Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-1099/2025 24.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: icra başçısı nümayəndəliyinin sərəncamı əsasında torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2406/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli, 36 nömrəli sərəncamından görünür ki, “Köhnə Saray” kəndinin bərpası ilə əlaqədar Abşeron Rayon X6 İcraiyyə Komitəsinin 18 may 1991-ci il tarixli, 100 saylı qərarı ilə Saray qəsəbə X6 İcraiyyə Komitəsinin sərəncamına verilmiş 12 ha torpaq sahəsindən İddiaçı 0,10 ha torpaq sahəsi ayrılmış və həmin sahədə fərdi yaşayış evi tikməyə icazə verilmişdir. Abşeron rayon Saray bələdiyyəsinin 8 sentyabr 2014-cü il tarixli, 130 nömrəli məktubundan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli, 36 saylı sərəncamına əsasən İddiaçı fərdi ev tikintisi üçün ayrılmış 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə Saray bələdiyyəsi etiraz etməmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 18 noyabr 2014-cü il tarixli, A seriyalı, 525880 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli, 36 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün verilmiş 1000 kv.m torpaq sahəsinin kadastr göstəriciləri, qaiməsi (sertifikatı), baş plandan çıxarış, əsas döngə nöqtələrin koordinatları, arasındakı məsafələr, planı (miqyas 1:500) göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 19 avqust 2024-cü il tarixli, 32/332/2-İ-0096-8/24 nömrəli məktubundan görünür ki, aparılan araşdırma zamanı, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli, 36 nömrəli qərarından çıxarışla ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı ərizəyə əlavə olunmadığı müəyyən edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrürfatı təyinatlı (örüş) torpaqlara aid olması aşkar edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin 21 iyun 2025-ci il tarixli, 3-21-3-60/2-1802/2025 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi Abşeron rayonu Saray bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqəsi torpaqlarına aiddir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 7 iyul 2025-ci il tarixli, 3-21-3-32/2-10963/2025 nömrəli məktubundan görünür ki, torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmiş torpaqların daxilində yerləşən, kənd təsərrüfatı kateqoriyalı (örüş) torpaqlara aid olduğu aşkar edilmişdir. Elektron baza məlumatlarında torpaq sahəsinə dair DWG və DBF məlumatları aşkar edilməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, müayinə olunan torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Müayinə olunan torpaq sahəsinin müayinə aktına və elektron məlumat bazasına əsasən kommunikasiya xəttlərinin mühafizə zolağında yerləşmir. Torpaq sahəsinin köhnə və yeni xəritədəki vəziyyəti barəsində qoyulmuş sual qeyri-müəyyən olduğundan həmin sualın cavablandırılması tərəfimizdən mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron Rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli, 36 nömrəli sərəncamı əsasında ona ayrılmış Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınması və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli, 36 nömrəli sərəncamı əsasında İddiaçı ayrılmış Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə müraciət edərək, Abşeron Rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin sərəncamı əsasında ona ayrılmış Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən əsassız olaraq müraciətin icrasından imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli, 36 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, həmin torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2406/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron Rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli, 36 nömrəli sərəncamı əsasında ayrılmış Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli, 36 nömrəli sərəncamı ilə iddiaçıya 0,10 ha torpaq sahəsi ayrılmış və həmin sahədə fərdi yaşayış evi tikməyə icazə verilmişdir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən plan və ölçü sənədi, Abşeron rayonu Saray bələdiyyəsinin yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bundan əlavə, Saray bələdiyyəsi hazırkı tələb ilə əlaqədar münasibətini bildirmiş, torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsinə etiraz etməmişdir. Qeyd edilən sənədlərin həqiqiliyi məhkəmənin sorğusuna cavab olaraq Abşeron Rayon Dövlət Arxivi tərəfindən göndərilmiş arxiv çıxarışı ilə öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktından mübahisələndirilən torpaq sahəsinin digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmədiyi, kommunikasiya xəttlərinin mühafizə zolağında yerləşmədiyi müəyyən edilmişdir. Cavabdehin imtina məktubunda istinad edilən mübahisə predmetinin örüş torpaq sahəsinə aid olması dəlili ilə əlaqədar qeyd edilməlidir ki, cavabdeh tərəfindən göndərilmiş qonşuluqda yerləşən torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərdən və ortofoto görüntüsündən müəyyən edilir ki, həmin ərazidə digər yaşayış evləri mövcuddur və torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir. Həmçinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən təqdim edilmiş məlumata əsasən mübahisələndirilən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, yaşayış məntəqəsi torpaqlarına aiddir. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirdiyi dəlilləri yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, əlavə araşdırma zamanı mübahisə predmeti olan torpaq sahəsinin 0.0015 ha (15 kv.m) hissəsinin **********01 reyestr nömrəli çıxarışa əsasən X1 (fin: 2H9ZM0C) mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Cavabdehin apellyasiya şikayətinə əlavəsində qeyd edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-1(118)-2406/2025 saylı qərarından apellyasiya şikayəti verilmişdir. Qeyd olunan apellyasiya şikayətində həmçinin “Əlavə araşdırma zamanı mübahisə predmeti olan torpaq sahəsinin 0.0015 ha (15 kv.m) hissəsinin **********01 reyestr nömrəli çıxarışa əsasən X1 (fin: 2H9ZM0C) mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir” qeyd aparılmışdır. Bu qeydə izah verilməsi zərurəti yarandığından bildirilir ki, mübahisə predmeti olan torpaq sahəsinin 0.0015 ha (15 kv.m) hissəsinin **********01 reyestr nömrəli çıxarışa əsasən X1 (fin: 2H9ZM0C) mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi halı barədə inzibati iş Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan zaman məlum olmadığından Sumqayıt İnzibati Məhkəməsinə bu barədə məlumat verilməmişdir. Üst-üstə düşmə halı Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2025- ci il tarixli, 2-1(118)-2406/2025 saylı qərarı məlumat üçün 4 saylı Abşeron Ərazi İdarəsinə daxil olduqdan sonra təkrar kameral araşdırma zamanı müəyyən edilmişdir. Apellyasiya şikayətinə dair etirazının dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Abşeron Rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli, 36 nömrəli sərəncamı əsasında ayrılmış Saray qəsəbəsində yerləşən 0,0985 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsinin nəzərə alınmaqla, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar;... Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi 0,0985 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinə dair ilkin baş plan və ya ayrıc aktının əlavə edilməməsi, torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrürfatı təyinatlı (örüş) torpaqlara aid olması halına istinad edərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayonu İcra Hakimiyyətinin Saray qəsəbə üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli sərəncamı ilə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə “Köhnə Saray” kəndini bərpası ilə əlaqədar Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 may 1991-ci il tarixli, 100 saylı qərarı ilə Saray qəsəbə XDS İcraiyyə Komitəsinin sərəncamına verilmiş 12 ha torpaq sahəsindən iddiaçının adına 0,10 ha həyətyanı torpaq shaəsinin ayrılması və ona həmin sahədə fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi qərara alınmışdır. Sözügedən torpaq sahəsinin yerləşmə mövqeyini əks etdirən yerquruluşu lanından çıxarış tərtib edilmiş və müvfaiq bələdiyyə, DTXK-nin Abşeron rayon şöbəsi və Saray ərazi nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Həmçinin, həmin torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib edilərək, dövlət kadastr kitabında uçota alınmışdır. DTXK-nin bşeron rayon şöbəsi tərəfindən sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz eidlməməsi barədə rəy verilmişdir. Həmçinin, cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsi müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,10 ha, torpaq sahəsi yol ilə sərhəddir, torpaq sahəsi ümumi daş hasar daxilində yerləşir, faktiki koordinatları əlavə olundu. İşin müəyyən edilmş hallarından görünür ki, elektron kadastr uçot baza məlumatlarında sözügedən torpaq sahəsinin bələdiyyənin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində bələdiyyə mülkiyyətində olmaqla, yaşayış məntəqələri torpaqlarına aiddir. Kollegiya ilk növbədə iddiaçının mülkiyyət hüququnun yaranması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 №li Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü bəndində rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar və 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısı tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak üzərində hüququn əldə edilməsini təsdiq edən sənədlər kimi qeyd edilmişdir. Qeyd olunan normaların dispozitiv şərtlərinə əsasən kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçının müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqları mövcud olmaqla, yaranmış mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanunvericiliklə müəyyən edilmiş əsasların olduğu müəyyən edilmişdir. Kollegiya cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin imtinaya (etiraza) uyğun dəlili kimi istinad etdiyi hallarla bağlı qeyd edir ki, torpaq sahəsinin yerləşmə mövqeyini əks etdirən yerquruluşu panından çıxarış və plan və ölçü sənədi mövcud olmuşdur. Həmçinin, sözügedən torpaq sahəsi cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə edilərək, müayinə aktı tərtib edilmişdir, həmin müayinə aktında torpaq sahəsinin faktiki koordinatları və digər texniki göstəriciləri əks olunmuşdur. Belə olan halda isə müvafiq torpaq sahəsinə dair ilkin baş plan və ya ayrıc aktının arxiv idarəsinə təhvil verilməməsi və aşkar edilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Həmçinin, kollegiya digər hallarla bağlı onu qeyd edir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olması halına istinad etməklə, torpaq sahəsinin təyinatını mübahisələndirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər (ortofoto görüntüsü, qonşu torpaq sahəsinə dair müvafiq sənədlər və digər) əsasında sözügedən torpaq sahəsinin ətrafında olan torpaq sahələrinin eyni hüquqmüəyyənedici sənəd əsasında ayrıldığı və kateqoriyalarının yaşayış məntəqələri torpaq sahəsi olduğu müəyyən olunmuşdur. Bununla yanaşı, işin müəyyən edilmiş hallarından görünür ki, elektron kadastr uçot məlumat bazasında sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələri torpaq sahələrinə aid olduğu müəyyən edilmişdir. Bu halda, kollegiya hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyasının yaşayış məntəqələri torpaq sahəsi kimi qeyd edilməsi, habelə həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Kollegiya cavabdehin qeyd edilən hissədə imtina və şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara münasibətdə ətraflı araşdırma və formalaşdırılmış vahid məhkəmə təcrübəsinin əsaslarına uyğun olaraq hüquqi dəyərləndirmə aparıldığından, habelə hüquqi qiymətvermənin əsasları (iddianın əsaslılığının etimadın qorunması, mütənasiblik və bərabərlik prinsipinin tələbləri baxımından yoxlanılmasının əsasları və s.) ətraflı şəkildə qeyd edildiyindən, həmin əsasların təkrarən qeyd edilməsi zərurəti mövcud olmamışdır. Bundan əlavə, kollegiya onu qeyd edir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili kimi sözügedən torpaq sahəsinin 15 kv.m. hissəsinin başqa şəxsin adına mülkiyyət hüququ qeydiyyata alınması halına istinad etsə də, həmin dəlilə birinci instansiya məhkəməsində icraat zamanı imtina və etirazın dəlili kimi istinad etməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə araşdırma aparılmamışdır. Kollegiya cavabdehin istinad etdiyi həmin arqumenti ilə bağlı onu qeyd edir ki, məhkəmə icraatı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə verərək, onun adına ayrılmış 1000 kvm. torpaq sahəsinin 985 kv.m. hissəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Nəticə etibarilə hazırki inzibati iş üzrə iddiaçının onun adına ayrılmış torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən 15 kv.m. hissəsi ilə bağlı hər hansı tələbi olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə istinad etdiyi arqumentinin əsası hazırda aradan qalxdığından, əlavə araşdırma zərurəti mövcud olmamaqla, formal xarakter daşımışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları əsasında apellyasiya şikayətinin dəlilləri təkzib edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2406/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Abşeron Rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli, 36 nömrəli sərəncamı əsasında ayrılmış Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin 0,0985 ha torpaq sahəsi hissəsi üzərində İddiaçı adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.