Məhkəmə qərarları › İş №2-1(105)-109/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-109/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-109/2025 09.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və X2 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “02 aprel 1993-cü il tarixdən 01 oktyabr 2004-cü il tarixədək Sumqayıt Çoxsahəli Məişət Xidməti idarəsinin Sumqayıt Paltarların Kimyəvi Təmizlənməsi və Boyanması fabrikində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2- 1(118)-2978/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 02 aprel 1993-cü il tarixdən 01 oktyabr 2004-cü il tarixədək Sumqayıt Çoxsahəli Məişət Xidməti idarəsinin Sumqayıt Paltarların Kimyəvi Təmizlənməsi və Boyanması fabrikində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək xx.xx.2023-cü il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. 63 yaşı tamam olanda iddiaçıya müvafiq icra hakimiyəti orqanı tərəfindən yaşa görə sosial müavinət təyin edilmişdir. Uzun illər müxtəlif idarələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bunu təsdiq edən sənəd də əmək kitabçasıdır. Əmək kitabçasını da əlavə edərək ona pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh imtina məktubu ilə müvafiq qaydada pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçının 2006-cı il yanvar ayının 1-dək 25 il sığorta stajı vardır. Cavabdeh imtinada sığorta stajının 14 il 10 ay 23 gün olduğunu qeyd etmiş və imtinasını onunla əsaslandırmışdır ki, əmək kitabçasında qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1995-ci il bazar günü olduğundan və işdən çıxma zamanı əmr nömrəsi qeyd edilmədiyindən) həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. İddiaçı bu imtinanı tamamilə əsassız hesab edir. Belə ki, işlədiyi müəssisə dəmir yoluna xidmət etdiyinə görə istirahət günlərində də iş günü olmuşdur. Həmçinin cavabdehin istinad etdiyi normativ-hüquqi akt xx.xx.1996-cı il tarixdə, iddiaçının işə qəbul olduğu tarixdən sonra qəbul edilmişdir. Ən əsası isə həmin normativ aktda bazar günü, istirahət günü işə qəbul üçün hər hansı bir məhdudiyyət nəzərdə tutulmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı əmək kitabçasına və digər sənədlərinin surətlərinə əsasən onun sığorta stajı 14 il 10 ay 23 gün olduğundan onun müraciətinin müsbət həlli mümkün olmamışdır. Təqdim edilən sənədlərə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən İddiaçı sığorta stajı 14 il 10 ay 23 gün təşkil edir. Həmçinin iddiaçının diplomunun surətinə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək olan təhsil dövrü əmək fəaliyyəti ilə üst-üstə düşdüyündən sığorta stajına əmək fəaliyyəti dövrü daxil edilmişdir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, pensiya təyinatının aparılmasına imkan verməyən mübahisəli sığorta stajı aşağıdakı illərdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1995-ci il bazar günü olduğundan və işdən çıxma zamanı əmr nömrəsi qeyd edilmədiyindən) qeyd olunan dövrün İddiaçı sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdən proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmişdir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1960-cı il təvəllüdlüdür. Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Sumqayıt Çoxsahəli Məişət Xidməti” İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən Sumqayıt Çoxsahəli Məişət Xidməti Müəssisəsi xx.xx.1994-cü il tarixdə 10228 nömrə ilə dövlət qeydiyyatına alınmış və halhazırda fəaliyyəti aktivdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, 1992-2002-ci illərdə Sumqayıt Çoxsahəli Məişət Xidməti İdarəsinin Sumqayıt Paltarların Kimyəvi Təmizlənməsi və Boyanması fabrikində baş mühasib vəzifəsində işləmişdir. Müvafiq qeydlər onun əmək kitabçasında aparılmışdır. İddiaçı həmin müəssisədə qəbulçu işləmişdir. X1 bildirdi ki, o, 1997-2009-cu illərdə Sumqayıt Çoxsahəli Məişət Xidməti İdarəsinin Sumqayıt Paltarların Kimyəvi Təmizlənməsi və Boyanması fabrikində işləmişdir. Dəqiq illəri yadında qalmasa da, iddiaçı onunla birlikdə həmin müəssisədə qəbulçu-nəzarətçi işləmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-2978/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, 02 aprel 1993-cü il tarixdən 01 oktyabr 2004-cü il tarixədək Sumqayıt Çoxsahəli Məişət Xidməti İdarəsinin Sumqayıt Paltraların Kimyəvi Təmizlənməsi və Boyanması fabrikində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Sumqayıt Çoxsahəli Məişət Xidməti İdarəsinin Sumqayıt Paltarların Kimyəvi Təmizlənməsi və Boyanması fabrikində işləməsi onun əmək kitabçası və şahid ifadələri ilə təsdiq edilir. Arxiv sənədlərinin aşkar edilməməsi iddiaçının həmin müəssisədə işləməsini təkzib etmir. Bundan başqa vergi orqanından alınmış cavabdan da görünür ki, həmin müəssisə xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır və hazıradək faəliyyət göstərir. Beləliklə, cavabdeh əmək kitabçasında olan qeydlərin həqiqiliyinin müvafiq arxiv sənədləri ilə təsdiq edilmədiyini bildirsə də, məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, işə əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasında olan qeydlər müəssisənin möhürü ilə təsdiq olunmuş və həmin qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının müəssisənin adının dəyişdirilməsi ilə bağlı yeni müəssisəyə köçürülməsi barədə xx.xx.1995-ci il tarixli əmrin bazar gününə təsadüf etməsi və işdən çıxma barədə əmrin nömrəsinin qeyd edilməsi də həmin dövrün sosial sığorta stajına daxil edilməsindən imtina üçün əsaslı dəlil deyildir. Belə ki, əmək kitabçasının düzgün və qanunverciliyə uyğun şəkildə doldurulması işçinin deyil, işəgötürənin vəzifələrinə aiddir və bu səbəbdən işçinin sosial təminat hüququ pozulmamalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli dövr iddiaçının sosial sığorta stajına daxil edildikdə onun sosial sığorta stajı 26 ilə yaxın təşkil edir ki, bu da ona yaşa görə əmək pensiyasının təyin olunması üçün əsas yaradır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edilir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə İddiaçı iddiası təmin olunmamalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadrhazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspirantura da, doktoranturada və klinik ordinaturada təhsil müddəti; .... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Hazırki iş üzrə iddia tələbi 02 aprel 1993-cü il tarixdən 01 oktyabr 2004-cü il tarixədək Sumqayıt Çoxsahəli Məişət Xidməti idarəsinin Sumqayıt Paltarların Kimyəvi Təmizlənməsi və Boyanması fabrikində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İşin mübahisəli halını iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının 14 il 10 ay 23 gün iş stajına malik olması halını qəbul etmiş, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1995-ci il bazar günü olduğundan və işdən çıxma zamanı əmr nömrəsi qeyd edilmədiyindən) qeyd olunan dövrün iddiaçının sığorta stajına daxil edilməsinin qanunvericiliklə nəzərdə tutulmadığına istinad edərək, həmin dövrləri mübahisələndirmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın qeyd olunan dəlilini əsassız hesab edərək aşağıdakıları qeyd edir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının əmək fəaliyyətini təsdiq edən İT-İ ******* nömrəli əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdehin iddiaçının əmək kitabçasında qeyd edilən dövrləri onun sosial sığorta stajı kimi nəzərə alınmamasının əsası kimi göstərdiyi dəlillər iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. Məhkəmə kollegiyası 1995-ci il yanvar ayının 1-nin həftənin bazar gününə, qeyri-iş gününə düşməsi ilə bağlı mövqeyə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri işçilərin işləməsi əmək qanunvericiliyi ilə qadağan edilməmişdir. Hazırda qüvvədə olan Əmək Məcəlləsinə əsasən həftənin bazar günündə şəxsin işləməsini qadağan edən norma yoxdur. Beləliklə, iddianın təmin olunmamasına yönəlmiş cavabdeh tərəfindən qeyd olunan səbəblər nəzərə alınmamalı, əmək kitabçasında mötəbərliyi məhkəmə kollegiyası üçün şübhə doğurmayan məlumatlar əsasında iddiaçının pensiya hüququ təmin edilməlidir. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Eyni zamanda İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Hazırki halda cavabdeh inzibati orqan mübahisələndirdiyi dövrlə bağlı verilmiş əmrin qanunsuz olduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın istinad etdiyi işdən çıxma zamanı əmrin nömrəsinin əmək kitabçasında qeyd edilməməsi iddiaçı ilə çalışdığı müəssisə arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının qeyd olunan dövrlərdə işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan, həmin məlumatların mötəbərliyi şübhə doğurmadığından, həmçinin cavabdeh tərəfindən iddiaçının sözügedən müəssisədə işləməsini təkzib edən sübutlar təqdim edilmədiyindən, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Bundan əlavə, cavabdehin mübahisələndirdiyi illərdə əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrün doldurulması zamanı yalnışlığa yol verilməsi halı iddiaçının ziyanına şərh edilməyə, nəticə etibarilə həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmamasına əsas vermir. Belə ki, müvafiq sənədlərin düzgün tərtib edilməsi və orada əks olunmuş məlumatların düzgün yazılmasına görə məhz işəgötürən məsuliyyət daşıyır. Həmin sənədlərin tərtib edilməsi zamanı yalnışlığa yol verilməsi halı iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun öhdəlik daşıdığı hal kimi çıxış etməmişdir. Belə olan halda həmin hala istinad edilməklə, iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılması inzibati icraat haqqında qanunvericiliyin prinsiplərinə ziddir. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh həmin dövrləri sosial sığorta stajı kimi nəzərə almamaqda haqlı olmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş X3 pensiya işi istənmiş, iş materiallarına əlavə edilmişdir. Həmin pensiya işindən də görünür ki, X6 iddiaçı ilə eyni müəsisədə işləmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-2978/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar