Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-110/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0.47 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın, plan və ölçünün verilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-32/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0.47 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın, plan və ölçünün verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Xudat bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində 0.12 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün iddiaçıya satılmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları xx xxx 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə qeydiyyata alınmışdır. Bundan başqa, Xaçmaz rayonu Xudat bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə Xaçmaz rayonu, Xudat şəhəri ərazisində 0.47 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün iddiaçıya satılmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının xx xxx 2006-cı il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə qeydə alınmışdır. Bundan başqa iddiaçı Xaçmaz rayonu Qusarçay bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli 3/3 saylı Qərarına uyğun olaraq həmin bələdiyyə ilə bağlanılan xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqısına dair Akt əsasında Xaçmaz rayonu Qusarçay bələdiyyəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.34 ha torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün satın almış və dəyərini tam ödəmişdir. Qeyd olunan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın, eləcə də torpaq sahəsinin plan və ölçüsünün alınması üçün AR DƏK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh təşkilat hər üç torpaq sahəsi ilə bağlı iddiaçının müraciətlərinə xx.xx.2018-ci il tarixli məktubla cavab verərək həmin ərizələrinin icrasından imtina etmişdir. həmin imtina məktublarında qeyd olunmuşdur ki, göstərilən torpaq sahələrinin cizgiləri idarənin elektron məlumat bazasında öz əksini tapmamışdır. Aşağıda göstərilənlərə əsasən Xaçmaz rayonu, Xudat kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində, Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0.47 ha torpaq sahəsi üzərində, Xaçmaz rayonu, Qusarçay bələdiyyəsi ərazisində yerləşən 0.34 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın, plan və ölçünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Topraq Məcəlləsinin 49-cu maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ vardır. Həmin məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsiŞ alqı-satqısı əsasında yaranır. Həmin məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanılan müqavilələr əsasında yaranır. Azərbaycan Respublikasının Mülki Məcələsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Bununla bağlı bildirilmişdir ki, qeyd olunan tikililər üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmaması iddiaçının hüquqlarını pozur. Ona görə də iddia təmin olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən 2006-cı ilin iyul ayının 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Odur ki, iddia tələbi təmin edilməli, mülkiyyət hüquqları qeydiyyata alınaraq müvafiq çıxarış verilməlidir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0.47 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın, plan və ölçünün verilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(085)-471/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi iddanın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hazırki iş üzrə iddiasına Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0.47 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın, plan və ölçünün verilməsi tələbinə dair hissədə baxılması qərara alınmışdır. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı, Xaçmaz rayonu, Həsənqala kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2018-ci il tarixli tarixində ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar təqdim edilmiş JN-1160 (KOD 30219088) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş DTXK-nın Xaçmaz rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Bundan əlavə müəyyən olunmuşdur ki, faktiki istifadə olunan torpaq sahəsinin koordinatları 5 saylı Xaçmaz ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən kəndin təsərrüfatının sərhədindən kənarda yerləşir və xəritə üzərində həmin ərazinin uqodiyası göstərilməmişdir. Həmin torpaq sahəsi dövlət reyestrindən çıxarışla məxsus digər torpaq sahəsi ilə kəsişir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizəsinin icrasından xx.xx.2018-ci il tarixli, **********48 nömrəli məktubla imtina olunmuşdur. İddiaçı, Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0.47 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2018-ci il tarixli tarixində ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar təqdim edilmiş JN-653 (KOD 30202004) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş DTXK-nın Xaçmaz rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Bundan əlavə müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsidir. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizəsinin icrasından xx.xx.2018ci il tarixli, **********47 nömrəli məktubla imtina olunmuşdur. İddiaçı, Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən 0.34 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2018-ci il tarixli tarixində ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, Xaçmaz rayonu Qusarçay Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 3/3 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti məqsədilə ayrılmış 0.34 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsidir. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizəsinin icrasından xx.xx.2018-ci il tarixli, **********46 nömrəli məktubla imtina olunmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1 -ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-32/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. (hakim İ.Quliyev.) Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Xaçmaz rayonu Xudat bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə Xaçmaz rayonu, Xudat şəhəri ərazisində 0,47 ha torpaq sahəsi, sahibkarlıq fəaliyyəti üçün İddiaçı satılmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları xx xxx 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın, eləcə də torpaq sahəsinin plan və ölçüsünün alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh təşkilat torpaq sahəsi ilə bağlı müraciətə xx.xx.2018-ci il tarixli məktubla cavab verərək həmin ərizənin icrasından imtina etmişdir. Həmin imtina məktubunda qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsinin cizgiləri idarənin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Halbuki, cavabdeh təşkilatın toıpaq sahəsini qeydə almaqdan və çıxarış verməkdən bu əsaslarla imtinası qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ vardır. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı əsasında yaranır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanılan müqavilələr əsasında yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Bununla bağlı olaraq bidirilir ki, qeyd olunan tikililər üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmaması iddiaçının hüquqlarını pozur. Ona görə də iddia tələbi təmin olunmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4cü maddəsinə əsasən 2006-cı il iyul ayının 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Odur ki, iddia tələbi təmin edilməli, mülkiyyət hüquqları qeydiyyata alınaraq müvafiq çıxarış verilməlidir. Lakin işə baxan məhkəmə işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 2203 saylı ekspert rəyinə istinad edərək iddiaçının təqdim etdiyi sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmaması qənaətinə gəlmişdir. Həmin ekspert rəyində göstərilmişdir ki, «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı vahid elektron baza məlumatlarında öz əksini tapmadığından, həmin torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır, amma İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aid olub təmiz suvarılan əkin sahəsinə aiddir. Məhkəmə məhz bu rəyə istinad edərək və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1.1-ci maddəsinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Birinci instansiya məhkəməsi belə hesab edir ki, iddiaçının özündə mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud olsa da, dövlətin müvafiq orqanında bununla bağlı hər hansı bir məlumat saxlanılmadığına görə, eləcə də iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aid olub təmiz suvarılan əkin sahəsinə aid olduğu üçün iddia tələbi rədd edilməlidir, belə iddia təmin edilə bilməz. Məhkəmənin gəldiyi bu nəticə tam əsassızdır. Əvvəla, həmin ekspert rəyi ilə iddiaçının torpaq sahəsinin koordinatları müəyyən edilməmişdir. Əgər torpaq sahəsinin koordinatları müəyyənləşdirilməyibsə, o halda həmin torpaq sahəsinin əkinə yararlı və ya yararsız olması, suvarılan və ya suvarılmayan olması necə, hansı üsulla müəyyən olunur? İddiaçı dövlət aktı təqdim edərək bu hüquqların qeydə alınmasını, çıxarış verilməsini tələb edir. İddiaçının faktiki istifadəsində torpaq sahəsinin olmasının (əgər bu varsa), həmin torpaq sahəsinin əkinə yararlı olub-olmamasının mübahisə predmetinə nə aidiyyatı var? Əgər məhkəmə faktiki istifadədə olan torpağın dövlət aktı ilə verilmiş (satılmış) torpaq sahəsi ilə eyni olduğunu güman edirsə, bunu nə ilə əsaslandırır, hansı sübut və dəlil əsasında bu nəticəyə gəlir? Bundan əlavə, məhkəmə hesab edirsə ki, faktiki istifadədə olan torpaq elə dövlət aktı ilə verilən torpaqdır, yəni bunlar eyni torpaq sahəsidir, o halda həmin torpaq sahəsinin iddiaçıya verildiyi vaxt kənd təsərrüfatına yararlı olub-olmadığını hansı sübutla əsaslandırır? Çünki yararsız torpaqların münbitləşdirilməsi özü bir prosesdir və bunu uzun zaman çərçivəsində iddiaçı özü də həyata keçirib torpağı yararlı hala sala bilər. Nəzərə almaq lazımdır ki, həmin torpaq sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsindədir yə iddiaçı həmin torpağın yararlı hala salınması üçün çoxlu xərc və zəhmət çəkib. Ekspertin həmin torpaq sahəsinin suvarılan yararlı kənd təsərrüfatı təyinatlı torpaq olması barədə rəyi həmin torpaq sahəsinin iddiaçıya ayrıldığı zaman da yararlı olması qənaətinə gəlmək üçün əsas deyil. Çünki torpaq sahəsi iddiaçıya uzun müddət əvvəl ayrılıb. Odur ki, işə baxan məhkəmə həmin ekspert rəyini sübut növü kimi qəbul edə bilməzdi. Belə ki, əvvəla, torpaqların münbitliyi, əkinə yararlı olubolmaması və torpaqların keyfiyyət göstəricilərinə aid olan bu kimi digər hallar məhkəmə tikinti-texniki ekspertizası ilə deyil, müvafiq icra hakimiyyəti orqanının apardığı tədqiqatlar nəticəsində müəyyən olunur. «Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquriüuşu haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri dövlət torpaq kadastr məlumatlarına aid edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Buradan da göründüyü kimi, iddiaçıya məxsus olan torpaq sahəsinin suvarılan əkin sahəsinə aid olub-olmadığını, əkinə yararlı olub-olmadığını məhkəmə tikinti-texniki ekspertizası deyil, müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bunun üçün müvafiq icra hakimiyyəti orqanı müntəzəm nəzarət həyata keçirir. Belə ki, həmin Qanunun 13-cü maddəsinə əsasən torpaqlarda baş verən kəmiyyət göstəricilərinin dəyişməsinə nəzarət etmək və qeydə almaq məqsədilə torpaq sahələrində müntəzəm torpaq, iqlim, aqrokimyəvi, geobotaniki, geomorfoloji və digər tədqiqatların aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qanuna görə aqrokimyəvi tədqiqatlar 5 ildə bir dəfə, geobotaniki tədqiqatlar isə 10 ildə bir dəfə aparılır. Qanunun məzmunundan da göründüyü kimi, torpaq sahələrinin əkinə yararlı olub-olmadığının müəyyən edilməsinin əsasları vardır. Məhkəmə həmin dövlət orqanlarından müvafiq məlumatları almadan ekspert rəyinə istinad edərək qərar qəbul etmişdir. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsinin keyfiyyət göstəriciləri ekspert rəyi ilə deyil, müvafiq dövlət orqanının rəyi və məlumatları əsasında müəyyən oluna bilər. Bundan başqa, məhkəmə iddiaçıya məxsus torpaq sahəsinin suvarılan olması və ya kənd təsərrüfatına yararlı olması məsələsini araşdırarkən torpağın iddiaçıya verilmə vaxtını, iddiaçının istifadəsində olduğu müddəti də nəzərə almamışdır. Torpaq sahəsinin keyfiyyət göstəricilərinin müəyyən zaman çərçivəsində dəyişə bilən olması danılmaz həqiqətdir. Bu mənada məhkəmə torpaq sahəsinin 15 ildən artıq müddət ərzində iddiaçının sahibliyində olmasını, iddiaçının torpaq sahəsinin münbitləşdirilməsi üçün tədbirlər gördüyünü nəzərə almamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi həmin qərar ləğv edilməlidir. Bundan əlavə, məhkəmə iddiaçıya məxsus torpaq sahəsinə dair dövlət aktının 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmaması ilə bağlı cavabdehin mövqeyinə də düzgün hüquqi qiymət verməmişdir. Belə ki, dövlət aktına dair məlumatların elektron informasiya bazasına daxil edilməsi iddiaçının vəzifəsi deyil. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4-cü maddəsinə əsasən bu məlumatları 2006-cı il iyul ayının 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanı qeydiyyat orqanına verməlidir. Bu vəzifənin dövlət orqanı tərəfindən yerinə yetirilməməsi iddiaçı üçün hər hansı məsuliyyət yarada və ya onun hüquqlarını məhdudlaşdıra bilməz. Odur ki, məhkəmənin həmin qəran qanunsuz və əsassızdır, ləğv edilməlidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 32/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Hazırkı işin hallarından görünür ki, İddiaçı Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0.47 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın, plan və ölçünün verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən imtinasını onunla əsaslandırmışdır ki, 1) dövlət aktı idarənin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamış 2) qeyd edilən torpaq sahəsi xəritədə kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsidir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə iddianı təmin etməmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 2203 saylı ekspert rəyinə əsaslanaraq, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin naturadakı koordianatları müəyyən edilsə də, JN-0653, KOD 30202004 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı vahid elektron baza məlumatlarında öz əksini tapmadığından həmin torpaq sahəsinin koordinatlarını müəyyən etməyin mümkün olmamasına, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olub təmiz suvarılan əkin sahəsinə aid olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehin imtinasının birinci dəlili dövlət aktında göstərilən torpaq sahəsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamasıdır. Bununla bağlı kollegiya qeyd edir ki, Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanla təsdiq edilmiş eyni adlı Əsasnamə ilə tənzimlənirdi. Bu Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə institutunun arxivində müddətsiz olaraq saxlanılır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydəalmanı rayon (şəhər) torpaq şöbələri həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair şəhadətnamələrin hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparılırdı. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DWJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının problemidir. Belə problemlərin yaranması vətəndaşın təqsirinin deyil, aidiyyəti qurumların, vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməmələrinin, idarəçiliyin, uçot-nəzarət işinin düzgün təşkil edilməməsinin nəticəsidir. Ərizəçi isə-hazırki halda iddiaçı belə hallara görə hər hansı məsuliyyət daşımamalıdır. İş materiallarından görünür ki, Xaçmaz rayonu Xudat bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə Xaçmaz rayonu, Xudat şəhəri ərazisində 0.47 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün iddiaçıya satılmışdır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının xx xxx 2006-cı il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə qeydə alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Xaçmaz rayonu Xudat bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarının və onunla bağlı torpaqayırma sənədlərinin məhkəməyə təqdim edilməsi barədə Xaçmaz rayonu Xudat bələdiyyəsinə və Xaçmaz rayonu Dövlət Arxivinə müvafiq sorğular verilmişdir. Sorğulara cavab olaraq Xaçmaz rayonu Xudat bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarının təsdiqlənmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin qərardan görünür ki, iddiaçı tərəfindən sahibkarlıq fəaliyyətri üçün alacaq 0.47 ha torpaq sahəsi üçün bələdiyyənin hesabına ******* manat pul köçürülmüşdür. (səh 110) Mübahisəsi gedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması ilə bağlı cavabdehin imtinasının dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti üçün satılmış 0.47 ha torpaq sahəsi kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Eyni zamanda, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanununun (zaman görə qüvvədə olan redaksiyada) 7.1.2-ci maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. İş materiallarından görünür ki, Bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin satılmasının mümkünlüyü barədə həmin dövrdə səlahiyyətli orqan olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 411/3 nömrəli rəy veirlmişdir. Rəyə əsasən, İddiaçı sahibkarlıq fəaliyyəti məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi Xudat Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi Xudat bələdiyyəsinin ehtiyat fondunun azyararlı torpaqlarına aid olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. (iş mat 125) Həmçinin, Xaçmaz rayon Xudat bələdiyyəsi Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı 58 saylı xx xxxxxx 2021-ci il tarixli arayışda bildirmişdir ki, İddiaçı Xudat bələdiyyəsi ərazisində 0.47 ha torpaq sahəsini xx.xx.2006-cı il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında satın alaraq dəyərini tam ödəmişdir. Həmin torpaq sahəsi satılan zaman kənd təsərrüfatına az yararlı olmuşdur. Belə ki, qrunt sularının təsirindən, eləcə də aytılan tullantıların torpağı çirkləndirməsi səbəbindən həmin torpaq sahəsi kənd təsərrüfatı üçün yararsız halda olmuşdur. Buna görə həmin torpağın “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna uyğun olaraq satılması məqsədə uyğun olmuşdur. İddiaçı həmin torpaq sahəsinə 2006-cı ildən faktiki olaraq sahiblik edir. Torpaq sahəsində 2006-cı ildən etibarən aqrotexniki, aqrokimyəvi, meliorativ və eroziyaya qarşı kompleks tədbirlər görülmüşdür. Torpaq sahəsinin münbitliyinin artırılması, torpağın münbit qatının mineral, üzvi gübrə və kimyəvi meliorantlarla tələbatının təmin edilməsi, əlavə torpaqların daşınaraq ərazinin relyefinin düzəldilməsi, eləcə də qrunt sularının təsirinin aradan qaldırılması İddiaçı tərəfindən həyata keçirilmişdir. Həmin torpaq sahəsi kənd təsərrüfatına qismən yararlı hala salındıqdan sonra 2014-2015-ci ildən etibarən heyvandarlıq üçün yem bitkiləri əkilmiş və torpağın münbitlik xassəsi artırılmışdır. Məlumat üçün bildirilmişdir ki, Bələdiyyə ərazisində X1 məxsus 2.57 ha torpaq sahəsinin yaxınlığında bəzi torpaq sahələri kənd təsərrüfatına az yararlı hesab olunur. Qeyd olunan torpaq sahələrinin münbitli xassəsini artırmadan və bataqlıqların qarşısını almadan kənd təsərrüfatı üçün istifadəsi mümkün deyil. Beləliklə müəyyən olunur ki, iddiaçıya satılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olsa da, torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçıya satılan zaman səlahiyyətli dövlət orqanının rəyinə əsasən, kənd təsərrüfatına az yararlı torpaq olmuş, qanunvericilikdə isə bu keyfiyyətdə olan torpaqların xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü təsbit edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 2203 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aid olub təmiz suvarılan əkin sahəsinə aiddir. Kollegiya bununla bağlı qeyd edir ki, torpaq sahəsinin hazırda təmiz suvarılan əkin sahəsi kimi müəyyən edilməsi onun satılan zaman da yararlı olmasına dəlalət etmir. Torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçıya satılan zaman səlahiyyətli dövlət orqanı- Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin verdiyi rəyə əsasən torpağın kənd təsərrüfatına az yararlı olmasının müəyyən edilməsini, torpağın satışından 15 ildən artıq müddət keçməsini, ötən müddət ərzində Bələdiyyənin arayışında və iddiaçının nümayəndəsinin izahatında da qeyd edildiyi kimi, iddiaçının öz vəsaiti hesabına torpaq sahəsində aqrotexniki, aqrokimyəvi, meliorativ və eroziyaya qarşı kompleks tədbirlər görüldüyünü nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtinasında kənd təsərrüfatına yararlıq səviyyəsini mübahisələndirmədiyindən, eləcə də, torpaq sahəsi satılarkən həmin torpağın kadastr məlumatlarına əsasən kənd təsərrüfatına yararlı torpaq sahəsi olmasına dair məhkəmə kollegiyasına mötəbər sübut təqdim etmədiyindən torpağın yararlıq səviyyəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təkrarən əlavə tədqiqat aparılmaqla müəyyən edilməsinə heç bir zərurət yoxdur. Kollegiya həmçinin qeyd edir ki, torpaq qanunvericiliyinə əsasən torpaqlardan istifadə kateqoriya daxilində həyata keçirilməlidir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.4-cü bəndində deyilir ki, müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Hazırda da işin hallarından görünür ki, iddiaçıya satılmış torpaq sahəsi kənd təsərrüfatına az yararlı torpaq olmuş, iddiaçı həmin torpaq sahəsini qismən yararlı hala saldıqdan sonra həmin torpaq sahəsini öz təyinatı üzrə kənd təsərrüfatı məqsədilə istifadə edir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0. və 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını tam araşdırmadan iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının tam ləğvi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. AR İPM-in 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinin tələbinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia təmin olunduğu üçün ekspertiza xərcləri cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-32/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-32/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0.47 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, mülkiyyət hüququna dair reyestrdən çıxarışın, torpaq sahəsinin plan və ölçünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə ekspertiza xərci 100 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu: 3 SAP (XİİS) hesabı Adı Dövlət X4 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-110/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-110/2021
01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver