Məhkəmə qərarları › İş №2-1(105)-109/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-109/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-109/2024 14.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)- 575/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Quba rayon X4 06 iyun 1993-cü il tarixli, 06 nömrəli iclas qərarına əsasən Quba şəhərində vətəndaşlara fərdi yaşayış evinin inşası məqsədilə veriləcək torpaq sahələrinin ölçüsü hər bir vətəndaşa münasibətdə 0,05 ha müəyyən edilmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının 27 oktyabr 1994-cü il tarixli, 06 nömrəli iclas protokoluna əsasən gündəliyə daxil edilmiş 3 məsələdən 1-cisi “Quba şəhərində fərdi yaşayış evinin inşası üçün torpaq sahəsi almaq üçün növbədə dayanan vətəndaşlara torpaq sahəsi ayrılması” olmuş, həmin məsələ ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 1994-cü il tarixli, 300 nömrəli qərarına əsasən Quba şəhərində vətəndaşlara verilməsi üçün şəhərin cənub hissəsində “Dəvədabanı” adlı sahədən 121,0 ha torpaq sahəsi ayrıldığı qeyd edilmişdir. Qeyd olunan məqsədlə torpaq sahəsi almaq üçün növbədə dayanan vətəndaşlara torpaq sahəsi verilməsi məqsədəmüvafiq hesab edilmiş, həmin vətəndaşların siyahısının 73-cü bəndində İddiaçı adı qeyd edilmişdir. Quba RİHB-nin Quba şəhəri üzrə nümayəndəsinin 28 oktyabr 1994-cü il tarixli, 61 nömrəli sərəncamına əsasən Quba RİHB-nin Quba şəhər nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının 27 oktyabr 1994-cü il tarixli, 06 nömrəli protokolunun təsdiq edilməsi qərara alınmışdır. İddiaçı 29 iyul 2022-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Quba şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh 15 avqust 2022-ci il tarixli, **********17 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan 0,05 ha torpaq sahəsi Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1994-cü il tarixli, 61 nömrəli sərəncamı əsasında ayrılmışdır. Quba şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsinin torpaqayırma səlahiyyəti yoxdur. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisləndirilən 0,05 ha torpaq sahəsi Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 28 oktyabr 1994-cü il tarixli, 61 nömrəli sərəncamına əsasən iddiaçıya məxsusdur. Quba bələdiyyəsi tərəfindən verilmiş qəbzlərdən və arayışlardan da görünür ki, iddiaçı 1994-2022-ci illər ərzində torpaq və əmlak vergisini ödəmişdir. Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə ilə cavab orqana müraciət etmişdir. Lakin, cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatlar Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Bundan başqa, torpaq sahəsinin ayrılmasına dair sənəd, yerləşdiyini əks etdirən sxem təqdim edilməmişdir. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)-575/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim L.Mirzəyeva) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Quba rayon XDS-nin 27 oktyabr 1994cü il tarixli qərarı ilə vətəndaşlara torpaq sahəsi ayrılması üçün komissiya təşkil edilməsi qərara alınmış və RİHB-nin Quba şəhəri üzrə nümayəndəsinin 28 oktyabr 1994-cü il tarixli sərəncamı ilə iddiaçıya torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi XDS-nin qərarı ilə şəhər üzrə nümayəndəliyə vətəndaşlara torpaq sahəsi ayırmaq səlahiyyəti vermişdir və sonuncu da ona verilmiş bu səlahiyyətindən istifadə edərək, qeyd olunan torpaq sahəsini iddiaçıya ayırmışdır. Odur ki, torpaq sahəsinin səlahiyyəti olmayan şəxs tərəfindən ayrılması barədə cavabdehin imtina məktubunda göstərdiyi dəlil tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər kommunikasiya xətlərinin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün olmamış, ərizəyə dair texniki hissəyə heç bir münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən mülkiyyət hüququ müəyyən edilmiş daşınmaz əmlakla bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, tərəflərindən torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi halı müəyyən edilməmişdir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi Quba rayon XDS-nin 27 oktyabr 1994-cü il tarixli qərarı ilə nümayəndəliyə vətəndaşlara torpaq sahəsi ayırmaq səlahiyyətinin verildiyini, sonuncunun da ona verilmiş bu səlahiyyətindən istifadə edərək mübahisəli torpaq sahəsini iddiaçıya ayırması əsası ilə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsi sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, dövlətin üzərinə mülkiyyət hüququnun təmini məqsədilə həm neqativ, həm də pozitiv öhdəliklər qoyulub. Pozitiv öhdəliklər bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən mülkiyyət hüququnun effektiv reallaşdırılmasını təmin edən hüquqi rejimin müəyyən edilməsini əhatə edir. Hazırki mübahisə baxımından iş üzrə əhəmiyyətli olan hal, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa əsas təşkil edə biləcək hüquq müəyyənedici sənədə malik olub-olmaması ilə bağlıdır. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin yeganə əsası torpaq sahəsinin iddiaçıya səlahiyyəti olmayan şəxs - icra hakimiyyəti başçısının nümayəndəsi tərəfindən ayrılmasıdır. Yəni, cavabdeh Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 28 oktyabr 1994-cü il tarixli, 61 nömrəli sərəncamını hüquq müəyyənedici sənəd və müvafiq olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri kimi qəbul etməmişdir. Kollegiya cavabdehin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, işdəki sübutların məcmusu, onların məqsəd və məzmununun birgə dəyərləndirilməsi belə qənaətə gəlməyə əsas verir ki, Quba rayon İHB-nin Quba şəhəri üzrə nümayəndəsinin 28 oktyabr 1994-cü il tarixli, 61 nömrəli sərəncamı torpaq sahəsinin ayrılmasını təsdiq edən hüquq müəyyənedici sənəd kimi qəbul edilməlidir. Belə ki, həm birinci instansiya məhkəməsinin, həm də məhkəmə kollegiyasının sorğusuna cavab olaraq X8 Filialı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 1994-cü il tarixli, 300 nömrəli qərarı ilə Quba şəhərində vətəndaşlara verilməsi üçün şəhərin cənub hissəsində “Dəvədabanı” adlı sahədən 121,0 ha torpaq sahəsi ayrılmış, Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 28 oktyabr 1994-cü il tarixli, 61 nömrəli sərəncamı da məhz AR Nazirlər Kabinetinin 13 avqust 1994-cü il tarixli, 300 nömrəli qərarının icrası qaydasında qəbul edilmişdir. Belə ki, Quba RİHB-nin Quba şəhəri üzrə nümayəndəliyinin torpaq bölüşdürmə komissiyasının 27 oktyabr 1994-cü il tarixli, 06 nömrəli iclas protokolu ilə torpaq sahəsi almaq üçün İcra Hakimiyyətində növbədə dayanan bir sıra vətəndaşlara, o cümlədən, hazırki iş üzrə iddiaçıya torpaq sahəsi verilməsi məqsədəmüvafiq hesab edilmiş, daha sonra nümayəndəliyin 28 oktyabr 1994-cü il tarixli, 61 nömrəli sərəncamı ilə nümayəndəlikdə fəaliyyət göstərən torpaq bölüşdürmə komissiyasının 27 oktyabr 1994-cü il tarixli iclas protokolu təsdiq edilmişdir. Həmçinin, Quba rayon X4 06 iyun 1993-cü il tarixli, 06 nömrəli qərarı ilə vətəndaşlara veriləcək torpaq sahələrinin ölçüsü müəyyən edilməklə, hər bir vətəndaşa münasibətdə 0,05 ha göstərilmişdir. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi iddiaçıya Quba RİHB-nin Quba şəhəri üzrə nümayəndəsinin 28 oktyabr 1994-cü il tarixli, 61 nömrəli sərəncamına əsasən ayrılmışdır. Nəzərə almaq lazımdır ki, açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından qiymətləndirilərkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da dəyərləndirmə aparılmalıdır. Bu mənada, hazırki işin halları baxımından aydındır ki, Quba rayon İHB-nin Quba şəhəri üzrə nümayəndəsinin 28 oktyabr 1994-cü il tarixli, 61 nömrəli sərəncamı xüsusi məqsədin təmin edilməsinə yönəlmiş inzibati akt olmuşdur. Çünki, həmin qərar məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 1994-cü il tarixli, 300 nömrəli qərarının icrası qaydasında qəbul edilmişdir. Qeyd edilən qərarla isə yuxarıda da göstərildiyi kimi, fərdi yaşayış evlərinin tikintisini təmin etmək üçün vətəndaşlara Quba şəhərinin “Dəvədabanı” yaşayış massivindən 121,0 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Eləcə də, XDS-nin 06 iyun 1993-cü il tarixli, 06 nömrəli qərarı ilə hər bir vətəndaşa münasibətdə ayrılacaq torpaq sahəsinin ölçüsü 0,05 ha müəyyən edilmişdir. İddiaçı da hazırda faktiki istifadəsində olan məhz 0,05 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə aldırmaq niyyətindədir. Beləliklə, məhkəmə kollegiyası işdəki sənədlərin məcmusunu, o cümlədən, inzibati aktın məqsəd ünsürünü nəzərə almaqla, hesab edir ki, Quba rayon İHB-nin Quba şəhəri üzrə nümayəndəsinin 28 oktyabr 1994-cü il tarixli, 61 nömrəli sərəncamını iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair hüquq müəyyənedici sənəddir. Etirazın qeyd edilən dəlili ilə bağlı kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2004-cü il tarixədək – 1994-cü ildə əldə edildiyindən hazırkı mübahisəyə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı tətbiq edilməlidir. Həmin Siyahının: 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edir. İstinad olunan normadan göründüyü kimi yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ siyahının 2.7-ci bəndində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 28 oktyabr 1994-cü il tarixli, 61 nömrəli sərəncamına əsaslanır. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, torpaq sahəsinin iddiaçıya səlahiyyəti olmayan şəxs tərəfindən ayrılması ilə bağlı dəlili əsassızdır. Məhkəmə kollegiyası cavabdehin torpaq sahəsinə dair texniki hissəyə heç bir münasibət bildirilməməsi dəlilini də əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən 13 iyul 2023-cü il tarixli məktubla təqdim edilmiş müayinə aktından görünür ki, “X3 X5” nin (TEKİUS) məlumatlarına əsasən mübahisəli torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına və bələdiyyə mülkiyyətinə aiddir. Torpaq sahəsi hər tərəfdən mişar daş hasar ilə qapalıdır, sahədə 2 mərtəbəli fərdi yaşayış evi yerləşir. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında tərəflərindən torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsi halının müəyyən edilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)-575/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar