Məhkəmə qərarları › İş №2-1(105)-1092/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-1092/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1092/2024 25.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-4701/2024 nömrəli qərarından cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: İşin halları: Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 03 nömrəli sərəncamı ilə İddiaçı icarəsində olan Sumqayıt şəhəri Bakı-Quba yolunda yerləşən 0.0375 ha torpaq sahəsinin 40 kv.m sahəsində yüngül konstruksiyalı inşaat materiallarından mövsümi iaşə xidməti göstərmək məqsədilə köşk quraşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Reyestr nömrəsi **********08, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri Bakı-Quba yolu ünvanda yerləşən 0.019 ha torpaq sahəsi üzərində icarə hüququ, Sumqayıt Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 139 nömrəli qərarı, xx.xx.2012-ci il tarixli 226 nömrəli torpaq icarə müqaviləsi və xx.xx.2019-cu il tarixli 3M-1240 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. xx.xx.2020-ci il tarixli 36 saylı torpaq icarə müqaviləsinə əsasən icarəyəverən Sumqayıt Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 139 nömrəli qərarına əsasən Sumqayıt şəhəri Bakı Quba yolunun sağ tərəfi ərazisində yerləşən ümumi sahəsi 375 kv.m olan torpaq sahəsi müvəqqəti istifadə üçün icarəçi İddiaçı icarəyə verilmişdir. Cavabdeh "xxxx" ASC xx.xx.2024-cü il tarixli 13-13/2-2/18-Ə-1547-5/2024 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sözügedən tikinti obyektinin 15-7983-0 nömrəli passiv statusunda olan abunə kodunun aktiv edilməsi ilə bağlı iddiaçının “ASAN xidmət" mərkəzinə OPKA**********1684 nömrəli müraciəti daxil olmuşdur. Müraciət araşdırılan zaman tikinti obyektinin "xxxx" ASC-nin fəaliyyəti dövrünədək (15- 7983-0 nömrəli abunə kodu ilə) elektrik enerjisi ilə təchiz edildiyi məlum olmuşdur. Daha sonra tikinti obyektinin fəaliyyəti dayandırılmış və abunə kodu passiv edilmişdir. "xxxx" ASC fəaliyyətə başladığı zaman ərazidə kütləvi sayğaclaşma həyata keçirilmiş və enerji təchizatı şəbəkəsinə qoşulu olan elektrik cihazları inventarlaşdırılaraq qəbul edilmişdir. Bu tədbirlər çərçivəsində yaşayış olmayan evlər və fəaliyyət göstərməyən tikinti obyektləri Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 204 nömrəli fərmanı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisindən habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, elektrik qurğularının etibarlı, təhlükəsiz istismarı baxımından nəzərə alınmamışdır. Həmin müddətdə sözügedən tikinti obyekti fəaliyyət göstərmədiyi üçün və müvafiq sənədlər təqdim edilmədiyinə görə elektron məlumat bazasında qeydiyyata alınmamışdır. "xxxx" ASC tərəfindən yeni və yenidən qurulan tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir. Yaşayış və qeyri-yaşayış sahələrinin elektrik enerjisi ilə təchizatı, yeni qüvvəyə minmiş qanunun tələblərinə əsasən, mülkiyyəti təsdiq edən sənədi və tikintisinə icazə verilmiş tikinti obyektinin (yaşayış və qeyri-yaşayış) müvafiq sənədini daxil etməklə "xxxx" ASC-nin elektron xidmətləri vasitəsi ilə, həmçinin Bakı şəhərində “ASAN Kommunal”, regionlarda isə “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə həyata keçirilə bilər. Hər iki üsul vasitəsi ilə müraciət etmiş vətəndaşların təqdim etdiyi sənədlərin qaydaların tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra, tikinti obyektinin enerji təchizatı müəyyən olunmuş müddət ərzində "xxxx" ASC tərəfindən təmin edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qeyri-yaşayış sahəsinə texniki şərt verilməklə enerji təchizatı şəbəkəsinə qoşulması və həmin qeyri-yaşayış sahəsinə elektrik sayğacının quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri Bakı-Quba yolunda yerləşən “Anar-89” firmasına məxsus obyektə elektrik enerjisinin verilməsinə görə müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, Sumqayıt şəhəri Bakı-Quba yolunda yerləşən qeyri-yaşayış sahəsinə texniki şərt verilməklə enerji təchizatı şəbəkəsinə qoşulması və həmin qeyri-yaşayış sahəsinə elektrik sayğacının quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 03 nömrəli sərəncamı ilə İddiaçı icarəsində olan Sumqayıt şəhəri Bakı-Quba yolunda yerləşən 0.0375 ha torpaq sahəsinin 40 kv.m sahəsində yüngül konstruksiyalı inşaat materiallarından mövsümi iaşə xidməti göstərmək məqsədilə köşk quraşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Sərəncama uyğun olaraq 40 kv.m sahədə öz vəsaiti hesabına köşk quraşdırdırmışdır (tikmişdir). xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışa əsasən İddiaçı Sumqayıt şəhəri Bakı-Quba yolu ünvanda yerləşən 0.019 ha torpaq sahəsi üzərində icarə hüququ, Sumqayıt Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 139 nömrəli qərarı, xx.xx.2012-ci il tarixli 226 nömrəli torpaq icarə müqaviləsi və xx.xx.2019-cu il tarixli 3M-1240 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. xx.xx.2020-ci il tarixli 36 saylı torpaq icarə müqaviləsinə əsasən icarəyəverən Sumqayıt Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 139 nömrəli qərarına əsasən Sumqayıt şəhəri Bakı Quba yolunun sağ tərəfi ərazisində yerləşən ümumi sahəsi 375 kv.m olan torpaq sahəsi müvəqqəti istifadə üçün icarəçi İddiaçı icarəyə verilmişdir. Obyektin hüquqi adı “Anar-89” olmuşdur. Obyekt fəaliyyətə başlayanda elektrik enerjsindən müqaviləyə əsasən istifadə edilmişdir. 2010-2012-ci illərdə Sumqayıt-Bakı avtomagistral yolu genişləndiyi üçün onun ətrafında söküntü işləri aparılmış və iddiaçının obyekti də sökülmüşdür. Bu zaman iddiaçıya məxsus obyektin sökülməsi ilə əlaqədar olaraq elektrik enerjisinin verilməsi dayandırılmış və Sumqayıt şəhər İşıq İdarəsinin əməkdaşı tərəfindən obyektdə olan elektrik sayğacı sökülmüşdür. Obyekt ətrafında tikinti işlərini baş çatdırdıqdan sonra yenidən obyektə elektrik enerjisi verilməsi məqsədilə Sumqayıt şəhər İşıq İdarəsinə müraciət etmişdir. Sumqayıt şəhər İşıq İdarəsi tərəfindən köhnə abonent kodunun Sumqayıt “ASAN xidmət” Mərkəzinə təqdim edilməli olması bildirilmişdir. İddiaçı xx.xx.2022-ci ildə köhnə kodu və obyektə aid müvafiq sənədləri Sumqayıt “ASAN xidmət” Mərkəzinə təqdim etmişdir. Ona köhnə kodla elektrik enerjisini verilməyəcəyi, 840 manat vəsait ödədikdən sonra yeni xətt çəkiləcəyi bildirilmiş, iddiaçı bununla razılaşmışdır. Sumqayıt “Asan xidmət” Mərkəzi razılaşmanı qəbul etməmiş, nəticədə obyekt elektrik enerjisi verilmədiyinə görə öz fəaliyyətini dayandırmışdır. İddiaçı birinci Qarabağ müharibəsi veteranıdır. Laçın rayonundan məcburi köçkün kimi 1992-ci ildən hal-hazıradək Sumqayıt şəhərində məskunlaşmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(119)- 686/2024 nömrəli qərardadı ilə iddia ərizəsinə dair iş üzrə icraata xitam verilməsi və aidiyyat qaydaları nəzərə alınmaqla müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması qərara alınmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə yazılı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin (hakim Aynur Axundova) xx.xx.2024-cü il tarixli 2-1(118)- 4701/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri Bakı-Quba yolunda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə texniki şərt verilməklə enerji təchizatı şəbəkəsinə qoşulması və həmin qeyri-yaşayış sahəsinə elektrik sayğacının quraşdırılması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən hər bir sifarişçinin ETŞ-yə qoşulma hüququ vardır və ETM heç bir ayrı-seçkiliyə yol vermədən sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ-yə qoşulması üçün texniki şərt verməlidir. “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 2.16-cı bəndində texniki şərt verilməsində imtina halları göstərilmiş, hazırkı işdə belə bir hal mövcud olmamışdır. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 03 saylı Sərəncamı ilə İddiaçı icarəsində olan Sumqayıt şəhəri, Bakı-Quba yolunda yerləşən 0.0375 ha torpaq sahəsinin 40 kv.m sahəsində yüngül konstruksiyalı inşaat materiallarından mövsümi iaşə xidməti göstərmək məqsədilə köşk quraşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Həmin sərəncamla layihə sənədlərinin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən hazırlanmasını və aidiyyəti orqanlarla razılaşdırılmasının təmin edilməsi, layihələndirmə və quraşdırma zamanı nəzərdə tutulmuş ərazidən əvvəlcədən müəyyən olunmamış kommunikasiya xətlərinin keçdiyi aşkar olunarsa, həmin xətlərin aidiyyatı təşkilatlarla razılaşdırılaraq öz vəsaiti hesabına sahədən kənarlaşdırılmasının təmin edilməsi iddiaçıya tapşırılmışdır. Həmçinin “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nda sahibkara ümumiyyətlə imtina verilməsi nəzərdə tutulmamış, hər hansı çatışmazlıq aşkar edilərsə, onun aradan qaldırılması üçün sahibkara vaxt verilməsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbləri baxımından, iddiaçı cavabdehdən onun enerji təchizatı şəbəkəsinə qoşulmasını və qeyriyaşayış sahələrində sayğac quraşdırılmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi )gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təzhizatı şəbəkəsinə qoşulması qaydaları”na əsaslanaraq prosessual pozuntu kimi göstərmişdir. Amma məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təzhizatı şəbəkəsinə qoşulması qaydaları”nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə ləğv edildiyini nəzərdən qaçırmışdır. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxilolmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na əsaslanaraq prosessual pozuntu kimi göstərmişdir. Amma məhkəmə yenə nəzərdən qaçırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxilolmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları” qüvvədən düşüb. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı iddiaçı yazılı etirazını təqdim etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Elektroenergetika haqqında Qanun .... 20.1. Elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərinin elektrik şəbəkələrinə qoşulması şəffaf və ayrı-seçkiliyə yol verilmədən həyata keçirilir. 20.2. Elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə onların elektrik şəbəkəsinə qoşulması elektrik şəbəkəsinə dair qaydalar ilə tənzimlənir. 20.3. Elektrik enerjisi bazarı subyektləri tərəfindən onların tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün bu Qanunun 20.2-ci maddəsində nəzərdə tutulmuş qaydaların və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən elektrik qurğularının quraşdırılması qaydalarının tələbləri yerinə yetirildikdən və ötürücü sistem operatoruna və ya paylayıcı sistem operatoruna qoşulma xidmətinə görə ödəniş edildikdən sonra ötürücü sistem operatoru və ya paylayıcı sistem operatoru elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərini elektrik şəbəkəsinə qoşmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: dövlət elektroenergetika müəssisəsi (vahid dövlət elektroenergetika sistemi) - vahid mərkəzdən idarə olunan yüksək gərginlikli (110 kilovoltdan yuxarı) ötürücü elektrik şəbəkələrinin, onların dispetçer idarəetmə vasitələrinin və ona tabe olan enerji istehsalçılarının birliyi; enerjitəchizatı müəssisəsi - icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxs; elektrik şəbəkəsi - birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarından, paylayıcı qurğulardan, kabel və hava elektrik veriliş xətlərindən ibarət olan elektrik qurğuları; abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı; məişət abonenti (əhali) -yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı. 1.4. Abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerji təchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). 1.5. Girişləri enerji təchizatı müəssisəsinin balansında olan istehlakçıya məxsus paylayıcı qurğulardan iki və daha artıq başqa istehlakçıya elektrik enerjisi verildikdə, enerji təchizatı müəssisəsinə onlarla bilavasitə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlamaq və elektrik enerjisinə görə hesablaşmalar aparmaq hüququ verilir. İstehlakçının paylayıcı qurğusunun enerji təchizatı müəssisəsinin balansına verilməsi mövcud qanunvericiliyə uyğun həyata keçirilir. 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.6. Enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.8. Bir elektrik enerjisi təchizatı mənbəyindən müxtəlif tarif qruplarına aid bir neçə istehlakçı qidalandırıldıqda, hər bir tarif qrupu üçün hesablaşma elektrik uçot cihazları quraşdırılmalıdır. Bundan başqa, elektrik enerjisinə nəzarət uçotu üçün müəyyən edilmiş elektrik enerjisi sərfi normalarının yerinə yetirilməsinə nəzarət üçün ayrı-ayrı sexlərdə, elektrik tutumlu aqreqatlarda, texnoloji xətlərdə, binalarda, ayrı-ayrı kənd təsərrüfatı, kommunal-məişət və başqa obyektlərdə texniki-nəzarət uçot cihazları quraşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2024-cü il tarixli 315 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar” ... 1.2.38. qoşulma müqaviləsi - tikinti obyektinin sahibi ilə sistem operatoru arasında bağlanılan, tikinti obyektinin şəbəkəyə qoşulması şərtlərini özündə əks etdirən və birtipli müqavilə şəklində bu Qaydalara əlavə edilən əqddir. ... 1.2.54. sifarişçi - şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və digər əşya hüquqları əsasında sahiblik edən şəxslərdir. ... 1.2.67. şəbəkəyə qoşulma - elektrik enerjisinin alqı-satqı münasibətlərinin yaranmasına qədər bağlanılmış qoşulma müqaviləsinə və verilmiş texniki şərtlərə uyğun olaraq, tikinti obyektlərindən şəbəkəyə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsi, əlavə güc alınması ilə bağlı layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin elektrik qurğularının şəbəkəyə faktiki qoşulması və şəbəkəyə qoşulma aktının tərtib edilməsinə dair göstərilən kompleks xidmətdir. ... 154.2. Hər bir sifarişçinin bu Qaydalara uyğun olaraq şəbəkəyə qoşulmaq hüququ vardır. 154.3. Bu Qaydalar qüvvəyə minənədək şəbəkəyə qoşulmuş istehlakçıların əlavə güc alması, habelə istehlakçının bu Qaydalar qüvvəyə minənədək etdiyi müraciəti ilə qoşulma nöqtəsinin dəyişdirilməsi və ya qoşulma nöqtəsində dəyişikliklərin edilməsi bu Qaydalara uyğun olaraq həyata keçirilir. ... 154.7. Büdcə təşkilatlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və aktiv istehlakçıların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, şəbəkəyə qoşulma layihəsinin hazırlanması və verilməsi, habelə şəbəkəyə qoşulması üzrə prosedur və tələblər bu Qaydalarla müəyyən edilir. ... 155.1. Tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə elektrik enerjisi (güc) alması qoşulma müqaviləsi əsasında həyata keçirilir və sifarişçiyə həmin müqavilənin tərkib hissəsi olan texniki şərt verilir. 155.2. Qoşulma müqaviləsində dəyişiklik edildikdə elektrik enerjisinin alqı-satqı müqaviləsində də müvafiq dəyişikliklər edilir. 155.3. Tərəflər arasında qoşulma müqaviləsi ləğv edildikdə elektrik enerjisinin alqı-satqı müqaviləsi də ləğv edilmiş hesab olunur. 155.4.Texniki şərt Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və həmin Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla verilir. ... 161.10. Qoşulmanın şəbəkəyə təsirinin qiymətləndirilməsinin nəticəsini əldə edən sifarişçi ödəniləcək məbləğ barədə sistem operatorunun nümayəndəsi tərəfindən İnformasiya Sisteminə daxil edilmiş və ya mobil telefon nömrəsinə SMS-lə göndərilmiş bildirişə əsasən qoşulma xidmətinin qiyməti sistem operatorunun bank hesabına köçürür və vəsaitin köçürülməsini təsdiq edən sənədi, həmçinin qoşulmanın şəbəkəyə təsirinin qiymətləndirilməsinin nəticələrini İnformasiya Sisteminə yükləyir və ya kağız daşıyıcıda sistem operatorunun nümayəndəsinə təqdim edir. Sistem operatoru qoşulma xidmətinin qiymətinin ödənildiyi tarixdən 10 (on) gün müddətində qoşulmanın şəbəkəyə təsirinin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq texniki şərtləri hazırlayır və kağız daşıyıcıda sifarişçiyə təqdim edir və ya İnformasiya Sisteminə yükləyir. Texniki şərtlər sifarişçiyə təqdim edilərkən sifarişçi ilə 2 nüsxədə qoşulma müqaviləsi bağlanılır, müqavilə kağız daşıyıcıda sifarişçiyə təqdim edilir və həmin gün İnformasiya Sisteminə yerləşdirilir. ... 161.16. Qanunun 8.1.1-ci maddəsi ilə müəyyən olunan güc həddindən yuxarı elektrik qurğularının istismarına buraxılış aktı tələb edildiyi hallarda, bu Qaydaların 161.15-ci bəndində qeyd edilən təhvil-təslim aktı alındıqdan sonra 3 gün müddətində Tənzimləyici tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq sifarişçinin, podratçının və tikinti obyektinin qoşulması nəzərdə tutulan şəbəkədən asılı olaraq, sistem operatorunun nümayəndələrinin iştirakı ilə görülən işlərə baxış keçirilir və texniki şərtlərin, tikinti obyektlərinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin və “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələblərinin tam yerinə yetirilməsi müəyyən edildiyi halda, istismara buraxılış aktı verilir, sifarişçi ilə sistem operatoru arasında 2 nüsxədə şəbəkəyə qoşulma aktı imzalanır, elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, həmin sənədlər İnformasiya Sisteminə yerləşdirilir və kağız daşıyıcıda sifarişçiyə təqdim edilir və sistem operatoru istehsal olunan elektrik enerjisinin öz sistemi vasitəsilə ötürülməsini (paylanmasını) təmin edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin icarə hüququ əsasında iddiaçıya məxsus Sumqayıt şəhəri Bakı-Quba yolunda inza edilmiş qeyri-yaşayış sahəsinin elektrik təchizatı şəbəkəsinə qoşulmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı qeyri-yaşayış sahəsinin elektrik təchizatı şəbəkəsinə qoşulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən hər bir sifarişçinin ETŞ-yə qoşulma hüququ vardır və ETM heç bir ayrı-seçkiliyə yol vermədən sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ-yə qoşulması üçün texniki şərt verməlidir. Hazırkı işdə texniki şərt verilməsində imtina ilə bağlı hər hansı bir hal mövcud olmamışdır. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021ci il tarixli 03 saylı sərəncamı ilə İddiaçı icarəsində olan Sumqayıt şəhəri, Bakı-Quba yolunda yerləşən 0.0375 ha torpaq sahəsinin 40 kv.m sahəsində yüngül konstruksiyalı inşaat materiallarından mövsümi iaşə xidməti göstərmək məqsədilə köşk quraşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Həmin sərəncamla layihə sənədlərinin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən hazırlanmasını və aidiyyəti orqanlarla razılaşdırılmasının təmin edilməsi, layihələndirmə və quraşdırma zamanı nəzərdə tutulmuş ərazidən əvvəlcədən müəyyən olunmamış kommunikasiya xətlərinin keçdiyi aşkar olunarsa, həmin xətlərin aidiyyatı təşkilatlarla razılaşdırılaraq öz vəsaiti hesabına sahədən kənarlaşdırılmasının təmin edilməsi iddiaçıya tapşırılmışdır. Həmçinin qanunvericiliklə sahibkara ümumiyyətlə imtina verilməsi nəzərdə tutulmamış, hər hansı çatışmazlıq aşkar edilərsə, onun aradan qaldırılması üçün sahibkara vaxt verilməsi müəyyən edilmişdir. Bu səbəblərdən iddiaçı cavabdehdən onun enerji təchizatı şəbəkəsinə qoşulmasını və qeyri-yaşayış sahələrində sayğac quraşdırılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Kollegiya qeyd edir ki, yaranmış mübahisə ilə bağlı hüquq münasibətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2024-cü il tarixli 315 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar” ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın: - 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. - 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. - 1.6. Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının, istehlakçılarının tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”na uyğun olaraq həyata keçirilir. “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın: 1.1. Bu Qayda “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və aşağıdakı tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, enerji təchizatı layihəsinin hazırlanması və verilməsi, habelə elektrik şəbəkəsinə qoşulması üzrə prosedur və tələbləri müəyyən edir: 1.1.1. məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər olan (200 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin; 1.1.2. tələb olunan gücü 200 kVt-a qədər (orta və yüksəkgərginlikli şəbəkədən) və 200 kVtdan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin; 1.1.3. enerji istehsalçılarının elektrik enerjisi istehsal edən tikinti obyektlərinin; 1.1.4. elektrik enerjisinin paylayıcılarının tikinti obyektlərinin. Qaydaların tələblərindən göründüyü kimi iddiaçıya münasibətdə sifarişçilərin elektrik şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”na uyğun əsasən müəyyən edilir. Həmin Qaydaların 1.2.9-cu bəndinə əsasən sifarişçi – elektrik şəbəkəsinə qoşulması nəzərdə tutulan tikinti obyektinə və (və ya) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və digər əşya hüquqları əsasında sahiblik edən şəxslərdir. “Elektroenergetika haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərinin elektrik şəbəkələrinə qoşulması şəffaf və ayrı-seçkiliyə yol verilmədən həyata keçirilir. Sifarişçinin enerji təchizatı şəbəkəsinə qoşulması enerji təchizatı müəssisəsi tərəfindən verilmiş texniki şərtlər əsasında həyata keçirilir və qanunvericilikdə hər bir sifarişçinin enerji təchizatı şəbəkəsinə qoşulma hüququ təsbit edilmişdir. Cavabdeh imtina məktubunda yaşayış olmayan evlər və fəaliyyət göstərməyən tikinti obyektlərinin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisindən habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, elektrik qurğularının etibarlı, təhlükəsiz istismarı baxımından nəzərə alınmamasını bildirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, həmin imtina məktubunun məzmunundan da məlum olduğu kimi iddiaçıya məxsus olan sözügedən “Anar-89” tikinti obyekti xx.xx.2002-ci il tarixdə 15- 7983-0 nömrəli abunə kodu ilə elektrik enerjisi ilə təchiz edilmiş, sonradan tikinti obyektinin fəaliyyəti dayandırılmış, iddiaçının müraciəti əsasında xx.xx.2012-ci il tarixdə abunə kodu passiv edilmişdir. Cavabdehin imtinasında istinad etdiyi tikinti obyektinin fəaliyyət göstərməməsi halı iddiaçının tələbinin təmin olunmasından imtina üçün yetərli əsas sayıla bilməz. Həmçinin iddiaçı məhkəmə iclasında verdiyi izahatda yenidən obyektə elektrik enerjisi verilməsi halında fəaliyyətinin bərpa olunacağını, elektrik enerjisi verilmədiyinə görə obyektin fəaliyyətini bərpa etməyin mümkün olmayacağını bildirmişdir. Bundan əlavə apellyasiya şikayətinin dəlilləri hazırkı mübahisə ilə bağlı konkret faktlara əsaslanmamış, yalnız birinci instansiya məhkəməsinin qərarında qüvvədən düşmüş qanunvericilik aktlarına istinad edilməsi göstərilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdeh orqanın apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının icrasını mümkünsüz edən normalara və konkret dəlillərə əsaslanmamaqla, formal xarakter daşımışdır. Qeyd edilməlidir ki, təbii inhisar subyekti kimi istehlakçıları elektrik enerjisi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada təmin etmək elektrik enerjisi təchizat müəssisəsinin vəzifəsi, elektrik enerjisindən istifadə etmək isə istehlakçının hüququdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin dəlili əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 9 nömrəli qərarının 5-ci bəndinə əsasən qərarın 14-cü bənd aşağıdakı redaksiyada verilmişdir: Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Həmin qərarın İİ hissəsində məhkəmələrə tövsiyə olunmuşdur ki, prosessual qənaətə nail olmaq üçün bu Qərarın qəbulu ilə yaranan aidiyyətlə əlaqədar şərtlərin dəyişməsi hallarında, icraatlarında olan mübahisələrə münasibətdə hər bir fərdi işin xüsusi hallarını və aparılmış araşdırmanın həcmini nəzərə almaqla həmin işlərə baxılmasını davam etdirsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə mülki mühakimə icraatı qaydasında kommersiya məhkəmələrdə baxılmalı olsa da, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 9 nömrəli qərarına əsasən prosessual qənaətə nail olmaq üçün bu Qərarın qəbulu ilə yaranan aidiyyətlə əlaqədar şərtlərin dəyişməsi hallarında, icraatda olan mübahisələrə münasibətdə hər bir fərdi işin xüsusi hallarını və aparılmış araşdırmanın həcmini nəzərə almaqla həmin işlərə baxılmasını davam etdirilməsi zəruridir. Apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-4701/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar