Məhkəmə qərarları › İş №2-1(105)-1096/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-1096/2025

25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-1096/2025 25.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X5ə qarşı kompensasiya məbləğinin, ona dəymiş olan ziyanın və əldə edə bilmədiyi mənfəət məbləğinin cavabdeh tutularaq ona ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)- 131/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpası barədə ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İşin halları Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)- 131/2025 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Siyəzən rayonu Zarat Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 15 nömrəli qərarı əsasında tikinti məqsədilə iddiaçıya ayrılmış 1.0 ha torpaq sahəsinin Bakı-Quba-Rusiya Federasiyasına gedən magistral yolun tikinti altına düşmüş 0.7008 ha hissəsi üçün - 21.024 manat pul kompensasiyasının İddiaçı ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva). Qərardadla razılaşmayan cavabdeh apellyasiya şikayət verərək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-131/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-1096/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərdadı ilə cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X5 iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-131/2025 nömrəli qərarından verdiyi apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 131/2025 saylı, 15 avqust 2025-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətinə baxılması üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, sözügedən qərarın qəbul edilməsindən və elektron kabinetdə yerləşdirilməsindən Agentliyinin məlumatı olmamışdır. Belə ki, İddiaçı cavabdeh Azərbaycan X1rşı 2- 1(118)-131/2025 saylı, iş üzrə 15 avqust 2025-ci il tarixli qərarı elektron sənəd dövriyyəsi vasitəsilə xx.xx.2025-ci il tarixi məktubla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin elektron kabinetinə yerləşdirilsə də, lakin kabinetdə yalnız müşayiət məktubu mövcud olmuş, sözügedən qərar isə qoşma əlavə edilməmişdir. xx.xx.2025-ci il tarixində qərarın icrası ilə bağlı Sumqayıt İnzibati Məhkəməsi tərəfindən 2-1 (118)-131/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub daxil olunandan sonra məlumatlı olmuşlar. Buna görə də qərardan şikayət verilməsi üçün buraxılmış müddət üzürlü hesab edilməlidir. İnzibati Prosessual Məcəllənin 24.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpası barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 9-1.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. Maddə 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.4. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. .... Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. ..... Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. ..... Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. ..... Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-131/2025 nömrəli qərarından verilmiş “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpası barədə” ərizə təmin edilməməlidir. İş materiallarından görünür ki, hazırki iş üzrə xx.xx.2025-ci il tarixdə tarixdə məhkəmə aktı qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə həmin məhkəmə aktı elektron kabinet vasitəsilə cavabdehə göndərilmişdir. Həmçinin, elektron məhkəmə informasiya sistemində əks olunmuş məlumatdan görünür ki, cavabdehə məxsus şəxsi elektron kabineti mövcud olmuşdur (xx.xx.2021-ci il tarixdən). Göründüyü kimi cavabdehin xx.xx.2025-ci il tarixdən elektron kabinet vasitəsilə müvafiq məhkəmə qərarı barədə məlumatlı olması halı işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən isə iş üzrə qəbul edilmiş məhkəmə aktından apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Nəticə etibarilə cavabdeh tərəf müvafiq məhkəmə qərarını elektron kabinet vasitəsilə təhvil aldığı vaxtdan, qanunla müəyyən edilmiş qaydada 30 gün müddətində (xx.xx.2025-ci il tarixədək) şikayət verməli olduğu halda, apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edildiyindən, məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İndiki halda iddiaçı qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsini sözügedən məhkəmə qərarının elektron kabinet vasitəsilə yalnız müşayiət məktubunun yerləşdirilməsi, qoşma sənəd kimi məhkəmə qərarının əlavə edilməməsi, bu səbəbdən də həmin məhkəmə qərarı barədə yalnız qərarın icrasına dair xx.xx.2025-ci il tarixli məktub əsasında məlumatın əldə edilməsi kimi hallarla əsaslandırmışdır. Kollegiya iddiaçının istinad etdiyi hallarla bağlı onu qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda sənədlərin, o cümlədən şikayətlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin çatdırılması məhz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir, bu qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə aktından şikayət verilmə müddətinin axımı məhz məhkəmə aktının rəsmi qaydada çatdırıldığı andan, başqa sözlə desək, təhvil aldığı andan hesablanır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehin adına elektron məhkəmə informasiya sistemində şəxsi elektron kabineti xx.xx.2021-ci il tarixdən mövcud olmuş, məhkəmə aktı məhz elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə cavabdehə göndərilmişdir (məhkəmə aktının əsas sənədinin elektron kabinetə yerləşdirilməsi barədə məktub cavabdehə məxsus elektron kabinetə yerləşdirilmişdir). Məhz həmin məlumat əsasında cavabdehin elektron kabinet vasitəsilə məhkəmə qərarının əsas məzmunu ilə tanış olmaq imkanı olmuşdur. Başqa sözlə desək, məhkəmə qərarının elektron kabinetə yerləşdirilməsi barədə məktubun özü məzmun etibarilə cavabdehin həmin məhkəmə qərarı ilə elektron kabinet vasitəsilə tanış olmaq imkanını ehtiva edir. Elektron məhkəmə” informasiya sistemində iş üzrə qəbul edilmiş məhkəmə qərarının əsas sənədinin elektron imza ilə imzalandığı andan, cavabdehin elektron kabinet vasitəsilə həmin qərarın məzmunu ilə tanış olmaq imkanı vardır, sözügedən məktubun mahiyyəti isə proses iştirakçılarına iş üzrə məhkəmə qərarının məzmunu ilə tanış olmaq imkanının olduğunun diqqətinə çatdırılmasıdır. Nəticə etibarilə bu proses həmin tarixdən cavabdehin məhkəmə qərarının elektron kabinetə yerləşdirildiyi barədə məlumatlı olmasını və məhkəmə qərarının ona rəsmi qaydada çatdırılmasını ehtiva edir. Qanunla müəyyən edilmiş prosessual müddətin axımı da məhz həmin tarix əsas götürülməklə hesablanır. Belə olan halda kollegiya hesab edir ki, prosessual qanunvericiliyin tələbinə əsasən qanunla müəyyən edilmiş prosessual müddətin axımı məhz həmin tarixdən (xx.xx.2025-ci il tarixdən) hesablanır. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsinin əsası kimi istinad etdiyi hallar əsassız olmaqla, qanunla müəyyən edilmiş müddətin üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirilməsinə dəlalət etmir. Həmçinin, kollegiya qeyd edir ki, qanunvericilikdə prosessual hüquq və vəzifələrin müəyyən müddət çərçivəsində icra edilə bilməsinin imperativ norma kimi nəzərdə tutulması qəbul edilmiş məhkəmə aktlarının qeyri-müəyyən zaman kəsiyində mübahisələndirilə bilməsinin qarşısının alınmasına, bununla da ədalət mühakiməsinin həyata keçirilməsində hüquqi müəyyənlik prinsipinə əməl olunmasına, yekun məhkəmə aktlarının sabitliyinə, davamlılığına xələl gətirilməsinə, habelə həmin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alınmasının yol verilməməsinə yönəlmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, hazırki inzibati iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanuna müəyyən edilmiş prosessual müddətin üzürlü səbəbdən buraxılması və müddətin bərpa olunması üçün əsaslar müəyyən edilmədiyindən, ərizə əsassız olmaqla, təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına dair “ ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22, 24 85, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-131/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasına dair” ərizəsi təmin edilməsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar