Məhkəmə qərarları › İş №2-1(105)-11/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-11/2023

06.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-11/2023 06.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2- 1(118)-1452/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 19 aprel 2021-ci il tarixində ərizə ilə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək Sumqayıt şəhəri, Üzvi- Sintez zavodunun ərazisində yerləşən, "xxxx" kiçik müəssisəsinin adına əvvəllər qeydə alınmış qeyri-yaşayış binasına dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh 27 may 2021-ci il tarixli **********57 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Sumqayıt Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən "xxxx" kiçik müəssisəsinin xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış daşınmaz əmlak və onun yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğundan, aparılmış həmin qeydiyyatın mübahisələndirilməsi üçün məlumat və materiallar Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmiş, müvafiq araşdırma aparılıb, münasibət bildirildikdən sonra müraciətə təkrar baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək AR NK yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 25 iyul 2000-ci il tarixdə 19 nömrəli reyestr kitabında 67-ci səhifədə 263 reyestr nömrəsi ilə "xxxx" kiçik müəssisəsinin adına qeydə alınmış əmlaklar və torpaq sahəsi göstərilməklə çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək AR NK yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 25 iyul 2000-ci il tarixdə 19 nömrəli reyestr kitabında 67-ci səhifədə 263 reyestr nömrəsi ilə "xxxx" kiçik müəssisəsinin adına qeydə alınmış əmlakların (1 ədəd istehsalat sexi binası və 1 ədəd anbar binası) ölçülərinin, sözügedən idarə tərəfindən verilmiş “Qeyri-yaşayış binasının Texniki Pasportu” nda göstərilən ölçülərə uyğun, istehsalat sexi binasının ölçüsü 2016,64 kv.m, anbar binasının ölçüsü 316,8 kv.m qeyd edilməklə "xxxx" MMC-yə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Kommersiya idman klubu kiçik müəssisəsinə "xxxx" Dövlət Şirkətinin razılığı əsasında həmin şirkətə daxil olan üzvi sintez zavodunun ərazisində yerləşən 440/1 saylı sex 19 iyun 1996-cı il tarixdə 589650 manata satılmışdır. Sexin torpaq sahəsi 0.85 ha kimi qeydə alınmış, sexin ölçüləri barədə rəsmi sənədlər akta əlavə olunmuşdur. Cəmiyyət xx.xx.1992-ci ildə 49 nömrəli əmrlə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qeydiyyata alınmış İdman kommersiya klubu "xxxx" kiçik müəssisəsinin hüquqi varisidir. Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 25 iyul 2000-ci il tarixdə 19 nömrəli reyestr kitabında 67-ci səhifədə 263 reyestr nömrəsi ilə "xxxx" kiçik müəssisəsinin adına qeydə alınmış daşınmaz əmlakın qeydiyyat vəsiqəsi və ona əlavə olaraq texniki pasport tərtib edilmişdir. Qeydiyyat vəsiqəsi əsasında tərtib olunmuş texniki pasportda aşağıdakı daşınmaz əmlaklar göstərilmişdir. 1. İstehsalat sexi, 2. İnzibati bina, 3. Transformator binası, 4. Anbar. Lakin, qeydiyyat vəsiqəsində daşınmaz əmlakların həcmi və ölçüləri barəsində hər hansı bir məlumat yoxdur, bu da müəyyən çətinliklər törədir. Belə ki, göstərilən qeydiyyat vəsiqəsinə əsasən hər hansı bir əməliyyat aparılması mümkün deyil. Göstərilən çatışmazlıqların aradan qaldırılması üçün cavabdehə müraciət etsə də, cavabdeh müraciətin icrasından imtina etmişdir. İddiaçı qeyd edir ki, o, qeydiyyatı ümumiyyətlə mübahisələndirmir. Qeydiyyat vəsiqəsindən görünür ki, 0.85 ha torpaq sahəsində yerləşən daşınmaz əmlaklar artıq Çıraqqala MMC-nin mülkiyyətindədir. Lakin, inzibati orqan qanunvericiliyin tələbinə uyğun olmayan cavab verərək ərizəni təmin etməmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(118)-1452/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, AR NK yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 25 iyul 2000-ci il tarixdə 19 nömrəli reyestr kitabında 67-ci səhifədə 263 reyestr nömrəsi ilə "xxxx" kiçik müəssisəsinin adına qeydə alınmış əmlakların (1 ədəd istehsalat sexi binası və 1 ədəd anbar binası) ölçülərinin, sözügedən idarə tərəfindən verilmiş “Qeyriyaşayış binasının Texniki Pasportu” nda göstərilən ölçülərə uyğun, istehsalat sexi binasının ölçüsü 2016,64 kv.m, anbar binasının ölçüsü 316,8 kv.m qeyd edilməklə "xxxx" MMC-nin yeni mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. (hakim C.Məmmədov). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış əlavə olaraq qeyd etmişdir ki, aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" kiçik müəssisəsinin adına AR NK yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 25 iyul 2000-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Lakin verilmiş qeydiyyat vəsiqəsinə əsas olmuş hüquqmüəyyənedici sənəd kimi “Üzvi Sintez” zavodunun direktorunun 440/1 nömrəli binanın və onun sahəsinin "xxxx" kommersiya idman klubu kiçik müəssisəsinə verilməsi üçün tərtib edilmiş 19 iyun 1996-cı il tarixli akt əsasında olmuşdur. Göründüyü kimi müvafiq qeyri-yaşayış binasına dair aparılmış qeydiyyat qanunun tələblərinə uyğun hüquqmüəyyənedici sənədlər olmadan aparılmışdır. Həmçinin, iddiaçı tərəfindən iddia olunan müvafiq torpaq sahəsi dövlət əmlakıdır və bu səbəbdən də, dövlət əmlakı kimi yalnız “Dövlət əmlakının özəlləşdirilməsi haqqında “AR Qanununun tələblərinə uyğun şəkildə özgəninkiləşdirilə bilər. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticədə qanunsuz olaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin, məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, AR NK yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 25 iyul 2000-ci il tarixdə 19 nömrəli reyestr kitabında 67-ci səhifədə 263 reyestr nömrəsi ilə "xxxx" kiçik müəssisəsinin adına qeydə alınmış əmlakların ölçüləri, texniki pasportda “A” tikilisi kimi qeyd edilmiş tikilinin ölçüsü 1886,70 kv.m, “B” tikilisi kimi qeyd edilmiş tikilinin ölçüsü 56,0 kv.m, “Q” tikilisi kimi qeyd edilmiş tikilinin ölçüsü 164,5 kv.m göstərilməklə çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarı. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki işin hallarından görünür ki, iddiaçı ilkin olaraq tələbində "xxxx" kiçik müəssisəsinin adına qeydə alınmış əmlaklar və torpaq sahəsi göstərilməklə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh bəyan olunan həm qeyri-yaşayış binasının, həm də onun yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyəti olmasını mübahisələndirmişdir. İşdən görünür ki, bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən həm qeyriyaşayış binasının, həm də onun yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olubolmamasının müəyyən edilməsi üçün Əmlak Məsələri Dövlət Komitəsinə sorğu göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən Sumqayıt “Üzvi Sintez” zavodunun tərtib etdiyi 19 iyul 1996-cı il tarixli akt əsasında Üzvi-Sintez zavodunun ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində "xxxx" idman kommersiya klubunun mülkiyyət hüququ xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmış və mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi verilmişdir. (i.v. 41) Göründüyü kimi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisələndirilən qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququn qeydiyyatının aparıldığını, başqa sözlə, bununla da həmin əmlakın dövlət mülkiyyəti deyil, xüsusi mülkiyyətdə olduğunu təsdiqləmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Qeyri-yaşayış binasının ölçülərinə gəldikdə isə həmin ölçülər DƏDRX-in hüquqi sələfi olmuş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil- Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən müəyyən edilərək “Qeyri-yaşayış binasının Texniki Pasportu”da öz əksini tapmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş materiallarında olan “Üzvi-Sintez” zavodunun 19 iyun 1996-cı il tarixli aktından görünür ki, zavodun ərazisində yerləşən 440/1 saylı bina (qeyri-yaşayış binası) "xxxx" Dövlət Şirkətinin razılığına əsasən "xxxx" Kommersiya idman klubu kiçik müəssisəsinə 589650 manata satılmışdır. AR Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, sözügedən qeyri-yaşayış binası "xxxx" Kommersiya idman klubu kiçik müəssisəsinin adına mülkiyyət hüququ əsasında 25 iyul 2000-ci il tarixdə 19 nömrəli reyestr kitabında 67-ci səhifədə 263 reyestr nömrəsi ilə qeydə alınmışdır. "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, cəmiyyət xx.xx.1992-ci ildə 49 nömrəli əmrlə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qeydiyyata alınmış İdman kommersiya klubu "xxxx" kiçik müəssisəsinin hüquqi varisidir. Cavabdehin apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, AR NK yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən iddiaçıya qeydiyyat vəsiqəsi verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənəd kimi “Üzvi Sintez” zavodunun direktorunun 440/1 nömrəli binanın və onun sahəsinin "xxxx" kommersiya idman klubu kiçik müəssisəsinə verilməsi üçün tərtib edilmiş 19 iyun 1996-cı il tarixli akt olmuş, yəni müvafiq qeyri-yaşayış binasına dair aparılmış qeydiyyat qanunun tələblərinə uyğun hüquqmüəyyənedici sənədlər olmadan aparılmışdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, hüquqmüəyyənedici sənədlərin dairəsi açıq olduğuna görə konkret halda hansı sənədin hüquqmüəyyənedici sənəd kimi qəbul olunması qeydiyyat orqanı tərəfindən müəyyən olunur. Lakin qeyd olunduğu kimi hazırki mübahisə daşınmaz əmlak (qeyri-yaşayış binası) üzərində hüquqların dövlət qeydiyyatı barəsindədir. İstər Mülki Məcəllənin 139-1-ci maddəsi, istərsə də “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasların bitkin siyahısı müəyyən olunmuşdur. Hazırda iddiaçının hüququn qeydiyyata alınması üçün gətirdiyi əsas mübahisələndirilən əmlaka dair adına tərtib olunmuş Qeydiyyat Vəsiqəsidir ki, sonuncunun da mübahisələndirilən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun ilkin qeydiyyatı 2000-ci ildə aparılmışdır. Hazırki mübahisə predmeti qeyri-yaşayış obyekti üzərində iddiaçının mülkiyyət hüququnun ilkin qeydiyyatı deyil, tikililərin sahəsi göstərilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədədir. Belə ki, AR NK yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən iddiaçının qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ 25 iyul 2000-ci il tarixdə qeydə alınmışdır. Qeydiyyat vəsiqəsinin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş və ləğv olunmamışdır. Bu baxımdan reyestrdə aparılmış qeydiyyat hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1 və 139-1.1.5-ci maddəsində də nəzərdə tutulmuşdur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən qeydiyyat vəsiqələri daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsasdır. İddiaçı da hazırda bu hüququnu reallaşdırmaq niyyətindədir. Apellyasiya şikayətinin ikinci dəlili isə o olmuşdur ki, iddiaçı tərəfindən iddia olunan müvafiq torpaq sahəsi dövlət əmlakıdır və bu səbəbdən də, həmin torpaq sahəsi dövlət əmlakı kimi yalnız “Dövlət əmlakının özəlləşdirilməsi haqqında“ AR Qanununun tələblərinə uyğun şəkildə özgəninkiləşdirilə bilər. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının ilkin tələbi torpaq sahəsi ilə də bağlı olsa da, hələ birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaçı tələbinin həcmini azaltmış və son olaraq torpaq sahəsinə deyil, yalnız qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınmasını məhkəmədən xahiş etmişdir. Qeyri-yaşayış binasının ölçüləri ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 18 may 2021-ci il tarixli müayinə (baxış) aktdan görünür ki, Sumqayıt şəhəri, Üzvi-Sintez zavodunun ərazisində yerləşən əmlak kompleksi kimi müəssisədə texniki inventarlaşma işi aparılarkən müəyyən edilmişdir ki, torpaq sahəsində ümumi sahəsi 56 kv.m olan ofis, ümumi sahəsi birlikdə 2160.0 kv.m olan 3 ədəd istehsalat sexi, ümumi sahəsi 157.5 kv.m olan bir ədəd talvar, ümumi sahəsi 341.2 kv.m iki ədəd anbar və tikintialtı sahəsi 17.2 kv.m olan 2 mərtəbəli gözətçi binası müəyyən edilmişdir. Ofis binası ayrıca tikilidir, qalan tikililər bitişikdir, köhnə texniki pasportun eskizində göstərilən “B” literli tikili isə sökülmüşdür. Birinci instansiya məhkəməsinin qərarında isə xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmalı olan istehsalat sexi binasının ölçüsü 2016,64 kv.m, anbar binasının ölçüsü 316,8 kv.m qeyd edilmişdir. Qeyd edilən uyğunsuzluqların aradan qaldırılması məqsədilə məhkəmə kollegiyası tərəfindən “Üzvi-Sintez” zavodunun 19 iyun 1996-cı il tarixli aktı ilə iddiaçıya ayrılmış qeyriyaşayış binasına hansı tikililərin daxil olması və onların ölçülərinin müəyyən edilməsi ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 14 oktyabr 2022-ci il tarixli 10/3707 nömrəli rəyindən görünür ki: 1) Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyinə əsasən Sumqayıt şəhəri, Üzvi-Sintez zavodunun ərazisində yerləşən "xxxx" kiçik müəssisəsinin adına tərtib edilmiş arxiv qovluğunda olan texniki pasportda göstərilmiş tikililərin, “A” tikilisi istehsalat sexi tikintialtı sahəsi (109.6x12.4)=1359.0 kv.m, “B” tikilisi ofis tikintialtı sahəsi (9.0x8.0)=72.0 kv.m, “V” tikilisi gözətçi otağı tikintialtı sahəsi 24,8 kv.m, “Q” tikilisi anbar tikintialtı sahəsi (9.8x18.0)=176.4 kv.m, “D” tikilisi sex tikintialtı sahəsi (20.0x11.1)=220.0 kv.m olmaqla cəmi tikintialtı sahələr 1852.0 kv.m təşkil edir. 2) Mütəxəssis rəyinə əsasən texniki pasportdakı tikililərin göstəriciləri ilə hazırkı faktiki vəziyyət arasındakı fərqi müəyyənləşdirmək məqsədilə iddiaçının iştirakı ilə texniki baxış keçirilmiş və baxış zamanı “A” tikilisi istehsalat sexi tikintialtı sahəsi (121.6x18.0+2.6x9.1)=2212.4 kv.m, “B” tikilisi ofis tikintialtı sahəsi (9.0x8.0)=72.0 kv.m, “V” tikilisi gözətçi otağı tikintialtı sahəsi 24.8 kv.m (üstü sökülüb), “Q” tikilisi anbar tikintialtı sahəsi (21.0x8.2)=172.2 kv.m, “D” tikilisi sex tikintialtı sahəsi (21.7x11.6)=251.7 kv.m olduğu aşkarlanmışdır. Əlavə olaraq talvar tikilisi (14.0x11.5)=161.0 kv.m, tövlə tikilisi tikintialtı sahəsi 101.5 kv.m, iki mərtəbəli ofis binası tikintialtı sahəsi 15.6 kv.m sonradan inşa edilməklə cəmi tikintialtı sahə 3011.2 kv.m təşkil etmişdir. İş materiallarına əlavə edilmiş, Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə tərtib edilmiş 263 inventar nömrəli “Qeyri-yaşayış binasının texniki pasportu”ndan isə görünür ki, “A” tikilisi istehsalat sexi olmaqla ümumi sahəsi 1886,72 m2 (528+316.8+316.8+725.12=1886.72 m2), “Q” tikilisi 164.5 m2, “D” tikilisi 157.5 m2, “B” tikilisi 56 m2 olaraq qeyd edilmişdir. Göründüyü kimi qeyri-yaşayış binasının texniki pasportunda hər bir tikili müvafiq kodlarla (“A”, “B”, “V”, “Q”, “D”) qeyd edildiyi, eləcə də tikililərin ümumi sahələri ayrıayrılıqda konkret göstərildiyi halda, mütəxəssis və ekspert rəylərində tikililərin ümumi sahəsi deyil, tikintialtı sahələri qeyd edilmiş, başqa sözlə, işdə olan sənədlərlə mütəxəssis rəyi arasında uyğunsuzluq yaranmışdır. Bununla bağlı sözügedən mütəxəssis rəyini tərtib edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı X2 məhkəmə iclasına dəvət edilərək dindirilmişdir. Mütəxəssis, verilmiş rəyə aydınlıq gətirərək izahatında bildirmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış binasına baxış keçirilərkən müəyyən edilmişdir ki, texniki pasportda qeyd edilən tikililərdən “A”, “B”, “Q” və “D” tikililəri hal-hazırda da yerindədir, yalnız “V” tikilisi olan gözətçi otağının üstü sökülmüşdür. Mütəxəssis rəyində tikililərin yalnız tikintialtı sahələrini qeyd etmiş, tikililərin ümumi sahələrini isə qeyd edilməmişdir. Tikililərin ümumi sahələri ilə bağlı bildirir ki, mütəxəssis rəyinin verilməsi ilə bağlı yerində müayinə zamanı müəyyən edilmişdir ki, “A” tikilisi istehsalat sexi olmaqla ümumi sahəsi 1886,70 kv.m, “B” tikilisi ofis binasının əvvəlki və indiki vəziyyəti arasında dəyişiklik yoxdur, ümumi sahəsi 56 kv.m, “Q” tikilisi anbar olmaqla ümumi sahəsi 164,5 kv.m təşkil edir. Rəydə “A” tikilisi istehsalat sexinin tikintialtı sahəsi hesablanarkən sexin eni 18.4 kv.m yerinə texniki səhvə yol verilərək 12.4 kv.m qəbul edilmiş, nəticədə hesablama yanlış aparılaraq tikintialtı sahə (109.6x12.4)=1359.0 kv.m qeyd edilmişdir. Halbuki, “A” tikilisinin tikintialtı sahəsi (109.6x18.4)= 2016,64 kv.m, “B” tikilisinin tikintialtı sahəsi 72 kv.m, “Q” tikilisinin tikintialtı sahəsi 176.4 kv m-dir. Əlavə olaraq həmin ərazidə texniki pasportda qeyd edilməyən, sonradan inşa edilən iki mərtəbəli ofis binası, gözətçi otağı və talvarın olduğu müəyyən edilmişdir. İddiaçının nümayəndəsi də mütəxəssis tərəfindən qeyd edilən ölçülərlə razı olduğunu bildirərək, iddia tələbini dəqiqləşdirmişdir. Belə ki, dəqiqləşmiş son iddia tələbinə əsasən hazırkı mübahisə predmeti iddiaçının adına tərtib edilmiş texniki pasportda “A” tikilisi kimi qeyd edilmiş tikilinin ölçüsü 1886,70 kv.m, “B” tikilisinin ölçüsü 56,0 kv.m, “Q” tikilisinin ölçüsü 164,5 kv.m göstərilməklə iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin imtinası əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayətinin dəlilləri qanuni məhkəmə qərarının ləğvinə səbəb ola bilməz. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim etdiyindən, həmin ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, AR NK yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 25 iyul 2000-ci il tarixdə 19 nömrəli reyestr kitabında 67-ci səhifədə 263 reyestr nömrəsi ilə "xxxx" kiçik müəssisəsinin adına qeydə alınmış əmlakların (“A”,“B”,“Q” tikililəri) ölçülərinin sözügedən idarə tərəfindən verilmiş “Qeyri-yaşayış binasının texniki Pasportu” nda göstərilən ölçülərə uyğun, yəni “A” tikilisinin ölçüsü 1886,70 m2, “B” tikilisinin ölçüsü 56,0 m2, “Q” tikilisinin ölçüsü 164,5 m2 qeyd edilməklə "xxxx" MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yeni çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(118)-1452/2021 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. AR NK yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 25 iyul 2000-ci il tarixdə 19 nömrəli reyestr kitabında 67-ci səhifədə 263 reyestr nömrəsi ilə "xxxx" kiçik müəssisəsinin adına qeydə alınmış əmlakların (“A”,“B”,“Q” tikililəri) ölçülərinin sözügedən idarə tərəfindən verilmiş “Qeyri-yaşayış binasının texniki Pasportu” nda göstərilən ölçülərə uyğun, yəni “A” tikilisinin ölçüsü 1886,70 m2, “B” tikilisinin ölçüsü 56,0 m2, “Q” tikilisinin ölçüsü 164,5 m2 qeyd edilməklə "xxxx" MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yeni çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar