Məhkəmə qərarları › İş №2-1(105)-11/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-11/2021

22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-11/2021 22.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Məhəmmədəli Əsəd oğlu Rzayevdən ibarət tərkibdə, Rəşad Nəbi oğlu Nəbizadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı dövlət ehtiyacları üçün alınmış xüsusi mülkiyyətdə olan Abşeron rayonu Pirəkeşkül kəndində yerləşən 0,06 ha torpaq sahəsinin əvəzinə 60000 manat, 0,06 ha torpaq sahəsində tikiliyə xərclənən 1000 manat və 60000 manat məbləğində kompensasiyanın 20 % miqdarında satınalma qiymətinə əlavə olaraq 12000 manat, cəmi 73000 manat məbləğində pulun ödənilməsi öhdəliyinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə həvalə edilməsi tələbi barədə iddiası üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(085)-150/2019 saylı qərarından İddiaçı, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, dövlət ehtiyacları üçün alınmış xüsusi mülkiyyətdə olan Abşeron rayonu Pirəkeşkül kəndində yerləşən 0,06 ha torpaq sahəsinin əvəzinə 60000 manat, 0,06 ha torpaq sahəsində tikiliyə xərclənən 1000 manat və 60000 manat məbləğində kompensasiyanın 20 % miqdarında satınalma qiymətinə əlavə olaraq 12000 manat, cəmi 73000 manat məbləğində pulun ödənilməsi öhdəliyinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Abşeron rayonu Pirəkeşkül kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bakı-Şamaxı magistral yolunun genişləndirilməsi nəticəsində iddiaçıya məxsus torpaq sahəsindən yol çəkilərək ona 60000 manat məbləğində maddi ziyan dəymişdir. Həmin sahədə iddiaçı hündürlüyü 1 metr olmaqla, 5 metr enində, 30 metr uzunluğunda yarımçıq tikili tikmişdir. Həmin tikiliyə 1000 manat xərc çəkmişdir. İddiaçı ona vurulmuş ziyanın ödənilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh bildirmişdir ki, həmin layihə üzrə işlər başa çatdığından sözügedən torpaq sahələrinə görə kompensasiya ödənilməsi məsələsinə baxılması qeyri-mümkündür. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus torpaq sahəsinə heç bir ziyan vurulmamışdır. Həmin ərazidə yolun mühafizə zolağından istifadə olunaraq yol genişləndirilmiş, ətrafdakı torpaq sahələrinə hər hansı müdaxilə olunmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(085)- 150/2019 saylı qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Pirəkeşkül kəndində yerləşən 0,06 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 2450 manat, daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə 490 manat əlavə haqq, cəmi 2890 manat pul kompensasiyasının İddiaçı dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və cəmi 50400 manat pul kompensasiyasının ona ödənilməsi öhdəliyinin cavabdehin üzrəinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda qərardan üçüncü şəxs apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətlərinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(085 )-150/2019 saylı qərarı ilə iddiası qismən təmin edilmiş, mülkiyyətində olan Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 0,06 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 2450 manat, daşınmaz əmlakın bazar qiymətinin 20%-i miqdarında satınalma qiymətinə 490 manat əlavə haqq, cəmi 2890 manat pul kompensasiyasının dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyi "Azərbaycan Avtomibil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulmuşdur. Aşağıda göstərilənlərə əsasən həmin qərar qanunsuz və əsassız olduğu, maddi və prosessual hüquq normaları pozulmaqla və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmadan qəbul olunduğu, bu isə, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə və faktlar nöqteyinəzərindən əsassız qərar qəbul edilməsinə səbəb olduğu üçün ləğv olunmalı və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(085)- 150/2019 saylı qərarında iddianın təmin edilməyən hissəsindən razı deyildir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, məhkəmə mühəndis-texniki ekspertizasının 1891 saylı xx xxx 2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarına və “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (müahfızə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2015-çi il tarixli 298 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən Bakı-Şamaxı avtomobil yolunun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi tərəfindən aparılan magistral yolun genişləndirilməsi layihəsi həyata keçirilən zaman iddiaçının mülkiyyətində olan torpaq sahəsinin təqribi 35 kv m hissəsində müdaxilə olunduğu müəyyən edilmişdir. Torpaq sahəsinə dəymiş ziyanın həcminin müəyyən edilməsi mühəndis-tikinti-texniki ekspertizasının səlahiyyətlərinə aid olmadığına və torpaq sahəsinə baxış keçirilən zaman hər hansı bir tikili mövcud olmadığına görə qərardadın bu halı üzrə tədqiqat aparılmamışdır. Birinci instansiya məhkəməsinin həmin qənaəti ilə bağlı aşağıdakıları qeyd edir. xx xxxxxxxx 2013-cü il tarixdə Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 0,06 ha torpaq sahəsini almış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin verdiyi RX ******* saylı çıxarış əsasında torpaq sahəsi xüsusi mülkiyyətindədir. Məhkəmə mühəndis-texniki ekspertizasının 1891 saylı xx xxx 2019-cu il tarixli rəyi isə “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (müahfızə) zolaqlarının ölçüləri''nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2015-ci il tarixli 298 nömrəli Qərarına əsasən verilmişdir. Torpaq sahəsini xx xxxxxxxx 2013-cü il tarixdə almışdır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 nömrəli qərarı isə xx xxxxxxxx 2015-ci il tarixdə qəbul edilmişdir. Həmin qərar torpaq sahəsini aldıqdan 2 il sonra qəbul edilmişdir və həmin qərarın ona heç bir adiyyəti yoxdur, onun mülkiyyət hüququnu pozmamalıdır. Eyni zamanda “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (müahfızə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2015-ci il tarixli 298 nömrəli Qərarı ilə dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (müahfızə) zolaqlarının ölçüləri dəyişdirilərək mülkiyyətində olan Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 0,06 ha torpaq sahəsi də zəbt edilmişdir. Hal-hazırda xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. 0,06 ha torpaq sahəsindən 35 kv metr asfaltın altında qalan yoldur, yerdə qalan torpaq sahəsi isə yolun genişləndirilməsi nəticəsində yolun mühafizəsində yerləşir. Bu barədə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi ona ünvanladığı xx.xx.2018-ci il tarixli məktubda və məhkəmə tərəfindən təyin olunmuş “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxxxx 2019cu il tarixli mütəxəssis rəyində də qeyd olunmuşdur. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli məktubunda qeyd olunur ki, 0.06 ha torpaq sahəsinin plan və ölçü sənədindəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuş və məlum olmuşdur ki, torpaq sahəsi Bakı- Şamaxı magistral yolunun genişləndirilməsi nəticəsində yolun mühafizəsində yerləşir. “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli mütəxəssis rəyində qeyd olunur ki, X2 məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin bazar dəyəri 42000 manat təşkil edir. Həmin torpaq sahəsinə, o cümlədən müdaxilə edilmiş 35 kv m əraziyə dəymiş ziyanın dəyəri 2450 manat təşkil edir. Hazırda həmin torpaq sahəsinin zəbt edilmiş hissəsindən əlavə hissəsi magistral yolun qırmızı xəttinə düşdüyü üçün istifadə üçün yararlı deyildir. Həmçinin “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli mütəxəssis rəyində Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin bazar dəyəri 42000 manat qeyd olunduğundan, iddia tələbini həmin rəydə qeyd olunan qiymətə uyğunlaşdıraraq mülkiyyətində olan Abşeron rayonu Pirəkeşkül kəndində yerləşən 0,06 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 42000 (qırx iki min) manat, daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə 8400 (səkkiz min dörd yüz) manat əlavə haqq, cəmi 50 400 (əlli min dörd yüz) manat pul kompensasiyasının dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv olunmaqla, iddia tələbi rədd edilməlidir. Məhkəmə işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün qiymət verməyərək iddianı qismən təmin etmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin “Bakı-Şamaxı avtomobil yolunun 15.00- 45.00 km. hissəsinin 4 zolağa genişdirilməsi” tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) müəyyənləşdirilməmiş və araşdırma aparılmamışdır. Məhkəmə tərəfindən mübahisəli əmlak kompleksinin yerləşdiyi torpağın alınması, habelə həmin kompleksin zəbt olunması müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması” zərurəti ilə bağlılığının olması da işin araşdırma tələb edən hallarındandır. Halbuki “Avtomobil yolları” haqqında Azərbaycan Respublikası Qanununa görə təhkim zolağı - avtomobil yolunun yerləşdirilməsi üçün ayrilmış torpaq sahələridir; qorunma (mühafizə) zolağı-təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir (1-ci maddə). Həmin Qanunun 15.1-ci maddəsinə görə yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri, perspektiv inkişafı və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi isə qeyd edilən hallara əhəmiyyət verməmiş, iş materiallarında olan məktubları mötəbər sübut kimi qəbul edərək iddianı qismən təmin etməklə kifayətlənmişdir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. Belə ki, məhkəmə təcrübəsində bu cür işlərlə əlaqədar hər hansı kompensasiya məsələsinə aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilməklə həmin ekspertizaya Maliyyə Nazirliyinin də mütəxəssisi cəlb olunur. Məlum olduğu kimi, Maliyyə Nazirliyi tərəfindən müvafiq məktubla Ali Məhkəməyə müraciət edilərək, dövlət ehtiyacları ilə əlaqədar məhkəmə işlərində Nazirliyin ekspert və ya mütəxəssislərinin iştirakının təmin edilməsi xahiş edilmişdir. Maliyyə Nazirliyinin həmin müraciətinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin xx.xx.2010-cu il tarixli 2-182 nomrəii məktubu i!ə rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apellyasiya instansiya məhkəmələrinə tövsiyə edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etsinlər. Lakin göründüyü kimi, qeyd olunan tövsiyəyə məhkəmə tərəfindən əməl edilməmiş və iddia tələbindən kənara çıxmaqla nəticədə qeyri-qanuni qərar qəbul edilmişdir. Üçüncü şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi qərar əsassız olduğundan, habelə mövcud qanunvericiliyin tələblərinə zidd olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 4.1-ci bəndinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməşi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə əsasən torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. Həmin Qanunun 36-cı maddəsinə əsasən alan orqan tərəfindən mülkiyyətçiyə torpaq sahəsinin dəyərinin ödənilməsi sözügedən alqı-satqı müqaviləsinin bağlanmasından sonra 90 gün müddətində həyata keçirilir. İndiki vəziyyətdə iddiaçı ilə alan orqan (bu halda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) arasında torpaq sahəsinin satın alınması ilə bağlı hər hansı alqı-satqı müqaviləsi bağlanılmamış, torpağın dövlət ehtiyacı üçün satın alınması rəsmiləşdirilməmiş, başa çatmamışdır. Sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Torpaq sahəsinin müvafiq qaydada alınması rəsmiləşdirildiyi vaxtadək mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının ona məxsus sahədən istifadə etmək hüququ vardır. Digər tərəfdən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qeyd olunan torpaq sahələrinə görə kompensasiyanın təmin edilməsində mövcud qanunvericiliyin tələbləri gözlənilməmişdir. Belə ki, Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 23-cü maddəsinə görə qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir, alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir, müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir. Eyni zamanda həmin Qanunun 24-cü maddəsinə əsasən qiymətləndirmə komissiyasının müstəqil qiymətləndiricinin torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkliflərinin, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyinin təhlili nəticəsində torpaq və digər əmlakın bazar qiyməti barədə qəbul etdiyi qərarı alan orqan tərəfindən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənilməsində istifadə edilir. Lakin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi sözügedən torpaq sahəsinin qiymətləndirilməsi ilə bağlı qiymətləndirmə komissiyasının qərarını araşdırmamış, torpağın dövlət ehtiyacı üçün alınması ilə bağlı mövcud qanunvericiliyin müəyyən etdiyi mövcud proseduru nəzərə almamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarında kompensasiyanın dövlət büdcəsindən ayrılan vəsait hesabına ödənilməsi məsələsi ilə əlaqədar olaraq qeyd edirlər ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə dövlət büdcəsi qanunla təsdiq olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarına və onlar tərəfindən tədbirlərin keçirilməsinə ayrılan vəsaitin məbləği qanunla təsdiq olunmuş xərc maddələri çərçivəsində inzibati təsnifata uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilir. Dövlət büdcəsinin vəsaitləri təsdiq edilmiş xərc istiqamətləri üzrə büdcə təşkilatları tərəfindən yalnız təyinatı üzrə istifadə olunur. Dövlət büdcəsinin xərc maddələri müvafiq il üzrə qanunla təsdiq olunur və büdcə təşkilatlarına və onlar tərəfindən tədbirlərin keçirilməsinə ayrılan vəsaitin məbləği konkret müəyyən edilir. Büdcə vəsaitinin başqa məqsədlərə istifadəsi qanunla qadağan olduğundan sözügedən məhkəmə qərarında bu tələbin müəyyən edilməsi qanunvericiliyə ziddir. Bununla yanaşı dövlət büdcəsinin vəsaitlərinin təyinatı müvafiq qanunvericilik aktları əsasında dəqiq müəyyən edildiyindən Nazirliyin həmin təyinatı dəyişdirmək, vəsaitləri qeyri-məqsədlər üçün istifadə etmək və ya yönəltmək səlahiyyətləri yoxdur. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsini və cəmi 50 400 (əlli min dörd yüz) manat pul kompensasiyasının dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, torpağı artıq yararsız hala düşmüş, məhkəmə tərəfindən isə müvafiq hal nəzərə alınmamış, iddia qismən təmin olunmuşdur. Müvafiq torpaq sahəsində yol çəkilməsindən iddiaçının xəbəri olmamışdır. Köhnə yol onun torpaq sahəsindən keçmirdi. Torpaq sahəsinin koordinatlarının yolun təhkim zolağı ilə üst-üstə düşməsi barədə cavabdehin nümayəndəsinin dəlilləri əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək şikayət ilə eyni məzmunda izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, yol çəkiləndən sonra vətəndaş müraciət etmiş və müvafiq torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. İcra Hakimiyyəti cavabdeh inzibati orqana məktub ünvanlayaraq müvafiq yerdə torpaq sahəsinin heç bir mülkiyyətçisi olmaması barədə məlumat verdiyindən cavabdehin əməkdaşları tərəfindən bununla bağlı heç bir yoxlama aparılmamışdır. Torpaq sahəsinin koordinatları əvvəlcədən yolun təhkim zolağı ilə üst-üstə düşürdü. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin və üçüncü şəxsin apelyasiya şikayətləri təmin edilməməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(085)-150/2019 saylı qərarı dəyişdirilməli, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 0.06 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar İddiaçı dövlət büdcəsi hesabına 21000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan : DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı 02604801 saylı xx.xx.2013-cü il tarixli çıxarışdan görünür ki, 0,06 ha kənd təsərrüfanı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazidə yol-infrastruktur layihəsi başa çatdığından, sözügedən torpaq sahələrinə görə kompensasiya ödənişi məsələsinə baxılması qeyri-mümkündür. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, onun mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin plan və ölçü sənədindəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuş və məlum olmuşdur ki, iddiaçını mülkiyyətində olan torpaq sahəsi Bakı-Şamaxı magistral yolunun genişləndirilməsi nəticəsində yolun mühafizəsində yerləşir. Həmin məktubda **********91 reyestr nömrəli torpaq sahəsinin plan-ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları qeyd olunmuş və torpaq sahəsinin yol kimi istifadə olunduğu göstərilmişdir. Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərardadına əsasən iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətidən mütəxəssis cəlb olunmaqla məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə mühəndis-texniki ekspertizasının 1891 saylı 27 may 2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarına və “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (müahfizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2015-ci il tarixli 298 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən Bakı-Şamaxı avtomobil yolunun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi tərəfindən aparılan magistral yolun genişləndirilməsi layihəsi həyata keçirilən zaman iddiaçının mülkiyyətində olan torpaq sahəsinin təqribi 35 kv m hissəsində müdaxilə olunduğu müəyyən edilmişdir. Torpaq sahəsinə dəymiş ziyanın həcminin müəyyən edilməsi mühəndis-tikintitexniki ekspertizasının səlahiyyətlərinə aid olmadığına və torpaq sahəsinə baxış keçirilən zaman hər hansı bir tikili mövcud olmadığına görə qərardadın həmin sualı üzrə tədqiqat aparılmamışdır. Daha sonra iddiaçıya dəymiş ziyanın həcminin müəyyən edilməsi məqsədi ilə müəxəssis rəyinin alınması üçün “xxxx” MMC-yə müraciət edilmişdir. Həmin MMC tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin bazar dəyəri 42000 manat təşkil edir. Həmin torpaq sahəsinə, o cümlədən müdaxilə edilmiş 35 kv m əraziyə dəymiş ziyanın dəyəri 2450 manat təşkil edir. Hazırda həmin torpaq sahəsinin zəbt edilmiş hissəsindən əlavə hissəsi magistral yolun qırmızı xəttinə düşdüyü üçün istifadə üçün yararlı deyildir. İşin hallarından görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazidə yol-infrastruktur layihəsi başa çatdığından, sözügedən torpaq sahələrinə görə kompensasiya ödənişi məsələsinə baxılmasının qeyri-mümkün olduğunu bildirmişdir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Abşeron rayonu Pirəkeşkül kəndində yerləşən 0,06 ha torpaq sahəsinin əvəzinə 60000 manat, 0,06 ha torpaq sahəsində tikiliyə xərclənən 1000 manat və 60000 manat məbləğində kompensasiyanın 20 % miqdarında satınalma qiymətinə əlavə olaraq 12000 manat, cəmi 73000 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bu zaman ona əsaslanmışdır ki, iddiaçının tələbi qismən təmin edilməlidir. Belə ki, iş üzrə verilmiş ekspert və mütəxəssis rəyləri ilə iddiaçıya məxsus torpaq sahəsinin cəmi 35 kv m hissəsinə müdaxilə edildiyi və nəticədə ona cəmi 2450 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı iddiaçının həmin torpaq sahəsində tikili inşa etdiyi və həmin işlərə 1000 manat xərc çəkməsi barədə tələbi təsdiqini tapmadığından məhkəmə həmin tələbi də əsassız hesab etmişdir. Cavabdeh qərarı o əsasla mübahisələndirmişdir ki iddiaçının mülkiyyətində olan torpaq sahəsinin “Bakı-Şamaxı avtomobil yolunun 15.00-45.00 km. hissəsinin 4 zolağa genişdirilməsi” tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) müəyyənləşdirilməmiş və araşdırma aparılmamış, eləcə də torpaq sahəsi qiymətləndirilərkən Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakı təmin edilməmişdir. Üçüncü şəxs qərarı o əsasla mübahisələndirmişdir ki, iddiaçı ilə alan orqan (bu halda AAYDA) arasında torpaq sahəsinin satınalınması ilə bağlı hər hansı alqı-satqı müqaviləsi bağlanmamışdır. Sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Torpaq sahəsinin müvafiq qaydada alınması rəsmiləşdirildiyi vaxtadək mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının ona məxsus sahədən istifadə etmək hüququ vardır. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasnn 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifad etmək və onun barsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərar olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Qeyd edildiyi kimi cavabdeh apellyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin yolun tikintisi altına düşüb-düşməməsinin məhkəmə tərəfindən araşdırılmadığını mübahisələndirir. Bununla bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin “Bakı-Şamaxı avtomobil yolunun 15.00- 45.00 km. hissəsinin 4 zolağa genişdirilməsi” tikintisi layihəsi çərçivəsində tikinti altına düşüb-düşməməsi ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis cəlb olunmaqla məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə mühəndis-texniki ekspertizasının 1891 saylı 27 may 2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarına və “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (müahfizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2015-ci il tarixli 298 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən Bakı-Şamaxı avtomobil yolunun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi tərəfindən aparılan magistral yolun genişləndirilməsi layihəsi həyata keçirilən zaman iddiaçının mülkiyyətində olan torpaq sahəsinin təqribi 35 kv m hissəsində müdaxilə olunduğu müəyyən edilmişdir. Daha sonra iddiaçıya dəymiş ziyanın həcminin müəyyən edilməsi məqsədi ilə müəxəssis rəyinin alınması üçün “xxxx” MMC-yə müraciət edilmişdir. Həmin MMC tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin bazar dəyəri 42000 manat təşkil edir. Həmin torpaq sahəsinə, o cümlədən müdaxilə edilmiş 35 kv m əraziyə dəymiş ziyanın dəyəri 2450 manat təşkil edir. Hazırda həmin torpaq sahəsinin zəbt edilmiş hissəsindən əlavə hissəsi magistral yolun qırmızı xəttinə düşdüyü üçün istifadə üçün yararlı deyildir. Beləliklə, həmin rəylə müəyyən olunmuşdur ki, torpaq sahəsinə dəymiş ziyanın dəyəri 2450 manat təşkil edir və torpaq sahəsinin zəbt edilmiş hissəsindən əlavə hissəsi də magistral yolun qırmızı xəttinə düşdüyü üçün istifadə üçün yararlı deyildir. Birinci instansiya məhkəməsi isə iddianı qismən təmin edərkən ona əsaslanmışdır ki, iddiaçıya məxsus torpaq sahəsinin cəmi 35 kv m hissəsinə müdaxilə edilmiş və nəticədə ona cəmi 2450 manat məbləğində ziyan dəymişdir. Məhkəmə torpaq sahəsinin zəbt edilmiş hissəsindən əlavə hissəsinin də magistral yolun qırmızı xəttinə düşdüyü üçün istifadə üçün yararsız olmasını nəzərə almamışdır. Həmçinin, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Pirəkeşkül kəndində yerləşən 0,06 ha torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi, torpaq sahəsinə edilmiş müdaxilədən sonra həmin torpaq sahəsinin istifadə üçün yararlı olub-olmamasının müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(105)-127/2020 saylı qərardadı ilə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən ekspert və ya mütəxəssis cəlb edilməklə “X6” məhdud məsuliyyətli cəmiyyətə həvalə edilmişdir. İş üzrə “X6” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəydən görünür ki, iddiaçının və üçüncü şəxs Maliyyə Nazirliyinin nümayəndəsi Dövlət Maliyyə Nəzarəti Xidmətinin 1 saylı regional maliyyə müfəttişliyinin rəisi vəzifəsini icra edən X3 iştirakı ilə torpaq sahəsinə yerində baxış keçirilmişdir. Aparılmış təhlil və hesablamalar zamanı məlum olmuşdur ki, qiymətləndirilən torpaq sahəsinin hal-hazırda bazar dəyəri 17500( on yeddi min beş yüz) manat təşkil edir. Qərardadın digər sualı ilə bağlı isə müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “torpaq sahəsinin planı və ölçüsündə” göstərilmiş koordinatlar əsasında torpaq sahəsinin böyük hissəsi asfalt örtüyünə, yerdə qalan hissəsi yolun mühafizə zolağına düşdüyünə görə torpaq sahəsi istifadə üçün tam yararsızdır. Bundan başqa, iddiaçıya məxsus torpaq sahəsinin məhz Bakı-Şamaxı avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşməsi və bu səbəbdən cavabdeh tərəfindən qazılaraq yararsız hala salındığı sübuta yetirilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli cavab məktubunda iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazidə yol-infrastruktur layihəsi başa çatdığından, sözügedən torpaq sahələrinə görə kompensasiya ödənişi məsələsinə baxılması qeyri-mümkün olduğu bildirilmişdir. Həmçinin, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, onun mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin plan və ölçü sənədindəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuş və məlum olmuşdur ki, iddiaçını mülkiyyətində olan torpaq sahəsi Bakı-Şamaxı magistral yolunun genişləndirilməsi nəticəsində yolun mühafizəsində yerləşir. Həmin məktubda **********91 reyestr nömrəli torpaq sahəsinin plan-ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları qeyd olunmuş və torpaq sahəsinin yol kimi istifadə olunduğu göstərilmişdir. Deməli, cavabdeh təsdiq edir ki, Bakı-Şamaxı avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yolun iddiaçının mülkiyyətində olan torpaq sahəsindən keçməklə inşası nəzərdə tutulmuş, bu səbəbdən cavabdeh təşkilat tərəfindən torpağa müdaxilə edilərək qazma işləri aparılmışdır. xx xxxxxxxx 2019-cu il tarixli mütəxəssis rəyi ilə, həmçinin xx.xx.2020-ci il tarixli rəylə də torpaq sahəsinin istifadə üçün tam yararsızlığı təsdiqlənmişdir. Beləliklə də kollegiya hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətində mübahisələndirilsə də, iddiaçıya məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 0,06 ha torpaq sahəsinin məhz təsdiq edilmiş layihəyə əsasən, yolun tikinti altına düşməsi və bu səbəbdən torpaq sahəsində qazma işlərinin aparılması iş materialları ilə sübuta yetirilir. Belə olan təqdirdə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh- Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən həmin Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və mərhumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Bu Qanunun 54-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Dövlət ehtiyacları ilə əlaqədar alınmayla bağlı olaraq mülkiyyətində olan əmlaklarından məhrum edilmiş şəxslərə həmin əmlaka görə kompensasiyanın ödənilməli olduğu İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququndan da irəli gəlir. Belə ki, «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» Konvensiyaya əlavə 1 saylı protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi X1rşı işdə (15711/13) qeyd etmişdir ki, Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququna müdaxilə zamanı mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunması təmin edilməlidir. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. Həmçinin Avropa Məhkəməsi Kozaçıoğlu Türkiyəyə qarşı işdə (2334/03) qeyd etmişdir ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyrimütənasib müdaxilədir. Kompensasiyanın müəyyən edilməsi zamanı qiymətləndirmə sistemi ədalətli olmalıdır. Yuxarıda qeyd olunan müddəaların hazırki işə tətbiqinə münasibətdə iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətindən görünür ki, o, iddiaçıya ödənilməli olan kompensasiyanın məbləğini deyil, torpaq sahəsi qiymətləndirilərkən Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakının təmin edilməməsini mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası tərəfindən İddiaçı mülkiyyətində olan Abşeron rayonu Pirəkeşkül kəndində yerləşən 0,06 ha torpaq sahəsinin (daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış) hal-hazırda bazar qiymətinin nə qədər təşkil etməsi ilə əlaqədar mütəxəssis rəyinin alınması və rəy verilməsinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən ekspert və ya mütəxəssis cəlb edilməklə “X6” MMC-yə həvalə edilməsi qərara alınmışdır. Məhkəməyə daxil olmuş “X6” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəydən görünür ki, qiymətləndirmə zamanı hesablamalarda mütəxəssislər tərəfindən xüsusi olaraq əldə edilmiş daşınmaz əmlak bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarından, tikinti normalarından və hesablama düsturlarından istifadə olunmuşdur. Bütün göstərilənlər nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, qiymətləndirilən torpaq sahəsinin halhazırda bazar dəyəri 17500 (on yeddi min beş yüz) manat təşkil edir. Qeyd olunmalıdır ki, torpaq sahəsi qiymətləndirilərkən Maliyyə Nazirliyinin mütəxəssisinin iştirakı təmin edilmişdir. Rəydən görünür ki, torpaq sahəsinin hal-hazırda bazar dəyəri 17500 manat məbləğində hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 nömrəli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinə 20% əlavə də nəzərə alınmalıdır. Beləliklə də müəyyən olunur ki, iddiaçının mülkiyyət hüququna dövlət ehtiyacı ilə əlaqədar müdaxilə baş versə də, bu zaman qanunvericiliyin tələblərinə riayət edilməmiş, alınmış sahənin əvəzində hal-hazıradək ədalətli kompensasiya ödənilməmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçıya məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 0.06 ha torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə olunduğunu, torpağa ziyan dəydiyini qeyd etsə də, həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 2450 manat, daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə 490 manat əlavə haqq, cəmi 2890 manat pul kompensasiyasının öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoymaqla qismən düzgün nəticəyə gəlmişdir. Belə ki, iş üzrə verilmiş son iki mütəxəssis rəyindən görünür ki, cavabdehin müdaxiləsi nəticəsində iddiaçıya məxsus torpaq sahəsi tam ayararsız hala düşmüşdür. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçıya məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 0.06 ha torpaq sahəsinin bazar dəyərinin 17500 manatdan hesablanmaqla və məlum fərmana uyğun olaraq bazar qiyməti 20% əlavə edilməklə 21.000 manat (17500+ 3500 (1750 x 20% = 3500) = 21.000) məbləğində iddiaçıya kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını qanuni və əsaslı hesab edir. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, torpaqların geri alınması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməməsi heç bir halda iddiaçının ziyanına şərh edilə bilməz. Başqa sözlə, bununla bağlı qanunvericiliyin tələblərinə tam riayət edilməsə də, torpağın geri alınması faktiki olaraq baş vermişdir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələblərinə riayət edilməməsində iddiaçının hər hansı təqsiri olmamışdır. Ona görə də, onun kompensasiya almaq hüququ faktiki müdaxiləni həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Beləliklə qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin və üçüncü şəxsin apelyasiya şikayətləri təmin edilməməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(085)-150/2019 saylı qərarı dəyişdirilməli, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 0.06 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar İddiaçı dövlət büdcəsi hesabına 21000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və üçüncü şəxs Azərbaycan Respublikasının Malyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(085)- 150/2019 saylı qərarı dəyişdirilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 0.06 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar dövlət büdcəsi hesabına 21000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar