. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Oynaqların kontrakurası, Sol diz oynağının postravmatik artrozu və kontrakturası. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Hərəkətin və yerişin pozulmaları. Sol bud və baldır əzələlərinin hipotrofiyası; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi:Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0530003AAPGW saylı göndərişi əsasında baxılmış və X2: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98-Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri =>T93- Aşağı ...; Diaqnozun mətni: T93 Aşağı ətraf travmalarının nəticələri, Sol diz qapağının bitişmiş sınığı. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları. Sol aşağı ətrafda yerişin pozulması. Ağırlaşma M86.6 Digər xroniki osteomielit, sol diz qapağının xroniki osteomieliti. (Et Travmatologiya və Ortopediya İns) Ağırlaşma M62.5. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sol bud və baldır əzələlərinin hipotrofiyası. Ağırlaşma M24.5. Oynaqların kontrakurası, Sol diz oynağının postravmatik artrozu və kontrakturası. Diz oynağında bükmə 110 dərəcə, açma 160 dərəcə (Et Travmatologiya və Ortopediya İns). Yanaşı xəstəliklər D50 Dəmir defisitli anemiya. Yanaşı xəstəliklər F48.0. Nevrasteniya, Asteno nevrotik sindrom.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: 2004-cü ildən xəstə olmasına baxmayaraq müraciətləri və müalicələri barəsində məlumat yoxdur” səbəbi ilə imtina verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2-1(118)-869/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçıya xx.xx.2021-ci il il tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim V.Əzizova). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının Forma 88 arayışından görünür ki, iddiaçının müayinəsi diaqnozu təsdiqləməmişdir. Belə ki, iddiaçının köməkçi diaqnostik müayinələrində “Sol diz oynağının 2 proyeksiyalı R-da oynaq yarığı daralmışdır, oynaq deformasiyalıdır, diz qapağı postravmatik deformasiyalıdır., sklerotikdir. Subxondral skleroz, kobud osteofitlər”, travmotoloqun rəyində “93 Aşağı ətraf travmalarının nəticələri, Sol diz qapağının bitişmiş sınığı. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sol diz oynağının postravmatik artrozu və kontrakturası. Diz ağında bükmə 110 dərəcə, açma 160 dərəcə. Sol bud və baldır əzələlərinin hipotrofiyası. (Et Travmatologiya və Ortopediya ins)” qeyd olunmuşdur. Bundan əlavə, iddiaçı 2004-2021-ci il illər ərzində həmin xəstəlik ilə bağlı müayinə və müalicədə olmamışdır. Bu səbəblərdən də, iddiaçıya “Göndərişin natamam doldurulması – Səbəb: 2004-cü ildən xəstə olmasına baxmayaraq müraciətləri və müalicələri barəsində qeyd yoxdur” səbəbi ilə imtina verilmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasında göstərilən normaların məzmunundan göründüyü kimi, ikinci dərəcəli əlillik aşağıdakı üç haldan biri olduqda müddətsiz təyin edilir: - Tibbi göstəriş olan xüsusi hallarda; - İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda; - Əlillik dərəcəsindən asılı olmayaraq “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatdıqda. Göstərilən maddi hüquq normasında əlilliyin müddətsiz verilməsi halları qeyd edilir və məhkəmə məhz qanunda göstərilən ikinci, yəni ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin olunduğu hala istinad edərək iddia tələbini təmin etmişdir. İddiaçı ikinci dərəcə əlilliyin 10 il fasiləsiz olaraq təyin olunduğunu qeyd edərək ona ikinci dərəcəli əlilliyin tibbi komissiyasının göndərişi olmadan müddətsiz müəyyən olunmasını xahiş etmiş və Sumqayıt İnzibati Məhkəməsi də, iddia tələbini təmin edərək, maddi və prosessual hüquq normalarını pozmuşdur. Yuxarıda qeyd olunan normanın məzmununa əsasən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunması üçün əlilliyin mövcudluğu labüddür. Belə ki, norma, ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasının göstərişini verir. Lakin, iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək ümumi xəstəlik səbəbi ilə Forma 88 arayışı əsasında ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçının 2021-ci il tarixdə olan müraciətlərinə isə Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: 2004-cü ildən xəstə olmasına baxmayaraq müraciətləri və müalicələri barəsində qeyd yoxdur" səbəbi ilə imtina verilmişdir. Bununla yanaşı, analoji bir işdə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-912/2022 nömrəli qərarında da (31, 33-cü bəndlər) əlilliyin müddətsiz müəyyən olunması üçün növbəti müayinənin labüdlüyü qeyd olunmuşdur. Analoji bir işdə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1561/2022 nömrəli qərarında da (35-ci bənd) əlilliyin təyin olunması üçün şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə, 6 (altı) aydan çox ambulator və ya stasionar müalicə müddətinin gözlənilməli olduğu qeyd olunmuşdur. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Sumqayıt İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etdi ki, 2005-ci ildən ona əmək pensiyası təyin edilmişdir. 2015-ci il tarixinədək hər il tibbi sosial ekspert komissiyasında müayinədən keçmişdir. Həmin tarixdən sonra 3 dəfə göndəriş verilib, lakin hər dəfə ona imtina cavabı verilmişdir. Xəstəliyinə görə müalicə və müayinə olunmuş, lakin bununla bağlı sənəd almamışdır. İddiaçı şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. (-). Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1-ci bənd.“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bənd. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları” na əsasən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7-ci bənd. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “İnzibati icraat haqqında” Qanun: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya ilk dəfə 2004-cü ildə əlillik təyin edilmiş və hər il bir il müddətinə uzadılmış, sonuncu dəfə 2016-cı ildə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçıya sonuncu dəfə verilmiş Forma 88 göndərişin natamam doldurulması, müalicələri və müayinələri barəsində məlumatların tam olmaması səbəbi ilə əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyində də iddiaçıya təyin edilmiş diaqnoz öz təsdiqini tapmış, lakin diaqnozun əlilliyin təyin edilməsi üçün əsas olmaması göstərilmişdir. Qanunvericilikdə ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il müddətinə təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün “Forma 88”–in tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. Cavabdeh imtina cavabında və etirazında əlilliyin müddətsiz müəyyən edilməsi üçün tibb müəssisəsi tərəfindən göndərişin natamam olmasına istinad etmişdir. Halbuki, cavabdehin bu dəlili hər hansı normativ sənədlə təsdiq olunmur. Bununla bağlı cavabdehin dəlili əsaslı sayıla bilməz. Belə ki, ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan TSEK-in arayışlarından, eləcə də TSEK-in müayinə aktlarından çıxarışlardan görünür ki: - İddiaçı ilk dəfə xx.xx.2006-cı il tarixində TSEK-də müayinədən keçmiş və ona “Dizin sınığı, sol diz qapağının bitişmiş köhnə sınığı, xr osteomieliti. Sol diz oynağının deformasiyaedici və kontrakturası. Sol aşağı ətrafın funksiya pozğunluğu” diaqnozu ilə ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra əlillik hər dəfə 1 il müddətinə olmaqla 2016-cı il tarixədək, 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə iddiaçı barəsində Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən 15 aprel 2021-ci il tarixli 0530003AAF7V nömrəli göndəriş rəsmiləşdirilmiş, cavabdeh tərəfindən qeyd edilən göndərişlər qiymətləndirilmiş, “Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya barədə qərar qəbul edilmişdir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı barəsində 4 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən 30 iyun 2021-ci il tarixli 0530003AAGPW nömrəli göndəriş rəsmiləşdirilmiş, cavabdeh tərəfindən qeyd edilən göndərişlər qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması - Səbəb: 2004-cü ildən xəstə olmasına baxmayaraq müraciətləri və müalicələri barəsində məlumat yoxdur” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilən cavabdehin xx.xx.2021-ci il tarixli, **********3 nömrəli protokol qərarına əsasən protokola əlavə olunmuş siyahıda adları qeyd edilmiş şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə və Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı Qərarına uyğun olaraq 6 nəfər tam reabilitasiya, 5 nəfərə diaqnoz əlillik əlaməti təyin etmir, 13 nəfərə İİ dərəcə, 13 nəfərə İİİ dərəcə əlillik barədə qərar qəbul edilmişdir. Qərara əlavə edilmiş siyahının 24-cü bəndindən görünür ki, İddiaçı barəsində əyani müayinə nəticəsində imtinanın səbəbi “Tam reabilitasiya” müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PAB” PHŞ tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli T 233/2022 nömrəli ekspert rəyindən görünür ki, iddiaçının əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişində qeyd edilən “Aşağı ətraf travmalarının nəticələri, Sol diz qapağının bitişmiş sınığı. Cərrahi əməliyyatdan sonrakı vəziyyət” ağırlaşma “R26 Hərəkətin və yerişin pozulmaları. Sol aşağı ətrafda oynaqların kontrakturası, Sol diz oynağının postravmatik artrozu və kontrakturası, əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sol bud və baldır əzələlərinin hipotrofiyası” diaqnozu nəzərə alınmaqla, əyani müayinədə aşkar olunan patofunksional dəyişikliklər əlillik əlaməti təyin etmədiyindən iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün deyil. Qeyd olunan ekspert rəyinə münasibətdə kollegiya qeyd etməyi zəruri hesab edir ki, ekspertin müstəqilliyi, onun məhkəmə ekspertizasını təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığının olmaması ekspertiza aparılmasının mühüm prinsiplərinə aiddir. Halbuki, ekspert rəyindən görünür ki, təyin olunmuş ekspertiza təkcə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin məhkəmə-tibb eksperti tərəfindən deyil, həmçinin, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspertinin iştirakı ilə həyata keçirilmişdir. Bununla da rəyin verilməsində işin nəticəsində maraqlı olan şəxsin mövqeyinin nümayiş olunduğu göstərilir. Belə ki, ekspertiza aparılmasında cavabdehin nümayəndəsinin iştirakı və rəyi imzalaması prosessual qanunvericiliyin tələblərinin pozulmasıdır. Bu baxımdan, həmin ekspert rəyi iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Eləcə də, ekspertiza nəticəsində iddiaçıda aşkar olunan xəstəliklərin əlillik əlaməti təyin etməməsi nəticəsinə gəlinsə də, hazırda cavabdeh tərəfindən qeyd olunan hal mübahisələndirilmir. Belə ki, cavabdehin imtina məktubu, etiraz və apellyasiya şikayətinin yeganə dəlili müalicə və müayinə müddətinin yetərli olmamasıdır. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”-nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Həmin Qaydaların 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Belə olan halda isə, cavabdehin müalicə müddətinin yetərli olmaması əsası ilə iddiaçıya təkrar əlillik təyinindən imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş 30 iyun 2021-ci il tarixli 0530003AAGPW nömrəli göndərişdə (Forma 88) qeyd edilən əsas xəstəliyin ağırlaşması və yanaşı xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, əlilliyin təyin edilməsinə əsas verir. Belə ki, qeyd edilən Əsasnamənin: - 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6,M25.6,M67.1,M99.0); (-) 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). - 2.4-cü bəndinə əsasən tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); - 2.5-ci bəndinə əsasən tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.1. bir əldə üç barmağın olmaması, onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası(Q71.3, Q74, M20.0, M24.5, Z89.0); (-). Beləliklə, müəyyən edilir ki, 30 iyun 2021-ci il tarixli 0530003AAGPW Forma 88 göndərişdəki əsas xəstəliyin ağırlaşması M24.5 kodlu xəstəlik Əsasnaməyə əsasən, iddiaçıya üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsinə, F48 kodlu yanaşı xəstəlik isə həm, üçüncü dərəcə əlilliyin təyin edilməsinə, həm də ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmiş və sözügedən xəstəliklər X1 da daxil edilmişdir. Bundan əlavə işdən görünür ki, iddiaçıya ilk dəfə 2006-cı ildən ikinci dərəcəli əlillik təyin edilmiş və 2021-ci il tarixədək fasiləsiz olaraq 10 ildən artıq müddətdə əlillik müddəti uzadılmışdır. Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2-1(118)-869/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar